Nazir: “Şəhidlərin qisası birə on qat alınır”
29.12.2015
“Şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, Azərbaycan ordusu Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızı azad etsin, ölkəmizin ərazi bütövlüyü təmin olunsun”. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikində belə deyilir.
Təbrik məktubunda nazir bildirir ki, Azərbaycan-Ermənistan sərhədində hər gün atəşkəs rejimi pozulur: “Mövqelərimiz intensiv olaraq atəşə tutulur, lakin Azərbaycan əsgəri vətənin keşiyində ayıq-sayıq və mərdliklə dayanır. Düşmən layiqli cavab atəşləri ilə susdurulur, işğalçının planlaşdırdığı təxribatlar öncədən aşkarlanır, qabaqlayıcı tədbirlər nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkiyə məruz qalır. Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır və bundan sonra da alınacaq”.
Nazir əlavə edir ki, xalqımız ordusuna inanır, güvənir və arxalanır: “İnanıram ki, Siz bu etimadı, inamı vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğruldacaq, ölkəmizin təhlükəsizliyinin keşiyində, torpaqlarımızın müdafiəsi naminə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali baş komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və “Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaq” şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz”.
Dostları ilə paylaş: |