Xəbər bülleteni №23


Kollegiya iclasında pensiya hesabatı



Yüklə 464,64 Kb.
səhifə23/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
#16012
1   ...   15   16   17   18   19   20   21   22   23

Kollegiya iclasında pensiya hesabatı


19.02.2016

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, iclasda çıxış edən DSMF sədri Elman Mehdiyev deyib ki, ilkin məlumatlara əsasən, 2015-ci ildə fondun gəlirləri 2 milyard 912,4 milyon manat olub, bu da 2014-cü ilə nisbətən 15,6 milyon manat çoxdur: “Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2014-cü ilə nisbətən 3,6 faiz və ya 62 milyon manat artaraq 1 milyard 805,7 milyon manat təşkil edib. 2015-ci ildə sosial sığorta haqlarının 64,2 faizi və ya 1 milyard 159,2 milyon manatı qeyri-büdcə sektorundan daxil olub, bu da əvvəlki ilə nisbətən 3,3 faiz və ya 36,6 milyon manat çoxdur.

Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2 milyard 934,2 milyon manat təşkil edib, bunun da 2 milyard 872 milyon manatı və yaxud 97,9 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2 milyard 797,3 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 74,7 milyon manat olub”.

Fond sədri qeyd edib ki, 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi istehlak qiymətlərinin dəyişməsinə uyğun indeksləşdirilərək 1,4 faizlik artım tətbiq olunub: “Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,1 manat təşkil edib”.



fond 1

fond 2

Dövlət büdcəsinə dəyişikliklər parlament komitəsindən keçdi


19.02.2016

komite 1
Fevralın 19-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. AZƏRTAC-ın məlumatına görə, iclasda 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər barədə qanun layihəsi müzakirə olunub.

Komitənin sədri Ziyad Səmədzadə deyib ki, son bir ildə dünyada neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçməyib: “Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür. Baş verən proseslər ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfi saldonun yaranmasına gətirir. Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi dövlət büdcəsinə dəyişikliklər layihəsidir”.

Qanun layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib. Nazir bildirib ki, düzəlişlər dünyada baş verən iqtisadi proseslərlə bağlıdır: “Bu təlatümlü vəziyyət enerji daşıyıcıları bazarında təklifin tələbi üstələməsi və iri dövlətlərin neftə tələbatının xeyli azalması ilə də əlaqədardır və neft ölkələri üçün mənfi amillər yaradır. Bu səbəbdən Azərbaycan iqtisadiyyatı üçün də yeni çağırışlar var. Şübhəsiz ki, bu reallıqlar ölkəmizə valyuta daxilolmasının kəskin azalmasına və tədiyyə balansının aşağı düşməsinə gətirib çıxarır. Bütün bu amillər dövlət büdcəsinə müəyyən düzəlişlər edilməsi zərurətini yaradır”.

Yenidən baxılacaq icmal büdcə üzrə əsas dəyişikliklər barədə danışan nazir bildirib ki, 2016-cı ildə icmal büdcənin gəlirləri 15 milyard 738,6 milyon manat nəzərdə tutulur, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır: “Azalma əsasən bir barrel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat düşməsi hesabınadır”.

Samir Şərifov 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri barədə də danışıb. O bildirib ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir barrel üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib: “2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozla müqayisədə 2 milyard 256 milyon manat və ya 15,5 faiz çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 milyon manat və ya 2 faiz azdır. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 milyard 597 milyon manat və ya 45,2 faiz nəzərdə tutulur, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz – bənd çoxdur”.

Qeyd edilib ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma nəzərdə tutulur. Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 milyon manat və ya 1,5 faiz azdır.

İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, müəyyən sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1milyard 290 milyon manat vəsait nəzərdə tutulub, bununla da dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz – bənd artaraq 37,8 faiz təşkil edəcək. O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 milyard 810 milyon manat təşkil edir, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur: “Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur. Artıma səbəb ötən illərdə xarici valyutada verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır”.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.


13-cü hərracda banklara 23,850 milyon ABŞ dolları satıldı


19.02.2016

fan of dollarsMərkəzi Bank fevralın 19-da növbəti valyuta hərracı keçirib, 11 banka 23,850 milyon ABŞ dolları satıb. Xəbəri Cbar.az yayıb.

