Dövlət Neft Şirkəti neft və qaz hasilatına dair hesabat verib
04.08.2015
Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz hasilatına dair məlumatlar yayıb. Açıqlamaya görə, bu ilin ilk altı ayında SOCAR-da neft hasilatı 4 milyon 137,6 min ton olub. Yanvar-iyun aylarında ümumən Azərbaycanda 20 milyon 972,3 min ton neft hasil edilib.
Hesabat dövründə Dövlət Neft Şirkəti 3 milyard 372 milyon kubmetr təbii qaz çıxarıb. Azərbaycan üzrə altı aylıq göstərici isə 14 milyard 679,4 milyon kubmetrdir.
İyul ayında istehlak bazarında qiymətlər necə dəyişib
04.08.2015
2015-ci ilin iyul ayında ərzaq məhsulları 1,7 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Dövlət Statistika Komitəsinin avqustun 4-də yaydığı rəsmi açıqlamaya görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7 faiz aşağı düşüb.
Transparency.az rəsmi məlumata əsasən bildirir ki, ay ərzində mal ətinin, balıq məhsullarının, kərə yağının, portağalın, naringinin, bananın, almanın, armudun, albalının, gilasın, alçanın, gavalının, əriyin, şaftalının, qozun, fındığın, üzümün, qarpızın, yemişin, göyərtinin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, kökün, kartofun, kələmin, xiyarın, pomidorun qiymətlərində azalma olub.
Düyünün, buğda ununun, toyuq ətinin, makaronun, yulaf və arpa yarmasının, yumurtanın, şabalıdın, limonun, spirtli içkilərin qiymətlərində isə artım qeydə alınıb.
Kənd təsərrüfatında istehsal 5,9 faiz ucuzlaşıb
04.08.2015
Dövlət Statistika Komitəsi iyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında açıqlama yayıb. Transparency.az xəbər verir ki, açıqlamaya görə, iyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,9 faiz azalıb. Birillik və çoxillik bitkilərdə uyğun olaraq 12,6 və 2 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarında 1,5 faiz azalma olub.
Birillik bitkilərdən buğdanın, noxud dəninin, yaşıl lobyanın, baş kələmin, qarpızın, qovun və yemişin, bibərin, xiyarın, badımcanın, süfrə çuğundurunun, kartofun, baş soğanın istehsalçı qiyməti düşüb, fermentasiya edilməmiş tütünün və yem bitkilərinin istehsalçı qiyməti isə artıb.
Çoxillik bitkilərdən albalının, gilasın, çiyələyin, armudun, böyürtkənin istehsalçı qiyməti yüksəlib, almanın, əriyin, alçanın, gavalının, fındığın, qozun, dəfnə yarpağının istehsalçı qiyməti düşüb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin, qoyun və keçilərin yuyulmamış yununun, mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti azalıb, diri ev quşlarının, yumurtanın və təbii balın istehsalçı qiyməti isə artıb.
Azərbaycan İrana Avropa bazarlarına çıxış kəmərləri təklifi etdi
05.08.2015
Azərbaycan İrana Avropa bazarlarına çıxmaq üçün Trans-Anadolu qaz və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərindən istifadə təklifi verib. Təklifi İrana səfər edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev neft naziri Bijən Namidarla görüşündə çatdırıb. Nazir neft və qaz istehsalında istifadə olunan müasir avadanlıqların istehsalı üçün birgə zavodun yaradılması təklifini də irəli sürüb. Zavodun tikilməsi və İranın gələcəkdə Trans-Anadolu qaz kəmərinə qoşulması üçün işçi qruplarının yaradılması haqqında razılıq əldə edilib.
Neft naziri diqqətə çatdırıb ki, İran Xəzər dənizində neft-qaz sahəsində Azərbaycanla əməkdaşlıq edə bilər: “Biz Xəzərdə əməkdaşlıq üzrə konkret təkliflər irəli sürmüşük və Azərbaycandan cavab gözləyirik. Razılaşma əldə edilsə, dövlət başçılarının görüşündə müvafiq sənədi imzalamaq mümkün olacaq.
