“Günəşli”də yanğın 20 gün sonra: axtarış davam edir
24.12.2015
Fövqəladə Hallar Nazirliyi Xəzərdəki “Günəşli” neft-qaz yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması tədbirlərini davam etdirir. Dekabrın 24-də Fhn.gov.az-da yayılan rəsmi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi ilə məşğuldur, aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə itkin düşənlərin axtarışını aparır.
Dekabrın 4-də 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Özüldəki 63 işçidən 33-ü xilas edilib, 7 nəfərin meyiti tapılıb.
Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.
Dostları ilə paylaş: |