Xəbər bülleteni №28



Yüklə 3,36 Mb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü3,36 Mb.
#2348
1   2   3   4   5   6   7   8
Beşinci sənədə gəlincə, 2012-ci il yanvarın 23-ü Soçidə birgə bəyanat qəbul edilib.

Prezidentlərin bəyanatında deyilir: “Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri Rusiya Federasiyasının prezidentinin dəvəti ilə 2012-ci il yanvarın 23-də Soçidə görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini müzakirə etmişlər.

Üç ölkənin dövlət başçıları 2008-ci il noyabrın 2-də onların görüşündə Moskva Bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə iş görüldüyünü qeyd etmişlər. Prezidentlər bəyan etmişlər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri Sülh Sazişinin hazırlanmasına keçməyin vacibliyini nəzərə alaraq indiyə qədər görülmüş iş hesaba alınmaqla Əsas Prinsiplər barədə razılaşma əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildirmişlər.

Hər iki prezident Rusiya Federasiyasının və ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələrin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirmiş və ümid etdiklərini bildirmişlər ki, Rusiya, ABŞ və Fransa həmsədrlər olaraq münaqişənin tənzimlənməsində bundan sonra da, regionda tam sülh və sabitlik bərqərar olana qədər fəal rol oynayacaqlar.

Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri 2011-ci il martın 5-də Soçidə qəbul edilmiş Birgə Bəyanatın müddəalarını inkişaf etdirərək həmsədrlərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birlikdə işləyib hazırladıqları, atəşkəs xətti boyunca təhqiqatlar aparılması mexanizmi haqqında məruzəni nəzərə almış və bu işi davam etdirməyi tapşırmışlar.

Prezidentlər təsdiqləmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından etimadın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bununla əlaqədar Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri ziyalıların, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan etmişlər”.

Mərkəzi Bank dolları bahalaşdırdı

08.04.2016


Mərkəzi Bank ABŞ dollarının rəsmi məzənnəsini 1,5193 manatdan 1,5231 manata yüksəldib.

Transparency.az xəbər verir ki, aprelin 8-də avro ucuzlaşıb. 1 avronun rəsmi kursu 1,7328 manatdan 1,7309 manata düşüb.

Rublun da kursu aşağı doğru dəyişib. 1 Rusiya rublu 0,0224 manata təklif edilir. Aprelin 7-də rəsmi məzənnə 0,0225 manat olub.

Aprelin 8-də həmçinin türk lirəsinin rəsmi məzənnəsi enib. 1 türk lirəsi 0,5335 manata satılır. Ötən gün kurs 0,5354 manat idi.

Ermənistan prezidenti Rusiya baş nazirinə gileylənib

08.04.2016




Yerevana səfər edən Rusiya baş naziri Dmitri Medvedyev aprelin 7-də Ermənistan prezidenti Serj Sərkisyanla bir araya gəlib.

Transparency.az xəbər verir ki, Serj Sərkisyan görüşdə Dmitri Medvedyevə iki gileyini çatdırıb. Öncə o, Avrasiya İqtisadi İttifaqı ölkələri hökumət başçılarının Yerevan toplantısının təxirə salınmasından narazı qaldığını deyib.

Sammit Avrasiya İqtisadi İttifaqına daxil olan Qazaxıstanın təşəbbüsü ilə təxirə düşüb və aprelin 8-i Yerevanda deyil, aprelin 13-ü Moskvada keçiriləcək. Qazaxıstan Yerevanda sammitin keçirilməsini Dağlıq Qarabağ münaqişəsinin alovlanması fonunda Ermənistana dəstək kimi yozulacağını əsas gətirib.

