29.12.2015
Milli Məclisin 29 dekabr iclasında “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsi təqdim olunub. APA-nın məlumatına görə, layihənin müəllifi deputat Rövşən Rzayev qərar layihəsinin Milli Məclisin komitələrində müzakirəyə çıxarılmasını xahiş edib. Parlament sədri Oqtay Əsədov layihəni Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə təqdim etməyi məsləhət görüb, insan hüquqları komitəsində, hüquq siyasəti və dövlət quruculuğu komitəsində, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə aparılması barədə tapşırıq verib.
Rövşən Rzayevin layihəsi ABŞ Konqresinin Helsinki Komissiyasında hazırlanmış “Azərbaycan demokratiya aktı — 2015” adlı rəsmi təklifdən (Azərbaycana sanksiya tələbi: layihədə nələr var?) sonra ortaya çıxıb. ABŞ-da insan hüquqlarının kobud şəkildə pozulduğu, bu dövlətin Azərbaycana ikili standartlarla yanaşdığı iddia olunan layihədə Xarici İşlər Nazirliyinə bu kateqoriyalara aid olan şəxslərə Azərbaycan Respublikasına gəlmək üçün viza verilməsindən imtina tövsiyə edilir:
- ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə üzvləri;
- ABŞ Konqresində Azərbaycanın gözdən salınması istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvləri;
- erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilər;
- Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekspertlər;
- ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə maliyyə vəsaiti əldə edən şəxslər;
- ABŞ-ın erməni diasporu və lobbi qruplarının dəstəyi ilə seçkili orqanlara seçilmiş şəxslər;
- seçki saxtakarlığında iştirak edənlər, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə qarşı çıxanlar;
ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlar.
Nazirlər Kabinetinə tövsiyə edilir ki, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması məsələsinə baxsın.
Özəl sektorun təmsilçilərinə ABŞ şirkətləri ilə bağlanmış kontraktlara son qoymaq və yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina tövsiyə olunur.
Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına bunlar tövsiyə edilir:
- ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlansın;
- ABŞ hökuməti və Konqresindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;
- ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilsin;
- Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakı dayandırılsın;
- ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunsun;
- ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlansın.
Dostları ilə paylaş: |