QHT-ləri yoxlamaq qaydası açıqlanıb
15.02.2016
Ədliyyə Nazirliyi Kollegiyasının təsdiqlədiyi “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi qaydaları”(Qaydalar) açıqlanıb. Transparency.az bildirir ki, sənədə əsasən, QHT-lərin fəaliyyətinin öyrənilməsi zamanı bu məsələlər araşdırılır:
- fəaliyyətin nizamnaməyə (əsasnaməyə) uyğunluğu;
- qanunun tələblərinə riayət edilməsi, o cümlədən ali idarəetmə, icra və nəzarət orqanlarının yığıncaqlarının, habelə üzvlərin reyestrinin aparılması, gəlirlərinin təşkilatın məqsədlərinə yönəldilməsi, fəaliyyətində şəffaflığın təmin edilməsi;
- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun tələblərinə riayət edilməsi, o cümlədən qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestri üçün zəruri olan məlumatların vaxtında təqdim edilməsi, dövlət reyestrində olan sənədlərin qanunvericiliyə uyğunluğu;
- illik maliyyə hesabatlarının təqdim olunması, qrant, mühasibat uçotu haqqında qanunvericiliyə riayət edilməsi, maliyyə və təsərrüfat fəaliyyətinin qanunauyğunluğu;
- qurumun fəaliyyəti ilə bağlı əlaqəli normativ hüquqi aktlara riayət edilməsi.
QHT-lərin fəaliyyətinin öyrənilməsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericiliyin pozulması halları müəyyən edildikdə “Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi” qaydalarına uyğun tədbirlər həyata keçirilir.
QHT-lər fəaliyyətlərinin öyrənilməsi zamanı ədliyyə orqanına təqdim etmək üçün öz yazışmaları üzrə kargüzarlığı aparmalı, həyata keçirdiyi layihələrin, maliyyə və mühasibat sənədlərinin, bağladığı müqavilələrin və digər sənədlərin təsdiq olunmuş surətlərini ayrıca qovluqda saxlamalıdırlar.
Kargüzarlıq sənədlərin daxil olduğu (imzalanaraq təsdiq olunduğu) müddətlər, bank və digər sənədlərin tərtib olunduğu və ya təqdim olunduğu tarixlər üzrə aparılır, hər bir sənədə nömrə verilir. Təsis sənədlərinə dəyişikliklər, qurumun fəaliyyətinə (ali və icra orqanlarının qərarları, protokolları və s.), qrant müqavilələrinə (layihələr, layihə üzrə təsdiqedici maliyyə və mühasibatlıq sənədləri ilə birlikdə) dair sənədlər ayrı-ayrı qovluqlarda saxlanılır.
Qaydalara görə, QHT-lərin fəaliyyətinin öyrənilməsi 30 gün ərzində həyata keçirilir. Ədliyyə orqanının rəhbərinin yazılı razılığı əsasında QHT-nin fəaliyyətinin öyrənilməsi müddəti 30 gün artırıla bilər.
QHT-lərin fəaliyyətinin öyrənilməsi plan üzrə və ya plandankənar keçirilir. Fəaliyyətin plandankənar öyrənilməsi aşağıdakı hallarda həyata keçirilir:
- dövlət qurumlarından məlumatlar daxil olduqda;
- kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, fiziki və hüquqi şəxslərin, habelə QHT-nin iştirakçılarının müraciətləri daxil olduqda;
- bilavasitə ədliyyə orqanı pozuntular aşkar etdikdə.
QHT-nin fəaliyyətinin öyrənilməsi plan üzrə aparıldıqda azı 7 gün, plandankənar aparıldıqda isə azı 1 gün əvvəl bu barədə həmin QHT-yə yazılı məlumat verilməlidir.
Samir Əliyev: “Bu addım kreditləri bahalaşdıracaq”
15.02.2016
İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın 15 fevral qərarını şərh edib.
Mərkəzi Bankın İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək qərarı verib. Qərarın milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq məqsədi ilə qəbul edildiyi bildirilir.
Transparency.az-ın məlumatına görə, Samir Əliyev yazır ki, Mərkəzi Bank milli valyutanın devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün uçot dərəcəsini qaldırıb: “Mərkəzi Bankın uçot dərəcəsini 3%-dən 5%-ə qaldırması gözlənilən idi. Əslində qərar bir qədər gecikib. Çünki Mərkəzi Bankın siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparılıb.
Qurumun bu addımı inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaq məqsədi güdür. Ehtimal etmək olar ki, Mərkəzi Bank bankları təmin etmək üçün yaxın dövrlərdə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdıracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvəni artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”.
Neftin qiyməti artır, İran isə bazara daxil oldu
15.02.2016
Dünya birjalarında neftin qiyməti artır. Nyu-York NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,31 dollar bahalaşaraq 29,42 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,87 dollar artaraq 33,50 dollar olub.
AZƏRTAC-ın 15 fevral məlumatına görə, İran sanksiyalar ləğv olunduqdan sonra ilk dəfə Avropaya xam neft ixrac etməyə başlayıb. İran neftini Avropaya idxal edəcək ilk şirkət İsveçrənin “Glencore” şirkəti olub. Şirkət İran neftinin idxalı üçün yükləmə əməliyyatlarına başlayıb. “Glencore”nin icarəyə götürdüyü tankerə Bəsrə körfəzindəki limanda 80 min ton xam neft yüklənib.
İran Avropaya gündəlik 300 min barrel neft satmağı planlaşdırır. Birinci vitse-prezident İshaq Cahangiri ölkəsinin bu ilin martında gündəlik 1,5 milyon barrel neft ixrac edəcəyini deyib: “Hazırda İran gündəlik 1,3 milyon barrel neft ixrac edir. Lakin martda bu rəqəm 1,5 milyon barrel olacaq. Martdan sonra isə İran gündəlik karbohidrogen ixracını 2 milyon barrelə çatdıracaq”.
Dostları ilə paylaş: |