Xəbər bülleteni №3



Yüklə 0,51 Mb.
səhifə3/5
tarix22.04.2017
ölçüsü0,51 Mb.
#15600
1   2   3   4   5

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, bu sahədə qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanıb: “Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək. Bununla yanaşı dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcək”.

Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, 2015-ci ilin birinci yarısında əsas hissəsi qaytarılmış vəsaitlər olmaqla sahibkarlara 97 milyon manat həcmində güzəştli kreditlər verilib. Sahibkarlığın inkişafının stimullaşdırılması, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

İclasda bildirilib ki, hazırda kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Belə ki, indiyədək 30 min hektar sahəni əhatə edən 19 iri fermer təsərrüfatı yaradılıb, müasir suvarma sistemləri qurulub.


Kollegiya iclasında bəzi xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin qəbuledilməz olduğu vurğulanıb və bu cür halların qarşısının alınması üçün tədbirlər barədə təkliflərin hazırlanması qərara alınıb.

Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə dinlənilib, müzakirələr aparılıb. Qeyd edilib ki, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklər edilərək sahibkarlıq subyektlərinin elektron qeydiyyatı zamanı prosedur və müddətlər azaldılıb, korporativ idarəetmənin və kiçik paya malik səhmdarların hüquqlarının qorunması təkmilləşdirilib, tikintiyə icazələrin verilməsi və idxal-ixrac əməliyyatları üçün mövcud prosedur, müddət və xərclər azaldılıb, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün sənədlərin elektron qəbulu təşkil olunub.

Dövlət Neft Fondu hesabat verdi. Aktivlərdə 3,56 faiz azalma var

24.07.2015



ardnf 1

Bu ilin ilk altı ayında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 milyard 54 milyon manat, büdcə xərcləri isə 4 milyard 42,1 milyon manat təşkil edib. Fonddan AZƏRTAC-a bildirilib ki, ilin birinci yarısında neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 3 milyard 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri isə 5,7 milyon manat olub.

Rəsmi açıqlamaya görə, ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlir 8 013,4 milyon manatdır.

Hesabat dövrü ərzində 3 milyard 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon manat vəsait ayrılıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə fonddan 17,2 milyon manat gedib. 5,9 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Cənub Qaz Dəhlizi layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb.

Yanvar-iyun aylarında ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil edib. İyulun 1-nə fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104,1 milyon ABŞ dolları) nisbətən 3,56 faiz azalaraq 35 milyard 783,3 milyon ABŞ dollarına bərabər olub. Açıqlamaya əsasən, ilin əvvəlinə nisbətən valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlıdır.

Prezident Administrasiyasının sabiq rəhbəri rüşvət ittihamı ilə tutuldu

24.07.2015

narimbayev .1

Qırğızıstan Prezidenti Administrasiyasının sabiq rəhbəri Daniyar Narımbayev iyulun 24-də həbs edilib. İyulun 22-də Baş Prokurorluqda dindiriləndən sonra şübhəli şəxs qismində saxlanan Daniyar Narımbayev paytaxt Bişkekin sabiq meri Nəriman Tüleyevin qohumlarından rüşvət qoparmaqda ittiham olunur.

Transparency.az bildirir ki, ötən həftə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi ölkə parlamentinin deputatı Hacımurad Qorxmazovu işinə Ali Məhkəmədə baxılan Nəriman Tüleyevin yaxınlarından 100 min dollar rüşvət alarkən həbs edib. Bunun ardınca Nəriman Tüleyevin qohumları Daniyar Narımbayevi deputatla işbirliyində, rüşvət qoparmaqda, məhkəməyə təzyiqdə ittiham ediblər. İyulun 20-də Daniyar Narımbayev vəzifəsindən istefa verib.

İttihama görə, Daniyar Narımbayev Ali Məhkəmədə Nəriman Tüleyevin işinin yüngülləşdiriləcəyini vəd edib.

Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçirilib

24.07.2015



xedice ismayil - 1(1)

İyulun 24-ü Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılın vəkili Yalçın İmanovun yenidən onun hüquqlarını müdafiə etməsi ilə bağlı vəsatəti təmin olunmayıb. Vəkil Fariz Namazlı isə cinayət işinə xitam verilməsi, prosesdə audio-video çəkilişin aparılması, Xədicə İsmayılovanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və digər vəsatətlərlə çıxış edib. Vəsatətlər təmin olunmayıb. Məhkəmə baxışı avqustun 7-nə təyin olunub.

Xədicə İsmayıl (Xədicə Rövşən qızı İsmayılova) 1976-cı il mayın 27-də Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl özünü öldürməyə cəhd həddinə çatdırmaq, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Silahlı Qüvvələrdə korrupsiya hallarına yol vermiş 43 şəxsin işi məhkəmələrə gedib

24.07.2015

Silahlı Qüvvələrdə korrupsiya hallarına yol vermiş 43 şəxs barəsində 25 cinayət işinin istintaqı 2015-ci ilin birinci yarım ilində tamamlanaraq hərbi məhkəmələrə göndərilib. APA-nın məlumatına görə, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində belə deyib.

Vəliyev qeyd edib ki, hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşıb, günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 82,3 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.

Birinci yarım ildə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 793 müraciətinə baxılıb, 428 vətəndaş mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1491 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1206 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar verilib.

Maliyyə Nazirliyinin nəzarət tədbirlərinin nəticələri barədə məlumat

24.07.2015

maliyye-nazirliyinin-binasi-2
Maliyyə Nazirliyi 2015-ci ilin birinci yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada deyilir ki, Təhsil Nazirliyində, Azərbaycan Texnologiya Universitetində, 3 rayon üzrə təhsil şöbəsində və 1 internatda, Qax Mərkəzi Rayon Xəstəxanasında, Qobustan Rayon Gənclər və İdman İdarəsində, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində, habelə Maliyyə Nazirliyinin Ağstafa Rayonu üzrə Maliyyə İdarəsində yoxlamalar aparılıb:

- Aşkar olunmuş nöqsanlarda təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına məktublar göndərilib, Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin rəisi işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Aşkar edilmiş nöqsanların xeyli hissəsi nəzarət tədbirlərinin gedişində aradan qaldırılıb, artıq və əsassız ödənişlərin əsas hissəsinin (3099,43 min manat) büdcəyə bərpası təmin edilib, rayon təhsil şöbələri üzrə faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 23 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 113 dərnək və qrup, normadan artıq saxlanmış 39,5 ştat vahidi ləğv edilib, işlə təmin olunduğu müəyyən edilmiş 78 nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının və 110 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki səviyyəyə qaytarılıb, yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 214 nəfər azaldılıb, normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Azərbaycan Texnologiya Universitetində və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş ümumilikdə 428 nəfər vəzifəli şəxs 263,8 min manat məbləğində cərimələnib.

Əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında apardığı yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 21,85 min manatının dövlət büdcəsinə bərpası təmin edilib.

Baş Prokurorluğun məktubları ilə Maliyyə Nazirliyinə göndərilmiş qərarlarda və həmin məktublarda göstərilən sahə və suallar Dövlət Maliyyə Nəzarəti Xidmətində yoxlanıb və cəmi 450,21 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.
Hökumət 4 milyard manatı haradan tapacaq?

24.07.2015



rovshan agayev yeni 01

Dövlət Neft Fondu 6 aylıq büdcə məlumatlarını açıqlayıb. Yarım ilin nəticələrinə görə, fondun gəlirləri 4 milyard manat ətrafında olub. Gəlirlərin 3,5 milyard manatı dövlət büdcəsinə yönəldilib. 2015-ci ilin dövlət büdcəsi qanununa görə, ikinci 6 ayda büdcəyə əlavə olaraq 6,9 milyard manata yaxın vəsait köçürülməlidir.

Transparency.az-a danışan iqtisadçı ekspert Rövşən Ağayev deyir ki, neftin qiyməti indiki kimi qalarsa, fond büdcəyə transfertləri tam həyata keçirə bilməyəcək: “Növbəti 6 ayda da Neft Fondunun gəlirlərinin 4 milyard manat ətrafında olacağı nəzərə alınsa, 6,9 milyard manat transfert üçün tələb olunan əlavə 3 milyard manata yaxın vəsait hansı mənbədən götürüləcək?

İndiki qiymətlərlə ən yaxşı halda bütövlükdə il üzrə 7 milyard manat transfert real görünür. Amma proqnoza görə, 10,4 milyard transfert olmalıdır.

Dövlət büdcəsinin 6 aylıq nəticələrinin təhlili göstərir ki, vergi daxilolmaları da ilin sonuna təxminən 500 milyon manat kəsirlə icra edilə bilər. Hər iki mənbədən qeyd olunan miqyasda mümkün gəlir itkilərini nəzərə alsaq, hökumətin artıq indidən dövlət büdcəsinin tam icrası üçün 3,5-4 milyard manat gəlirin mənbəyini tapmalıdır. İki yol var: ya fondun ehtiyat aktivləri büdcəyə cəlb edilir, ya da hökumət gəlirlərin azalmasına uyğun xərcləri ixtisar edir. Üçüncü alternativ bu iki yolun qarışığıdır. Amma hələ də hökumət qurumlarında və büdcəyə nəzarət səlahiyyəti daşıyan parlamentdə mümkün büdcə ssenariləri ilə bağlı heç bir müzakirə yoxdur”.