Dmitri Medvedyevlə bu mövzuda danışan Serj Sərkisyan Yerevan toplantısının təxirə salınmasına heç bir əsas olmadığını vurğulayıb: “Mən təəssüf edirəm ki, Avrasiya İqtisadi İttifaqındakı bəzi tərəfdaşlarımız əvvəlcədən planlaşdırılmış tədbirdə iştirakdan imtina etdilər. Onların bu addımla Azərbaycana nə qədər kömək etdiklərini deyə bilmərəm, amma təşkilatımızın nüfuzunu sarsıtdıqları şübhəsizdir”.

2014-cü ildə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.

Dmitri Medvedyevlə söhbətində Serj Sərkisyan eyni zamanda Dağlıq Qarabağ bölgəsində yaranmış son gərginlik zamanı Azərbaycanın Rusiya istehsalı olan müasir silahlar tətbiq etməsinin erməniləri üzdüyünü qeyd edib.

Dünya bazarında neftin qiyməti

08.04.2016



Aprelin 8-i dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,41 dollar bahalaşaraq 38,03 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar artaraq 40,03 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,50 dollar ucuzlaşaraq 39,53 dollara satılır.

MSK üzvlərinin seçiləcəyi gün bəlli oldu

08.04.2016

Milli Məclisin aprelin 15-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. APA-nın məlumatına görə, gündəliyə 8 məsələ daxil edilib. İclasda Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılacaq. Gündəlikdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair sazişin təsdiqi, “Sosial sığorta haqqında” qanun layihəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna, “Psixiatriya yardımı haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə dəyişikliklər durur.

Mərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərin seçilməsi də nəzərdə tutulur.

Milli Məclisin yeni tərkibinin müəyyənləşməsi Mərkəzi Seçki Komissiyasının da yenidən formalaşdırılmasını diktə edir. Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.

Transparency.az bildirir ki, 2015-ci il noyabrın 1-də keçirilmiş parlament seçkisində çoxluğu Yeni Azərbaycan Partiyası qazanıb (71 nəfər), 11 partiya azlıqda qalıb (12 nəfər). Parlamentə seçilənlərin 41-i partiyasızdır.

Milli Məclisə düşən azlıq partiyalarından Vətəndaş Həmrəyliyi Partiyası 2 mandat alıb. Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Sosial Rifah Partiyası, Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 mandat qazanıblar. Bu o deməkdir ki, MSK-nın 6 üzvünü 11 partiya müəyyənləşdirəcək.

Dövlət Neft Fondu 17 ildə 118 milyard dollardan çox vəsait əldə edib

08.04.2016




Dövlət Neft Fondunun məlumatına görə, 2001-ci ilin əvvəlindən bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsindən 118 milyard 146 milyon ABŞ dolları qazanıb.

Fond bildirir ki, bu ilin yanvar-mart aylarında AÇG layihəsi çərçivəsində quruma 1 milyard 137 milyon dollar vəsait daxil olub.

Bu il yanvarın 1-nə ARDNF-nin aktivləri 33 milyard 574,1 milyon ABŞ dolları təşkil edib.

Müdafiə nazirinin sabiq müavininə 10 il iş istədilər

08.04.2016

Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun işi üzrə proses başa çatır.

1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olmuş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Mehman Səlimovun işini Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə araşdırıb.

APA-nın məlumatına görə, aprelin 8-i Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Mehman Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilənin vəkili məhkəmə tərkibinə etiraz vəsatəti verib. O bildirib ki, proses zamanı verilən vəsatətlərin heç biri təmin edilməyib, Mehman Səlimovun hüquqları pozulub. Vəsatətlər baxılmamış saxlanıb, məhkəmə istintaqının tamamlandığı elan olunub. Proses aprelin 15-də davam edəcək.

