Paytaxtda xoşagəlməz qoxu nədən yaranır?
23.12.2015
Dekabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər paytaxtın bəzi yerlərində hiss olunan xoşagəlməz qoxu ilə bağlı açıqlama yayıb. Transparency.az bildirir ki, nazirliyin keçirdiyi monitorinqdə atmosfer havasından nümunələr götürüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə, atmosfer havasında olan zərərli qaz qarışıqları sanitar norma həddində olub: “Son 3 gündə Bakıda əlverişsiz meteoroloji hava şəraiti ilə bağlı atmosferə atılan tullantıların, qaz qarışıqlarının səpələnməsi passivləşib, bu da əsasən Xətai rayonu, Babək prospekti və Azadlıq meydanı ətrafı ərazilərdə havadan pis qoxunun yayılmasına səbəb olub. Havada insan sağlamlığına zərər verə biləcək qaz qarışıqlarının heç birində artım qeydə alınmayıb”.
Nazirliyin məlumatında bildirilir ki, neft emalından və nəqliyyat vasitələrindən atılan tullantılar pis qoxu ilə müşayiət edilir və gecə saatlarında temperaturun aşağı olması, gündüz isə yüksəlməsi nəticəsində ağır hava aşağı təbəqələrdə sıxılıb qalır: “Məhz bu da qaz qarışıqlarının səpələnməsinə imkan vermir və havada pis qoxunun əmələ gəlməsinə şərait yaradır”.
Dostları ilə paylaş: |