Transparency.az bildirir ki, Mərkəzi Bank bu il daha 12 valyuta hərracı keçirib. Yanvarda keçirilmiş 4 valyuta hərracında ümumilikdə 318 milyon 8 min dollar həcmində vəsait satılıb. Fevraldakı 8 hərracda isə Mərkəzi Bankın satışa çıxardığı vəsaitin 203 milyon 630 min dolları alınıb. 12 hərracda satılan vəsaitin ümumi həcmi 521 milyon 638 min ABŞ dolları olub.


Sosial müavinət statistikası


19.02.2016

emek nazirliyi 01Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən rəsmi məlumata görə, hazırda 350435 nəfər aylıq sosial müavinətlə təmin olunur.  Onlardan 139041 nəfəri əlilliyi olan şəxslər, 49362 nəfəri müharibə veteranlarıdır.

Ölkədə 41286 nəfər ailə başçısını itirməyə, 13833 nəfər yaşa görə aylıq sosial müavinətlə təmin olunurlar.

Aztəminatlı ailələrdəki 5151 nəfər 1 yaşadək uşağın, şəhid ailələrindəki 72 nəfər uşağın, müharibə əlillərinin 17334 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət ödənilir.

Həmçinin I və II qrup Çernobıl əlillərinin uşaqları (930 nəfər), beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqları (8984 nəfər), sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar (67081 nəfər) və digər müvafiq kateqoriyalardan olan insanlar aylıq sosial müavinətlə təmin edilirlər.


İdxal azaldı: manat dinclik tapa bilərmi?


19.02.2016

rovshan-agayev-yeni1
        Rövşən Ağayev

İstənilən ölkədə milli valyutanın sabitliyi ödəmə balansından asılıdır. Sadə dillə deyilsə, ödəmə balansı ölkəyə ən müxtəlif kanallarla daxil olan və ölkədən çıxan xarici valyuta axınının nisbətini əks etdirir.

Gələn valyuta gedən xarici valyutadan çox olanda milli valyuta ucuzlaşmır, həm də ölkənin valyuta ehtiyatı artır. Gedən valyuta ölkəyə gələn xarici valyutadan çox olanda isə milli valyuta ucuzlaşır, ölkənin valyuta ehtiyatları məzənnəni qorumağa xərcləndiyi üçün azalır. İl yarımdır Azərbaycanda bu prosesi müşahidə edirik.

Bunları yazmağımın səbəbi var: bu ilin yanvarında xaricdən əmtəə idxalı 30%-dək azalıb. Çoxları düşünür ki, bu, manatın sabitliyi üçün yetərlidir. Reallıqda belədirmi?

Əgər idxal azalanda ixrac artırsa, yaxud sabit qalırsa, heç olmasa idxal ixracdan daha sürətlə azalırsa, bu arqument müəyyən qədər əsaslı ola bilər. Doğrudur, 2016-cı ilin yanvarında Azərbaycanın idxalı 131 milyon dollar (23%) azalıb. Amma ixrac bundan daha çox — 620 milyon dollar (təxminən 50%) az olub. Ölkənin idxala xərclədiyi xarici valyutanın azalan hər dolları müqabilində ixracdan qazandığı valyuta təxminən 5 dollar aşağı düşüb. Nəticədə ötən ilin yanvarına nisbətən aylıq xarici ticarət balansının müsbət saldosu 3.5 dəfəyədək azalaraq 700 milyon dollardan 215 milyon dollara enib. Hələ onu demirəm ki, beynəlxalq ticarət statistikasına görə, Azərbaycan gömrüyündə uçota alınan faktiki idxal real idxal səviyyəsindən heç olmasa 30-35% azdır. Bu fərq də nəzərə alınsa, real saldo daha kiçik rəqəmlərlə ifadə olunar…

Ticarət balansının müsbət saldosu valyuta bazarında dayanıqlığı təmin etmək üçün vacibdir, amma yetərli deyil. Önəmli göstərici cari hesablar balansının saldosudur. Cari hesablar balansına əmtəə axınından savayı daha iki kanalla valyuta hərəkəti daxildir: xidmətlər hesabı və gəlirlər (ilkin və təkrar) hesabı.