Qızılı nələr ucuzlaşdırır

24.07.2015

qizil

Dünya bazarında qızılın bir qramı 34 dollara düşüb. Bu barədə şərh yayan iqtisadçı Vüqar Bayramov yazır ki, 34 dollar dünya bazarında qızılın son 5 ildə ən çox ucuzlaşması deməkdir: “Qızıl son 1 ildə 16 faiz, yarım ildə 15 faiz, iyul ayında 7 faiz dəyər itirib. Son 5 ildə 8 faiz ucuzlaşma qeydə alınıb.

Dünya bazarında qızıla tələbin azalması, bir sıra ölkələrin ehtiyatlarını satışa çıxarması və investorların bazardan öz vəsaitlərini tədricən çəkməsi qiymətli metalı dəyərdən salır. Qızılın ucuzlaşmasına təsir edən digər amil ona zinət əşyası kimi marağın azalmasıdır.

Hazırda dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri artmağa başlayıb və dollar güclənir. Bütün bunlar qızılın investisiya baxımından cəlbediciliyini azaldır.

2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla çevirən bir sıra ölkələr, o cümlədən Çin və Hindistan qızıl külçələri və sikkələri ötən ildən bazara çıxarıblar, bu da qızıl təklifinin artmasına səbəb olub.

Qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son vaxtlar müşahidə olunan tendensiya ilə də bağlıdır. Dolların möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir”.

Ekspertin sözlərinə görə, dünya bazarındakı dəyişikliklər Azərbaycanda qızılın qiymətinə təsir göstərir: “İdxalın ucuzlaşması nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın qiymət azalması qeydə alınıb”.

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı açıqlayıb

27.07.2015

Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin birinci yarısında daşınmaz əmlakın qeydiyyatına yönəlmiş 3 SMS istifadəyə verib. “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı”, “İxtisaslaşdırılmış pul hərraclarında sifarişlərin və sənədlərin elektron qəbulu” xidmətləri də təqdim olunub. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən göstərilir.

Komitədən AZƏRTAC-a bildirilib ki, 31 e-xidmət vasitəsilə hüquqi və fiziki şəxslərdən 227 minədək e-müraciət daxil olub. Təqdim olunan e-xidmətlərdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə vətəndaşlardan 45 min 500 müraciət qəbul edilib. “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 3 min 800-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.

İnformasiya əldə etməyi asanlaşdıran yeni sistem yaradılıb

27.07.2015



loqo

Azərbaycanlı startapçılar informasiya əldə etmək prosesini asanlaşdıran yeni sistem yaradıblar. “MobChannel”(qlobal layihə olduğu üçün ad ingilis dilində seçilib) adlanan layihənin rəhbəri Vaqif Abbasov AZƏRTAC-a bildirib ki, sistem əksər yerli və xarici mətbuatı bir mənbədə toplayır: “Layihə üzrə internetdə lazımı informasiyaları daha rahat əldə etmək üçün 14 kanal təqdim olunur. İstifadəçilər bu kanallar üzrə filtrlərini daxil etməklə lazımı məlumatları rahat əldə edə bilər”.

Hazırda proqram “Android” əməliyyat sistemli telefonlar üçün mövcuddur. Onu yükləmək üçünmobchannel.com/app ünvanından istifadə etmək mümkündür.

Manatla əmanət qoyuluşu 62 faizdən 27 faizə enib

27.07.2015

Əmanətlərin Sığortalanması Fondu 6 aylıq statistika açıqlayıb. Transparency.az-a bu məsələ ilə bağlı danışan iqtisadçı ekspert Samir Əliyev deyib ki, açıqlamaya qorunan əmanətlərin həcmi barədə məlumat daxil edilməyib: “Buna baxmayaraq əmanətlərin sığortalanması sahəsində müəyyən tendensiyaları müşahidə etmək mümkündür. Əvvəla, 2014-cü ilin ikinci rübü ilə müqayisədə kompensasiya olunan əmanətlərin payı 31 faizdən 28 faizə düşüb. Qorunan əmanətçilərin payında isə 91 faizdən 90 faizə azalma var.

İkincisi, əmanətlərin dollarlaşmasının nəticəsi olaraq qorunan əmanətlərdə ABŞ dollarının payı 34 faizdən 69 faizə yüksəlib. Manat əmanətlərin payı isə 62 faizdən 27 faizə enib. Fondun vəsaitlərinin illik gəlirliliyi 4,34 faizdən 4,2 faizə azalıb”.

Samir Əliyev əlavə edib ki, əmanətlərin azalması iyun ayında da dayanmayıb və 40 milyon manat azalaraq 7,56 milyard manat olub: “Ümumiyyətlə, əmanət qoyuluşu 4 aydır düşür. 4 ayda əmanət qoyuluşu 5 faiz və ya 371 milyon manat azalıb”.

Dünyanın 500 ən böyük şirkətinin illik reytinqi

27.07.2015

“Fortune” jurnalı dünyanın 500 ən böyük şirkətinin illik reytinqini (Reytinq cədvəli) dərc edib. Lider dünyanın ən böyük pərakəndə satış şirkəti “Wal-Mart” super-marketlər şəbəkəsidir. Şirkətinin illik mədaxili 485,6 milyard, xalis gəliri 16,3 milyard dollar olub.

Siyahıda ikinci yerdə Çinin neft-kimya şirkəti “Sinopec Group” qərarlaşıb. Şirkət il ərzində 446,8 milyard dollar qazanıb.

Reytinqdə şirkətlər ötən maliyyə ili ərzində əldə etdikləri mədaxilin həcminə görə sıralanır. Transparency.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadla bildirir ki, “Fortune Global 500” siyahısında “Apple” şirkəti 15-ci yeri tutaraq Cənubi Koreyanın “Samsung” istehsalçısından iki pillə geri qalıb. “Samsung” il ərzində 195 milyard, “Apple” 183 milyard dollar qazanc əldə edib. Lakin reytinqdə xalis gəlirə görə ABŞ istehsalçısı həm Cənubi Koreya şirkətindən, həm də reytinqin digər iştirakçılarından xeyli yüksəkdə qərarlaşıb. 39,5 milyard dollarlıq xalis gəlirlə “Apple” 500 şirkət arasında ikinci, “Samsung” doqquzuncu yerlə (21,9 milyard dollar) kifayətlənib.

“Microsoft” korporasiyası 22 milyard dollar xalis gəlir əldə etməklə «Samsung”u bir pillə geridə qoyub. Reytinqdə gəlirə görə ABŞ-ın proqram təminatı istehsalçısı 95-ci yeri tutub.

İlin birinci yarısında 13676 nəfər işlə təmin edilib

27.07.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) bu ilin birinci yarısında 13676 nəfər işsiz və iş axtaran vətəndaşı işlə təmin edib. Nazirlikdən Transparency.az-a daxil olan məlumatda deyilir ki, hesabat dövründə DMX-nin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə qəbul edilmiş sifarişlər əsasında 1879 nəfəri müvəqqəti xarakterli işlərə göndərib.

1800 nəfərədək işsiz və iş axtaran vətəndaş kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadıçı, aşpaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 675 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

“Elektron hökumət” elektron viza sistemi tətbiq edəcək

27.07.2015



viza

“Elektron hökumət” portalının tərkibində elektron viza sistemi tətbiq olunacaq. Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, immiqrantlar üçün yeni bölmənin yaradılması planlaşdırılır. Gələcəkdə bu bölmənin funksiyaları genişləndirilə, Azərbaycana gələn əcnəbilər üçün ünsiyyət platforması da təqdim oluna bilər.

Hazırda e-viza Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi saytında təqdim edilir. E-viza anketini iki dildə — ingilis və Azərbaycan dillərində doldurmaq mümkündür. Viza 3 həftə dəyərləndirildikdən sonra immiqrantın anketdə göstərdiyi elektron poçt ünvanına PDF formatında göndərilir. Bundan sonra isə immiqrant əldə etdiyi vizaya möhür vurdurmaq üçün aidiyyəti quruma yaxınlaşmalıdır.

Məlumatda əlavə olunur ki, dünya təcrübəsində miqrasiya prosesinin sadələşdirilməsi məqsədilə aidiyyəti saytlarda viza üçün sorğu anketi təqdim edilir. E-viza sorğu anketində immiqrantın fərdi məlumatları ilə yanaşı səfərin məqsədi və müddəti qeyd olunur. Həmçinin xarici pasportun surəti yüklənir, vizanın növü, turistik, işgüzar (biznes), rəsmi səfər, təhsil, müalicə, şəxsi (qohum və ya dostların ziyarəti), tranzit, idman yarışlarında iştirakı da qeyd edilir.

