Məhkəmə hökmü haqqında
AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik, hüquqi dövlət qurmağa doğru gedən ölkəmizdə xüsusi əhəmiyyət kəsb edir.
Dövlət adından çıxarılan hökm həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Mühüm prosessual sənəd olan hökm cinayət və cinayət-prosessual qanunun tələblərinə uyğun surətdə tərtib edilməklə yanaşı, məhkəmə mədəniyyəti nümunəsi olmalıdır. Bu isə özünü nəinki hökmün məzmununda, həmçinin onun formasında, rəsmi-işgüzar yazı stilində öz əksini tapmalıdır. Hökm səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. İşin hallarına aid olmayan məlumatların hökmə daxil edilməsi yolverilməzdir.
Məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə hərtərəfli tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.
Lakin məhkəmə təcrübəsi göstərir ki, bəzən hökm çıxarılarkən qanunun əhəmiyyətli dərəcədə pozulması hallarına yol verilir və bu da öz növbəsində hökmlərin ləğvinə, süründürməçiliyə gətirib çıxarır. Məhkəmə iclaslarının səthi aparılması, məhkəmə baxışı zamanı əldə edilmiş sübutların düzgün təhlilinin verilməməsi, nəticələrin lazımi qaydada əsaslandırılmaması halları aradan qaldırılmamışdır. İttihamnamənin məzmununun mexaniki surətdə hökmə köçürülməsi hallarına da təsadüf edilir.
Sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir.
İttihamı təsdiq edən mötəbər sübutlar olmadıqda və məhkəmə iclasında yeni sübutların əldə edilməsinin qeyri-mümkünlüyü hallarında məhkəmələr bəraət hökmü çıxarmaq əvəzinə işləri əlavə ibtidai istintaq aparılması üçün göndərirlər ki, bu da süründürməçiliyə, vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin pozulmasına gətirib çıxarır. Bəzən isə, iş materialları kifayət qədər ətraflı tədqiq edilmədən, ifadələri ittihamın əsasını təşkil edən zərərçəkmiş və şahidlər məhkəmədə dindirilmədən və ya onların ifadələrini dəyişmələrinin səbəbləri araşdırılmadan bəraət hökmləri çıxarılır.
Hökmlərin cinayət-prosessual qanunun tələblərinə cavab verməyən şəkildə tərtib edilməsi, səliqəsiz və başdansovdu yazılması halları hələ də mövcuddur. Bir çox hallarda məhkəmənin istinad etdiyi sübutlar biri digəri ilə məntiqi surətdə əlaqələndirilmir.
Bu sahədə məhkəmə fəaliyyətini daha da təkmilləşdirmək və mövcud nöqsanları aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALIR:
1. Məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir.
2. İzah edilsin ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü mad. müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 304-cü mad. uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə tədqiq edilmiş olsun.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı mad. əsasən, müttəhimin yaxın qohumları onun əleyhinə ifadə verməyə məcbur edilə bilməz. Ona görə də həmin şəxslər məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə onların təhqiqat və ibtidai istintaq dövründə şahid qismində verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, təhqiqat və ibtidai istintaq dövründə dindirilərkən Konstitusiyanın həmin maddəsinin mahiyyəti onlara izah edilmiş olsun.
3. Hökmdə işin məhkəmə tərəfindən müəyyən edilən halları, o cümlədən edilmiş əməlin motiv və məqsədi, habelə məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə müttəhim barəsində və ya müttəhimin bir neçə cinayət etməkdə ittiham olunduğu işlər üzrə işə baxılarkən məhkəmə sübutların cəmini işin bütün materialları ilə birlikdə qiymətləndirərək hər bir ittiham üzrə və hər bir müttəhim barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır.
Hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin familiyaları göstərilməklə yanaşı, bu ifadələrin qısa mahiyyəti də açıqlanmalıdır. Bu fikir eynilə ekspert rəylərinə, məhkəmənin fikrincə, işin faktiki hallarını təsdiq edən digər sənədlərə də aiddir.
