Ramil Usubov qeyd edib ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, cinayətlərin dəqiq uçotunun aparılması məqsədilə 2007-ci ildə “102” Xidməti — Zəng Mərkəzi Sistemi yaradılıb: “İstifadəyə verilmiş “102”, “902” və “1002” qaynar xətləri, veb-sayt və elektron poçt ünvanı daxil olan müraciətlərin dərhal nəzarətə götürülərək operativ həllinə, bütövlükdə fəaliyyətin insan meyarı kimi ali prinsip üzərində qurulmasına xidmət edir. Hüquq qaydasına riayət edilməsinə nəzarətin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi üçün 2009-cu ildə “Təhlükəsiz Şəhər” Avtomatik İdarəetmə sistemi yaradılıb. Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, təqsirləndirilən şəxslərin axtarışı, ictimai asayişin qorunması, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-dan çox informasiya sistemi istismara verilib”.
Nazir deyib ki, təkcə 2015-ci ildə və cari ilin ötən dövründə 80 mindən çox ərizə və şikayət araşdırılıb, nazirliyin rəhbərliyi və struktur xidmətləri paytaxtda və müxtəlif bölgələrdə 7 minə yaxın şəxs qəbul edib: “Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub”.
Onun sözlərinə görə, 1991-ci ildən bəri Daxili İşlər Nazirliyinin 1211 əməkdaşı və hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülüb: “Bu peşə bayramı ərəfəsində ölkə prezidentinin sərəncamları ilə 41 əməkdaş “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib, 2 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbə verilib”.
“Bank Standard”da ödənişlərə qadağa aradan qalxdı
04.07.2016
Maliyyə Bazarlarına Nəzarət Palatası yeni məlumat yayıb. Qeyd olunur ki, “Bank Standard”da yaranmış problemlərin tənzimlənməsi məqsədilə mayın 3-dən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib: “Kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə məhkəmə qərarı ilə iyulun 4-dək moratorium tətbiq olunub, sosial ödənişlərin icrası üçünsə Mərkəzi Bankdan likvidlik dəstəyi göstərilib.
Ötən dövr ərzində bankın aktivlərinin səfərbər olunması istiqamətində görülmüş tədbirlər nəticəsində iyun ayından xırda əmanətlərin ödənilməsinə başlanıb, “Bank Standard”ın maliyyə dayanıqlılığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramı hazırlanıb.
Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusi çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib. Qərara əsasən, “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər Türk Bank” ASC vasitəsilə sağlamlaşdırılacaq. Sağlamlaşdırma proqramına görə, “Azər Türk Bank” ASC avqustun 3-dək “Bank Standard”ın idarəetmə orqanlarını yenidən formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini tam həcmdə bərpa edəcək.
Bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait var. Vəsaitlər sanator-bank olan “Azər Türk Bank” ASC-dən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına bir illik kredit xətti formasında ayrılıb. İyulun 4-dən “Bank Standard”da əmanətlərin ödənişi üzrə mövcud moratoriumun vaxtının bitməsi ilə əlaqədar müvafiq məhdudiyyətlər aradan qaldırılıb və hüquqi və fiziki şəxslər artıq öz vəsaitlərindən istifadə edə bilərlər”.
İyun ayında Təhsil Nazirliyinə 16655 müraciət daxil olub
04.07.2016
Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt” xidməti: 146) 2016-cı ilin iyun ayında daxil olan zənglər və vətəndaşların qəbulu mərkəzində göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Rəsmi hesabata görə, ay ərzində nazirlik 16655 müraciət alıb. Telefon məlumat mərkəzinə 12683 zəng (2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox) daxil olub, vətəndaşların qəbulu mərkəzində isə 3972 vətəndaşa xidmət göstərilib. Nazirlik 1168 sənəd (519 məktub, 476 ərizə, 173 digər sənədlər) qəbul edib.
Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması, müəllimlərin yerdəyişməsi və işə qəbulu, ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.
