Müxalif siyasətçi: “Dövrün çağırışları hakimiyyətin bölüşdürülməsini tələb edir”
24.12.2015
Müxalif Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat” qəzetinə müsahibəsində manatın devalvasiyasının ölkə iqtisadiyyatına təsirindən və çıxış yollarından danışıb. O deyib ki, hakimiyyət özünün səbəb olduğu böhranın nəticələrini xalqın hesabına həll etmək istəyir: “Problemi belə şəkildə həll etməyə cəhdin müvəqqəti effekti ola bilər, lakin aydın məsələdir ki, bu yolla prosesin qarşısını almaq yalnız bir neçə ay, ya il möhlət verər. Doğrudur ki, manatın devalvasiyasının xaricdə gedən proseslərlə bağlılığı var. Lakin bu hadisənin kökü daha dərində, daxildə, hakimiyyətin qüsurlu siyasətindədir. İqtisadi və sosial böhranın siyasi böhrana keçməsi isə zaman məsələsidir və bir qayda olaraq labüddür”.
Müxalif siyasətçi indiki böhran şəraitində spontan aksiyaları istisna etmədiyini vurğulayıb: “Müəyyən həyəcanlar var, xüsusən ticarət sferalarında. Bu da təbiidir. Çünki əhalinin çox fəal hissəsi oralarda cəmləşib. Hələ manatın ucuzlaşması olana qədər onların bir çoxu son həddə fəaliyyət göstərirdi. Və indi bu sahədə iş yerlərinin 60-70 faizinin bağlanacağı gözlənir. Ona görə də bu baxımdan mən ən yaxın dövrdə spontan aksiyaların olacağını istisna etmirəm. Bunun siyasi şüarlarla, yaxud ilkin dövrdə siyasi təşkilatlardan yönləndirilməsi və yaxud ortalığa qoyulmasına heç bir ehtiyac qalmır.
Məmurların mühüm bir hissəsi paket sistemi ilə yaşayırdı. Bu paketlərin də kəsildiyi və ya yanvar ayından kəsiləcəyi bildirilir. Hələ mən ixtisarları, məcburi iki-üç aylıq öz hesabına məzuniyyətləri və sairi demirəm. Beləliklə, məmurlar içərisində də ciddi həyəcan olacaq. O vaxt, əlbəttə ki, siyasi müxalifət də hərəkətə gələcək. Bu da gözlənəndir. Yaxud həmin aksiyalar özləri siyasiləşəcək”.
Pənah Hüseyn qeyd edib ki, manatın qiymətdən düşməsi istehlak və o cümlədən gündəlik tələbat mallarının 90 faizi xaricdən gətirilən bir ölkədə bahalaşma və bahalığın ardınca daxili bazarın daralması, kiçilməsi deməkdir: “Bunun da nəticəsi getdikcə artan işsizlikdir. İşsizlik öz növbəsində daxili bazarı daha da daraldır və kiçildir. Bu, ictimai fəlakət silsiləsidir. Və bu silsilə uçuruma qədər davam edir… Bu fəlakət silsiləsini kəsən hadisələr ortaya qoyulmalıdır.
Bu çətinliklərdən daha tez və az zərərlə qurtarmaq üçün antiböhran proqramı qəbul olunmalı və həyata keçirilməlidir. Bunu əksəriyyət, o cümlədən iqtidarda da qəbul edirlər. Lakin çoxları, xüsusilə iqtidardakılar bu proqramı yalnız iqtisadi və sosial tərkibdə görürlər. Azərbaycan kimi cəmiyyətlərdə isə bu proqramın siyasi tərkib hissəsinin də olması zəruridir. Mənim fikrimcə, paradoksal görünsə də, siyasi tərkib axırıncı səslənsə də, antiböhran tədbirləri istiqamətində ilk addımlar məhz siyasi addımlar, siyasi dəyişikliklər, siyasi islahatlar olmalıdır. Siyasi və iqtisadi hakimiyyət biri-birindən ayrılmalıdır. Bizneslə məşğul olan oliqarx məmurlar siyasi vəzifələrdən uzaqlaşdırılmalıdır. Başdan-ayağa korrupsiyaya uğramış bu oliqarxlar vəzifələrdə qaldıqca böhrandan çıxmaq mümkün deyil. Kimlər cinayətə yol verməyibsə, dövlətin, xalqın cibinə girməyibsə, oğurluq etməyibsə, o məmurları öz obyektləri ilə baş-başa buraxmaq lazımdır. Onların məmur olmalarından yaranan imtiyazlarını əllərindən almaq, məhrum etmək lazımdır.
