İtkin düşmüş neftçilərin ailə üzvləri axtarışlarda iştirak edir
29.12.2015
Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyi və Dövlət Neft Şirkəti təbii fəlakət nəticəsində “Neft daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq onların da helikopterlər vasitəsilə axtarış işlərində iştirakını təmin edib. Xəbəri Dövlət Neft Şirkətinin mətbuat xidməti yayıb.
Məlumata görə, itkin düşənlərin ailə üzvləri 3 helikopterdə axtarış briqadası ilə birlikdə Xəzərin Azərbaycan sektorunda aparılan bu işlərə cəlb olunub. Helikopterlər artıq qəza rayonuna çatıb, ərazidə axtarış işlərinə qoşulublar.
“Neft daşları”ndakı 501 nömrəli, “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə qəza dekabrın 4-də baş verib. 10 nömrəli özüldə 63 işçidən 33-ü xilas edilib, 8 nəfərin meyiti tapılıb. 501 nömrəli özüldə 3 nəfər itkin düşüb.
Dostları ilə paylaş: |