İlham Əliyev beynəlxalq sərgilərə baş çəkib

08.04.2016

Aprelin 8-də prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində “AİTF-2016” XV Azərbaycan beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016” X Qafqaz beynəlxalq mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, 2002-ci ildə təməli qoyulan “AİTF” sərgisi bu il 15-ci yubileyini qeyd edir. Sərgiyə turizmin müxtəlif istiqamətlərini təqdim edən 200-dən artıq şirkət qatılıb. Belarus, Çexiya, Gürcüstan, Dominikan, Hindistan, Xorvatiya, İndoneziya, İran, İspaniya, Monteneqro, Rusiya Federasiyasının Stavropol vilayəti, Tailand, Türkiyə və Yurmala sərgidə pavilyonlarla çıxış edirlər. Sərgidə ABŞ, İordaniya, İsveçrə, İtaliya, Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, Ukrayna, Yunanıstan və digər dövlətlərdən şirkətlər fərdi stendlərlə təmsil olunur.

AZƏRTAC-ın məlumatına görə, “AİTF-2016” sərgisində Azərbaycanın turizm potensialını Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan və digər rayonlar nümayiş etdirir. Sərgidə Qarabağ stendi də təqdim olunur.

İslandiyada yeni baş nazir

08.04.2016

İslandiyanın balıqçılıq və kənd təsərrüfatı naziri Siqurdur İnqi Yohannsson baş nazir postuna gətirilib. Novator.az xəbər verir ki, bunu mediaya Yohannssonun özü açıqlayıb.

İslandiyanın əvvəlki hökumət başçısı Siqmyundur Gyunnleyqsson “Panama sənədləri” ilə əlaqədar istefaya gedib.

Bu yaxınlarda dünyanın ən qapalı şirkətlərindən olan Panamanın “Mossack Fonseca” hüquq firmasından 11 milyon sənəd Britaniya mediasına sızıb. Britaniya mediası həmin sənədləri təhlil edərək “Panama sənədləri” adı altında geniş bir araşdırma materialı dərc edib. Sənədlər göstərir ki, “Mossack Fonseca” firması çirkli pulları yumaq, sanksiyalardan yan keçmək və vergidən yayınmaq istəyən xeyli müştəriyə xidmət edirmiş. Firmanın belə müştəriləri arasında ictimai-siyasi şəxslər, ö cümlədən 72 hazırkı və keçmiş dövlət başçısı da var. Onlardan biri də Gyunnleyqssondur.

“Panama sənədləri”nə görə, Gyunnleyqsson 2007-ci ildə xanımı ilə birlikdə Britaniyanın Virciniya adalarında “Wintris İnc.” ofşor şirkətini təsis edib. Şirkət şəxsi məqsədlərlə yaradılıb.

Baş nazir postuna təyin olunmuş Yohannsson deyib ki, yeni vəzifə yaxşı imkandır, amma bu imkan qəribə vəziyyətdə yaranıb: “Baş nazir kimi mənim üçün siyasətdə və siyasətçilər arasında etimadı qazanmaq vacibdir”.

Manata gedən dolların həcmi 2 milyardı ötdü

08.04.2016

Aprelin 8-də Azərbaycan Mərkəzi Bankının hərracı təşkil edilib. Dövlət Neft Fondu hərraca çıxardığı 50 milyon ABŞ dolları məbləğində vəsaiti 20 banka satıb.

Transparency.az-ın məlumatına görə, beləliklə, Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard 354 milyon 326 min dollar olub. 2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb. İki qurumun birgə xərci 2 milyard 39 milyon 814 min dollara çatıb.

60 sahibkara 5,4 milyon manat güzəştli kredit verildi

08.04.2016




İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) aprelin 8-i Beyləqan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Yüz iyirmiyə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Beyləqan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizinədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə danışıb. O bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 324 sahibkara 39,8 milyon manat güzəştli kredit verilib, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 600-ə yaxın yeni iş yeri açılmasına imkan yaradır.

AZƏRTAC-ın məlumatına görə, işgüzar forum çərçivəsində Beyləqan və ətraf rayonlardan olan 60 sahibkara 5,4 milyon manat güzəştli kredit verilib.

Şəhidlik statusu

08.04.2016

Azərbaycan ərazi bütövlüyü uğrunda gedən son döyüşlərdə yeni şəhidlər verib. Qanunvericilik şəhidlik statusunu necə tənzimləyir?