Siyasi sahədə islahatlardan biri indiki Nazirlər Kabinetinin buraxılması və ya radikal şəkildə yenidən qurulmasıdır. Hazırda çalışan, texnokrat, təcrübəli məmurlardan söhbət getmir, amma artıq xeyli dərəcədə korrupsiyalaşmış və bu yaranmış vəziyyət üçün məsuliyyət daşıyan şəxslər mütləq istefaya göndərilməlidir. Həqiqətən səlahiyyətli bir baş nazir hökumətə gətirilməlidir.
İkincisi, əgər biz istəyiriksə ki, bu böhranın sosial fəsadları az olsun, addımlar atmalıyıq. Mərkəzi Bank rəhbərinin çıxışından anlaşılır ki, qapıları daha sıx bağlamaq təklif edilir. Düzdür, o bunu lüks mallar idxalına şamil etdi, dedi ki, rüsumları artırmaq lazımdır. Əsaslandırması odur ki, guya bu, daxili, yerli məhsullara şərait yaradacaq. Yerli məhsul-filan yoxdur. Qapıları bağlamaq, rüsumları artırmaq yox, əksinə, qapıları tam açmaq lazımdır. Əslində indiki Gömrük Komitəsinə və digər analoji funksiyalı təsisatlara gərək belə yoxdur, bu qədər şişirdilmiş bir qurumu saxlamağa da ehtiyac qalmayacaq. Bir broker MMC-də, deyilənə görə, beş min işçi çalışır, monopoliya deyilən məsələnin canı bu MMC-dədir. Bunların hamısını göndərmək lazımdır gedib bazarda alver etsinlər, təbii ki, onların arxasında duran şəxslər də daxil olmaqla. Yaxın dövrdə, yanvar ayından başlayaraq bu qeyd etdiyimiz addımlar atılmasa, çox ciddi bir böhrana keçilməsi təhlükəsi aktuallaşacaq”.
AXP sədrinin fikrincə, dövrün çağırışları proseslər üçün məsuliyyətin bölüşdürülməsini və bu da hakimiyyətin bölüşdürülməsini tələb edir: “Bu olmasa, vəziyyətdən normal çıxış yolu mümkün deyil. Bu, nə yolla baş verə bilər? Növbədənkənar seçkilərdən danışırlar. Mən sözün doğrusu, belə bir situasiyada normal bir seçkini mümkün hesab etmirəm. Ona görə daha çox siyasi razılaşmaları, kompromisləri, razılıqları nəzərdə tuturam. Strateji olaraq, əlbəttə ki, müəyyən bir mərhələ azad və demokratik seçkilərdən başlanacaq. Lakin buna qədər bir keçid dövrünün olacağı mümkün alternativlərdən biridir və ən optimal yoldur.
Bu məsələnin də artıq dialoq kimi devalvasiyaya uğramış anlayışlarla da qarışdırmaq lazım deyil. Mənə elə gəlir ki, ölkənin birinci vəzifəlisi və dövlətin taleyi üçün əsas məsuliyyət daşıyan şəxs olaraq İlham Əliyev, nəhayət ki, siyasi müxalifət liderlərini ayrı-seçkilik etmədən bir araya toplamalıdır və bu istiqamətdə onları dinləməlidir”.
Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindən, Xalq Cəbhəsinin qurucularındandır. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Dostları ilə paylaş: |