Xəbər bülleteni №23


Vergilər Nazirliyi müraciət hesabatı açıqlayıb



Yüklə 464,64 Kb.
səhifə15/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
#16012
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

Vergilər Nazirliyi müraciət hesabatı açıqlayıb


16.02.2016

vergiler nazirliyi
Yanvar ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzi ilə 30 min 883 müraciət cavablandırılıb. Qurumun yaydığı məlumata görə, müraciətlərin 14,9 faizi vergi nəzarəti tədbirləri, 5,4 faizi vergi qanunvericiliyi, 3,8 faizi şəxsi hesab vərəqəsi, 1,8 faizi vergilər və onların ödənilməsi məsələləri barədə olub.

Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün çağrı mərkəzinə 8 min 952 zəng daxil olub. Onlardan 3 min 816-na vergi borcu, 2 min 492-nə isə vergi növləri ilə bağlı məlumat verilib.

Vergi ödəyicilərini məlumatlandırmaq məqsədi ilə 78 min 408 mesaj göndərilib. Mesajların 2 min 982-si ikitərəfli SMS xidməti vasitəsilə həyata keçirilib.

Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 399 min 761 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturları 35 min 732 nəfərə 55 min 454 sayda xidmət göstərib.


Tovuzda yeni yol, su anbarı və başqa obyektlər istifadəyə verilib


17.02.2016

tovuz
Prezident İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfər edib. Səfərə Heydər Əliyevin Tovuz şəhərinin mərkəzindəki abidəsini ziyarətlə başlayan İlham Əliyev sonra mərhum prezidentin adını daşıyan parkda aparılan yenidənqurma işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, prezident yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışına qatılıb. Ümumi uzunluğu 33,8 kilometr olan avtomobil yolunun eni 7, yol çiyinlərinin eni isə 2,5 metrdir. Yolun ərazisində 5 su keçidi quraşdırılıb, 2 körpü əsaslı təmir edilib. Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu 32 min əhalinin yaşadığı 13 məntəqəni əhatə edir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasına da baş çəkən İlham Əliyev daha sonra Tovuzçay su anbarının açılışında iştirak edib. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub.

Həmin gün prezident Qovlar şəhərindəki Gənclər Evinin açılışında da iştirak edib.


Prezident: “Neft amilindən asılılığı tamamilə aradan qaldırmalıyıq”


17.02.2016

gorush
Fevralın 16-da Tovuzçay su anbarının açılışına qatılan prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatının inkişafı üçün bugünkü mərasim xüsusi əhəmiyyət kəsb edir: “Bu su anbarının layihəsi hələ sovet dövründə işlənib, ancaq müəyyən səbəblərə görə icra edilməyib. 1992-ci ildə layihənin icrası dayandırılıb. Ancaq indiki dövrdə biz bu layihəni icra edə bildik. Artıq bu layihə istifadəyə verilir. Beləliklə, 20 min hektar torpaq sahəsində suvarma yaxşılaşacaq və 300 hektar yeni suvarılan torpaqlar dövriyyəyə buraxılacaq.

Əlbəttə, su olan yerdə kənd təsərrüfatı da inkişaf edəcək. Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin. Çünki kənd təsərrüfatının inkişafı iş yerlərinin açılması, yerli istehsalın yaradılması deməkdir. Eyni zamanda, hesab edirəm ki, kənd təsərrüfatı neft və qazdan sonra bizim əsas ixrac məhsulumuz olmalıdır və olacaq”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, 2015-ci ildə kənd təsərrüfatı 6 faizdən çox artıb və ümid edirəm ki, bu il də sürətlə artacaq: “Bütün bölgələrdə ixtisaslaşma aparılmalıdır. Tovuz rayonunun ənənəvi kənd təsərrüfatı məhsulları var. Onların inkişafı, yeni əkin sahələrinin yaradılması, xüsusilə üzümçülüyün inkişafı mühüm əhəmiyyət daşıyır. İnsanların yaşayış səviyyəsi yaxşılaşacaq. Biz öz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Əsas vəzifəmiz nəinki özümüzü bütün ərzaq məhsulları ilə təmin etməkdir, eyni zamanda xarici bazarlara da keyfiyyətli məhsulla çıxmaqdır. Bu istiqamətdə önəmli addımlar atılır. Tovuzçay su anbarının istismara verilməsi onların arasında xüsusi yer tutur”.

Dövlət başçısı 2016-cı ilin Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından uğurlu il olacağına əminliyini vurğulayıb: “Dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir. Bu ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür. Bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir. Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, biz xüsusilə aqrar, emal, sənaye sektorlarının inkişafı hesabına iqtisadi yüksəlişə nail olacağıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün uğurlu olacaq. Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi — 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik.

Neftin qiyməti dörd dəfə düşüb. Əlbəttə ki, bu, neft hasil edən ölkələr üçün böyük sınaqdır. Ancaq təbii resurslara malik olmayan ölkələr də çətinlik çəkir. Çünki onlar üçün ənənəvi bazarlar indi onların məhsulunu əvvəlki illərdəki kimi ala bilmir. Neftin qiymətinin düşməsi təbii resurslarla zəngin olmayan ölkələri də narahat edir. Ona görə mən hesab edirəm ki, biz artıq öz iqtisadi inkişafımızı ancaq qeyri-neft sektorunun əsasında qururuq və qurmalıyıq.

Belə olan halda biz istənilən böhrandan üzüağ çıxacağıq və ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcək. Ona görə indiki dövrdə xüsusilə sahibkarlığın inkişafı, əsaslı islahatların dərinləşməsi prioritet məsələlərdir. Keçən ilin sonundan və bu ilin əvvəlindən müəyyən edilmiş yeni islahatlar, əminəm ki, yaxın zamanlarda öz sözünü deyəcək.

Azərbaycanda bütün maliyyə, iqtisadi mexanizmlər dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanmalıdır. Maliyyə və iqtisadi sektorun inkişafı imkan verəcək ki, biz neftin qiymətindən asılı olmayaq. Bizim əsas vəzifəmiz bundan ibarətdir.

Regionların inkişafı, əlbəttə ki, burada əsas rol oynayır. 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunanda mən demişdim ki, ölkəmizin inkişafı qeyri-neft sektorundan asılı olmalıdır. Həmin vaxtdan bu günədək bütün bölgələrdə, o cümlədən qərb bölgəsində bir çox önəmli layihələr icra edilib. Əgər biz regional inkişaf proqramlarını qəbul etməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Ona görə mən əminəm ki, 2016-cı ili biz uğurla başa vurmalıyıq. Buna nail olmaq üçün bütün imkanlar var. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, düşünülmüş iqtisadi siyasət və dərinləşən islahatlar, əminəm, imkan verəcək ki, biz bu ili də uğurla başa vuraq. Qarşıya vəzifə qoyulub ki, biz bir neçə ildən sonra neft amilindən asılılığı tamamilə aradan qaldırmalıyıq. Əminəm ki, buna nail olacağıq”.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin