Qanunsuz ov hesabatı açıqlanıb
11.02.2016
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirib. Rəsmi məlumata görə, 2016-cı ilin yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanıb. Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb.
41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla ümumilikdə 41000 manat məbləğində cərimə tətbiq edilib. Sənəd təqdim etməyən 7 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə polis şöbələrinə müraciət olunub.
Dövlət Sərhəd Xidməti yanvarda nə qədər pozuntu aşkarlayıb?
11.02.2016
Dövlət Sərhəd Xidməti 2016-cı ilin yanvar ayı üzrə statistika yayıb. Mətbuat mərkəzinin məlumatına görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 46 nəfər saxlanıb. Onların 16 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 4 nəfəri Pakistan, 3 nəfəri Özbəkistan, 3 nəfəri İran, 3 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla Türkmənistan, Əfqanıstan, Qambiya vətəndaşlarıdır.
Sərhəd rejim qaydalarını pozduqlarına görə yaşıl sərhəddə 3 halda 5 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanaraq barələrində müvafiq tədbir görülüb.
Axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal saxlanıb.
Sosial xidmət müəssisələrində 1082 nəfər yaşayır
11.02.2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, sosial xidmət müəssisələrində 1100 nəfərə yaxın şəxs daimi dövlət təminatında yaşayır. Ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfər ailələrinə qayıdıb.
Nazirliyin sosial xidmət müəssisələrində hazırda 1082 nəfər şəxsin stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir. Onlardan 320 nəfər sağlamlıq imkanları məhdud uşaq müvafiq olaraq nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 202 nəfər şəxs müharibə və əmək əlilləri üçün pansionatda, digər şəxslər isə aidiyyəti üzrə sosial xidmət müəssisələrində yaşayırlar. Bu müəssisələrdə yaşayan insanlar daimi olaraq qida, geyim, tibbi və reabilitasiya xidmətləri ilə təmin edilirlər.
İqtisadiyyat 2015-də: əvvəlki illərlə müqayisə nələri üzə çıxarır?
11.02.2016
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu ölkə iqtisadiyyatının ötən ildəki vəziyyətini əvvəlki illərin göstəriciləri ilə müqayisə edib. Transparency.az-ın məlumatına görə, ekspert ümumi daxili məhsulun (ÜDM) nominal həcminin 2012-ci il səviyyəsinə yaxın olduğunu, qeyri-neft ÜDM-in isə statistik tarixində ən aşağı artım nümayiş etdirdiyini yazır: “2015-ci ildə ölkədə qeyri-neft ÜDM cəmi 1,1 faiz artıb. Qeyri-neft ÜDM bir göstərici kimi 2000-ci ildən hesablanmağa başlayıb.
Ötən il Azərbaycanda əsas kapitala investisiya 10,9 faiz aşağı düşüb və 16 milyard manat təşkil edib. Bu da 2012-ci ilin səviyyəsinə münasibdir.
2015-ci ildə ölkədə büdcə gəlirləri 2011-ci il səviyyəsindən də aşağı olub. Ötən il dövlət büdcəsinin gəlirləri 15,4 milyard manat həcmində qərar tutub. 2015-ci ilin yalnız dekabr ayında xərclənən büdcə vəsaiti özündən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azdır.
Ölkənin tədiyyə balansının cari hesabı son 10 ildə ilk dəfə 2015-ci ilin ikinci rübündə defisitə keçib. 2013-cü il ərzində cari hesabın saldosu müsbət 12,3 milyard manatı ötüb, növbəti ilin ikinci yarısından isə neftin qiymətlərində kəskin azalmalar tədiyyə balansının parametrlərinin mənfiyə doğru yönəlməsinə gətirib çıxarıb.
Mərkəzi Bankın məlumatına görə, ötən ilin sonunda 2000-ci illə müqayisədə manatın nominal effektiv məzənnəsi 2006-cı il, manatın real effektiv məzənnəsi isə 2007-2008-ci illər səviyyəsinə enib. Qurumun digər məlumatına görə, 2015-ci ilin sonuna manatla geniş pul kütləsi azalaraq 2011-ci il səviyyəsinə yaxınlaşıb”.
Ermənistanda koalisiya razılaşması əldə olunub
11.02.2016
Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında koalisiya razılaşması əldə olunub. Novator.az-ın məlumatına görə, razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu veriləcək.
Ermənistan parlamentinin Respublika Partiyasından deputatı Armen Rustamyan İctimai Televiziyaya müsahibəsində daşnaklara hansı postların veriləcəyini açıqlayıb. Razılaşmaya görə, Daşnaksütun Partiyasının təmsilçiləri ərazi idarəçiliyi, elm və təhsil naziri, iqtisadiyyat naziri kürsülərində oturacaqlar. Şirak və Araqatsotn vilayətlərinin qubernatoru vəzifələri də daşnaklara təhvil veriləcək.
Hakim Respublika Partiyasına prezident Serj Sərkisyan liderlik edir.
Yunusları ölkədən buraxmadılar
11.02.2016
Yasamal Rayon Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun müraciətinə baxılıb. Vəkil Elçin Sadıqov Report.az-a deyib ki, məhkəmə onların müraciətini təmin etməyib. O, qərardan apellyasiya şikayəti verəcəklərini vurğulayıb.
Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmağa icazə verilməsini istəyirlər. Məhkəməyə ərizədə qeyd olunub ki, həkim ekspertin rəyinə əsasən, Leyla Yunus və Arif Yunus ağır xəstəliklərdən əziyyət çəkirlər, təcili müalicəyə ehtiyacları var.
Leyla və Arif Yunuslar 2014-cü ilin yayında tutulublar. Onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunublar. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirilib, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verilib. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi maliyyə cinayətlərində təqsirli sayaraq Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.
Arif Yunus səhhətinə görə noyabrın 12-də həbsdən buraxılıb. Dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verib. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsib.
Dostları ilə paylaş: |