Viza üçün tələb olunan dövlət rüsumu sayt üzərindən plastik kartlar vasitəsilə elektron şəkildə ödənilir. Müəyyən edilən zaman ərzində (3-5 iş günü, Avropa ölkələrində 14 gün) anketdə göstərilən elektron ünvana verilən vizanın təsdiqi barədə bildiriş göndərilir.

AZAL aviabiletlərin qiyməti ilə bağlı yeni açıqlama yaydı

27.07.2015

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviabiletlərin qiymətləri ilə bağlı yeni açıqlama yayıb. APA-Economics-in məlumatına görə, avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunacaq. Qeyd olunur ki, Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya, Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya, Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya endiriləcək.

Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro, Bakı-Lvov-Bakı üzrə 141 avro, Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro, Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro endirim tətbiq olunacaq.

Açıqlamaya görə, ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırılıb, biznes-klassdan başqa digər bütün yerlərin 30 faizindən az deyil və təyyarənin tipindən asılı olaraq 32-61 arasında dəyişir.

AZAL həmçinin daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xətləri (“lou-kost”) təcrübəsinin tətbiqinə başlayıb. Bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.

Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcək. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi  kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.



Ətraflı məlumat

Yunusların məhkəməsi: ittiham aktı elan olunub

27.07.2015

arif yunus-leyla yunus
Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə proses iyulun 27-də davam etdirilib. Ötən ilin yayında tutulan Yunusların işi külli miqdarda ziyan vurmaqla dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, külli miqdarda vergi ödəməkdən yayınma, saxtakarlıq ittihamları ilə araşdırılır. Onlara irəli sürülmüş dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

APA-nın məlumatına görə, 27 iyul prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamnaməyə əsasən, Leyla Yunus dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirib, dövlət büdcəsinə vergiləri ödəməkdən yayınıb, külli miqdarda pulu Arif Yunusun hesabına köçürərək mənimsəyib.

İttihamla razılaşmayan Leyla Yunus dövlət ittihamçısının suallarını cavablandırmayıb, Arif Yunus isə indiki mərhələdə ifadə verməkdən imtina edib.

Virtualaz.org saytının məlumatına görə, Leyla Yunus deyib ki, bir hesabdan digərinə pul köçürülməsi dələduzluq deyil: “Biz dələduz deyilik. Özü də bu pullar Azərbaycan hökumətinin pulları deyildi, donor təşkilatların, donorlarla mənim aramdakı pullar olub”.

Vergilər Nazirliyinin kollegiya iclası prezident İlham Əliyevin iradlarını müzakirə edib

28.07.2015



vergiler-nazirliyi-3

İyulun 27-də Vergilər Nazirliyi kollegiyasının iclası keçirilib. Kollegiyada çıxış edən vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 13 iyul iclasında prezident İlham Əliyevin vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi addımlar atıldığını bildirib, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan nazir vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol verən vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini qeyd edib.

AZƏRTAC-ın məlumatına görə, nazir deyib ki, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırlması istiqamətində səylər artırılmalı, vergi ödəyicilərinə xidmətlərin spektri və informasiya texnologiyalarının tətbiqi imkanları genişləndirilməli, vergi orqanlarının fəaliyyətində şəffaflıq artırılmalı, bu sahələrdə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilməlidir.

Yekunda vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilib.

Transparency.az xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev sahibkarlara olan təzyiqlərdən söz açıb: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm.

Eyni zamanda dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq.

Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.

İnsan alveri ilə mübarizə: Azərbaycan üç dəstənin ikincisində yer alır

28.07.2015

trafiking 1

ABŞ Dövlət Departamenti insan alveri ilə mübarizəyə dair illik hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda 188 ölkəyə qiymət verilir. İnsan qaçaqmalçılığı, cinsi istismar və quldarlıqla mübarizədə fəal ölkələr birinci dəstəyə (Tier-1), qismən fəal ölkələr ikinci dəstəyə (Tier-2), passiv ölkələr isə üçüncü dəstəyə (Tier-3) aid edilib.

Tier-1-də 31 ölkə, o cümlədən qonşu Ermənistan yer alır. Siyahıda ABŞ, Böyük Britaniya, İsveç, Kanada, Cənubi Koreya, Avstraliya və başqaları öndə gəlir.

İkinci dəstəyə 89 ölkə daxildir. Onların arasında Azərbaycan da var.

Tier-3-ə Tailand, Malayziya, Venesuela, Qambiya və başqa ölkələrin adları salınıb.

“Azadlıq” radiosunun məlumatında deyilir ki, ikinci dəstəyə keçmiş sovet respublikalarının çoxu, o cümlədən Gürcüstan daxil edilib. Qonşu Rusiya və İran isə üçüncü dəstədə qərar tutublar.

Hesabatın Azərbaycana aid hissəsində qeyd olunur ki, ölkə insan qaçaqmalçılığına qarşı mübarizədə əhəmiyyətli tərəqqiyə nail olub, bununla belə məcburi əməyə və cinsi istismara cəlb olunanlar üçün mənbə, tranzit və mənzil rolunu oynayır: “Azərbaycanlı kişilər və oğlanlar Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində məcburi əməyə məruz qalır. Azərbaycan həm də Çin, Rusiya, Türkiyə və Özbəkistandan əmək trafikinqinə məruz qalanların mənzil ölkəsidir. Türkiyədən, Avropanın bəzi ölkələrindən, Cənubi və Mərkəzi Asiyadan olan qurbanlar Azərbaycanda məcburi əməyə cəlb olunurlar. Azərbaycan həm də Mərkəzi Asiyadan Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İrana seks və əmək trafikinqi qurbanlarının nəqli üçün tranzit ölkə funksiyasını daşıyır”.

Transparency.az qeyd edir ki, statistikaya görə, dünyada 21 milyon şəxs insan alveri qurbanıdır, bu biznes işbazlara 150 milyard dollar gəlir gətirir.

Prezident sərəncamının icrası: nazir ilkin hesabat verdi

28.07.2015



nazir - ev

Prezident İlham Əliyevin 20 iyun 2014-cü il sərəncamının icrası olaraq inşası başa çatmış ilk fərdi ev Qusar rayonunda şəhid ailəsinin istifadəsinə verilib. Xəbəri iyulun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Prezident sərəncamı 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illərdə mənzillə təmin edilməsini nəzərdə tutur. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qusar rayonunun Həsənqala kəndində tikilmiş fərdi yaşayış evinin şəhid ailəsi Hacıyeva Səlimə Şah qızına təqdim olunması zamanı bildirib ki, 52 rayonda 375 fərdi evin inşası da həyata keçirilib.

Səlim Müslümov ötən ay Tərtər rayonunda 54 mənzilli daha bir yaşayış binasının müharibə əlilləri və şəhid ailələrin istifadəsinə verildiyini xatırladaraq bildirib ki, hazırda Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 çoxmənzilli yaşayış binası tikilir: “Hazır binalardan 165 mənzilin alınması işləri də aparılır ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək. Ümumilikdə cari il ərzində 964 mənzilin və fərdi yaşayış evinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi planlaşdırılır”.

Nazir müharibə əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə təmin olunduqlarını diqqətə çatdırıb: “Hazırda müharibə əlilləri və onlara bərabər tutulan 18784 nəfər vətəndaş sosial müavinət və ya əmək pensiyası ilə bərabər prezidentin aylıq təqaüdləri ilə təmin olunurlar ki, onların 12289 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdir. Təkcə ötən ilin əvvəlindən bu təqaüdlərin orta aylıq məbləği 50%-ə yaxın artırılıb. 13 min 405 şəhid ailəsinə də prezidentin aylıq təqaüdü ödənilir. Həmin təqaüdün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 200 manata çatdırılıb.

Müharibə əlilləri və şəhid ailələrinin uşaqları aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlə təmin olunurlar. Eləcə də onların ödənişli təhsil alan övladları təhsil haqqından azad ediliblər. “Əmək pensiyaları haqqında” qanunla isə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır”.

İstehlak bazarında monitorinqin nəticələri açıqlanıb

28.07.2015

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqlə bağlı məlumat yayıb. Qeyd olunur ki, Bakının Xətai rayonunda — Naximov küçəsi, 41 ünvanında Zərifə Quliyevaya məxsus mağazada; Pirallahı rayonunda — K.Rzayev küçəsi, 16 ünvanında Aida Cəfərovaya məxsus mağazada; Abşeron rayonunda — Novxanı qəsəbəsində Şahin Quliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkarlanıb.

Bakının Xəzər rayonunda — Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, 14 ünvanında İlqar Allahverdiyevə məxsus mağazada; Pirallahı rayonunda — Pirallahı qəsəbəsi, 28-ci məhəllədə Gülarə Hüseynovaya məxsus mağazada; İsmayıllı rayonunda — İvanovka kəndində Arif Məsimova məxsus mağazada; Ağcabədi şəhərində — S.Vurğun küçəsində Adil Quliyevə məxsus mağazada və H.Hacıyev küçəsində Habil Allahverdiyə məxsus mağazada isə normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların üzə çıxdığı bildirilir.

Transparency.az qeyd edir ki, rəsmi açıqlamaya görə, Bakının Qaradağ rayonunda- Səngəçal qəsəbəsində Bənövşə Behbudovaya və Aygül Kazımovaya məxsus mağazalarda; Pirallahı rayonunda — M.Əzizbəyov küçəsi, 94 ünvanında Yaqub Yusubova məxsus mağazada; Xətai rayonunda — İ.İsmayılov küçəsi, 8 ünvanında Əvəz Nəzərova məxsus mağazada; Mingəçevir şəhərində — Xətai küçəsi, 9 ünvanında Lalə Allahverdiyevaya məxsus mağazada; Astara şəhərində — H.Əliyev küçəsi, 138A ünvanında Adil Hüseynova məxsus mağazada saxlama müddəti ötmüş mallar satılıb.

Nazirlik qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati cərimələr tətbiq olunacağını bəyan edib.

Naşir dövlət başçısından kömək istəyir

28.07.2015



shahbaz 12

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu prezident İlham Əliyevə müraciət edib. İyulun 28-də “Yeni Müsavat” qəzetində dərc olunan məktubda naşir vergi orqanlarından gileylənir, yazır ki, 2013-cü il noyabrın 1-də 20 nəfərdən ibarət vergi məmuru icazəsiz nəşriyyata daxil olub müəssisənin bütün sənədlərini özləri ilə aparıb, bir müddət sonra yoxlama aktı tərtib olunub və “Qanun” nəşriyyatı 150 min manat cərimələnib.

Nəşriyyata Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlandığını da qeyd edən Şahbaz Xuduoğlu bildirir ki, müəssisənin bank hesabları bağlıdır, bu barədə məhkəmə çəkişmələri olub, amma müsbət cavab ala bilməyiblər: “Vergi cəriməsinə qədər biz hər gün iki adda kitab nəşr edirdik. 70 tərcüməçi və redaktorla əməkdaşlıq edirdik. 50-dən çox işçimiz vardı. İndi isə həftəyə bir kitab nəşr edə bilmirik. Tərcüməçilərin bir hissəsi qorxudan, digər hissəsi isə maliyyə probleminə görə bizimlə əməkdaşlığı dayandırıb, işçilərimizin yarıdan çoxu işdən çıxıb, əmək haqlarını verə bilmirik. Əməkdaşlıq etdiyimiz 150 xarici yazarın qonorarını ödəyə bilmirik. Onların arasında Nobel mükafatçıları da var. Həmin yazarların agentlərindən ödəmə kağızı alıram, qonorar ödəməyimi tələb edirlər, hesablarım bağlı olduğundan bunu edə bilmirəm”.

Naşir qeyd edir ki, kitabın Azərbaycan cəmiyyətində olan böhranlı durumunda Vergilər Nazirliyinin bir nəşriyyatı məhv etməsi ümid işığını tam söndürmək deməkdir, Azərbaycan mədəniyyətinə sağalmaz zərbədir: “Biz 1992-ci ildən nəşriyyat kimi fəaliyyət göstəririk. Bütün beynəlxalq kitab yarmarkalarında Azərbaycanı təmsil edirik. Bakıda, parklarda endirimli yarmarkalar təşkil edirik ki, insanlar kitabı unutmasınlar.

Başqa ölkələrdə bu işləri görən nəşriyyatlara dövlət yardım edir, güzəştli kreditlər verir, subsidiyalar ayırır. Bizdə isə 23 il tarixi olan, 7000-dən çox adda kitab nəşr edən bir nəşriyyatı Vergilər Nazirliyi ölüm həddinə gətirib. Cənab prezident, çox böyük ümid edirəm bu məktubu oxuyacaq, verginin ölümə məhkum etdiyi bir nəşriyyatı xilas edəcəksiniz”.

Malayziyada korrupsiya qalmaqalı istefalara gətirib

28.07.2015

Malayziyanın baş naziri Nəcib Rəzak iyulun 28-də “1MDB” Dövlət Sərmayə Fondu ətrafında yaranan böyük münaqişəyə görə hökumətdə dəyişikliklər edib.

Transparency.az xəbər verir ki, Nəcib Rəzak müavini Mühiddin Yasini istefaya göndərib. Mühiddin Yasin bir neçə gün əvvəl baş naziri Dövlət Sərmayə Fondunun Direktorlar Şurasının sədri postundan istefa verməyə çağırmışdı.

Baş nazirin müavini vəzifəsinə daxili işlər naziri öz postunu saxlamaqla Əhməd Zahid Həmidi təyin olunub.

“1MDB” Dövlət Sərmayə Fondunun fəaliyyətini 11 milyard ABŞ dolları məbləğində ziyana görə xüsusi komissiya yoxlayır. Bu əsnada baş prokuror Əbdül Qəni Patayl, təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri Palanivel Qovindasami və kənd təsərrüfatı naziri İsmayıl Səbri Yaakob da istefaya göndəriliblər.

İyul ayının əvvəllərində mətbuatda “1MDB” ilə bağlı şirkətlərdən baş nazirin hesabına 700 milyon dollar pul köçürüldüyü haqda sənədlər dərc olunub. Ölkə müxalifəti baş nazirin Dövlət Sərmayə Fondu ilə bağlı böyük israflara yol verdiyini və onun iri korrupsiya sxemlərində yer aldığını iddia edir. Hökumət başçısı Nəcib Rəzak isə ittihamları rədd edərək iddiaları düşmənlərinin ona qarşı siyasi sabotajı adlandırır.

Prokuror olmaq istəyənlər yazılı imtahan verib

28.07.2015



imtahan 1
İyulun 28-də prokurorluq orqanlarına işə qəbul edilmək arzusunda olan şəxslər üçün yazılı imtahan mərhələsi keçirilib. Müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 38 namizəddən (7-si qadındır) 28-i Bakı Dövlət Universitetinin, 2-si Dövlət İdarəçilik Akademiyasının, 2-si Naxçıvan Dövlət Universitetinin, 3-ü Milli Aviasiya Akademiyasının, 3-ü isə digər ali təhsil müəssisələrinin məzunlarıdır.

Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər yazılı imtahan işlərini yoxladıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq.

AZƏRTAC xəbər verir ki, imtahanı 30-dək hökumət, qeyri-hökumət və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə edib.

Rəsmi hesabata görə, 2002-ci ildən başlayaraq prokurorluğa müsabiqə yolu ilə işə qəbul edilmiş gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 54 faizini təşkil edir: “Xidmətdə fərqləndiklərinə və vəzifələrini nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 631 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilib”.

Məhbus hüquq müdafiəçisi vergi borcunu ödəyib

28.07.2015



resul ceferov 1

Məhbus hüquq müdafiəçisi Rəsul Cəfərovun açıqlaması yayılıb. Azadliq.info-nun məlumatına görə, açıqlamada deyilir: “Mənə qarşı ittihamlardan biri vergidən yayınmadır (Cinayət Məcəlləsinin 213-cu maddəsi). Prokurorluqla yanaşı Vergilər Nazirliyi də vergi borcunun ödənilməməsi ilə bağlı akt qəbul edib. Həmin akt məhkəmə qaydasında mubahisələndirilib və bu iş üzrə proseslər davam edir.

Ancaq vergi borcunu ödədik. Borcun olmaması barədə müvafiq sənədi iyulun 31-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək prosesdə təqdim edəcəyik. 213-cü maddədə göstərilir ki, vergi borcu tam ödənilsə, şəxs cinayət məsuliyyətindən azad edilir. Yəni mənə qarşı həmin maddə üzrə ittihama xitam veriləcəyini və bu maddə üzrə təyin edilmiş cəzanın aradan qaldırılacağını gözləyirəm.

Bu addımın hüquqi deyil, həm də ictimai-siyasi əhəmiyyət daşıdığına inanıram. Çünki vergi borcunu yalnız ittihamlardan birinə xitam verilməsi və cəzanın yüngülləşdirilməsi üçün ödəməmişəm. Bu addımı hakimiyyətlə dialoqa hazır olmağımı göstərmək üçün atmışam”.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov ötən il avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. Bu il aprelin 16-da hüquq müdafiəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, mənimsəmədə təqsirli bilinib.

İyulun 21-i Bakı Apellyasiya Məhkəməsində Rəsul Cəfərovun şikayəti əsasında ilkin baxış iclası keçirilib. Məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.

“Elektron hökumət” portalına dair yeni statistika

29.07.2015



e_gov

e_gov

www.e-gov.az “Elektron hökumət” portalına ötən ay 675 min 627 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin sayı 266 min 496 nəfər olub.

Operatordan – Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, iyunda E-gov.az-a üz tutanların 27,6 faizi yeni istifadəçilər, 72,4 faizi isə təkrar müraciət edənlərdir.

Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 245 min 458-ə çatıb. Azərbaycanda yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər.

İntiqam Əliyev cəza evinə köçürülüb

29.07.2015



sony dsc

Hüquq Maarifçiliyi Cəmiyyətinin məhbus sədri İntiqam Əliyev Bakı İstintaq Təcridxanasından 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Xəbəri məhbusun qızı Nərmin Kamilsoya istinadla “Azadlıq” qəzeti yayıb.

6 saylı Cəzaçəkmə Müəssisəsi paytaxtda yerləşir.

İntiqam Əliyev 2014-cü il avqustun 8-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İntiqam Əliyevin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Dövlət Sosial Müdafiə Fondu ilin birinci yarısına yekun vurub

29.07.2015



dsmf kollegiya 1
Dövlət Sosial Müdafiə Fondunda 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Transparency.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çıxışında qurumun hesabat dövrü ərzində fəaliyyəti barədə danışıb.

Qeyd olunub ki, 2015-ci ilin birinci yarısında fondun gəlirləri 2014-cü ilin müvafiq dövrünə nisbətən 44,8 milyon manat və ya 3,2 faiz artaraq 1466,5 milyon manata yüksəlib: “Hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin birinci yarısı ilə müqayisədə 8 faiz və ya 64,3 milyon manat artaraq 870,2 milyon manat təşkil edib. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 65,3 faizini və ya 568,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 49,1 milyon manat artıqdır.

İlin birinci yarısında fondun xərcləri 1457,7 milyon manat təşkil edib və bunun da 1431 milyon manatı və yaxud 98,2 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 1395,4 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 35,6 milyon manat təşkil edib. 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

1 iyul 2015-ci ilə əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 43 faizdən yuxarı təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir”.

Açıqlamaya görə, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı cari ilin əvvəlinə nisbətən 122,5 min nəfər artaraq 3 milyon 098 min nəfərdən çox təşkil edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi özünü yandıran köçkünlə bağlı açıqlama yayıb

29.07.2015

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti açıqlama yayıb. Açıqlama ağdamlı məcburi köçkün, 1961-ci il təvəllüdlü Sahib Nəsibovun üstünə benzin töküb özünü yandırması ilə bağlıdır. Mediada yer alan xəbərlərə görə, hadisə Bakının Bakıxanov qəsəbəsində baş verib. Sahib Nəsibovun II və III dərəcəli yanıq xəsarəti ilə Respublika Yanıq Mərkəzinə yerləşdirildiyi bildirilir.

İyulun 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti bəyan edib ki, indiyədək ölkənin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 90 müasir tipli qəsəbə və çoxmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilib, 46 min ailə — 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb: “Lakin buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var və Azərbaycan dövləti bu kateqoriyadan olanların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görür. Bu proses dövlət proqramına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.

Ümumilikdə Bakı şəhərində 216 min nəfər məcburi köçkün yaşayır. Bunların əksəriyyəti tikintisi yarımçıq qalmış binalarda, sanatoriyalarda, yataqxanalarda və digər obyektlərdə məskunlaşıblar. Həmin məcburi köçkünlərin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət proqramına əsasən mərhələli şəkildə həyata keçirilir”.

Açıqlamada qeyd olunur ki, bu günlərdə Ağdam rayonundan olan məcburi köçkün Nəsibov Sahib İsmayıl oğlu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna gələrək ona mənzil verilməsini tələb edib, lakin ona verilən heç bir izahatı dinləməyərək özünə yüngül yanıq xəsarətləri yetirib: “Verilən məlumata görə, Sahib Nəsibov 4 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi 29 ünvanında özünə məxsus şəxsi evdə yaşayıb. 2015-ci ilin yanvar ayında həmin evi sataraq qonşuluqda kirayədə yaşayıb. Sahib Nəbirov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməyib”.

Sosial xidmətlə bağlı yeni layihə təqdim edilib

29.07.2015

teqdimat 1
İyulun 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq “Azərbaycanda sosial xidmətlərin inkişafı” adlı yeni Tvinninq layihəsi təqdim edilib.

Nazirliyin rəsmi məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, Tvinninq layihəsinin məqsədi çətin həyat şəraitində olan şəxslərin sosial inklüziyasının təmin edilməsi və müvafiq sahədə qanunvericiliyin, institusional mexanizmlərin daha da təkmilləşdirilməsində ƏƏSMN-ə dəstək göstərməkdən ibarətdir: “Bununla bağlı olaraq layihə çərçivəsində görüləcək işlərdə Avstriyanın müvafiq dövlət qurumu ilə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur”.

Qeyd olunub ki, hazırda ƏƏSMN-nin sosial xidmət müəssisələrində 1182 nəfər tam dövlət təminatında yaşayaraq stasionar şəkildə sosial xidmətlə təmin olunur. Sosial işçilər 12853 nəfərə evlərində səyyar qaydada qulluq edir. Eyni zamanda nazirliyin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları 1500 nəfər ehtiyacı olan uşağa və onların ailələrinə sosial xidmətlər göstərilir.

ƏƏSMN-nin sosial təminat siyasəti şöbəsinin müdiri Səbinə Cəfərova, layihənin rəhbəri Corc Dimitz, ölkə üzrə məsləhətçisi Herbert Paulişin və başqaları layihənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, 4 komponentdən ibarət layihə sosial xidmətlərlə təminatın Avropa İttifaqının ən yaxşı təcrübələrinə müvafiq təkmilləşdirilməsi üçün strateji çərçivənin yaradılmasını, bu sənədə əsasən mövcud qanunvericilikdə dəyişiklikləri nəzərdə tutan sənəd layihələrinin hazırlanmasını ifadə edir.

Layihə üzrə sosial xidmət sisteminin modernləşdirilməsi işləri aparılacaq. Bu prosesin tərkib hissəsi kimi sosial xidmətlər üzrə keyfiyyət standartları və keyfiyyətin idarə olunmasına dair mexanizmlər, sosial xidmət təminatının monitorinqi və qiymətləndirmə sistemləri hazırlanacaq. Yeni sosial xidmət modelləri hazırlanaraq ilk növbədə Bakı şəhərində və üç pilot rayonda sınaqdan keçiriləcək.

Hökumət qərarı: bəzi mallar gömrük rüsumundan azad olunub

29.07.2015

Rəsmi dövlət qəzeti “Azərbaycan” iyulun 29-da Nazirlər Kabinetinin qərarını dərc edib. Transparency.az-ın məlumatına görə, sənəd hökumətin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il qərarında dəyişikliyi nəzərdə tutur.

Yeniliyə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkı üçün idxal edilən qurğular, hissə və ləvazimatlar gömrük rüsumlarından azad olunur.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədədir.

Rusiyalılar sanksiyaların təsiri barədə nə düşünür?

29.07.2015

Rusiyanın “Levada” Araşdırmalar Mərkəzi Qərbin tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına təsiri ilə bağlı sorğu keçirib.

Transparency.az xəbər verir ki, “Levada”nın iyulun 29-da yaydığı nəticələrə görə, rəyi öyrənilən rusiyalıların çoxu sanksiyaların yalnız Qərbə və ya hər iki tərəfə ziyan vurduğunu bildirir. Respondentlərin çoxu Rusiyanın xarici siyasəti ilə ölkədəki iqtisadi durum arasında əlaqə görmür.

Mərkəzin açıqlamasına görə, respondentlərin 41%-i Rusiyanın Ukrayna problemi üzündən beynəlxalq aləmdən təcrid olunmasından narahat deyil. Respondentlərin 18%-i isə ümumiyyətlə bundan narahat olmadığını ifadə edib. Yalnız 8% Rusiyanın təcridindən çox narahatlıq keçirir, 30%-i isə bundan bir qədər narahatdır.

Rusiyalıların 56%-i Qərbin siyasi və iqtisadi sanksiyalarına görə həyəcan keçirmədiyini iddia edir, 41%-i isə əks fikirdədir.

Respondentlərin 48%-i bildirir ki, Avropa İttifaqı və ABŞ-ın sanksiyaları Rusiyada iqtisadi durumun pisləşməsinə çox az təsir edib. 29% isə sanksiyaların ölkənin iqtisadi vəziyyətinə xeyli təsir etdiyini düşünür. Sorğuya cəlb olunan insanların 18%-i isə sanksiyaların Rusiya iqtisadiyyatına ümumiyyətlə təsir etmədiyi qənaətindədir.

Milli Arxiv İdarəsi 6 aylıq işi ilə bağlı hesabat verib

29.07.2015

arxiv 2
Milli Arxiv İdarəsində 2015-ci ilin birinci yarısında görülmüş işlərin nəticələri təhlil olunub. www.milliarxiv.gov.az-ın məlumatına görə, qeyd edilib ki, 2015-ci ilin birinci 6 ayında dövlət arxivlərinə və filiallarına ayrı-ayrı dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan, görkəmli dövlət, elm, mədəniyyət xadimlərindən, vətəndaşlardan, o cümlədən ləğv olunmuş təşkilatlardan 20 yeni arxiv fondu, 10018 kağız əsaslı idarəçilik və elmi-texniki iş, 2622 şəxsi mənşəli sənəd, həmçinin 16 kino, 1587 foto, 528 fono-video sənədə aid uçot vahidi qəbul edilib.

