Hansı sanksiyalar ləğv olunub?
16.02.2016
Fevralın 16-dan Avropa İttifaqının Belarus prezidenti Aleksandr Lukaşenko və daha 169 dövlət məmuruna sanksiyaları qüvvədən düşüb. Qərarı fevralın 15-də Avropa İttifaqı Şurası çıxarıb.
Bir neçə ildir tətbiq olunan sanksiyalar Belarusda demokratiyanın boğulmasına görə məsuliyyət daşıyan hakimiyyət mənsublarının Avropa İttifaqının 28 ölkəsinə girişinə qadağanı, həmin şəxslərin Avropa İttifaqı zonasındakı hesablarının dondurulmasını nəzərdə tuturdu.
Ötən ilin oktyabrında 170 nəfərə sanksiyalar dörd aylığa dayandırılmış, qərar ölkənin 3 hüquqi şəxsinə də şamil olunmuşdu. Bu, Belarusda bütün siyasi məhbusların əfvi ilə əlaqələndirilmişdi.
Novator.az xəbər verir ki, Avropa İttifaqı Belarus üzərindəki silah embarqosunu və 4 məmur barədə sanksiyaları qüvvədə saxlayıb. Qərb bir vaxtlar güc nazirləri işləmiş bu rəsmiləri 1999-2000-ci illərdə Aleksandr Lukaşenkonun siyasi opponentlərinin yoxa çıxmasında ittiham edir. Bu iki bölüm üzrə sanksiyalar 12 ay müddətinə uzadılıb.
“Azadlıq” radiosunun arayışına əsasən, Avropa İttifaqı Belarus üzərinə ilk sanksiyaları insan haqları və demokratik prosedurların pozulmasına görə 1998-ci ildə qoyub. 2006-cı ildə Birləşmiş Ştatların Belarusa sanksiyaları tətbiq olunub. Avropa İttifaqı 2008-ci ildə sanksiyaları ləğv etsə də, onları 2011-ci ildə təkrar qüvvəyə mindirmişdi. Bu, 2010-cu ildə keçirilmiş prezident seçkisindən və etiraz aksiyaları iştirakçılarının həbslərindən sonra baş vermişdi.
Aleksandr Lukaşenko 1994-cü ildən prezident kürsüsünü tutur. Sonuncu dəfə ötən ilin sonunda 5 il müddətinə dövlət başçısı seçilib. Son vaxtlar Avropada ona münasibət nisbətən yumşalıb.
Sabiq deputatın məhkumluğu götürülmədi
16.02.2016
Fevralın 16-sı Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayəti üzrə proses keçirilib. Şikayət Gülər Əhmədovanın Yasamal Rayon Məhkəməsinə müraciətinin təmin olunmamasından verilib. Sabiq deputat üzərindən məhkumluğun götürülməsini istəmiş, məhkəmə müraciətini rədd etmişdi.
APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb, beləliklə, sabiq deputatın məhkumluğu götürülməyib.
Gülər Əhmədova prosesdə iştirak etməyib.
2012-ci ildə deputat Gülər Əhmədovanın Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən videolar yayılıb. Videolarda deputatla rektor və vasitəçi kimi təqdim olunan Sevinc Babayeva arasında Elşad Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoqlar əksini tapıb.
Bakı Şəhər Prokurorluğu bu video işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldırıb. Gülər Əhmədova bu qalmaqala görə mandatından imtina edib, hakim Yeni Azərbaycan Partiyasından çıxarılıb, daha sonra 2013-cü il ilin fevralında tutularaq 3 il müddətinə azadlıqdan məhrum edib. Sabiq deputat külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib. Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.
2014-cü il mayın 5-də Gülər Əhmədovanın Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılması prosesi yekunlaşıb. Gülər Əhmədova azadlığa buraxılıb. Onun həbs cəzası 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza ilə əvəzlənib.
178.3.2-ci maddə ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva 2012-ci il dekabrın 26-da Türkiyədə vəfat edib.
16.02.2016
İran Daxili İşlər Nazirliyi fevralın 26-da keçiriləcək parlament seçkisinə qatılan 6220 namizədin yekun siyahısını təsdiqləyib. Novator.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası seçki yarışına qoşulmaq üçün 12123 nəfərin müraciət etdiyini, onların 5903-nün ələndiyini açıqlayıb.
Deputat mandatı uğrunda rəsmi seçki kampaniyası fevralın 18-dən 24-nə qədər keçiriləcək. Namizədlər 290 mandat uğrunda mübarizə aparır. 1 yerə 20-dən çox şəxs iddia edir.
İranda deputatlar milli səsvermədə 4 il müddətinə seçilir.
Parlamentlə eyni vaxtda Üləma Məclisi də seçiləcək. Məclisdəki 88 yerin 161 namizədi var. Üləma Məclisi ölkənin dini liderini – dövlət başçısını seçən orqandır.
16.02.2016
Ali Məhkəmə fevralın 16-da İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun şikayəti üzrə proses keçirib. Hüquq müdafiəçisi bəraət istəyib. APA-nın məlumatına görə, hakim Fərhad Kərimovun sədrlik etdiyi prosesdə şikayət təmin olunmayıb. Məhkəmə prosesində Rəsul Cəfərov özü də iştirak edib.
Rəsul Cəfərov 2014-cü il avqustun 2-dən həbsdədir. Ötən il aprelin 16-da hüquq müdafiəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, mənimsəmədə təqsirli bilinib. İyulun 31-də Bakı Apellyasiya Məhkəməsi Rəsul Cəfərovun cəzasını 3 ay azaldaraq 6 il 3 aya endirib.
Jurnalistin ölüm işi üzrə məhkəmədə ekspertlər ifadə verib
16.02.2016
Fevralın 16-sı Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işi üzrə proses davam etdirilib. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə ilkin məhkəmə-tibb ekspertizasını keçirən ekspert Alim Hüseynov dindirilib. Ekspert Rasim Əliyevin meyitinə ilkin baxış keçirdiyini, onun bədən səthində hər hansı xəsarət izinin aşkar edilmədiyini, rəydə yazdıqlarının fotoşəkillərdə də öz əksini tapdığını bildirib.
Sonra məhkəmə komisyon tibbi ekspertizasının rəyini yazan Ziyafəddin Məmmədov dindirilib. O, ekspertiza rəyini Rasim Əliyevin adına açılan tibbi kart və digər sənədlər əsasında yazdığını deyib.
Zərərçəkən tərəfin vəkili Fariz Namazlı prosesdə çıxış edərək deyib ki, Rasim Əliyevdən Kliniki Tibbi Mərkəzdə izahat alınsa da, həmin izahat cinayət işi materiallarında yoxdur. Vəkil həmin izahatın polis bölməsindən alınmasını və müstəntiqin prosesə çağırılaraq dindirilməsini istəyib. Məhkəmə vəsatəti qismən təmin edib. Bildirilib ki, polis bölməsinə sorğu göndəriləcək, lakin müstəntiq dindirilməyəcək.
Fariz Namazlı Rasim Əliyevin döyülməsini əks etdirən videodiskin cinayət işi materiallarına əlavə olunması barədə də vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.
Proses fevralın 23-də davam etdiriləcək.
ANN.TV-nin reportyoru olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.
Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.
Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.
Dostları ilə paylaş: |