Son 5 ilin statistikası göstərir ki, Azərbaycanda həm xidmətlər, həm də gəlirlər hesabının saldosu daim mənfi olub, yəni bu kanallarla ölkədən çıxan valyuta ölkəyə gələn valyutanı üstələyib. Və son 3 illik statistika göstərir ki, bu iki hesab — xidmətlər və gəlirlər hesabı üzrə orta aylıq kəsir təxminən 500-600 milyon dollar aralığında dəyişib. Lakin həmin illərdə xarici ticarət balansının orta aylıq müsbət saldosu 1-1,2 milyard dollar olduğuna görə cari hesablar balansının illik yekunu (+) 5-6 milyard dollardan az olmayıb.

Bir vacib faktoru da nəzərdən qaçırmaq olmaz: o yerdə ki ölkəyə gələn kapital ölkədən çıxan kapitaldan azdır, orada nəinki ticarət balansının, hətta cari hesablar balansının da müsbət saldosu milli valyutanı sabit saxlamağa çatmaya bilər.

Ən mühüm şərt kapital axınının mənfi nisbətinin cari hesablar balansının müsbət saldosundan kiçik olmasıdır. 2015-ci ildə biz Azərbaycanda bu prosesin şahidi olduq: kapital axınlarının mənfi nisbəti cari hesablar balansının müsbət saldosunu 9 milyard dollara yaxın üstələdi. Bu nisbət isə Mərkəzi Bank ehtiyatlarının əriməsi hesabına qapadıldı.

Beləliklə, ölkəyə əmtəə idxalı ilə yanaşı xidmət idxalının da azalmadığı, xidmət ixracının heç olmasa əvvəlki səviyyədə qalmadığı, ölkəyə gələn kapitalın (investisiyalar, kreditlər, depozitlər formasında) ölkədən çıxan kapitalı üstələmədiyi şəraitdə ticarət balansının hazırkı kiçik həcmli müsbət saldosu manatı sabitləşdirmək üçün yetərli deyil.

Yanvar ayı üzrə tədiyyə balansının göstəriciləri açıqlansaydı, suallara daha dəqiq cavab vermək olardı. Amma biz o rəqəmləri may ayından tez görə bilməyəcəyik. Onda isə geri qayıdıb yanvarı təhlil etməyin əhəmiyyəti qalmayacaq…

Hökumətin layihəsinə yalnız hakim partiya və daşnaklar səs verdi


19.02.2016

ermenistan parlamenti 1
Fevralın 19-da Ermənistan parlamentinin növbədənkənar iclası keçirilib. Novator.az-ın məlumatına görə, iclasda Ermənistan hökumətinin strukturunda dəyişiklik layihəsi müzakirə olunub, Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyinin bölünməsi qanunu qəbul edilib.

Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyi 2014-cü ilin sonunda yaradılıb. “Hökumətin strukturu haqqında” qanunda dəyişikliyə əsasən, Fövqəladə Hallar Nazirliyi bərpa olunur, eyni zamanda Ərazi İdarəçiliyi və İnkişaf Nazirliyi yaradılır.

Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında koalisiya razılaşması əldə olunub. Razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu veriləcək. Daşnaklara veriləcək postlardan birinin ərazi idarəçiliyi və inkişaf naziri kürsüsü olacağı bildirilir.

Parlamentin 19 fevral iclasında çıxış edən ədliyyə naziri Arpine Ovannisyan deyib ki, Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyinin bölünməsini siyasi razılaşma zəruri edir. Nazir vurğulayıb ki, hökumətin strukturundakı yenilik dövlət büdcəsində ciddi xərclərin yaranmasına gətirib çıxarmayacaq.

Qanun layihəsinin lehinə parlamentin iki fraksiyası — Respublika Partiyası ilə Daşnaksütun Partiyası səs verib. Digər fraksiyalar layihənin əleyhinə çıxıblar. Sabiq prezident Robert Köçəryana yaxın olan Çiçəklənən Ermənistan Partiyası fraksiyasının lideri Naira Zohrabyan siyasi alverin qəti əleyhinə olduğunu bildirib və qeyd edib ki, Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyinin yaradılması hökumətin strukturunun optimallaşdırılması ilə əsaslandırılmışdı, indi isə yenidən iki nazirlik qurulur.

Erməni Milli Konqresi fraksiyasının lideri Levon Zurabyan isə qeyd edib ki, idarəçiliyi siyasi maraqlara, iki siyasi qüvvənin razılaşmasına qurban vermək olmaz. O, indiki şəraitdə Ermənistanda koalisiya yaradılmasına hər hansı bir zərurət olmadığını vurğulayıb.


Ekspert: “İndi söz iş adamlarının və investorlarındır”


19.02.2016

fikret-yusifov“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı alim Fikrət Yusifov neftin qiymətinin iqtisadiyyatın inkişafına təsiri ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşərək deyib ki, Azərbaycan hökuməti son illərin maliyyə böhranını kifayət qədər neytrallaşdıra bilsə də, neftin qiymətlərinin kəskin azalması hesabına yaranmış vəziyyət ölkədən yan keçməyib: “Neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və bu səbəbdən ölkəyə daxil olan valyuta gəlirlərinin birdən-birə bir neçə dəfə azalması maliyyə sistemində gərginliyin yaranması ilə nəticələndi. Milli valyuta öz dəyərini bir il ərzində iki dəfəyə qədər itirdi.

Hökumət Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsini artıq illər idi ki, strateji bir vəzifə kimi qarşıya qoyub və bu illər ərzində az iş görülməyib. Ümumi daxili məhsulun strukturunda son 5 il ərzində qeyri-neft sektorunun payının 20 faiz artması hesabına neft sektorunun xüsusi çəkisinin 30 faizə qədər azaldılmasının özü kifayət qədər ciddi bir nəticədir. Lakin buna baxmayaraq yaranmış vəziyyət göstərdi ki, qeyri-neft sektorunun işinin səmərəliliyi hələ ki, qaneedici deyil.

Nədən ibarət olmalıdır bu səmərəlilik? İlk növbədə bu sektorda rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaq yolu ilə ölkəyə möhkəm valyuta axınını təmin etmək lazımdır. Son illər ərzində qeyri-neft sektorunun inkişafı hesabına bir çox məhsul növləri üzrə idxaldan asılılıq aradan qaldırılıb və ya minimuma endirilib. Lakin hələ də ən başlıca hesab olunacaq hədəfə çatmaq mümkün olmayıb. Bu gün bir çox yerli istehsal məhsullarının komponentləri xaricdən alınıb gətirilir. Halbuki həmin komponentlərin əksəriyyətinin yerli istehsalını təşkil etmək imkanları mövcuddur. Həmin komponentlərin xaricdən alınması o deməkdir ki, bu hesaba ölkədən valyuta çıxarılır. Bizə isə bunun əksi — real sektorda rəqabət qabiliyyətli məhsulların istehsalını və ixracını artırmaq hesabına ölkəyə daha çox valyuta axınını təmin etmək lazımdır. Başlıca hədəf budur.

Ölkə prezidenti son çıxışlarının birində “biz vəziyyətin belə kəskin dəyişəcəyini gözləmirdik” demişdi. Bunu nə ölkə daxilində, nə də xaricdə heç kəs gözləmirdi. Lakin bu hal baş verdi. Ondan çıxış yolu isə birdir. Bu yol ən qısa zaman kəsiyində real sektorun sürətli inkişafını təmin etməkdən keçir və hökumət də bu yolu seçib. Son 5 ay ərzində hökumət real sektorun sürətli inkişafını təmin edə biləcək onlarla qərar qəbul edib, qanunlarda və başqa normativ aktlarda müvafiq dəyişikliklər həyata keçirilib. Məqsəd dünya bazarlarında neftin qiymətlərinin çox kəskin aşağı düşməsi səbəbindən yaranmış vəziyyəti mümkün qədər tez nizamlamaqdan ibarətdir. Ən doğru seçim də bu idi. Burada bir çox qərarların qəbul edilməsində ölkə prezidenti siyasi iradəsini ortaya qoydu. Rüşvət və korrupsiyaya qarşı aparılan mübarizə və bu yolda heç kəsin “toxunulmazlıq statusunun” olmadığının açıq şəkildə hər kəsə göstərilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, yoxlamaların dondurulması, lisenziyaların verilməsi işindəki əsaslı dönüş, valyuta tənzimlənməsi sahəsindəki islahatlar, investisiyaların və ixracın təşviqi və tikinti sahəsindəki bütün maneələrin aradan qaldırılması ilə bağlı addımlar real sektorun, onun əsasını təşkil edəcək azad sahibkarlığın qarşısında geniş və maneəsiz bir fəaliyyət meydanının açılması demək oldu. Bu fəaliyyətin üzləşə biləcəyi əngəllər isə yerli və mərkəzi icra orqanları, eyni zamanda apellyasiya şuralarının vasitəsilə aradan qaldırılacaq.