Transparency.az bildirir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar (bu məktəbləri bitirənədək və ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şahid ailəsinin üzvləri hesab edilir.

Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə dövlət qəbirüstü abidələr, xatirə kompleksləri yaradır, şəhid adları küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilir.

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası, valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək aylıq müavinət təyin olunur.

İşçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda şəhid ailəsi üzvlərinə üstünlük verilir.

Şahidin ailə üzvlərinə mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Bu cür müavinət həkim reseptləri üzrə dərman almaq üçün də müəyyən olunub.

Şəhid ailəsinin üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə də təmin edilirlər. Eyni zamanda onlar dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar.

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.

Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.

Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

Transparency.az bildirir ki, 2016-cı il fevralın 1-dən şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği 220 manat müəyyən edilib.

Medvedyevlə görüşlər olub

08.04.2016

Aprelin 8-də prezident İlham Əliyev Bakıya rəsmi səfərə gələn Rusiya hökumətinin sədri Dmitri Medvedyevlə məhdud tərkibdə görüşüb. Sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşlərin ardınca İlham Əliyev və Dmitri Medvedyev mətbuata bəyanatlarla çıxış ediblər.



Ekspert: “Hökumətin yanaşması qətiyyən adekvat deyil”

08.04.2016

İqtisadçı ekspert Rövşən Ağayev Dünya Bankının “Qlobal iqtisadi prospektlər” adlı hesabatından bəzi məqamları diqqətə çatdırıb. Transparency.az-ın məlumatına görə, ekspert açıqlanan proqnozlara əsasən yazır ki, bu il Azərbaycan ən zəif iqtisadi artım müşahidə edilən ölkələr arasındadır: “2016-cı ildə keçmiş SSRİ məkanından Belarus və Rusiyada iqtisadi geriləmə gözlənir: 0,5 və 0,7%. Yerdə qalan ölkələr arasında ən zəif iqtisadi artım Moldova (0,5%) və Azərbaycan (0,8%) üçün proqnoz edilib.

Dünya Bankı 2016-cı il üçün Türkmənistanda 8,9%, Özbəkistanda 7,5% Tacikistanda 4,8%, Qırğızıstanda 4,2%, Gürcüstanda 3%, Ermənistanda 2,2%, Qazaxıstanda 1,1%, Ukraynada 1% iqtisadi artım gözləyir.

Ən pisi odur ki, gələn il üçün də Azərbaycan digər region ölkələri ilə müqayisədə ən zəif iqtisadi artımın gözləndiyi ölkələr sırasındadır. Bankın ekspertləri 2016-cı ildə neftin orta illik qiymətinin ötən ilə nisbətən 8,5% azalacağını gözləyir. Ötən il isə “Brent” markalı neftin orta illik qiyməti 49 dollar olub. Ekspertlər 2017-2018-ci illərdə neftin qiymətində sıçrayışlı artım gözləmirlər: hər il təxminən 7%. Hökumətin real sektorun dirçəldilməsi ilə bağlı planları və yanaşması isə iqtisadiyyatı gözləyən situasiyaya qətiyyən adekvat deyil”.

Vergi yoxlamasından şikayətçi olan sahibkarın işi daha da ağırlaşdı

08.04.2016

Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası “Everest.TT” MMC-nin muzdlu işlə əlaqədar kameral qaydada hesablanmış gəlir vergisi haqqında şikayətinə baxıb. Rəsmi məlumata görə, cəmiyyətin direktoru Elçin Babayev 6 saylı Ərazi Vergilər İdarəsinin 2014-cü ilin 2-ci rübü üçün kameral qaydada hesabladığı əlavə vergi ilə razılaşmadığını bildirib və onun silinməsini xahiş edib.

