Xədicə İsmayılın cəzası yüngülləşə bilər
28.03.2016
Bakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayıl haqqında qərarından kassasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Jurnalistin vəkili Fariz Namazlı Transparency.az-a deyib ki, Ali Məhkəmənin Xədicə İsmayılın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər: “Prosesin vaxtı hələ təyin olunmayıb. Kassasiya baxışı nəticəsində Xədicə İsmayıl haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur”.
Xədicə İsmayıl 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, 2014-cü il dekabrın 5-dən həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.
2015-ci il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın jurnalist haqqında hökmünü qüvvədə saxlayıb.
1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.
Transparency.az xatırladır ki, martın 28-də Ali Məhkəmənin Plenumu baş prokuror Zakir Qaralovun məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin işindən kassasiya protestinə baxıb. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulmuşdu. Plenum İntiqam Əliyevə verilmiş 7 il 6 ay həbs cəzasının şərti hesab olunaraq onun azadlığa buraxılmasına qərar verib. Məhbus Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Dostları ilə paylaş: |