Konstitusiyanın 63-cü mad. əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə həmin sübutun qanun pozuntuluğuna yol verilməklə əldə edilməsi nəticəsinə gəlib, onu iş üzrə toplanmış sübutların cəmindən xaric edərkən bu qanun pozuntuluğunun nədən ibarət olmasını əsaslandırmalıdır.
4. Məhkəmələr nəzərə almalıdır ki, CPM-nin 327-ci mad. əsasən, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır.
Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur.
Müttəhimin öz təqsirini etiraf etməsi yalnız o vaxt ittiham hökmü üçün əsas ola bilər ki, bu cür etiraf iş üzrə toplanmış başqa sübutların cəmi ilə təsdiq olunsun.
Müttəhim təhqiqat və ibtidai istintaq dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdiklə məhkəmə bunun səbəbini araşdırmalıdır. Həmin ifadələrin fiziki və ya psixi təsir göstərmə və bu kimi qanuna zidd hərəkətlər yolu ilə alınması müəyyənləşdirilərsə, onlar ittiham hökmü çıxarılarkən sübut kimi qəbul edilə bilməz. Məhkəmə belə hallara xüsusi qərardad çıxarmaq, cinayət işi başlamaq və bu kimi hərəkətlərlə öz münasibətini bildirməlidir.
5. Məhkəmələrin diqqəti hökmün giriş, təsviri və nəticəvi hissədən ibarət olması barədə qanunun tələbinə əməl edilməsi zəruriliyinə cəlb edilsin.
CPM-nin 333-cü mad. 4-cü bəndinə əsasən, hökmün giriş hissəsində müttəhimin adı, atasının adı, familiyası, anadan olduğu il, ay, gün və yer, yaşayış yeri, məşğuliyyəti, təhsili, ailə vəziyyəti və müttəhimin şəxsiyyəti haqqında iş üçün əhəmiyyəti olan sair məlumatlar göstərilməlidir. Sair məlumatlar dedikdə, elə məlumatlar nəzərdə tutulur ki, məhkəmə tərəfindən cəza təyin edilərkən, koloniya növü müəyyənləşdirilərkən, məhkum xüsusi təhlükəli residivist hesab edilərkən onların əhəmiyyəti olsun. Belə məlumatlar sırasına məhkumun əlilliyi, əvvəlki məhkumluğu, dövlət mükafatları, fəxri və hərbi rütbələrə malik olması kimi məlumatlar aiddir. Şəxs əvvəllər məhkum olmuşsa, hökmün giriş hissəsində onun nə vaxt, hansı maddə ilə məhkum olunması, təyin olunan cəza, həbs yerlərində olması və oradan azad olunması vaxtı, habelə əvvəlki hökmlə təyin olunan cəzanın çəkilməmiş hissəsi əks etdirilməlidir.
Məhkumluq götürülmüş və ya ödənmişsə, məhkəmə hökmün giriş hissəsində bu məlumatları göstərməyə haqlı deyildir. Belə məlumatın olması koloniya növü müəyyən edilməsi üçün zəruridirsə, onda hökmün təsviri hissəsində göstərilməlidir ki, şəxs əvvəllər azadlıqdan məhrum etmə qismində cəza çəkmişdir.
6. Cinayət-Prosessual Məcəlləsinin 334-cü mad. əsasən, ittiham hökmünün təsviri hissəsində sübut edilmiş hesab edilən cinayət əməlinin törədildiyi yer, vaxt, onun törədilmə üsulu, təqsirin xarakteri, cinayətin motivi və nəticələri göstərilməlidir. Cinayət qrup şəklində törədilmişsə, cinayətin hər bir iştirakçısının konkret olaraq hansı cinayət hərəkətini etməsi hökmdə əks etdirilməlidir.
Hökmdə məhkəmənin əsaslandığı bütün sübutlar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır.
Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim təhqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir.
Müttəhimin ifadə verməkdən imtina etməsi onun təqsirli olmasının təsdiqi kimi qəbul oluna və cəzanın növü, müddəti məsələsi müzakirə edilərkən şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alına bilməz.