Hesabat dövründə 45-dən artıq təşkilata sənəd fondlarının elmi-texniki cəhətdən qaydaya salınması sahəsində arxiv xidməti göstərilib, nəticədə həmin təşkilatların fəaliyyəti nəticəsində yaranmış 70000-dən artıq işin dəyərinin ekspertizası keçirilib, 4500-ə yaxın daimi və uzun müddət saxlanılan işin arxiv qaydalarına uyğun siyahıları hazırlanıb, o cümlədən müddəti başa çatmış və saxlanılmalı olmayan sənədlərin (işlərin) məhv edilmək üçün ayrılması barədə müəyyən olunmuş formada aktlar tərtib olunub.

Rəsmi açıqlamaya görə, dövlət arxivlərində və filiallarda sənədlərin mühafizəsinin təmin edilməsi və fiziki vəziyyətinin öyrənilməsi məqsədilə 94864-ə yaxın işin mövcudluğu və vəziyyəti yoxlanılıb, fiziki cəhətdən aşınmaq təhlükəsi olan 6149 vərəq və 1068 saxlama vahidi aşkar edilərək, onların mərkəzi laboratoriyada bərpası və cildlənməsi təmin edilib.

Altı ayda Milli Arxiv İdarəsinə, dövlət arxivlərinə və filiallarına vətəndaşlardan və hüquqi şəxslərdən 22562 müxtəlif xarakterli sorğu, o cümlədən 184 elektron müraciət daxil olub. Sorğuların 92%-dən çoxuna müsbət cavab verilib.

Bakıda internet xidmətləri: rəsmi qurum bu ilin göstəricilərini açıqlayıb

30.07.2015



internet

2015-ci ilin birinci yarısında Bakıda internet xidmətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 45 faiz, istifadəçilərin sayı isə 72 faiz artıb. Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) AZƏRTAC-a belə deyiblər.

Rəsmi məlumata görə, BTRİB paytaxtın kənd və qəsəbələrindəki elektron ATS-lərin yeni nəsil şəbəkə avadanlığı əsasında rekonstruksiyasını həyata keçirib. Sakinlərin yüksək sürətli internet xidmətləri ilə təmin edilməsi istiqamətində də işlər görülüb. Genişzolaqlı rabitə xidmətlərinin tətbiqi üçün ATS-lərdə ADSL avadanlığının montaj tutumlarının sayı 207 min 640 ədədə çatdırılıb. Kənar provayderlərə (operatorlara) məxsus ADSL-lər də nəzərə alındıqda BTRİB-nin şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə imkanlığı 380 min 640 port olub.

Hazırda BTRİB istifadəçilərə ayda 2,5 milyon manat həcmində internet xidmətləri göstərir. Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 6 ayında internet xidmətlərindən əldə edilən gəlirlərin həcmi 8,3 faiz artıb.

“Facebook” kasıblayır?

30.07.2015



fecebook

Bu ilin ikinci rübündə “Facebook” sosial şəbəkəsinin gəlirləri 9 faiz azalıb. Şirkətin hesabatına görə, sosial şəbəkə mobil cihazlar üçün məhsulların hazırlanmasına ikinci rübdə böyük miqdarda sərmayə yatırıb, 3 ay ərzində “Facebook”un xərcləri 82 faiz artaraq 2,77 milyard dollara çatıb.

Transparency.az bildirir ki, 11 il öncə Mark Suxerberqin yaratdığı şəbəkənin ötən ilin ikinci rübündə xalis mənfəəti 2013-cü illə müqayisədə 138 faiz, ümumi gəliri 61 faiz artmışdı.

Yeni hesabatda deyilir ki, 2015-ci ilin ikinci rübündə mobil reklamdan əldə olunan gəlir ümumi reklamın 76 faizini təşkil edib ki, bu da 3,8 milyard dollardan artıq olub.

İyunda gündəlik aktiv istifadəçilərin sayı ötən illə müqayisədə 17 faiz yüksələrək 968 milyon nəfərə çatıb. Eyni zamanda gündəlik mobil istifadəçilərin sayı ötən ilə nisbətdə 29% artıb və 844 milyona yüksəlib.

Ötən ay “Facebook”a 1,49 milyard nəfər daxil olub. Mobil cihazlar vasitəsilə bu sosial şəbəkədən 1,31 milyard nəfər istifadə edib.

AZƏRTAC-ın məlumatına əsasən, hazırda “Facebook”un ümumi dəyəri 276 milyard 400 milyon dollardır.

Təhqiqatçı jurnalistə Con Aubuçon Mətbuat Azadlığı Mükafatı verilib

30.07.2015

xadica 01

ABŞ Milli Mətbuat Klubu təhqiqatçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılı Con Aubuçon Mətbuat Azadlığı Mükafatı ilə təltif edib. Məhbus jurnalistin adından mükafatı iyulun 29-da “Azadlıq” radiosunun baş redaktoru Nenad Pejiç qəbul edib.

www.azadliq.org-un məlumatına görə, Vaşinqtonda keçirilən təqdimat mərasimində Nenad Pejic deyib ki, Xədicə jurnalist fəaliyyətinə görə məhbəsdədir: “​O, “toxunulmaz” mövzulardan yan keçməklə həyatını asanlaşdırmır, Azərbaycanda korrupsiyanı faş edən yazılarını dərc edirdi. Azərbaycan hakimiyyəti onun məqalələrini görməməzliyə vura və ya onun təhqiqatlarını sual altına ala bilərdi. Amma burada sual ediləcək heç nə yoxdur, faktlar hər şeyi deyirdi”.

Xədicə İsmayıl 1976-cı ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl özünü öldürməyə cəhd həddinə çatdırmaq, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

İyulun 24-ü Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı avqustun 7-nə təyin olunub.

“Təmiz hava” aylığında hansı tədbirlərin görüləcəyi bəyan edilib

30.07.2015

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ərazi ekologiya və təbii sərvətlər şöbələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə 2015-ci ilin avqust ayında “Təmiz hava” aylığı tədbirləri həyata keçirəcək. www.eco.gov.az-ın məlumatına görə, məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsidir.

“Təmiz hava” aylığı çərçivəsində ETSN-nin və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda “Atmosfer havasının mühafizəsi haqqında” qanunun tələblərinə əməl olunmasına nəzarət məqsədilə avtonəqliyyat müəssisələrində və nəqliyyat sexlərində yoxlamalar aparacaqlar. Yoxlamaya cəlb olunmuş avtomobillərdən atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunarsa bu avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görüləcək.

Gömrük məmurlarının iş adamları ilə görüşü keçirilib

30.07.2015

İyulun 29-u Bakı Baş Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib. Transparency.az Dövlət Gömrük Komitəsinin saytına istinadla xəbər verir ki, komitə sədrinin müavini Şahin Bağırov görüşdə sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə problemlərin birgə həll edilməsinə müsbət təsir göstərdiyini vurğulayıb. Sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirən Şahin Bağırov gömrük orqanları və iş adamları arasında ənənəvi görüşlərin də ümumi işə faydasını, həmçinin gömrükxidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu vurğulayıb. Son dövr ölkədə baş verən iqtisadi proseslər, eləcə də idxal-ixrac əməliyyatlarının vəziyyətinə toxunan komitə sədrinin müavini iş adamları ilə görüşün məqsədinin də bu sahədə sahibkarların fikirlərini, onları düşündürən məsələləri və yeni təklifləri öyrənmək olduğunu vurğulayıb.

Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov ölkədə neft sektorundan asılılığın aradan qaldırılması istiqamətində aparılan islahatlardan danışıb. O qeyd edib ki, bunun üçün daxili istehsal inkişaf etməlidir: “Daxili istehsalın bir çox növlərinin xaricdən idxal olunan xammal və komponentlərin hesabına formalaşdığını nəzərə alaraq bu sahədə iş adamları ilə qanun çərçivəsində əməkdaşlıq etməyə hazırıq. Məqsədimiz yerli istehsal hesabına ixrac potensialının gücləndirilməsinə köməklik göstərməklə öz töhfəmizi verməkdir”.

Görüşdə çıxış edən sahibkarlar təkliflərlə çıxış ediblər. İş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

gorush 1

gorush 2

“Şell”in mənfəəti 37% azalıb, 6500 iş yeri ixtisara düşür

30.07.2015

“Royal Dutch Shell” Niderland-Böyük Britaniya neft-qaz şirkəti 2015-ci ilin ikinci rübündə təmiz mənfəətinin 37% azaldığını bəyan edib. Transparency.az xəbər verir ki, açıqlamaya görə, şirkətin mənfəəti 3,8 milyard ABŞ dolları azalaraq 6,1 milyarddan 3,2 milyarda enib.

“Royal Dutch Shell” in təmiz mənfəəti ilk yarım ildə 14% azalaraq 8 milyard 416 milyon dollar təşkil edib. Yanvar-iyun aylarında şirkətin gəliri 36,5%, yəni 138 milyard 108 milyon, rüblük göstərici isə 35%, yəni 72 milyard 402 milyon dollar azalıb.

Şirkət xərclərini azaltdığına görə 6500 iş yeri ixtisara düşəcək.

Rusiyadan Azərbaycana və əks istiqamətdə nə qədər pul köçürüldüyü bəlli olub

30.07.2015

Bu ilin birinci rübündə pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transfertlərinin həcmi 182 milyon dollar olub. APA-Economics Rusiyanın Mərkəzi Bankına istinadla xəbər verir ki, bu, 2014-cü ilin birinci rübü ilə müqayisədə 109 milyon manat və ya 37,4% azdır.

Məlumata görə, bu ilin ilk 3 ayında Rusiyadan Azərbaycana 126 milyon ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 124 milyon ABŞ dolları və ya 49,6% az deməkdir.

Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmində isə artım müşahidə olunub. Bu ilin yanvar-mart aylarında ölkədən şimal qonşuya ümumilikdə 56 milyon ABŞ dolları həcmində pul köçürülüb. Bu, 2014-cü ilin müvafiq dövründəkindən 15 milyon ABŞ dolları və ya 36,6% çoxdur.

Müdafiə Nazirliyinin üç baş zabiti rüşvət ittihamı ilə həbs olunub

30.07.2015

Azərbaycanda yüksək rütbəli hərbçilər tutulub. Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri — 1974-cü il təvəllüdlü Seymur Sahib oğlu Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Mail oğlu Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Mikayıl oğlu Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma — külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirlər. Onların hər biri barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı ciddi qanun pozuntularına yol verdikləri üçün müvafiq araşdırma aparılıb və toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Həmin materiallar əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hazırda istintaq aparır.

Yarım ildə Vergi Apellyasiya Şurasında 11 müraciətə baxılıb

30.07.2015

2015-ci ilin birinci yarısı ərzində Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının icraatında 14 müraciət olub. 8-i kameral vergi yoxlamasının, 3-ü səyyar vergi yoxlamasının, 3-ü isə operativ vergi nəzarətinin nəticələri ilə bağlı müraciətlərdən 11-nə baxılaraq qərarlar qəbul edilib, 3 müraciət isə 1 iyul 2015-ci ilə qalıq qalıb. 1 müraciət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün Böyük Britaniyanın vergi orqanına sorğu göndərilib.

www.taxes.gov.az-ın məlumatına görə, şurada baxılaraq qərarlar qəbul edilmiş 11 müraciətin 4-ü tam və ya qismən təmin edilib, 4-ü təmin edilməyib, 1-nin icraatına xitam verilib, 2-si isə baxılmadan saxlanıb.

11 müraciətdən 10-u vergi ödəyicisinin təkrar şikayəti üzrə, 1-i isə vergi orqanının müraciəti üzrə olub.

Transparency.az bildirir ki, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, onların təkrar şikayətlərinə (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması, habelə məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl edilməklə mübahisələrin obyektiv şəkildə həll edilməsi məqsədilə Vergilər Nazirliyində 7 mart 2008-ci ildən etibarən Vergi Apellyasiya Şurası fəaliyyət göstərir.

Vergi orqanlarının qəbul etdiyi inzibati aktlarla bağlı vergi ödəyiciləri tərəfindən verilmiş ərizə və ya şikayətlərin (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) nəticəsi üzrə Vergilər Nazirliyinin aparatının struktur vahidləri tərəfindən qəbul edilmiş inzibati qərarlardan həmin vergi ödəyiciləri narazı olduqda bununla bağlı Apellyasiya Şurasına təkrar şikayətlə müraciət edə bilərlər.

Ucuzlaşdırma qərarı: 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib

31.07.2015



lekarstvo

İyulun 30-da Tarif (qiymət) Şurasının iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanıb. Transparency.az bildirir ki, rəsmi açıqlamaya görə, iclasda həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri sentyabrın 15-dən qüvvəyə minəcək. Həmin tarixdən Tarif Şurasının qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.

Tarif Şurası bəyan edib ki, hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib (Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurasında təsdiqlənən qiymətləri).

Müdafiə Sənayesi Nazirliyi səyyar kollegiya iclası keçirib

31.07.2015

msn
Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2015-ci ilin birinci yarısının yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib. Mdi.gov.az-ın məlumatına görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib.

Kollegiyada bildirilib ki, Müdafiə Sənayesi Nazirliyi ilin ilk 6 ayını uğurlu nəticələrlə başa vurub. Hesabat dövründə nazirliyin müəssisələrində 2015-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də mülki məmulat istehsalının genişləndirilməsi davam etdirilib.

Hesabat dövründə istehsal olunan məmulatların 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki məmulatlardır. Mülki məhsulların istehsalı üzrə proqnoza 106 faiz əməl olunub.

2015-ci ilin istehsal proqramına uyğun olaraq birinci yarım ildə nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri aparılıb. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə 20 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir.

Kollegiyada qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar may ayında Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş olunub. Bu sərgiyə Müdafiə Sənayesi Nazirliyi 184 adda müdafiə təyinatlı məmulat çıxarıb.

Vergi borcunu ödəyən məhbusun cəzası 3 ay azaldıldı

31.07.2015

resul ceferov

İyulun 31-i Bakı Apellyasiya Məhkəməsində həbsdə olan İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun şikayəti əsasında proses keçirilib. Rəsul Cəfərov ötən il avqustun 2-də həbs edilib. Bu il aprelin 16-da hüquq müdafiəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, mənimsəmədə təqsirli bilinib.

Bu həftə Rəsul Cəfərovun açıqlaması yayılıb. Açıqlamada qeyd olunub ki, vergi borcunu ödəyib, həmin ittihama xitam veriləcəyini və təyin edilmiş cəzanın aradan qaldırılacağını gözləyir: “Bu addımın hüquqi deyil, həm də ictimai-siyasi əhəmiyyət daşıdığına inanıram. Çünki vergi borcunu yalnız ittihamlardan birinə xitam verilməsi və cəzanın yüngülləşdirilməsi üçün ödəməmişəm. Bu addımı hakimiyyətlə dialoqa hazır olmağımı göstərmək üçün atmışam”.

APA-nın məlumatına görə, iyulun 31-i Bakı Apellyasiya Məhkəməsinə Bakı Vergilər Departamentinin Rəsul Cəfərovun vergi borcunun ödənilməsinə dair məktubu təqdim edilib. Vəkil Fariz Namazlı Rəsul Cəfərovun hər hansı vergi borcunun olmadığıni əsas gətirərək işin Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə bağlı hissəsinə xitam verilməsinə dair vəsatət qaldırıb. Buna dövlət ittihamçısı da etiraz etməyib. Məhkəmə 213-cü maddə üzrə cinayət tərkibinə xitam verib. Bununla da Rəsul Cəfərovun cəzası 3 ay azaldılaraq 6 il 3 ay müddətində saxlanıb.

“Şəhriyar-99”da məhsul istehsalı yasaqlanıb. GMO sınaqları isə davam edir

31.07.2015

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni açıqlamalar yayıb. Qeyd olunur ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən polad əritmə və tökmə, 6 və 8 millimetrlik polad yuvarlaq, çoxpilləli seksiyalı mərkəzdənqaçma nasosları və mancanaq dəzgahlarının hissələri istehsalı ilə məşğul olan “Şəhriyar-99” firmasında dövlət nəzarəti tədbirləri həyata keçirib: “Araşdırma zamanı məlum olub ki, firmanın istehsal sahəsi 6 və 8 millimetrlik polad yuvarlaq (katinka) istehsalı üçün nəzərdə tutulub. Lakin müəssisədə çoxpilləli seksiyalı mərkəzdənqaçma nasosları və mancanaq dəzgahlarının hissələri də istehsal olunub. Həmin məhsullar uyğunluq sertifikatı olmadan istehsal edilib.

Polad yuvarlaqları istehsal edən dəzgahların ehtiyat hissələrinin hazırlanmasında istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi də müəyyən olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və məhsulların istehsalına qadağa qoyulub”.

www.azstand.gov.az-da yayılan başqa bir rəsmi məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi genetik modifikasiya olunmuş (GMO) bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması uşun tədbirlər görür: “Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsuldan nümunə götürərək laborator müayinə üçün Təcrübə — Sınaq Mərkəzinin (AzTest) GMO məhsulların sınağı laboratoriyasına təqdim edilib. Bu nümunələr 5 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur, arpa yarması, kartof çipsisi, sezar sousu, italyan ketçupu, badamlı və vaflilli südlü şokolad məhsullarıdır.

