11.02.2016
Fevralın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib. “Azadlıq” radiosu xəbər verir ki, hər iki qərar gənc fəalların şikayətləri əsasında çıxarılıb.
Qərarlardan biri İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadənin şikayətləri əsasında qəbul olunub. Şikayətçilər 2011-ci il martın 31-i və aprelin 2-si Bakıda etiraz aksiyalarında iştiraka görə saxlanıblar və inzibati həbs cəzası alıblar. Həbsdən və qaba rəftara məruz qalmalarından şikayətlər etsələr də, Azərbaycan məhkəmələrində onların şikayətləri təmin edilməyib. Bundan sonra şikayətçilər Avropa Məhkəməsinə üz tutublar. Onlar Avropa Məhkəməsinə şikayətlərində birləşmək, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüquqlarının pozulmasının tanınmasını, dəymiş zərərə görə kompensasiya ödənilməsini istəyiblər. Avropa Məhkəməsi şikayətçilərin hüquqlarının pozulduğunu tanıyıb. Qərara əsasən, Azərbaycan dövləti ərizəçilərin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə ümumilikdə 6 min avro ödəməlidir.
Digər qərar Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyevin şikayətlərinə əsaslanır. Onlar 2011-ci ilin mayında Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi adından Bakıda etiraz aksiyası keçirmək istəyiblər. Polis onların aksiyasını dağıdıb və məhkəmə gənclərə inzibati həbs cəzaları verib. Azərbaycan məhkəmələri onların şikayətlərini təmin etməyib. Bu işdə ərizəçilər Avropa Məhkəməsindən birləşmək, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozulduğunun tanınmasını, dəymiş zərərə görə təzminat ödənilməsini istəyiblər.
İfadə azadlığı hüququnun pozulmasını çıxmaq şərti ilə Avropa Məhkəməsi gənclərin istəyini təmin edib. Məhkəmə qərarına görə, Azərbaycan dövləti şikayətçilərin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə ümumilikdə 5 min 600 avro ödəməlidir.
Avropa Məhkəməsi hər iki qərarında şikayətçilər barəsində Azərbaycan məhkəmələrinin çıxardığı qərarların ləğv olunaraq yenidən araşdırılması tələbini qoyub.
Azərbaycan hökuməti şikayət verməzsə, Avropa Məhkəməsinin bu qərarları 3 ay sonra qüvvəyə minəcək.
11.02.2016
Fevralın 10-da müdafiə sənayesi naziri Yavər Camalov Şirvan şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb. Nazirliyin yaydığı xəbərə görə, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, sahibkarların və ziyalıların iştirakı ilə keçirilən görüşdə əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, regionların potensial imkanlarının hərəkətə gətirilməsi məsələləri müzakirə olunub.
Görüşdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov deyib ki, nazirliyin qarşısında qoyulmuş əsas məqsəd müəssisələrdə bərpa və yenidənqurma işlərinin aparılması, müasir növ silah, döyüş sursatlarının istehsalının mənimsənilməsi və onların seriyalı istehsalını təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması olub. O, nazirliyin müəssisələrində 50-dən çox yeni istehsal sahəsinin yaradıldığını, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayının 1070-i ötdüyünü vurğulayıb.
Yavər Camalov Şirvan şəhərində yerləşən “Telemexanika” və “Araz” zavodlarında müxtəlif növ müdafiə təyinatlı məmulatlar istehsal olunduğunu deyib: “Bu günədək həmin müəssisələrdə 15 yeni istehsal sahəsi yaradılıb və yaxın illərdə onların sayı artacaq. Yaradılmış istehsal sahələri hesabına bu gün “Telemexanika” zavodunda işləyənlərin orta siyahı sayı 517 nəfər, “Araz” zavodunda isə 193 nəfərdir. Zavodlarda orta aylıq əməkhaqqı 520 manatdır”.
Nazir qeyd edib ki, Şirvan şəhərinin rəhbərliyi və şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, eyni zamanda fəallar şəhərin sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması, biznes mühitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsı istiqamətlərində tədbirlər görməlidir.