Şikayətin araşdırılması zamanı müəyyən edilib ki, vergi ödəyicisi təmir-tikinti fəaliyyəti ilə məşğul olur və 2014-cü ilin 2-ci rübü üzrə təqdim edilən sadələşdirilmiş vergi bəyannaməsinin muzdlu işlə əlaqədar verginin hesablanması bölməsində rübün hər ayında 1 işçi üzrə 150 manat aylıq əməkhaqqı ödənildiyini göstərib və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan 1,96 manat məbləğində vergi hesablayıb. Bu səbəbdən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilib və yaranmış kənarlaşma ilə bağlı müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamənin və ya əsaslandırılmış izahat məktubunun təqdim edilməsi təklif olunub.

Elçin Babayev izahatında 9 MMC-nin təsisçisi və rəhbəri olduğunu və bu sayda hüquqi şəxs yaratmasını ƏDV qeydiyyatına düşmək istəməməyi ilə izah edib. Bununla da o, ƏDV məqsədləri üçün qeydiyyata alınmaqdan və vergidən yayındığını etiraf edib.

Bundan əlavə müxtəlif təşkilatlarla tikinti materialları üçün müqavilə bağladığını, bank hesablarından çıxarılmış xərcləri təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərini (müqavilə, qaimə-faktura, kassa mədaxil və məxaric orderi, təhtəl-hesab şəxsin avans hesabı və sair sənədlər) təqdim edəcəyini bildirən Elçin Babayev vergi orqanına həmin məbləğlərin faktiki məsrəfləri barədə təsdiqedici xərc sənədlərini, görülmüş işlərin cəmiyyətin öz işçi qüvvəsi və ya cəlb olunmuş podratçı hesabına həyata keçirilməsi barədə heç bir məlumat təqdim etməyib.

Vergi Apellyasiya Şurasının iclasında aparılan müzakirələr, qanunvericiliyin tələbləri, şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər, toplanmış materiallar və sübutlar nəzərə alınmaqla “Everest.TT” MMC-nin şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunub. Eyni zamanda 6 saylı Ərazi Vergilər İdarəsinə vergi ödəyicisinin xeyli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayındırma əməlinə hüquqi qiymət verilməsi üçün iş üzrə materialları Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərməsi tapşırılıb.

Ermənistan hakimiyyəti: kim haralıdır?

08.04.2016

-ci ildən Ermənistanda siyasi hakimiyyət Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxmış şəxslərin əlindədir. Dağlıq Qarabağda doğulmuş Robert Köçəryan 1998-2008-ci illərdə prezident postunu tutub. 2008-ci ildən prezident kürsüsündə əyləşən Serj Sərkisyan da Dağlıq Qarabağda anadan olub.

Ermənistan hakimiyyətinin ən önəmli simalarından olan müdafiə naziri Seyran Ohanyan da Dağlıq Qarabağdandır. Seyran Ohanyan müdafiə naziri postuna 2008-ci ildə təyin edilib.

Transparency.az bildirir ki, Ermənistan hakimiyyətinin qalan yüksək fiqurları arasında Dağlıq Qarabağda doğulanlar yoxdur.

Parlamentin sədri Qalust Saakyan paytaxt Yerevanda anadan olub. Baş nazir Ovik Abramyan isə Ermənistanın Ararat vilayətindəndir.

Xarici işlər naziri Edvard Nalbandyan yerevanlıdır.

Yerevan təmsilçiləri Ermənistan hökumətində çoxluq təşkil edir. Baş nazirin müavini (eyni zamanda xarici iqtisadi inteqrasiya və islahatlar naziridir), Milli Təhlükəsizlik Xidmətinin direktoru, ədliyyə, fövqəladə hallar, səhiyyə, elm və təhsil, gənclər və idman, mədəniyyət, nəqliyyat və rabitə, energetika və təbii sərvətlər, əmək və sosial məsələlər nazirləri paytaxtda dünyaya gəliblər.

