Vüqar Bayramov Mərkəzi Bankı bayramda bazara dollar buraxmağa çağırır
28.12.2015
İqtisadçı ekspert Vüqar Bayramov qarşıdakı bayram günlərində (31 dekabr-4 yanvar) yarana biləcək dollar ajiotajının qarşısını almaq üçün Mərkəzi Bankın bazara müdaxiləsini vacib sayır. Ekspert hesab edir ki, son devalvasiyadan sonra manatın kəskin dəyərsizləşməsi milli valyutaya olan inamın tamamilə sarsılmasına səbəb olub.
Transparency.az-ın məlumatına görə, Vüqar Bayramov açıqlama yayaraq qeyd edib ki, manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınması ötən həftəsonu Bakıda və eləcə də rayonlarda uzun illərdən sonra yenidən “qara bazar” formalaşdırıb: “Vətəndaşlar manatın yeni və daha kəskin devalvasiyasından ehtiyatlanaraq pullarını kütləvi şəkildə dollara dəyişməyə çalışır. Mərkəzi Bankın ötən həftəsonu bazarda olmaması isə dollara olan tələbin ödənilməsinə imkan vermədi. Ötən həftənin iş günlərində 300 milyon dollara intervensiya edən bank bazardan çəkiləcəyi halda manatın kəskin dəyər itirəcəyini proqnozlaşdırmalı idi, bunu bilmək çətin deyil. Bakıda heç də bütün valyutadəyişmə məntəqələri işini bərpa etməyib. Mərkəzi Bankın intervensiya xərcləri göstərir ki, ikinci devalvasiya dollara olan tələbi azaltmayıb. Üçüncü devalvasiyanın baş verməsi isə, yumşaq desək, bank sektorunun çökməsinə gətirib çıxara bilər.
Qarşıdan bayram günlərinin gəldiyini nəzərə alsaq, Mərkəzi Bank hökmən qeyri-iş günlərində də intervensiyasını davam etdirməlidir. Əgər bayram günlərində Mərkəzi Bank bazara çıxmasa, o zaman 2 manata belə dollar tapmaq mümkün olmayacaq və bu, milli valyutanın qara bazarda kəskin ucuzlaşmasına gətirəcək. İndiki halda ən məqbul yol xarici borclanmağa getməklə Mərkəzi Bankın dollara tələbini qarşılamaq və manatın sterilizasiyası hesabına dollarlaşma prosesini başa çatdırmaqdır. Qurum öncədən bayram günləri fəaliyyət göstərəcəyini bəyan edib ilin sonu və yeni ilin əvvəlləri bazarı dollarla təmin etməlidir”.
Dostları ilə paylaş: |