Ticarət dövriyyəsi və iaşə xidmətləri: yeni rəsmi rəqəmlər
15.12.2015
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin 11 ayı ərzində istehlakçılara 22,4 milyard manatlıq məhsul satılıb. Bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çoxdur. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 9,6 faiz artaraq 11185,2 milyon manat, qeyri-ərzaq məhsulları üzrə isə 13,5 faiz artaraq 11249,4 milyon manat olub.
11 ayda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 11,5 milyon manata çatıb. Elektron ticarətlə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6 faizi hüquqi şəxslərdən, 8,4 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
2015-ci ilin yanvar-noyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 950,7 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 416,2 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 534,5 milyon manat təşkil edib.
Yeni tikilən hərbi hissə açılıb
15.12.2015
Yeni tikilən hərbi hissənin açılışı olub. Mod.gov.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi inşa edilən qərargah, əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, brifinq zalı, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.
Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, bu il yeni tikilmiş onuncu hərbi şəhərcik açılır: “Ən müasir, bütün avadanlıqlarla təchiz olunan hərbi hissə şəxsi heyətin istifadəsinə verilir. Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır. Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Dövlətin və xalqın etimadını doğrultmaq üçün biz gərək gecə-gündüz çalışaq və xidməti-döyüş hazırlığımızı yüksək səviyyədə təşkil edək.
Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi əsas və müqəddəs vəzifə dayanır. Silahlı Qüvvələrimiz cəbhədə düşmənə sarsıdıcı zərbələr vurur və nəticədə qarşı tərəf çoxlu itki verir. İndiki mərhələdə düşmənin bütün ordusu ilə bizim ordumuzun yalnız kiçik bir qismi mübarizə aparır. Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, biz hər qarış torpağımıza görə sonadək vuruşacağıq.
Bundan sonra düşmənə qarşı daha ciddi tədbirlər görəcək, ona daha sarsıdıcı zərbələr endirəcəyik. Onda düşmən Azərbaycan əsgərinin, Silahlı Qüvvələrimizin gücünü daha çox hiss edəcək. Məqsədimiz düşmənə sarsıdıcı zərbələr endirərək onu işğal olunmuş torpaqlarımızdan qovmaqdır. Biz bu işi bundan sonra daha da sərt şəkildə həyata keçirəcəyik. İşğalçılar torpaqlarımızı nə qədər tez tərk etməli olduqlarını anlasalar, itkiləri bir o qədər az olar. Düşmənlərimiz də bunu bilməli və anlamalıdırlar”.
Müdafiə Nazirliyinin rəhbərliyi ərazi ilə tanış olub, müvafiq göstəriş və tövsiyələrini verib, hərbi qulluqçularla birlikdə nahar ediblər.
Uşaqların cins nisbəti: hökumət proqramı hazırlanıb
15.12.2015
Transparency.az-a verilən rəsmi məlumata görə, dekabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı” adlı tədbir keçirib. Tədbirdə bildirilib ki, son 12 ildə ölkə əhalisinin sayı 16 faiz artaraq 2015-ci il sentyabrın 1-nə 9 milyon 666 min nəfər olub. Təbii artım əmsalı 1,3 təşkil edib. Hər 1000 nəfərə düşən doğum səviyyəsi 14 nəfərdən 18 nəfərədək artıb, hər 1000 nəfərə düşən ölüm səviyyəsi isə 6 nəfərdən 5,9 nəfərədək azalıb. Əhalinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardan ibarətdir.
Tədbirdə çıxış edən nazir müavini İdris İsayev qeyd edib ki, ölkədə diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: “Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq 105-106 olub. 2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan düşür və 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır.
1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048 qadın, 2009-cu ildə isə 1021 qadın düşüb. Bu gün hər 1000 kişiyə düşən qadınların sayı 1013-dür. Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər, bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün fəaliyyət planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir”.
Məlumat verilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin, Dövlət Statistika Komitəsinin, Səhiyyə Nazirliyinin təmsilçiləri, alimlər iştirak edib.
Dostları ilə paylaş: |