İqtisadçı ekspert: “Gecikirik, Rusiyanı əldən çıxarırıq”
18.03.2016
İqtisadçı ekspert Qalib Toğrul hökuməti turizm sektorunun inkişafı üçün viza islahatlarını sürətləndirməyə səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert vurğulayıb ki, iqtisadiyyatın prioritet sahələrindən biri də turizm və əyləncədir: “Azərbaycanda turizm sektorunun inkişafının başlıca şərti viza rejimini sadələşdirmək və viza sənədləşdirmə xərclərini azaltmaqdır. Məsələn, Yunanıstan artıq Rusiya vətəndaşlarına bir, uzağı iki günə viza verilməsi barədə qərar qəbul edib. Yunanıstanla Rusiya arasında viza sənədləşdirmə xərclərinin aşağı salınması üçün də iş aparılır. Hazırda məbləğ 35 avrodur.
Bizim turizm sektorunun əsas müştəriləri elə rusiyalılardır. Dil baryeri, demək olar ki, yoxdur, mədəniyyətlər yaxındır, nəqliyyat xərcləri aşağıdır. Ancaq biz gecikirik, Rusiyanı əldən çıxarırıq. Qonşuluqda Gürcüstan kimi nümunə və rəqib var. Biz onlardan həm öyrənməli, həm də rəqabətə davamlı turizm sektoru formalaşdırmalıyıq”.
Dostları ilə paylaş: |