Prezident: “Biz bu dövrə hazır deyildik”
15.02.2016
Almaniyaya səfər edən prezident İlham Əliyev fevralın 12-də Münhen Təhlükəsizlik Konfransında “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzulu dəyirmi masaya qatılıb. Dövlət başçısı neftin ucuzlaşmasının ölkəyə təsiri barədə sualı belə cavablandırıb: “Müstəqil ölkə kimi bizim üçün neft sektorunun inkişafı və neft-qaz sahəsinə sərmayənin yatırılması müstəqilliyimizin ilk illərində çox böyük əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan müstəqilliyini əldə etdiyi vaxt iqtisadiyyatımız demək olar ki, durğunluq, iqtisadi və maliyyə böhranı səbəbindən tamamilə məhv edilmişdi. Buna görə də Azərbaycanın neft və qaz sektoruna əsas neft şirkətlərinin sərmayə yatırmağa dəvət edilməsi bizim üçün təkcə investisiyaların cəlb olunması mənasını daşımırdı. Bizim üçün bu, müstəqilliyimizin gücləndirilməsi və ölkəmizin müvəffəqiyyət qazanmasının yollarının tapılması mənasını daşıyırdı.
O vaxtdan bəri iyirmi il ötüb və biz nəinki neft-qaz sahəsinə böyük investisiyaları cəlb etməyi və önəmli neft və tezliklə təbii qaz istehsalçısına və ixracatçısına çevrilməyi bacardıq, eyni zamanda neft-qaz sahəsindən əldə etdiyimiz gəlirləri əsasən qeyri-neft sektoruna, xüsusilə infrastruktura yatıra bildik. Buna görə də bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalıb. Neft ümumi daxili məhsulumuzun yalnız 30 faizini təşkil edir. Biz eyni mənzərəni ixrac əməliyyatlarımızda görmək istəyirik. Hələ ki, buna nail ola bilməmişik. İxracımızın 90 faizini neft və qaz təşkil edir. Buna görə növbəti illər üçün vəzifə ixrac potensialımızı şaxələndirməkdir və bu məqamda biz əlbəttə ki, iqtisadi islahatların davam etdirilməsi, özəl sektor üçün daha da yaxşı şəraitin yaradılması, daha çox investisiyaların cəlb edilməsi və irimiqyaslı özəlləşdirmə proqramına başlanılması zərurətinə gəlirik. Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq”.
İlham Əliyev qeyd edib ki, hökumət indiki vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə — ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdı: “Biz bu dövrə hazır deyildik. Əslində, biz postneft dövrünə 2030-cu ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında söylədiyim kimi, neftdən sonrakı dövr artıq bizim üçün başlayıb və bu, gözlənilməz idi. Səmimi söyləsəm, hesab edirəm ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu, asan deyildi. Çünki biz 100 dollardan baha olan qiymətə öyrəşmişdik. Əlbəttə ki, bizim uzun illər üçün nəzərdə tutulmuş inkişaf planımız var idi. Bizim daha yüksək neft qiymətinə əsaslanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız var idi. İndi isə neftin qiyməti aşağıdır.
Beləliklə, bu, real bir çağırış idi. Lakin yenə də qeyd etmək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi və infrastruktura sərmayə qoyuluşu siyasəti sayəsində, hesab edirəm ki, bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq.
Fevralın 13-də isə İlham Əliyev “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib. Müzakirə zamanı İlham Əliyev iqtisadi problemlərə də toxunaraq deyib ki, şaxələndirmə siyasətinin nəticəsində ümumi daxili məhsulun 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşür: “Əlbəttə ki, biz ixrac əməliyyatlarında neft qiymətlərindən asılıyıq. İxracımızın 90 faizini neft və qaz təşkil edir. İndi isə biz özəlləşdirmə, iqtisadiyyatımızın şaxələndirilməsi və biznes mühitinin yaxşılaşdırılması da daxil olmaqla neft və qazdan asılılığı azaltmaq üçün irimiqyaslı islahatlar həyata keçiririk. Yeri gəlmişkən, neftin qiymətinin kəskin şəkildə — dörd dəfə ucuzlaşması bizim üçün daha çox texnologiyaya, qeyri-neft iqtisadiyyatına, kənd təsərrüfatına, informasiya-kommunikasiya texnologiyalarına sərmayə yatırmaq baxımından fürsət idi. Növbəti illərdə bütün planlarımızı uğurla həyata keçirə bilsək, qəti əminəm ki, Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək”.
Manat dollar və avro qarşısında möhkəmlənib
15.02.2016
Fevralın 15-də dolların manata məzənnəsi dəyişib. Mərkəzi Bankın kursu ilə 100 dollar 157 manat 11 qəpik olub. Ötən həftənin son iş günü dollar 157 manat 45 qəpiyə satılıb.
Transparency.az bildirir ki, manat avro qarşısında da möhkəmlənib. Fevralın 12-si ilə müqayisədə 100 avro 177 manat 89 qəpikdən 176 manat 31 qəpiyə enib.
Mərkəzi Bank uçot dərəcəsini qaldırdı
15.02.2016
Mərkəzi Bank rəsmi açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada deyilir: “Azərbaycan Respublikasının Mərkəzi Bankı makroiqtisadi sabitliyin və dayanıqlığın təmin olunmasına yönəldilmiş tədbirləri davam etdirir. Bu məqsədlə elan edilən yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsinin tətbiqi və bununla valyuta bazarında vəziyyətin sabitləşməsinə nail olmaq istiqamətində zəruri tədbirlər görülür. Son valyuta satışı hərraclarında tələbin təklifdən az olması, eləcə də manatın xarici valyutalara nəzərən məzənnəsinin bir qədər möhkəmlənməsi valyuta bazarında tarazlığın yaranması üzrə ilkin nəticələr kimi qiymətləndirilə bilər. Tətbiq olunan məzənnə rejimi pul-valyuta bazarının inkişafı və iqtisadi subyektlərin risk idarəetməsinin inkişafı ilə müşayiət olunmaqdadır.
Valyuta bazarında vəziyyətin sabitləşməsi, bankların milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlər təklif etməsi, eləcə də dövlətin milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir göstərməkdədir.
Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı ildən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.
Bu qərar həm də başlıca makroiqtisadi göstəricilərin proqnozuna və ortamüddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul olunub. Mərkəzi Bank bundan sonra da makroiqtisadi prosesləri və maliyyə bazarında vəziyyəti izləyəcək və zərurət yarandıqda mərhələlərlə pul siyasəti alətləri vasitəsilə çevik reaksiya verəcək”.
Uçot dərəcəsi – Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri məhz bu faiz dərəcəsi ilə verir. Bu günədək həmin rəqəm 3% idi.
Dostları ilə paylaş: |