7. Məhkəmə araşdırmaları yalnız məhkəməyə verilən şəxs haqqında aparıldığından hökmdə başqa şəxslərin cinayət törətməkdə təqsirli olmasının göstərilməsi yol verilməzdir.
Müttəhimin ittiham olunduğu cinayət hadisəsinin digər iştirakçıları qanunda nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətindən azad edilmişlərsə və bu məlumatın müttəhimin cinayət hadisəsində rolu, iştirakı dərəcəsi, əməlinin tövsifi və işin digər mühüm hallarının müəyyən edilməsində əhəmiyyəti varsa, o zaman həmin kənar şəxslər haqqında işin icraatına xitam verilməsi mütləq göstərilməklə, onların cinayət hadisəsində roluna istinad edilə bilər.
Başqa şəxslər haqqında cinayət işi qanunda göstərilən əsaslarla ayrı icraata götürülmüşsə, hökmdə həmin şəxslərin familiyaları göstərilmədən cinayətin başqa şəxslərlə birlikdə törədildiyi qeyd edilir.
8. Məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.
Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın.
Daha ağır ittiham dedikdə, aşağıdakılar başa düşülməlidir:
a) cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutulan norması (maddəsi, hissəsi, bəndi) tətbiq olunur;
b) ittihama müttəhimə elan olunmayan əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin daha ağır cəza nəzərdə tutulan qanuna tövsif edilməsinə gətirib çıxarmasına səbəb olur, yaxud əməlin hüquqi qiymətini dəyişməsə də, həcmini genişləndirir.
Faktiki hallara görə məhkəməyə verildiyi ittihamdan fərqlənmə dedikdə, ittihamın məzmununun elə şəkildə dəyişdirilməsi nəzərdə tutulur ki, belə dəyişmə müttəhimin müdafiə hüququnun pozulmasına səbəb olur (məzmun və mahiyyətinə görə yeni ittiham verilməsi, qəsdin yönəldiyi obyektə görə yeni ittihamın əvvəlkindən fərqlənməsi, təqsirin formasının dəyişdirilməsi və s.).
9. Müttəhim cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti etməkdə ittiham olunursa və bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetmirsə, məhkəmə hökmün təsviri hissəsində müttəhimin müəyyən cinayətlərdə təqsirli hesab olunmasının, başqa cinayətlərə görə olan ittiham üzrə isə ona bəraət verilməsinin əsaslarını göstərir. Hökmün nəticəvi hissəsində isə müttəhimin müəyyən maddələr üzrə təqsirli hesab edilməsi və başqa maddələr üzrə bəraət qazanması göstərilir.
Müttəhim cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti etməkdə ittiham olunursa və bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetmirsə, məhkmə hökmün təsviri hissəsində müttəhimin müəyyən cinayətlərdə təqsirli hesab olunmasının, başqa cinayətlərə görə olan ittiham üzrə isə ona bəraət verilməsinin əsaslarını göstərir. Hökmün nəticəvi hissəsində isə müttəhimin müəyyən maddələr üzrə təqsirli hesab edilməsi və başqa maddələr üzrə bəraət qazanması göstərilir.
Müttəhim cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayəti etməkdə ittiham olunduqda (məsələn, bir neçə gizli oğurluq və ya davam edən cinayətkar fəaliyyətin bir neçə epizodu) və bunlardan bəziləri üzrə ittiham təsdiq edilmədikdə, əgər bu, cinayətin tövsifinin dəyişməsinə səbəb olmursa, məhkəməyə kifayət edir ki, hökmün təsviri hissəsində lazımi motivləri qeyd etməklə, bu hissə üzrə ittihamın əsassız hesab olunması barədə nəticəni göstərsin.
Müttəhim bir cinayət etmiş və bu, səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri hissəsində əsaslandırmaqla müttəhimin səhvən təqsirli hesab olunduğu cinayət qanunu maddəsinin çıxarılmasını göstərməlidir.