TANAP 49 il işləyə bilər
04.07.2016
Trans-Anadolu qaz boru kəməri (TANAP) üzrə nəzərdə tutulan daşınma tarifi hər min kubmetr qaza 70 dollar olacaq, nəql ediləcək min kubmetr qaz üçün Türkiyəyə 5,95 dollar vergi ödənəcək. AZƏRTAC-ın məlumatına görə, TANAP-ın baş direktoru Saltuk Düzyol belə deyib.
Baş direktor bildirib ki, hazırda layihə çərçivəsində tikinti sahələrində 6 min, ümumilikdə isə 15 min nəfər çalışır: “TANAP-ın Türkiyə hissəsində 4,5 milyard dollarlıq iş icra edilir. Bunun da 80 faizini, yəni 3,6 milyard dollarlıq iş həcmini Türkiyə şirkətləri həyata keçirir. Layihənin 11,2 milyard dollarlıq sərmayə ilə tamamlanması nəzərdə tutulurdu. Neft və poladın qiymətlərinin ucuzlaşması layihənin xərclərinin 2,5 milyard dollaradək azalmasına səbəb olub”.
Saltuk Düzyol bildirib ki, 2018-ci ilin iyunundan Əskişəhərdə ilk qazın Türkiyəyə paylanması planlaşdırılır: “İlkin mərhələdə 2 milyard kubmetr qaz nəql olunacaq. Qarşıdakı 3 ildə bu həcm 6 milyard kubmetrə çatacaq. Boru kəməri 25 illik müddətə nəzərdə tutulub, bu müddət 49 ilə kimi uzadıla bilər”.
Azərbaycan qazını nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard dollardır.
Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Dolların rəsmi kursu: ötən ay və il ərzində
04.07.2016
İyunun ilk günü 1 ABŞ dolları 1,4918 manata satılıb və məzənnə bütün ay boyu qalxa-qalxa dəyişib. Ayın sonuncu günü dollar 1,5394 manata təklif edilib.
Transparency.az bildirir ki, iyunda dolların məzənnəsi belə dəyişib:
2 iyun – 1,4934 manat
3 iyun – 1,4964 manat
6 iyun – 1,4994 manat
7 iyun – 1,5024 manat
8 iyun – 1,5054 manat
9 iyun – 1,5084 manat
10 iyun – 1,5114 manat
14 iyun – 1,5120 manat
16 iyun – 1,5150 manat
17 iyun – 1,5180 manat
20 iyun – 1,5210 manat
21 iyun – 1,5240 manat
22 iyun – 1,5270 manat
23 iyun – 1,5301 manat
24 iyun – 1,5332 manat
29 iyun – 1,5363 manat.
2015-ci il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçib, rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb və yuxarı doğru istiqamət götürüb.
Bu il dolların ən aşağı qiyməti mayın 25-i və 26-da qeydə alınıb: 1 dollar 1,4900 manata satılıb. Mayda dolların ən yuxarı qiyməti ayın 6-da olub: 1,5100 manat.
Apreldə dolların kursunda aşağı hədd 1,5006 manat, ən yuxarı qiymət 1,5264 manat olub.
ABŞ dollarının ən yüksək rəsmi qiyməti martda qeydə alınıb. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub. Ay üzrə ən aşağı qiymət martın 1-də olub: 1,5687 manat.
Fevralda dolların ən aşağı qiyməti ayın 24-nə təsadüf edib: 1,5593 manat. Ən yuxarı qiymət isə fevralın 1-də olub: 1,5972 manat.
İlin ilk ayında isə dolların kursunda ən aşağı hədd ayın 5-də qeydə alınıb: 1,5610 manat. Ayın 25-də dolların rəsmi məzənnəsi 1,6054 manat olaraq ən yüksək həddə çatıb.
Nazirlik elektron xidmət hesabatı açıqlayıb
04.07.2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, iyun ayında nazirliyin elektron xidmətlərindən 470 min 204 istifadə qeydə alınıb. Hesabata görə, ötən ay əhali “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 121 min 474 dəfə, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidmətindən 148 min 805 dəfə faydalanıb.