4 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur məhsullarından götürülmüş nümunələrin sınaqları başa çatıb. Həmin məhsulların tərkibində GMO aşkar edilməyib. Digər məhsulların sınağı isə davam edir. Sınaq nəticələri davamlı olaraq ictimaiyyətə açıqlanacaq”.

“Yeyinti məhsulları haqqında” qanunun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub.

Ermənistanda demoqrafik vəziyyətlə bağlı yeni statistika

31.07.2015

2015-ci ilin ilk yarım ilində Ermənistan əhalisinin sayı 5 min 100 nəfərə qədər azalıb. Transparency.az bildirir ki, Milli Statistika Xidmətinin 2015-ci ilin iyulun 1-nə olan hesablamasına görə, ölkə əhalisinin sayı 3 milyon 5 min 500 nəfərdir.

Qurum Ermənistanda əhali sayının hesabat dövründə 5 min 100 nəfərə qədər azalmasını mənfi miqrasiya saldosunun (9 min 200 nəfər) təbii artıma nisbətdə çoxalması ilə əlaqələndirib. Cari ilin iyun ayının sonuna olan vəziyyətə görə, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin sayı 4 min 300 nəfər azalıb.

Məlumata görə, ilk yarım ildə ölkədə doğulan uşaqların sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalaraq 18 min 719 nəfər təşkil edib. Məlumatda hesabat dövründə ölüm hallarının da 0,9% azaldığı (14 min 628 nəfər) qeyd olunur. Beləliklə, Ermənistanda əhalinin artımı 8,6% azalaraq 4 min 91 nəfər təşkil edib.

Azərbaycanda keçirilən Dünya Kimya Olimpiadası ilə bağlı hesabat açıqlanıb

31.07.2015

olimpiya 1
Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə iyulun 20-29-da Azərbaycanda keçirilən 47-ci Dünya Kimya Olimpiadası ilə bağlı hesabat açıqlanıb. AZƏRTAC xəbər verir ki, bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, 250-dən artıq kimya alimi, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər və qrup rəhbərləri iştirak ediblər.

Yarışmada 190 medal qazanılıb. 92 nəfər bürünc medala layiq görülüb. Bürünc medalçılar arasında 51 ölkənin təmsilçiləri var. Azərbaycan 2 bürünc medal əldə edib: Akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin və “İstək” liseyinin 10-cu sinif şagirdi Hüseyn Babayev.

33 ölkədən 63 nəfər Ümumdünya Kimya Olimpiadasının gümüş medalını qazanıb.

Bakıdakı yarışma 22 ölkədən olan 35 iştirakçıya qızıl medal bəxş edib: Çin (4 medal), Tayvan (4 medal), Koreya (4 medal), Hindistan (2 medal), Yaponiya (2 medal), Rusiya (2 medal), Rumıniya (2 medal), Sinqapur, Polşa, Qazaxıstan, Almaniya, ABŞ, Litva, Tailand, Estoniya, Vyetnam, Macarıstan, Slovakiya, Serbiya, Çex Respublikası, Türkiyə və İran.

Nəticələrə görə, Çin komandasının üzvü Yifu Ouyanq həm “Birincilər birincisi”, həm də “Ən yaxşı nəzəriyyəçi” adına layiq görülüb. ABŞ təmsilçisi David İ-Hsuan Vanq “Ən yaxşı təcrübəçi” adını qazanıb.

Bütün kateqoriyalı torpaqlar elektron uçota alınacaq

31.07.2015

torpaq 1
Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə və Qazaxda torpaqların təyinatı üzrə istifadəsi və torpaq müfəttişlərinin fəaliyyəti ilə bağlı işgüzar forum keçirib. Forum Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər, Qazax, Şəmkir, Tovuz, Ağstafa və Gədəbəy rayonlarını əhatə edib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, icra hakimiyyətlərinin rəhbərliyi, bələdiyyə sədrləri və üzvləri, ictimai təşkilatlar iştirak ediblər.

Transparency.az bildirir ki, komitənin 31 iyul məlumatına görə, iyulun əvvəlindən start verilən və indiyədək Şirvan, Ucar, Şamaxı, Sumqayıt, Mingəçevir və Şəkidə təşkil olunan forumlarda məqsəd dövlət torpaqlarının mühafizəsi və qorunmasına vahid dövlət nəzarəti, torpaqların təyinatı üzrə istifadəsi və torpaq müfəttişlərinin fəaliyyəti barədə tədbirlərin açıqlanmasıdır.

Tədbirdə qeyd olunub ki, ölkə prezidenti mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə 4 may 2015-ci ildə fərman imzalayıb, Əmlak Məsələləri Dövlət Komitəsinin yeni əsasnaməsi təsdiq edilib. Fərmanla torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar komitəyə həvalə olunub. Torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarəti və torpaq bazarının təşkili komitənin yeni fəaliyyət istiqamətlərinə aid edilib. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipinin tətbiqi, torpaq idarəçiliyinin təkmilləşdirilməsi və konstitusiyada əks olunmuş mülkiyyət növləri üzrə sərhədlərin dəqiqləşdirilməsi nəzərdə tutulub. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyinin və şəffaflığın kifayət qədər artması deməkdir.

Bildirilib ki, yeni əsasnamə ilə Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib. Komitənin şəhər və rayonlar üzrə müfəttişləri dövlət torpaqlarının mühafizəsinə, qorunmasına, kateqoriyasına zidd istifadəsinə nəzarəti həyata keçirirlər. Müfəttişlər mütəmadi qaydada monitorinq və müşahidələr aparır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirirlər. Pozuntularla əlaqədar torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq edilir.

Bildirilib ki, hazırda bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir. Bu prosesə beynəlxalq ekspertlər cəlb olunur. Bu sistem ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.

Forumda torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində yeni prinsiplər və mexanizmlər barədə ətraflı məlumat verilib. Yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin torpaqların kateqoriyaları və istifadəsində hüquq və vəzifələri nəzərə çatdırılıb. Torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyası, təyinatına zidd olaraq torpaq sahələrində tikintilərin aparılması barədə görülən tədbirlərdən bəhs olunub. Torpaqların təyinatına zidd istifadəsi nəticəsində torpağın münbitliyinə və yararlılığına olan mənfi təsirlər və gələcəkdə yaradacağı ziyanlar barədə məlumat verilib. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Neqativ halların qarşısının alınması, torpaq qanunvericilinin tələblərinin pozulması, cinayət məsuliyyətinə səbəb olan hallar, bununla bağlı inzibati xətalar və sanksiyalar barədə ətraflı məlumat verilib. Sənaye məqsədli sahələrdə və ya örüş, otlaq sahələrində yaşayış məqsədilə evlərin, əkin sahələrində sənaye-emal obyektlərinin tikintisinə yol verilməməsi barədə məsələlər nəzərə çatdırılıb.

Forumda torpaqların mühafizə zonaları ilə qanunvericiliyə riayət olunması məsələlərinə də toxunulub. Dəmir yolu, avtomobil yolları, elektrik xətləri, qaz təchizatı, ixrac neft boru və su mühafizə zonalarının sərhədləri, sahil mühafizə zolaqları barədə məlumat verilib. Bu mühafizə zonaları ilə bağlı tələblərə əsasən torpaqların istifadəsi məsələləri izah olunub. Diqqətə çatdırılıb ki, mühafizə zolaqlarında qanunla müəyyən edilmiş məsafələr nəzərə alınmamaqla tikintilərin aparılması qanuna ziddir.

Tədbirdə həmçinin torpaqların təyinatına zidd olaraq istifadə olunması ilə bağlı məsələlərə toxunulub. Pay torpağı almış vətəndaşların xüsusi mülkiyyətlərində olan həmin torpaqlardan ümumiyyətlə istifadə etməməsi və ya təyinatına zidd istifadəsi barədə məsələlər müzakirə olunub. Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə hüquq və vəzifələri barədə məlumat verilib. Bildirilib ki, komitənin müvafiq qurumların verilmiş qanunazidd qərarlarının icrasını dayandırmaq və ləğv etmək barədə məsələ və ya məhkəmə iddiası qaldırmaq hüququ var. Həmçinin təyinatına zidd istifadə hallarında torpağın istifadəçidən geri alınması barədə tədbirlər görülür.

 

Korrupsiya cinayətləri üzrə 99 iş tamamlanıb



31.07.2015

bash prokurorluq

İyulun 31-i Baş Prokurorluqda 2015-ci ilin birinci yarım ilinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Baş prokuror Zakir Qaralov müşavirədə məruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsində ölkədə ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, həmçinin xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqının yüksək peşəkarlıqla davam etdirildiyi xüsusi vurğulanıb.

Müşavirədə qeyd olunub ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Qeyd olunub ki, rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 95 milyon manat ziyandan istintaq müddətində 30 milyon manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Xəbəri Baş Prokurorluğun mətbuat xidmətinə istinadla APA yayıb.




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin