Dövlət başçısı xüsusi iqtisadi zonanın yaradılmasına sərəncam verdi
17.03.2016
Martın 17-də prezident İlham Əliyev Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birlikdə altı ay müddətində sözügedən xüsusi iqtisadi zonanın yaradılması, həmin zonanın infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və xüsusiyyətləri haqda təkliflərini ölkə prezidentinə təqdim etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti isə zonanın ərazisinə dair təkliflərini, həmin ərazinin torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısını, zonanın ərazi sərhədlərinin dəqiq təsvirini və ərazinin planını, torpaqların tərkibi haqqında məlumatları, iqtisadi, sosial və ekoloji şəraitin təhlilinə, maddi və əmək resurslarına, kommunikasiyalar və digər infrastrukturla təminat imkanlarına dair məlumatları dövlət başçısına çatdırmalıdır.
Dostları ilə paylaş: |