İranda neft-qaz sahədə fəaliyyət göstərən şirkətlərin böyük təcrübəsi var və Azərbaycanda işləməyə maraq göstərirlər. Azərbaycanda bu sahədə fəaliyyət göstərən şirkətlər isə İranda işləyə bilərlər”.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-İran müştərək iqtisadi komissiyasının həmsədri olan Şahin Mustafayev avqustun 4-də rabitə və informasiya texnologiyaları naziri, digər həmsədr Mahmud Vaezi ilə də bir araya gəlib. Mahmud Vaezi deyib ki, İranın Qərb dövlətləri ilə nüvə proqramına dair əldə etdiyi razılaşmadan sonra Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin İrana səfəri çox əhəmiyyətlidir. O, gömrük, enerji, neft- qaz və neft-kimya, bank sahələrində yaxşı əlaqələrin qurulacağına ümidvar olduğunu nəzərə çatdırıb.
Şahin Mustafayev qeyd edib ki, tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr çoxdur: “Neft-qaz, energetika, nəqliyyat, təhsil, səhiyyə sahəsində və özəl qurumlar arasında əlaqələrimiz ildən-ilə genişlənir. Turizm sahəsində irəliləyiş müşahidə olunur. 2013-cü ildə Azərbaycandan İrana 500 min turist gəlmişdisə, 2014-cü ildə 800 min turist gəlib”.
Nazir bildirib ki, Azərbaycanın 6 şirkəti qarşılıqlı sərmayələr sahəsində İranla əməkdaşlıq edir: “Şirkətlərin biri İranda zavod tikmək istəyir. Bəzi problemlər var ki, bunların da həlli yolları axtarılacaq. Güman edirəm ki, iş adamlarımız İranın Ticarət Palatasında danışıqlar apararaq ortaq məxrəcə gələcəklər.
“İran Khodro” şirkəti də Azərbaycanda avtomobil istehsalı üçün zavod tikmək istəyir. Azərbaycan hökuməti bu işi dəstəkləyir və planın reallaşması üçün yer verməyə hazırdır”.
Avqustun 4-də Şahin Mustafayevi İran prezidenti Həsən Ruhani də qəbul edib. APA-Economics xəbər verir ki, İran prezidenti Azərbaycanın İranın Qafqaz regionu ilə əlaqələrində qapı rolunu oynaya biləcəyini vurğulayıb: “Azərbaycan da İran vasitəsilə Fars körfəzi, Oman dənizinə və oradan dünyanın hər yerinə çata bilər. Bu potensialdan istifadə etmək üçün işbirliyini inkişaf etdirmək lazımdır”.
İran prezidenti əlavə edib ki, neft və təbii qaz sektorları iki ölkə arasında münasibətləri genişləndirəcək sahələrdəndir. O, Xəzər dənizində birgə sərmayə yatırmağın digər ortaqlıqlara yol açacağını vurğulayıb.
Vergilər Nazirliyində cəza mexanizmi işə salınıb
05.08.2015
Vergilər naziri Fazil Məmmədov Bakı Vergilər Departamentinin, ərazi vergilər departamentləri və idarələrinin strukturunda dəyişikliklər edib. 2 nömrəli Ərazi Vergilər Departamentinin, 3, 4, 5 və 9 saylı Ərazi Vergilər idarələrinin rəhbərləri rotasiya qaydasında dəyişdirilib. Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi isə tutduqları vəzifələrdən azad edilərək sərəncama göndəriliblər.
Nazirliyin mətbuat xidmətinin açıqlamasına görə, bu addımlar Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısına həsr olunan iclasında vergi nəzarətinin təkmilləşdirilməsi ilə əlaqədar tapşırıqların icrası məqsədilə atılıb. Qeyd olunur ki, Nazirlər Kabinetinin iclasında verilmiş tapşırıqlar üzrə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq vergilər nazirinin müavinlərinin iştirakı ilə ərazi vergilər departamentləri və idarələrində, eləcə də Bakı şəhərində yerləşən müvafiq struktur bölmələrində keçirilmiş görüşlərdə dövlət başçısının göstərişlərinin icra vəziyyəti müzakirə edilib: “Görüşlərdə sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyinin, vətəndaş müraciətlərinin mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq hərtərəfli araşdırılmasının, vergi orqanı əməkdaşlarının etik-davranış məsələlərinin xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb. Həmçinin fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görüləcəyi bir daha vergi orqanı əməkdaşlarının nəzərinə çatdırılıb”.
Transparency.az xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev sahibkarlara olan təzyiqlərdən söz açıb: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm.
Eyni zamanda dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır”.
İyulun 27-də Vergilər Nazirliyi kollegiyasının iclası keçirilib. Kollegiyada çıxış edən vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 13 iyul iclasında prezident İlham Əliyevin vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi addımlar atıldığını bildirib, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan nazir vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol verən vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini qeyd edib.
Türkiyə qaz və neft boru xətlərinin mühafizəsini gücləndirir
05.08.2015
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Qars vilayətinin Sarıqamış rayonundan keçən hissəsində baş vermiş partlayışla (SOCAR: “Azərbaycana ciddi ziyan dəyməyib”) bağlı yazılı bəyanat yayıb. AZƏRTAC xəbər verir ki, nazir kəmərin Sarıqamış rayonunun Yağbasan kəndindən keçən hissəsində partlayışın avqustun 4-ü gecə saatlarında separatçı terror təşkilatının hücumu nəticəsində baş verdiyini, nəticədə qazın nəqlinin kəsildiyini deyib. Bəyanatda bildirilib ki, hücumda Ərzurumdan Türkiyənin qərbinə qaz nəql edən boru kəməri hədəf alınıb.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Uzunluğu 980 kilometr olan boru kəmərinin ildə 20 milyard kubmetrədək ötürmə gücü var.
APA-nın məlumatına görə, Taner Yıldız “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Türkiyə qaz və neft boru xətlərinin diversiyalardan mühafizəsini qabaqcıl texnologiyaların tətbiqi ilə təmin edəcək: “Biz qabaqcıl texnologiyalardan istifadə etməklə boruların mühafizəsinin təmin olunması üzərində çalışırıq. Bu problem üzrə yol xəritəsi var və biz onu Baş Qərargahla birgə icra edirik. Ümid edirəm ki, borular daha təhlükəsiz olacaq”.
Nazir əlavə edib ki, ötən həftə Kərkük-Ceyhan neft borusunda törədilmiş partlayışdan sonra İraqdan yanacağın verilişi hələ də bərpa olmayıb.
İyulun 27-də isə terrorçular Türkiyənin Ağrı əyalətində qaz borusunu partladıb.
Nazarbayev Qırğız Respublikasının Avrasiya İttifaqına qoşan qanunu imzalayıb
05.08.2015
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qırğız Respublikasının Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqaviləni təsdiqləyən qanunu imzalayıb. Transparency.az xəbər verir ki, avqustun 5-də dərc olunan qanunla ratifikasiya prosesi tamamlanıb. Qırğız Respublikasının Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə Rusiya, Belarus və Ermənistanda daha əvvəl təsdiqlənib.
Avrasiya İqtisadi İttifaqını 2014-cü il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistan ittifaqa oktyabrın 10-da, Qırğız Respublikası dekabrın 23-də qoşulub. Müqaviləyə əsasən, qurumda sədrlik rus əlifbası ilə rotasiya qaydasında həyata keçirilir. Sədrlik müddəti 1 ildir. 2015-ci ildə Avrasiya İqtisadi İttifaqına Belarus sədrlik edir.
Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bəlli olub
05.08.2015
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsi başa çatıb. Təhsil Nazirliyinin rəsmi portalı Edu.gov.az-ın məlumatına görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18573 nəfər iştirak edib, 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub. Müsahibələrdə 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.
Tutulan vakansiyalar daha çox paytaxt və iki rayon üzrə olub: Bakı şəhəri üzrə 345 yer, Cəlilabad rayonu üzrə 83 yer, Lerik rayonu üzrə 71 yer. Üç fənn üzrə daha çox vakant yerlər tutulub: ibtidai sinif üzrə 335 yer, coğrafiya üzrə 206 yer, kimya üzrə 156 yer.
İşə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.
Qaydalara müvafiq olaraq tutulmayan və imtina edilmiş vakant yerlərə avqustun 5-dən 10-dək əlavə yerləşdirmə aparılacaq. Əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.
Nazir müavini: “Dərman vasitələrinin 90 faizinin qiyməti düşəcək”
05.08.2015
Səhiyyə Nazirliyinin mətbuat xidməti nazir müavini Elsevər Ağayevin müsahibəsini yayıb. Transparency.az-ın məlumatına görə, Elsevər Ağayev deyib ki, dövlət başçısının tapşırığı ilə Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası 30 iyul 2015-ci il qərarı ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiymətini tənzimləyib: “Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. Tarif Şurasının təsdiq etdiyi təlimata görə, müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qayda üzrə seçilir. Bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında müəyyən edilmiş əlavələr edilməklə dərman preparatının qiyməti formalaşdırılır. Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub.
Yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcək. Hazırlıq işlərinin, o cümlədən əczaçılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir.
Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən çox, 40 faizindən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90 faizinin qiyməti düşəcək. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczaçılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq.
Eyni zamanda Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən bu preparatların alınmasına çəkilən xərclərin optimallaşdırılmasına, əldə edilən qənaət hesabına güzəştli kateqoriyadan olan və stasionarda müalicə alan əhaliyə pulsuz verilən dərmanların çeşidinin artımına şərait yaradacaq. Bu isə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, həmçinin tibb müəssisələrinin aparıcı farmakoloji şirkətlərin istehsal etdiyi daha müasir dərman vasitələri ilə təchiz olunmasına müsbət təsir edəcək”.
Nazir müavini əlavə edib ki, ilkin mərhələdə siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları salınıb: “İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq”.
Elsevər Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyində olduqca geniş məsələlər spektrini əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə tədbirlər planı” təsdiq edilib: “Burada Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa zaman ərzində hazırlanması daxildir.
Bundan əlavə mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarə olunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması və zəruri vəzifələrin daxil edilməsi nəzərdə tutulur”.
Azərbaycanda neçə nəfər “Xalq” və “Əməkdar” fəxri adı daşıyır?
05.08.2015
Maliyyə Nazirliyi Transparency.az-ın fəxri adlarla bağlı sorğusunu cavablandırıb. Rəsmi cavabda qeyd olunur ki, prezidentin 4 iyul 2005-ci il sərəncamı ilə fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 100 manatdır.
Maliyyə Nazirliyi bildirir ki, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 60 manat təqaüd müəyyən edilib.
Rəsmi açıqlamaya əsasən, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına verilir. Digər şəxslərə isə təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəyir.
Maliyyə Nazirliyi əlavə edir ki, fəxri adlara görə təqaüdlərin ödənişi üçün dövlət büdcəsinin illik xərcləri 1,7 milyon manatdır.
Nazirlikdə olan son rəsmi rəqəmlərə görə, 2015-ci il aprel ayının 1-dək Azərbaycan Respublikasının “Xalq” fəxri adı alanların sayı 219, “Əməkdar” fəxri adına layiq görülmüş şəxslərin sayı isə 2013 nəfər olub.
Transparency.az bildirir ki, 2015-ci il aprelin 1-dən sonra prezident İlham Əliyev ayrı-ayrı sərəncamlarla 44 nəfərə əməkdar jurnalist, 19 nəfərə əməkdar mədəniyyət işçisi, 8 nəfərə əməkdar həkim, 7 nəfərə əməkdar tibb işçisi, 5 nəfərə əməkdar mühəndis, 5 nəfərə əməkdar dövlət qulluqçusu, 4 nəfərə əməkdar müəllim, 2 nəfərə əməkdar hüquqşünas, 1 nəfərə əməkdar pilot, 1 nəfərə əməkdar elm xadimi, 1 nəfərə xalq artisti fəxri adı verib. Bu hesablama ilə indi Azərbaycan Respublikasında 220 nəfər “Xalq” fəxri adı, 2109 nəfər isə “Əməkdar” fəxri adı daşıyır.
Dolları avronun düşməsi möhkəmləndirir
05.08.2015
Bu həftə manatın dollara nisbətən məzənnəsi aşağı düşür. Avqustun 3-də 1 dollar rəsmən 1.0493 manata satılıb, növbəti iki gündə isə rəsmi kurs 1.0495 və 1.0499 manat olub.
İqtisadçı ekspert Vüqar Bayramov Transparency.az-a deyib ki, manatın dollar qarşısında zəifləməsi avronun dünya bazarında mövqelərinin sarsılması ilə bağlıdır: “Dollara nisbətən zəifləyən avro manatla müqayisədə də dəyər itirir. Avqustun 3-də 1 avro almaq üçün 1.1524 manat ödəmək lazım idi, növbəti günlərdə isə rəsmi məzənnə 1.1482 və 1.405 manata düşüb.