Bu ilin may ayı ilə müqayisədə iyun ayında “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən istifadə sayı 22,3 faiz artaraq 46 min 377-yə, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən istifadə sayı 35,5 faiz artaraq 29 min 714-ə, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən istifadə sayı 27 faiz artaraq 27 min 923-ə çatıb. “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə isə 19 min 627 dəfə müraciət edilib, bu da əvvəlki may ayı ilə müqayisədə 10,5 faiz çoxdur.
Vətəndaşlar iyun ayında “Sığortaolunanın onlayn uçota alınması” e-xidmətindən 12 min 881 dəfə, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən 9 min 445 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 5 min 536 dəfə, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidmətindən 5 min 442 dəfə yararlanıb.
Ümumilikdə cari ilin yanvar-iyun aylarında vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 3 milyon 152 min 158 dəfə faydalanıb.
Qazaxıstandakı terrora görə 9 nəfərin həbsinə sanksiya verilib
04.07.2016
Qazaxıstanın Aktobe Şəhər Məhkəməsi iyun ayında bu şəhərdə törədilmiş terror aktlarının 9 iştirakçısının həbsinə sanksiya verib. Novator.az-ın məlumatına görə, sanksiyanı hakim Aliyə Tajikenova çıxarıb.
İyunun 5-də Qazaxıstanın Aktobe şəhərində qanlı hadisələr baş verib. Bir qrup dini radikal iki silah mağazasına və hərbi hissəyə hücum edib. Nəticədə 7 nəfər həlak olub. Onlardan 3-ü polis əməkdaşı, 4-ü mülki şəxsdir. Antiterror əməliyyatları zamanı terroçulardan 18 nəfəri öldürülüb, 9-u tutulub. Terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyatlar iyunun 12-də başa çatıb.
Hazırda istintaq təcridxanasında saxlanan 9 nəfərin 16-29-yaş arasında olduqları bildirilir.
Müdafiə Nazirliyi xüsusi rejim tətbiq edib
04.07.2016
İyulun 4-də Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Bildirilir ki, havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə xüsusi rejim tətbiq olunur: “Havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri səhər saat 11-dək və axşam 5-dən sonra keçirilir. Eyni zamanda hərbi qulluqçulara günorta saatlarında istirahət üçün vaxt verilir.
Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisioner və ventilyatorlar işləyir. Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib”.
Ötən il Ədliyyə Nazirliyində 330 nəfər vəzifədə irəli çəkilib
04.07.2016
Ötən il Ədliyyə Nazirliyində 330 nəfər vəzifədə irəli çəkilib, rotasiya prinsipi ilə 100 nəfərin iş yeri dəyişdirilib. Bu rəqəmlər ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında səsləndirilib.
Rəsmi məlumata görə, kollegiyada qeyd olunub ki, ötən il qəbul edilmiş “Vətəndaşların müraciətləri haqqında” qanunun tələblərinə uyğun olaraq nazirlikdə vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi təkmilləşdirilir, cari ildə daxil olmuş 24 min müraciətə baxılıb, nazirliyin rəhbərliyi 1000-dək vətəndaşı qəbul edib.
İclasda həmçinin nazirlikdə kadrlarla işə dair hesabat dinlənilib. Qeyd olunub ki, son 10 ildə ədliyyə orqanları hazırlıqlı, mənəvi cəhətdən saf kadrlarla komplektləşdirilərək 5500-ə yaxın mütəxəssis işə qəbul edilib. Ədliyyə orqanlarında çalışan işçilərin təxminən yarısı gənclərdir: “Qulluğa qəbul prosedurları xeyli sadələşdirilib, test imtahanında iştirak etmək üçün elektron qaydada ərizə ilə müraciət etmək kifayətdir və müsabiqələr mütəmadi xarakter daşıyır. Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunub, uğur qazanan namizədlər icbari təlimə cəlb edilirlər.