10. Məhkəmə hökmdə təqsirkarın cinayət etməsi nəticəsinə gələrkən, əməlin tövsifini qanunla müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, xüsusi norma tətbiq olunur. İki belə normanın rəqabəti zamanı, əgər bu normalardan biri məsuliyyəti ağırlaşdıran, digəri isə yüngülləşdirən halları nəzərdə tutursa, bu zaman məsuliyyəti yüngülləşdirici halı nəzərdə tutan normaya üstünlük verilməlidir (məsələn, iki və ya bir neçə şəxsin fizioloji affekt vəziyyətində zərərçəkən şəxs tərəfindən edilən zorakılıq və ya ağır təhqir nəticəsində öldürmək CM-nin 97-ci maddəsi ilə tövsif edilməlidir).
11. Məhkəmə müttəhimə elan olunmuş ittihamın cinayət qanununun yalnız zərərçəkmişin şikayəti üzrə qaldırıla bilən cinayətlərə görə məsuliyyəti nəzərdə tutan maddələrinə (CM-nin 106, 108-ci mad. 1-ci his. 121-ci mad. 1 və 2-ci hissələri, 122-ci maddələri) dəyişdirilməli olması nəticəsinə gələrsə və işdə zərərçəkmişin şikayəti varsa və ya məhkəmə iclasında o, müttəhimin cinayət məsuliyyətinə cəlb olunması barədə bəyanat vermişsə, habelə CPM-nin 105-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda, müttəhimin hərəkətlərini cinayət qanununun yuxarıda göstərilən maddələrinə tövsif edib ittiham hökmü çıxara bilər.
İşdə zərərçəkmişin ərizəsi olmadıqda, məhkəmə iclasında müttəhimi cinayət məsuliyyətinə cəlb edilməsi barədə onun fikri soruşulur. Zərərçəkmiş müttəhimin cinayət məsuliyyətinə cəlb edilməsini istəmədikdə, yaxud işdə onun cinayət məsuliyyətinə cəlb olunması barədə ərizəsi olsa da, o müttəhimlə barışdığını bildirdikdə, məhkəmə işin icraatına xitam verilməsi barədə qərar qəbul edir. Bu zaman ittihamı müdafiə edən prokurorun işdə iştirak etməsi işin icraatına xitam verilməsinə mane olmur (CPM-nin 105-ci mad. 2-ci his. ilə nəzərdə tutulan hallar istisna olunmaqla).
Müttəhimə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham verildikdə və məhkəmə araşdırmaları zamanı məhkəmə onlardan bəziləri üzrə icraatın xitam olunması nəticəsinə gəldikdə, bu barədə motivli qərar hökmlə birlikdə çıxarılan ayrıca qərardadda şərh edilir. Belə hallarda hökmün təsviri hissəsində göstərilməlidir ki, işin müttəhimin digər cinayətləri törətməsinə aid hissəsinin icraatına ayrıca qərardadla xitam verilmişdir.
12. CPM-nin 327-ci mad. 1-ci hissəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi müəyyən edilmədikdə; müttəhimin hərəkətlərində cinayət tərkibi olmadıqda; cinayət törətməkdə müttəhimin iştirakı sübut edilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur.
Bəraət hökmünün təsviri hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, müttəhimin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə müttəhimin təqsirsizliyini şübhə altına alan göstərişlərin daxil edilməsinə yol verilmir.
Bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya neçə maddəsi (hissə, bənd) ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri hissəsində hər bir maddə (hissə, bənd) üzrə müttəhimin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, ona cinayət qanununda göstərilən hansı əsasla bəraət verildiyini göstərməlidir.
13. Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-nin 35-ci mad. əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.
Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir.
14. CPM-nin 37-ci maddəsində sadalanan məsuliyyəti ağırlaşdırıcı halların siyahısı qətidir və məhkəmə cəza tədbirini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir.