Mülki Aviasiya Baş İdarəsinin və Dövlət Əmlakı İdarəsinin rəisləri, Nüvə Təhlükəsizliyi Dövlət Komitəsinin və Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin sədrləri də paytaxt adamlarıdır.

Baş prokuror postunda da yerevanlı oturur.

Diaspor naziri Qeqarkunik, təbiəti mühafizə və kənd təsərrüfatı nazirləri Ararat vilayətindəndir.

Şəhərsalma naziri Cermuxda, maliyyə naziri Şirak vilayətində anadan olub.

Ərazi idarəçiliyi və inkişaf naziri gürcüstanlıdır.

Daxili işlər naziri funksiyasını icra edən Ermənistan Polisinin rəisi isə Estoniyada anadan olub.

Dövlət Miqrasiya Xidməti 1728 əcnəbinin qanunları pozduğunu açıqlayıb

08.04.2016




Dövlət Miqrasiya Xidməti mart ayı ərzində 1728 əcnəbinin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozması hallarını müəyyən edib. Onlardan 17-sinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 131 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Həmçinin 1293 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 287 xaricinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Rəsmi hesabata görə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9230 müraciət daxil olub.

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 50 min 82 əcnəbinin müraciəti qeydə alınıb.

Prezident: “2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10.04.2016


Aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib (Nazirlər Kabinetinin iclası). Prezident İlham Əliyev giriş nitqində deyib ki, birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılıb: “2016-cı il dərin iqtisadi islahatlar ili olacaq. İlin əvvəlindən biz bu istiqamətdə çox fəal işləyirik. Bir çox sərəncamlar, qanunlar imzalanıb və qəbul edilib. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması — bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilib. Maliyyə nizam-intizamı, şəffaflıq — demək istəyirəm ki, bundan sonra da bu istiqamətdə əlavə tədbirlər görüləcək.

Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir. Beləliklə, bizim gəlirlərimiz artacaq və artmalıdır, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşüb və hələ də çox aşağı səviyyədədir. Bu, təbii ki, bizim gəlirlərimizə çox ciddi təsir göstərir. Ancaq hesab edirəm ki, biz qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən uğurla çıxa biləcəyik.

Birinci rübün iqtisadi göstəriciləri o qədər də müsbət deyil. Ümumi daxili məhsul aşağı düşüb. Bu da təbiidir. Biz bunu gözləyirdik. Ancaq hesab edirəm ki, il ərzində ümumi daxili məhsul artmalıdır. Hər halda biz buna çalışırıq və çalışacağıq. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artıb. Bu, onu göstərir ki, ümumi daxili məhsulun azalması ilk növbədə neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyətlə bağlıdır. Əlbəttə ki, bizim gəlirlərimiz azalıb. Dövlətin yatırdığı investisiyalar azalıb. Əlbəttə, biz bu vəziyyəti nəzərə alırıq.

Ancaq qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun.

Birinci rübdə 37 min yeni iş yeri yaradılıb. Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri bağlanıb. Biz burada da müsbət balans görürük. Onu da qeyd etməliyəm ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. Bu da mənim göstərişimlə öz həllini tapan məsələdir. Çünki tikinti sektorunda, digər sektorlarda bəzi işlər ixtisara düşüb. Belə olan halda işsizlik səviyyəsini aşağı səviyyədə saxlamaq üçün mən qərar qəbul etdim ki, dövlət şirkətləri, dövlət qurumları yeni iş yerlərini açsınlar. İctimai işlər açılır və birinci rüb ərzində bu qədər iş yerlərinin açılması, əlbəttə ki, insanların sosial müdafiəsinə hesablanıb.

Sosial siyasət həmişə prioritet olub və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar.

İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. Bir misal da gətirə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir. Adətən hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər, ya maaşların verilməsində problemlər yaşanır. Ancaq biz dünyada hökm sürən bu böhrana baxmayaraq maaşları və pensiyaları artırmışıq. Digər sosial yönümlü addımlar atılır, o cümlədən yeni təşəbbüslər, iş yerlərinin yaradılmasının yeni formaları artıq işə düşür. Əminəm ki, Azərbaycanda işsizliyin səviyyəsi həmişə olduğu kimi, çox aşağı səviyyədə olacaq.