Aparılan bu islahatlar Azərbaycanda yeni iqtisadi inkişaf modelinin ortaya qoyulması deməkdir. Ciddi islahatlara söykənən bu yeni iqtisadi inkişaf modelini artıq Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi dünyanın iki ən nəhəng maliyyə institutu da tam dəstəklədi. İndi söz iş adamlarının və investorlarındır”.

Sosial sığorta və pensiya təminatı sahəsində problemlər müzakirə olunub


19.02.2016

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi fevralın 19-u Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirib. “Sosial sığorta və pensiya təminatı sahəsində problemlər və onların həlli yolları” adlı tədbir Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində baş tutub.

Transparency.az xəbər verir ki, dəyirmi masada Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, İqtisadiyyat Nazirliyi və digər dövlət orqanlarının əməkdaşları, bələdiyyə üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

“Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva çıxışında manatın devalvasiyasının əhalinin sosial vəziyyətini çətinləşdirdiyini və müxtəlif problemlərin yarandığını bildirib, həmin problemlərin arada qaldırılması üçün dövlət orqanlarının sosial sferada, eləcə də pensiya və sosial sığorta sahəsində bir sıra tədbirlər görməsinin vacib olduğunu qeyd edib.

Dövlət Sosial Müdafiə Fondunun təmsilçiləri Nuranə Səfərova və Fərid Qarayev qurumun göstərdiyi xidmətlərin şəffaflığına yönələn addımlar, pensiya sistemində islahatlar haqqında danışıblar.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin hüquqşünası Aytən Əlizamanlı və eksperti Emin Səttarov sosial sığorta və pensiya təminatı sahəsində yaranan problemlər, onların həlli yolları, həmçinin sosial sığorta stajlarının, pensiyaların hesablanması, müavinətlərin təyin edilməsi və ödənilməsi prosesinin şəffaflaşdırılması barədə tövsiyələr səsləndiriblər. Təşkilatın digər nümayəndəsi Məhəmməd Muradov Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər barədə danışıb, həmçinin yeni elektron xidmətlərin yaradılmasına dair tövsiyələr təqdim edib.

Dəyirmi masada sosial ödənişlər üzrə hesabat mexanizmindəki çatışmazlıqlar, sosial sığorta qanunvericiliyinin biznes adamları üçün təkmil olmaması, sosial sığorta kartının əldə edilməsi prosedurunda çətinliklər, pensiyalardan tutulmalar haqqında əhalinin məlumatlandırılmaması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sosial məzuniyyəti üzrə qanunvericilikdəki boşluqlar və digər məqamlar diqqətə çatdırılıb.

Dövlət Sosial Müdafiə Fondunun hesabındakı məbləğin ictimaiyyətə açıq olmaması mənfi hal kimi qiymətləndirilib, şəffaflıq mexanizminin bu sahəyə də tətbiqi zəruri hesab edilib.

Müzakirədə qaçqınların və məcburi köçkünlərin pensiyalarının hesablanması zamanı ciddi problemlərlə üzləşdiyi, bu sahədə qanunvericiliyin təkmil olmaması ucbatından kütləvi korrupsiya hallarına yol verildiyi, əhalinin bu təbəqəsi üzrə elektronlaşmanın qeyri-dəqiq aparıldığı vurğulanıb. Eyni zamanda qanunvericilikdə fərdi sahibkarlıq, ictimai təşkilatlarda çalışanların pensiya stajının, pensiya məbləğinin hesablanması üzrə ciddi dəqiqləşmələrin aparılması zərurəti qeyd edilib, pensiya təminatında qeyri-bərabərlik, qütbləşmənin yanlış olduğu deyilib.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin hazırladığı təkliflər paketi rəylər nəzərə alınmaqla aidiyyəti qurumlara təqdim olunub.



tedbir 1

tedbir 2

tedbir 3

tedbir 4

tedbir 5
Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin