Sabiq səfir: “Mən bilmirəm Azərbaycan hakimiyyəti nə düşünür”
29.12.2015
Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı əfv sərəncamı siyasi məhbus sayılan şəxslərdən heç kimə şamil olunmayıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Riçard Kozlariç “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində deyib ki, 28 dekabr əfvi Azərbaycan üçün vəziyyəti yaxşıya doğru dəyişmək baxımından itirilmiş imkandır: “Bu həm də mənim uzun müddət söylədiklərimi təsdiqləyir: Bakının repressiv rejimi Qərblə yaxınlığı özü üçün təhlükə kimi görür. Bakı rejimi Avropa və ABŞ üçün çox vacib olan insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmək istəmir. Mən bilmirəm Azərbaycan hakimiyyəti nə düşünür, ancaq belə görünür onlar Qərblə yaxşı münasibətlərdə maraqlı deyillər”.
Sabiq səfir Azərbaycan hakimiyyətinin siyasi məhbusları azad etməli olduğunu vurğulayıb: “Bunun bir neçə səbəbi var. Bunlardan biri Dağlıq Qarabağa görə Ermənistanla davam edən münaqişədir. Bu problemlə məşğul olan Minsk qrupunda üç həmsədrdən ikisi ABŞ və Fransadır.
Hazırda Rusiya ilə münasibətlər də çox yaxşı deyil, əksinə, belə olan vəziyyətdə Azərbaycan üçün Qərblə yaxınlıq vacibdir. Rusiya açıq şəkildə Türkiyə ilə münasibətlərin kəskinləşməsinə doğru gedir ki, bu da avtomatik olaraq Azərbaycana təzyiq deməkdir.
Üçüncüsü, Azərbaycanın mübarizə apardığı dərin iqtisadi böhran xarici investisiyalar tələb edir. Odur ki, Avropa ölkələrini və ABŞ-ı ölkəyə daha çox cəlb etmək məntiqli olardı, nəinki onları uzaqlaşdırmaq. Bu səbəblərdən hakimiyyət siyasi məhbusları azad etməliydi, lakin bunu etmədi”.
Kozlariç deyib ki, 2015-ci il ABŞ üçün Azərbaycan hökuməti ilə müsbət əməkdaşlıq baxımından çox fəal olub: “Lakin bu, işləmədi. Bunu Bakıya yüksək səviyyədə səfərlər də göstərdi. Məsələn, dövlət katibinin müavini Viktoriya Nuland Bakıda hakimiyyətə çox müsbət məlumatlar çatdırdı, lakin bu, işləmədi.
Odur ki, sanksiyalara çağırışların olmaması və ya Avropa Şurası baş katibinin Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yoxlanması üçün xüsusi komissiya təyin etməməsi məntiqsiz olardı.
Hökumətin ötən il ABŞ-a qarşı atdığı addımları, həmçinin qanunvericiliyin sərtləşdirilməsini və KİV-ə təzyiqləri nəzərə alaraq düşünmürəm ki, hakimiyyət siyasi məhbuslar problemini həll etmək niyyətindədir və bu, çox pisdir.
Əgər siyasi məhbuslar buraxılmasa daha əməli addımlar atmaq lazımdır, ən azı günahsız insanın həbsdə olmasına görə məsuliyyət daşıyan məmurlara qarşı. Buna, sadəcə, alternativ yoxdur”.
Konqresmen Kristofer Smitin “Azərbaycan demokratiya aktı — 2015” qanun layihəsi ilə bağlı sualı cavablandıran sabiq səfir deyib ki, yeni il bayramından sonra Konqres bu müzakirəyə qayıdacaq və onun dəstəyi növbəti addım ola bilər: “Senator Ben Kardinin təklif etdiyi qlobal Maqnitski qanunu layihəsinin əhatə dairəsi isə daha genişdir, siyasi məhbusların və korrupsiyanın olduğu ölkələrdə konkret şəxslərə qarşı maliyyə sanksiyalarını nəzərdə tutur. Odur ki, mən çox təəccüb edirəm niyə Bakıda Kardinin deyil, Smitin qanun layihəsinə daha çox diqqət yönəlib”.
Azərbaycana sanksiya tələbi: layihədə nələr var?
ABŞ-a qarşı layihə Milli Məclisə təqdim olundu
Dostları ilə paylaş: |