Qanunda məsuliyyəti ağırlaşdırıcı hal hesab edilən bu və ya digər hallar (məsələn, cinayətin ağır nəticəyə səbəb olması) cinayət qanununun dispozisiyasında cinayətin əlamətlərindən biri kimi göstərilmişsə (məsələn, qəsdən adam öldürmə cinayətlərində zərərçəkmişin ölümü), hökmdə cəza tədbiri əsaslandırılarkən bu, yenidən məsuliyyəti ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz.
15. Məhkəmələr cəza tədbirlərinin təyin edilməsi motivlərini hökmdə mütləq göstərilməsi barədə CPM-nin 324-cü maddəsinin tələblərinə ciddi əməl etməlidir.
Cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrumetmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya ona ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır.
Ölüm cəzasının tətbiqi məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, qanunda göstərilən hallarda belə cəza tədbiri yalnız o vaxt tətbiq oluna bilər ki, həmin cəzanın təyini məsuliyyəti ağırlaşdıran xüsusi hallarla və cinayəti etmiş şəxsin cəmiyyət üçün son dərəcə təhlükəli olması ilə şərtləşmiş olsun. Bütün hallarda ölüm cəzasının təyini üçün əsas verən hallar hökmdə göstərilməlidir.
16. Məhkəmə müttəhimin xüsusi təhlükəli residivist hesab edilməsi nəticəsinə gəldikdə, bunu hökmdə əsaslandırmalıdır. Bu zaman müttəhimin götürülməyən və ödənilməyən məhkumluqları ilə yanaşı, onun şəxsiyyətinə, edilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsinə, cinayət hadisəsində roluna, habelə işin başqa hallarına aid hansı mülahizələrin müttəhimin xüsusi təhlükəli residivist kimi tanınması üçün əsas verməsi, hökmdə öz əksini tapmalıdır.
Müttəhimin xüsusi təhlükəli residivist kimi tanınması o vaxt ola bilər ki, ona bu sahədə müdafiə hüququnu həyata keçirməyə imkan verilməklə (bu məsələ üzrə ifadə vermə imkanı, keçmiş məhkumluqlar barədə müvafiq sənədlər tələb olunması və digər məsələlərin həlli), belə tanıma üçün əsaslar məhkəmədə tədqiq edilmiş olsun.
CM-nin 24-1-ci maddəsində göstərilən hallar mövcud olmasına baxmayaraq, müttəhim xüsusi təhlükəli residivist hesab edilmirsə bu, hökmdə əsaslandırılmalıdır.
17. Qanuna görə bütün hallarda cəza hökmdə elə şəkildə göstərilməlidir ki, icra zamanı məhkəmənin təyin etdiyi cəzanın növü və miqdarında heç bir anlaşılmazlıq meydana çıxmasın. Məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 335-ci mad. əsasən ittiham hökmünün nəticəvi hissəsində sübut olunmuş hesab edilən cinayət üzrə məhkuma təyin olunan nəinki əsas, habelə əlavə cəzanın növü və miqdarı, cinayətlərin, müvafiq hallarda isə hökmlərin məcmuu üzrə məhkumun çəkməli olduğu əsas və əlavə cəza göstərilməlidir.
Cinayətlərin və ya hökmlərin məcmuu üzrə azadlıqdan məhrumetmə cəzasının çəkilməsi qaydası (həbsxanada və ya müəyyən rejimli koloniyada) yalnız qəti cəza tədbiri təyin edildikdən sonra göstərilir.
Müttəhimə müəyyən cinayət üçün qanunun sanksiyasının aşağı həddindən də az cəza təyin edərkən hökmün nəticəvi hissəsində bu cəzanın CM-nin 40-cı maddəsi tətbiq olunmaqla müvafiq maddə (maddənin hissəsi, bəndi) ilə təyin edildiyi göstərilir.
Cəzanın CM-nin 41 və 42-1-ci mad. tətbiq edilməklə təyin edilməsi yalnız qəti cəza təyin etdikdən sonra göstərilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, CM-nin 41-ci maddəsi yalnız əsas cəzaya (azadlıqdan məhrumetmə, islah işi), CM-nin 42-1-ci maddəsi isə həm əsas, həm də əlavə cəzaya şamil edilə bilər.
Azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda hökmün nəticəvi hissəsində onların qohumların, yaxud digər şəxslərin və ya idarələrin himayəsinə verildikləri də göstərilməlidir.
18. Müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat, ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, Daxili İşlər Nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında quapvaxtda saxlandığı müddət də daxildir.
19. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi (onun hissəsi, bəndi) üzrə müttəhimə qanunda nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir.
Bir neçə cinayət etməkdə ittiham olunan (məsələn, bir neçə gizli oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və əməli cinayət qanununun bir maddəsi (hissəsi, bəndi) ilə tövsif olunan müttəhimə bəraət verilməsinin əsasları müxtəlif olduqda hökmün nəticəvi hissəsində müttəhimə hansı cinayətə görə, qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir.
Bəraət hökmünün nəticəvi hissəsində həmçinin müttəhim haqqında seçilmiş qəti-imkan tədbirinin, əmlak müsadirəsini təmin edən tədbirlərin ləğv edilməsi, habelə qanunda müəyyən edilən digər qərarlar öz əksini tapmalıdır.
Bəraət alan şəxsə onun qanunsuz cinayət məsuliyyətinə alınması nəticəsində dəyən əmlak zərərini iddia etmək hüququ izah olunmaqla, bu barədə məhkəmə iclas protokolunda müvafiq qeydiyyat aparılmalıdır.
20. Məhkəmə baxışı zamanı CM-nin 10-cu mad. 1-ci hissəsinin 3 və 4-cü bəndlərinə əsasən müttəhimin cəzadan azad edilməsi zərurəti barədə nəticəyə gəlindikdə (müddət keçdikdə, yaxud edilmiş cinayətə görə cəzanın tətbiqini aradan qaldıran amnistiya aktı olduqda) məhkəmə müttəhimin barəsində ittiham hökmü çıxarmaqla onun təsviri hissəsində qəbul etdiyi qərarı əsaslandırmalıdır. Hökmün nəticəvi hissəsində məhkəmə müttəhimi cinayət etməkdə təqsirli bilib cinayət qanununun müvafiq maddəsi ilə cəza təyin edərək onun CPM-nin müvafiq maddəsinə (hissə, bəndə) uyğun cəzadan azad edildiyini göstərir. Bu qayda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istisna edən amnistiya aktı olması, müddətin keçməsinə baxmayaraq onun cinayət məsuliyyətinə alınması hallarına aid deyildir. Belə işlər üzrə icraat müttəhimin etiraz etmədiyi bütün hallarda CPM-nin 10-cu mad. əsasən məhkəmə icraatının hər hansı mərhələsində xitama verilməlidir. Məhkəmə iclasında təqsirkarın Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddələrinin (məsələn, CM-nin 171, 220-ci maddələrinin) qeydində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad edilməli olması aşkara çıxdıqda, iş cinayət qanununun bu və ya digər maddəsinin qeydinə əsasən xitama verilməlidir.
21. Məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330-cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir.
CPM-nin 326-cı mad. əsasən məhkəmə ittiham hökmü çıxararkən verilmiş mülki iddianı həll etməlidir. Məhkəmə baxışını təxirə salmadan lazımi hesablamalar aparmaq mümkün olmadıqda, əgər bu cinayət əməlinin tövsifinə, müttəhimə cəza tədbirinin seçilməsinə və hökmün çıxarılması zamanı meydana çıxan digər məsələlərin həllinə təsir göstərməzsə, məhkəmə mülki iddianın miqdarı haqqındakı məsələni mülki mühakimə icraatı qaydasında baxılmağa verə bilər.
Məhkəmə iclasında cinayətin tövsifinə təsir edən ziyanın məbləğini müəyyənləşdirmək mümkün olmadıqda isə iş əlavə ibtidai istintaq aparılmasından ötrü göndərilməlidir.
