8 ildə 1434 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
28.03.2016
Dövlət Miqrasiya Xidmətinin rəsmi məlumatına görə, qurumun yaradıldığı 2008-ci ildən bəri 1434 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Bu müddət ərzində 36 min 467 şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınıb və onlara şəxsiyyəti təsdiq edən sənədlər verilib.
Məlumatda qeyd olunur ki, martın 18-də vətəndaşlığa qəbul edilmiş daha 147 və bərpa edilmiş 5 şəxs and içiblər.
Transparency.az bildirir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna görə, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda, şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbulu mümkündür. Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olan şəxs şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Qanun əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin müəyyən məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpasını da nəzərdə tutur.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə and içir.
Dostları ilə paylaş: |