Kadrların potensialından səmərəli istifadə olunması məqsədilə təkcə ötən il 330 nəfər vəzifədə irəli çəkilib, rotasiya prinsipi ilə 100 nəfərin iş yeri dəyişdirilib. Ümumiyyətlə isə son illərdə 150-dək əməkdaş yuxarı dövlət hakimiyyəti orqanlarına, həmçinin rəhbər vəzifələrə irəli çəkilib, hakim təyin olunublar”.
113 qurum üzrə 5 milyard 791,8 milyon manat məbləğində vəsait təhlil edilib
04.07.2016
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. O deyib ki, ötən il dövlət büdcəsinin gəlirləri son beş ildə ilk dəfə proqnozla müqayisədə az icra edilib: “Gəlirlərin nəzərdə tutulmuş məbləğlə müqayisədə 90 faiz səviyyəsində icra olunmasının və əvvəlki illərlə müqayisədə azalmaların əsas səbəbi neftin qiymətinin proqnoz göstəricisindən 40,4 faiz az olması, nəticədə dövlət büdcəsinə daxilolmaların 84,3 faizini təşkil edən Dövlət Neft Fondundan daxilolmaların 78,3 faiz səviyyəsində yerinə yetirilməsidir. Bu, əvvəlki illə müqayisədə 12,9 faiz aşağı göstəricidir.
Digər daxilolmalara gəlincə, Vergilər Nazirliyi və Gömrük Komitəsi üzrə nəzərdə tutulmuş məbləğ 2014-cü illə müqayisədə artımla və proqnozun 100,1 faizi səviyyəsində icra edilib. Ayrı-ayrı tədiyyə növlərinə gəldikdə isə proqnozlar 7 mənbə üzrə 100 faizdən çox, 4 mənbə üzrə 100 faiz səviyyəsində, 5 mənbə üzrə isə kəsirlə yerinə yetirilib”.
Dövlət büdcəsinin xərclərindən danışan Hesablama Palatasının sədri qeyd edib ki, ötən il dövlət büdcəsinin xərcləri 21 milyard 100 milyon manata qarşı 84,3 faiz səviyyəsində icra edilib və icra prosesini xarakterizə edən birinci məqam vəsaitlərin il boyu xərclənmə ardıcıllığı ilə bağlıdır: “Hesabat ilində ümumi xərclərin 48,2 faizi ilin birinci yarısında, 51,8 faizi isə ikinci yarısında, ümumi büdcə xərclərinin 31,6 faizi isə hesabat ilinin sonuncu rübündə icra olunub. İkinci məqam il ərzində aparılmış dəyişikliklərlə bağlıdır. Dövlət büdcəsinin icrası haqqında hesabata əsasən, 2015-ci ildə dövlət büdcəsinin funksional təsnifatının bölmələrinin bir neçəsi üzrə təsdiq edilmiş büdcə ayırmaları həddində köməkçi bölmələr səviyyəsində dəyişikliklər olunub.
Təhlil göstərir ki, funksional təsnifat üzrə il ərzində aparılmış dəyişikliklər əsasən vəsaitlərin konkret icraçılar və tədbirlər üzrə daha ünvanlı istiqamətlərə yönləndirilməsi istiqamətində olub.
2015-ci il üçün dövlət büdcəsinin təsdiq edilmiş büdcə xərclərinin 3 milyard 315,5 milyon manatı və ya 15,7 faizi icra olunmayıb. Həmin vəsaitlərin istiqamətlərinə gəldikdə isə icra edilməmiş məbləğin 58,8 faizi “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin, başqa sözlə, investisiya xərclərinin, 10,4 faizi isə “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsinin, xüsusilə də bu bölmədə ehtiyat fondlarının payına düşüb. İqtisadi təsnifat üzrə isə 2015-ci ildə dövlət büdcəsinin icra edilməmiş məbləğində qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclərin xüsusi çəkisi 60,5 faiz, əsaslı təmir və sair xərclərin payı 23,9 faiz təşkil edib.