Cinayət hadisəsinin müəyyən edilməməsi, cinayət törətməkdə müttəhimin iştirakının sübut edilməməsi əsasları ilə bəraət hökmü çıxarılarkən mülki iddia rədd olunmalıdır. Müttəhimin hərəkətində cinayət tərkibi olmaması əsası ilə bəraət hökmü çıxarıldıqda isə mülki iddia mülki-mühakimə üsulu qaydasında baxılmağa verilməlidir.
Mülki iddiaçı, ya onun nümayəndəsi məhkəməyə gəlmədiyi və bu zaman iddiaya onun iştirak olmadan baxılması barədə vəsatət vermədiyi hallarda da mülki iddia baxılmamış saxlana bilər (CPM-nin 269-cu mad. uyğun olaraq iddianı prokurorun müdafiə etməsi və ya məhkəmənin mülki iddiaya baxmağı zəruri etməsi halları istisna edilir).
22. CPM-nin 333-cü mad. əsasən məhkəmənin hökmü aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Bununla əlaqədar olaraq hökmdə qeyri-dəqiq ifadələrin, rəsmi sənədlərdə qəbul olunmayan sözlərin işlədilməsinə, baxılan iş üzrə əhəmiyyəti olmayan halların sadalanması ilə hökmün ağırlaşdırılmasına yol verilməməlidir. Hökmdə texniki və digər xüsusi terminlər, habelə yerli ləhcəyə mənsub ifadələr işləndikdə bunların izahı da verilməlidir.
Bütün hallarda hökm əhali qarşısında elan edildiyinə görə onun tərtibi zamanı narkotik vasitələrin, partlayıcı maddələrin və s. hazırlanması, habelə vətəndaşların cinsi toxunulmazlığı ilə əlaqədar işlər üzrə cinayətin törədilməsi üsullarını ətraflı surətdə şərh edən ifadələr işlətməkdən çəkinmək lazımdır.
Hakimlərin diqqəti CPM-nin 332-ci maddəsinin belə bir tələbinə cəlb edilsin ki, hər bir halda hökmdə düzəlişlər haqqında qeyd-şərt verilməli və qeyd-şərtlər hökm elan edilənədək müşavirə otağında bütün hakimlər tərəfindən imzalanmalıdır. Əhəmiyyətli hallar üzrə (məsələn, cinayətin tövsifi, cəzanın növü, təmin olunan iddianın məbləği) qeyd-şərt verildikdə və hakimlər tərəfindən imzalanmadıqda bu, yuxarı instansiya məhkəməsi tərəfindən hökmün ləğv edilməsi üçün əsasdır.
23. Hökmün çıxarılması tarixi onun məhkəmə tərkibi tərəfindən imzalandığı gün hesab olunur.
Hökm elan edilərkən məhkəmə prosesinin bütün iştirakçılarının, xüsusilə prokurorun və müdafiəçinin iştirakı zəruridir.
CPM-nin 340-cı mad. mənasına görə, hökm tam həcmdə tərtib olunmalı və bütünlüklə elan edilməlidir. Hökmün yarımçıq tərtib edilməsi, bu səbəbdən də onun giriş və nəticəvi hissəsinin elan edilməsi cinayət-prosessual qanununun əhəmiyyətli dərəcədə pozulması hesab olunur və onun ləğv edilməsi üçün əsasdır.
24. Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Respublika məhkəmələri tərəfindən bəraət hökmü çıxarılarkən cinayət-prosessual qanunvericiliyi tələblərinin yerinə yetirilməsi haqqında» 1990-cı il 11 yanvar tarixli 1 №-li qərarı və keçmiş SSRİ Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 1969-cu il 30 iyun tarixli 4 №-li qərarı qüvvəsini itirmiş hesab edilsin və Azərbaycan Respublikası ərazisində tətbiq olunmasın.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
X. İ. HACIYEV.
Plenumun Katibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü
V. İ. NƏZƏROV.
Bakı şəhəri, 27 dekabr 1996-cı il
№ 4
Dostları ilə paylaş: |