Kasıblayan varlılar
29.12.2015
Dünyanın ən varlı adamları 2015-ci ildə kasıblayıb. Novator.az xəbər verir ki, bunu “Bloomberg Billionaires İndex” şirkətinin apardığı araşdırma göstərib.
Şirkətin dekabrın 29-da yaydığı açıqlamada deyilir ki, 2015-ci ildə dünyanın ən varlı 400 adamı milyardlarla dollar pul itirib.
Xammalın qiymətinin və Çinin iqtisadi inkişaf tempinin aşağı düşməsi bütün dünyada sərmayəçiləri qorxuzub və 2012-ci ildən bəri varlılıq dərəcəsi ilbəil azalmağa başlayıb.
Var-dövləti ən çox azalanlardan biri telekommunikasiya maqnatı, meksikalı Karlos Slimdir. 2015-ci ildə onun “America Movil SAB” şirkəti 25% dəyərini itirib. 2013-cü ilin may ayına olan vəziyyətə görə, Slim dünyanın ən varlı adamı olub. İndi o, varlıların reytinq cədvəlində 5-ci yerdə dayanır. 2015-ci ildə onun varidatı 20 milyard dollar civarında azalıb.
Varlılar siyahısında 3-cü yerdə qərarlaşan amerikalı sərmayəçi Uorren Baffet 2015-ci ildə 11 milyard 300 milyon dollar itirib. Onun “Berkshire Hathaway İnc” şirkətinin illik mənfəəti 2011-ci ildən bəri ilk dəfə azalıb.
2013-cü ildən dünyanın ən varlı adamları siyahısında lider olan “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts 2015-ci ildə 3 milyard dollar itirib.
Dostları ilə paylaş: |