Beləliklə, ciddi dərin iqtisadi islahatlar aparılır və bu islahatlar dərinləşməlidir. Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq.

Bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra edilməlidir. Nəzərdə tutduğumuz layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait lazım olacaq. Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin edilməlidir. Hər halda biz qarşıya bu hədəfi qoymuşuq. Çalışmalıyıq ki, bu hədəfə çata bilək. Beləliklə, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız da olacaq”.

Dövlət başçısı iclasa yekun vurarkən deyib ki, ilk növbədə ordu quruculuğuna daha da böyük diqqət göstərilməlidir: “Son illər ərzində bu istiqamətdə çox böyük addımlar atılıb, böyük işlər görülüb. Ordumuzun maddi–texniki bazası möhkəmlənib. Bu gün Azərbaycan ordusu həm maddi-texniki təchizat, eyni zamanda döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Əlbəttə, belə olan halda ilk növbədə ordu quruculuğuna daha da böyük diqqət göstərilməlidir, göstərilir və göstəriləcək.

Əlbəttə ki, buna nail olmaq üçün iqtisadiyyat daha da sürətlə inkişaf etməlidir. İqtisadi islahatlar, iqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən edir. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir.

Biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək vermək istiqamətində çox önəmli addımlar atılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, yoxlamalarla bağlı mənim göstərişlərim yerinə yetirilir. 2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla cəmi 34 yoxlama keçirilib. Müqayisə üçün deyim ki, 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama keçirilmişdi. Bu il isə 34. Bu rəqəmlərə şərh verməyə ehtiyac yoxdur. Beləliklə, Azərbaycanda azad sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir. Biz hələ bu yolun başlanğıcındayıq. Əminəm ki, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Azərbaycana xarici sərmayə daha da böyük həcmdə gətiriləcək. Çünki xarici sərmayələri cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi olmalıdır və qanunun aliliyi təmin edilməlidir. Əgər biz başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki, sürətli inkişaf yoluna qədəm qoymuş ölkələr bu yolla gediblər və beləliklə, öz ölkələrini xarici sərmayə üçün çox cəlbedici ölkələrə çevirə biliblər. Bu gün istənilən ölkə xarici sərmayəni cəlb etməyə çalışır, hətta böyük maliyyə resurslarına malik olan ölkələr. Çünki bu həm əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik”.



Dövlət başçısı yerlərdə sahibkarlara tam şərait yaradılmasını vacib saydığını vurğulayıb: “Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Yerli icra orqanları bu şəraiti yaratmalıdırlar. Yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətini ilk növbədə o bölgələrdə, o rayonlarda iqtisadi inkişafın templəri müəyyən edəcək. Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır. Yeni iş yerləri, yeni istehsal sahələri, ixrac yönümlü istehsal sahələri yaradılmalıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq.

Mənə verilən məlumata görə, rayonlarda kifayət qədər istifadəsiz torpaq sahələri var. Biz bu məsələ ilə də ciddi məşğul olmalıyıq. Burada həm inzibati tədbirlər, eyni zamanda stimullaşdırıcı tədbirlər görülə bilər. Torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlar özlərini daha da məsuliyyətlə aparmalıdırlar. Əgər o torpaqlardan istifadə etmirlərsə, onda müəyyən mexanizmlər tətbiq edilməlidir. Biz imkan verə bilmərik, — hələ ki, özümüzü ərzaq məhsulları ilə tam təmin etməmişik, — bu torpaqlar uzun illər istifadəsiz qalsın. Mən bu vəzifəni də qarşıya qoyuram. Burada həm yerli, həm mərkəzi icra orqanları birgə işləməlidirlər”.
Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin