İmtahandan keçmiş müəllimlərin maaşı artırıldı
18.03.2016
Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında 16 yanvar 2015-ci il sərəncamı ilə müəyyən edilmiş aylıq vəzifə maaşları bu il aprelin 1-dən orta hesabla 10 faiz artırılır.
Nazirlər Kabineti bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi və məbləğlərini, vəzifə maaşlarına əlavələrin məbləğlərini 2016-cı il aprelin 1-dək təsdiq etməlidir.
Transparency.az bildirir ki, prezidentin 16 yanvar 2015-ci il sərəncamı ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələri müəllimlərinin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.
Təhsil Nazirliyinin bu ilin əvvəlində yaydığı rəsmi məlumata görə, ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü (98,86 faiz) imtahanda iştirak edib, onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilməyib: “Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək. Artımın məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır. Bu meyarlara uyğun olaraq əmək haqları 30-40 faiz artırılacaq”.
Dostları ilə paylaş: |