Ümumiyyətlə formalaşma mənbələrinə görə icra edilməyən vəsaitləri iki qrupa bölmək olar: verilmiş maliyyələşmədən istifadə edilməyərək geri qaytarılan vəsaitlər və ümumiyyətlə maliyyələşdirilməyən xərclər. Birinci qrupa ştatlarda olan vakansiyalar hesabına və dövlət satınalmalarında yaranan qənaət, xərclərin keyfiyyətli sənədləşməməsi səbəbindən xəzinədarlıq orqanlarının qəbul etmədiyi, planlaşdırma prosesində artıq nəzərdə tutulan və digər bu kimi xərclər aid edilir. İkinci qrupa isə zəruri olmayan xərclər və təsdiq olunmuş planla müqayisədə açılmayan maliyyələşmələr daxildir. Bu isə dövlət büdcə xərclərin idarə edilməsi ilə bağlı məsələdir və xərclərin dövlət büdcəsinin mədaxilinə uyğunlaşdırılmasına, dövlət büdcə kəsirinin artmamasına və xərclərin optimallaşdırılmasına xidmət edir”.
Vüqar Gülməmmədov bildirib ki, 2015-ci ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 662 milyon manat məbləğində təsdiq edilmişdi: “Qənaətli yanaşmanın tətbiqi nəticəsində gəlirlərin icra səviyyəsinin xərclərin icra səviyyəsindən çox olması ilin sonuna kəsirin 286 milyon 570,5 min manat məbləğində olması ilə nəticələnib və ÜDM-in 0,52 faizi həcmində olub.
Kəsirin maliyyələşmə mənbəyi də vacib iqtisadi faktordur. Büdcə kəsirinin maliyyələşdirilməsinin iki növü mövcuddur: şəxsi və cəlb edilmiş vəsaitlər. Şəxsi vəsaitlərə dövlətin mülkiyyətində olan əmlakın özəlləşdirilməsindən daxilolmalar daxildir, bunlar da bir qayda olaraq qaytarılmamaq şərti ilə istifadə edilir. Cəlb edilmiş vəsaitlər isə müvəqqəti maliyyə resursları kimi qaytarılmaq şərti ilə istifadə edilir.
Son illər ölkədə büdcə kəsirinin bağlanılması əsasən vahid xəzinə qalığı hesabına həyata keçirilir. Bu isə xəzinə qalığının bir növ “maliyyə təhlükəsizliyi yastığı” rolunu oynadığını göstərir.
Kəsirin maliyyələşmə mənbələri üzrə 2015-ci ilin sonuna 1,4 milyard manat məbləğində vahid büdcə qalığından 285,6 milyon manat vəsait yönəldilib. Bu istiqamətdə bir məsələyə diqqət çəkmək istərdim. 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi 29 milyon manat məbləğində nəzərdə tutulmuş özəlləşdirmədən daxilolmalar üzrə 4 milyon 910,8 min manat vəsait daxil olub. Proqnoz göstəricisinin yerinə yetirilməməsi əsasən investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmaların nəzərdə tutulduğundan az icra edilməsi ilə əlaqədar baş verib. Cari ildə bu sahədə analitik təhlil işlərinin aparılmasına başlanıb”.
Vüqar Gülməmmədov “Büdcə təşkilatlarından icra ilə bağlı hesabatların alınması hansı zərurətdən irəli gəlir” sualını belə cavablandırıb: “Beynəlxalq təcrübədə dövlət auditinin əsas üsullarından biri məhz maliyyə hesabatlarının auditidir, başqa sözlə, audit olunan obyektin maliyyə hesabatlarının, mühasibat uçotunun təşkilinin və maliyyə vəziyyətinin qiymətləndirilməsidir. Burada başlıca məqsəd dövlət büdcəsinin icrası ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanından daxil olmuş və büdcə təşkilatlarından alınmış maliyyə hesabatlarının üzləşdirilməsidir.
Bu, bütün dünyada tətbiq edilən bir təcrübədir: büdcə təşkilatlarının xərclədikləri vəsaitlərə dair hesabatları dövlət xəzinədarlıq orqanlarının təqdim etdiyi hesabatlar vasitəsilə yoxlanır, kənarlaşmalar müəyyənləşdirilir və ali audit qurumunun tərtib etdiyi rəydə bu barədə məlumat verilir.
2015-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş rəydə vəsaitlərin icrası istiqamətləri üzrə daha dolğun məlumatların əldə edilməsi məqsədilə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlara istinad edilib və bu məqsədlə 113 qurum üzrə məxfi xərclər istisna olmaqla 5 milyard 791,8 milyon manat məbləğində vəsait təhlillə əhatə olunub. Biz növbəti ildə dövlət büdcəsindən vəsait alan bütün təşkilatlardan hesabat almağı planlaşdırırıq. Bu, xərclənmiş vəsaitin uçotunun dəqiq və şəffaf olması baxımından mütləqdir”.
Buraxılış imtahanlarının ilkin nəticələri nə göstərir?
04.07.2016
Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyinə IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələrini təqdim edib. Edu.gov.az-ın məlumatına görə, IX siniflər üzrə imtahanlara 104476 nəfər məzun qatılıb: “Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici keçənilki göstəricidən 2,7 faiz yaxşıdır.
XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə keçənilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınmayıb.
Ötən il buraxılış imtahanlarına xarici dil (və ya kimya) fənni üzrə kafi qiymət almaq üçün 6 suala doğru cavab verilməsi tələb olunurdu, cari ildə bu tələb 7 doğru cavaba qədər artırılıb.
IX sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşır. Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib.
Təhsil nazirinin əmrinə əsasən, 2015-2016-cı tədris ilində Ağcabədi, Astara, Cəlilabad, Masallı, Saatlı və Sabirabad rayonlarında inkişaf yönlü tədbirlər həyata keçirilib. Bu rayonlar üzrə məzunların nəticələri əsaslı şəkildə yaxşılaşıb. Ötən illə müqayisədə hər iki fənn üzrə müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz, Masallı rayonu üzrə 11 faiz, Cəlilabad və Saatlı rayonlarının hər biri üzrə 9 faiz artım müşahidə edilib.
Digər bölgələrdə də IX sinif məzunlarının nəticələri yaxşılaşıb. Şəmkirdə 13 faiz, Gədəbəydə 10 faiz, Lerikdə 9 faiz, Salyanda 8 faiz, Hacıqabul, Beyləqan, İmişli, Zaqatala, və Qobustan rayonlarının hər biri üzrə 7 faiz müsbət dinamika qeydə alınıb.
Buraxılış imtahanlarında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylər, özəl təhsil müəssisələri və hərbi liseylərin, həmçinin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir şəhərlərinin, o cümlədən Abşeron, Qax, Oğuz, Qubadlı, Xızı, Şahbuz, Şərur rayonlarının ümumi təhsil məktəblərinin göstəriciləri yüksək olub”.
Depozit hərracı barədə rəsmi məlumat
04.07.2016
Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə məlumat yayıb. Məlumata görə, iyulun 4-də 50 milyon manat həcmində keçirilmiş depozit hərracında tələb 98,5 milyon manat olub. Hərrac nəticəsində bağlanmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,96% təşkil edib.
İyunun 13-də keçirilmiş ilk hərracda cəlb edilmiş depozitlərin həcmi 129 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 6,49% olmuşdu.
Hərraclar çərçivəsində depozit əməliyyatları pul bazarının inkişafına, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinə yönəlib.
Rusiyada pasportsuz valyuta alış-verişinin məbləği artdı
04.07.2016
İyulun 4-də Rusiya prezidenti Vladimir Putin “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin qanuniləşdirilməsi (yuyulması) və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə” qanununa düzəlişləri imzalayıb. Novator.az-ın məlumatına görə, qanun valyutanın alış-verişi üzrə əməliyyatların məbləğini 15 min rubldan (360 manat) 40 min rubla (960 manat) qaldırır. Yeniliyə əsasən, fiziki şəxs 40 min rubl xarici valyutanı nağd şəkildə alış-satışını həyata keçirən zaman pasport təqdim etməli olmayacaq.
Dostları ilə paylaş: |