Rauf Mirqədirova 6 il həbs cəzası verildi
28.12.2015
Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə proses yekunlaşıb. Məhkəmə Rauf Mirqədirovu 6 il müddətinə azadlıqdan məhrum edib.
Dekabrın 16-da dövlət ittihamçısı jurnalistə 7 il həbs cəzası verilməsini təklif etmişdi.
2014-cü il aprelin 19-da tutulan jurnalist dövlətə xəyanətdə təqsirli bilinib. İttihama görə, jurnalist Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluq edib.
Bu iş üzrə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da ittiham edilir. 2015-ci il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib. Onlar maliyyə cinayətlərində təqsirli bilinib. 2014-cü ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.
Bu ay Bakı Apellyasiya Məhkəməsi onlara 5 il sınaq müddəti təyin etməklə şərti cəza kəsib. Hər iki şəxs azadlığa çıxıb. Yunuslara qarşı dövlətə xəyanət ittihamına gəlincə, onların vəkilinin verdiyi məlumata görə, bu ittiham üzrə icraat dayandırılıb.
Rauf Mirqədirov 1961-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Rauf Mirqədirov uzun illər “Zerkalo” qəzetinin siyasi icmalçısı olub, 2010-cu ildən qəzetin Türkiyədə xüsusi müxbiri postunda çalışıb.
Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.
Ötən ilin dekabr ayında İsveçrədə Rauf Mirqədirovun həyat yoldaşına, iki qızına siyasi sığınacaq verilib.
Dostları ilə paylaş: |