Görüş zamanı Yavər Camalov vətəndaşların müraciətlərini dinləyib, onlardan 30 nəfərin Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən müəssisələrində, 20 nəfərin isə digər müəssisələrdə işlə təmin edilmələrinə dair göstərişlər verib.
Korrupsiya reytinqi: şəxslər, qurumlar, ərazilər
11.02.2016
“Transparency İnternational” təşkilatı şəxslər, qurumlar və ərazilər üzrə internet səsverməsi təşkil edərək korrupsiya reytinqi hazırlayıb. Reytinq cədvəlinə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç başçılıq edir. Onun şəbəkədə 13 210 səs topladığı bildirilir.
Səsvermədə iştirak edənlər Braziliyanın “Petrobras” neft-qaz şirkətini ən iri korrupsiya qurumlarından sayıblar. Anonim şirkətlərin qeydiyyatına icazə verildiyi ABŞ ştatı Delaver də reytinq cədvəlinin yüksək pillələrində yer alıb.
Transparency.az xəbər verir ki, reytinq cədvəlinin üst sıralarında Tunisin sabiq prezidenti Zeynalabdin Bin Əli, Panamanın sabiq prezidenti Rikardo Martinelli, Dominikan Respublikasından senator Feliks Bautistanın adları var.
Beynəlxalq Futbol Təşkilatı FİFA-nın və Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun adını daşıyan fondun ən çox korrupsiyaya uğramış qurumlardan olduğu qeyd edilir.
“Transparency İnternational” reytinqə adı düşənlərə qarşı ictimai sanksiyaların tətbiqi barədə müzakirələr aparır.
Prezidentin geri qaytardığı layihə müzakirə olunacaq
11.02.2016
Prezident İlham Əliyevin Milli Məclisə qaytardığı “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər layihəsinin Milli Məclisin plenar iclasında yenidən müzakirəyə çıxarılması gözlənir. Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Məlumata görə, sənəd fevralın 9-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qapalı iclasında müzakirə edilib.
“Valyuta tənzimi haqqında” qanuna dəyişikliklərə Milli Məclis yanvarın 19-da səs verib. Layihə prezident İlham Əliyevin təşəbbüsü olub. Transparency.az bildirir ki, əsas dəyişikliyə əsasən, qanunun icbari yığımı nəzərdə tutan maddəsi yeni redaksiyada verilib:
1. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər (dövlətin tam mülkiyyətində olan, habelə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olan müəssisə və təşkilatlar istisna olmaqla) aşağıdakı miqdarda icbari yığımı tam məbləğdə dövlət büdcəsinə ödəməklə Azərbaycan Respublikasından kənara xarici valyutanı köçürə bilərlər:
1.1. rezident və qeyri-rezident fiziki və hüquqi şəxsin (banklar və sığorta təşkilatları istisna olmaqla) birbaşa investisiya (gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə) əməliyyatı üzrə — əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;
1.2. rezident və qeyri-rezident fiziki və hüquqi şəxs (banklar və sığorta təşkilatları istisna olmaqla) tərəfindən qiymətli kağızların əldə edilməsi əməliyyatı üzrə — əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;
1.3. rezident və qeyri-rezident fiziki və hüquqi şəxs tərəfindən torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların əldə edilməsi əməliyyatı üzrə — əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;
1.4. rezident hüquqi şəxsin Azərbaycan Respublikasından kənarda yerləşən törəmə cəmiyyətləri, filial, nümayəndəlik və digər struktur bölmələrinə köçürmələr üzrə — təqvim ili ərzində 50 (əlli) min ABŞ dolları ekvivalentindən yuxarı məbləğin 20 (iyirmi) faizi miqdarında.
Fevralın 10-da prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti bəyan edib ki, dövlət başçısı sahibkarların və investorların çoxsaylı müraciətlərini nəzərə alaraq “Valyuta tənzimi haqqında” qanuna dəyişikliyi imzalamadan Milli Məclisə geri qaytarıb.
Dostları ilə paylaş: |