Manatın məzənnəsində son günlərdəki azalma neftin dünya bazar qiymətinin dəyişməsi ilə əlaqələndirilməməlidir. Təbii ki, neftin dünya bazar qiyməti Azərbaycan üçün vacibdir. Ancaq onun monetar təsirləri çox qısa deyil, orta müddətli dövrdə özünü göstərir. Yaxın günlərdə avronun məzənnəsi dollara nisbətən möhkəmlənərsə, milli valyutamız da ABŞ pulu qarşısında dəyər qazanacaq. Avronun zəifləməsi davam etdiyi halda isə dollar yenidən Azərbaycan bazarında nisbi möhkəmlənəcək”.
Ekspertin fikrincə, avro zonasındakı durum Avropa pulu üçün nikbinlik vəd etmir.
Məhkəmə istintaqı başa çatdı
05.08.2015
Bakı Ağır Cinayətlər Məhkəməsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunusun işi üzrə məhkəmə istintaqını başa çatdırıb.
Ötən ilin yayında tutulan Yunusların işi külli miqdarda ziyan vurmaqla dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, külli miqdarda vergi ödəməkdən yayınma, saxtakarlıq ittihamları ilə araşdırılır. Onlara irəli sürülmüş dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.
APA-nın məlumatına görə, avqustun 5-də hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə vəkil Ramiz Məmmədov cinayət işinə qismən xitam verilməsini, müdafiə etdiyi şəxslərə maliyyə ayıran, onlarla əlaqəsi olan xarici fondların nümayəndələrinin prosesə dəvət olunmasını, alınan qrantlar hesabına Arif Yunusun çap etdirdiyi kitabların sübut kimi cinayət işinə daxil edilməsini istəyib. Vəsatətin kitabların cinayət işinə daxil edilməsi hissəsi təmin olunub.
Məhkəmə prosesində bank əməliyyatlarına dair sənədlər, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı götürülən sənədlər təhlil olunub.
Sənədlərin təhlili yekunlaşdıqdan sonra söz istəyən Leyla Yunus bildirib ki, 1996-cı ildə qeydiyyata alınmış Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin faktiki sədri olub: “Cəmiyyət dövlət qeydiyyatından keçdiyi üçün bütün qrantlar onun hesabına köçürülürdü. Sədr müavini kimi pulları almaq hüququ mənə verilmişdi. Heç bir sənəd saxtalaşdırılmayıb və vergidən yayınma faktı olmayıb”.
Bununla da məhkəmə istintaqı yekunlaşıb. Proses avqustun 6-da dövlət ittihamçısının çıxışı ilə davam etdiriləcək.
Baş Prokurorluğun ötən il iyulun 31-də yaydığı rəsmi açıqlamaya görə, Leyla Yunus dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə 526 min manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, dövlət büdcəsinə ümumilikdə 369 min manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının hesablarına köçürülmüş 78 min ABŞ dollarını əri Arif Yunus vasitəsilə ələ keçirib.
Yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 457,2 manat olub
05.08.2015
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə rəsmi məlumat açıqlayıb. Məlumata görə, 2015-ci il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,9 min nəfər olub, onlardan 874,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 457,2 manat olub.
Tikintidə bahalaşma, sənaye istehsalında ucuzlaşma qeydə alınıb
05.08.2015
2015-ci ilin ikinci rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 faiz yüksəlib. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol və körpü tikintisində isə 0,5 faiz bahalaşma müşahidə etdiyini açıqlayıb.
Rəsmi hesabata görə, cari ilin ikinci rübündə yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,8 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,2 faiz artıb.
Rüb ərzində yol tikintisində 0,5 faiz, körpü tikintisində 0,2 faiz bahalaşma olub.
Başqa bir məlumata görə, 2015-ci ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 6,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,1 faiz, emal sənayesi üzrə isə 0,9 faiz ucuzlaşıb.
İyul ayında nəqliyyat sektorunda tariflər necə dəyişib
05.08.2015
2015-ci ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2 faiz, sərnişindaşıma tarifləri isə 1,5 faiz ucuzlaşıb. Məlumatı avqustun 5-də Dövlət Statistika Komitəsi yayıb.
Açıqlamaya əsasən, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3 faiz, digər xarici ölkələr üzrə 4,8 faiz enib, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma 7,2 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə dəyişməyib.
Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Qızılın ucuzlaşması Dövlət Neft Fondunu 22 milyon 187 min manat ziyana salıb
05.08.2015
2014-cü ilin sonunda qızıl külçələr yenidən qiymətləndiriləndə Dövlət Neft Fondunun 22 milyon 187 min manat xalis zərər gördüyü bilinib. Transparency.az fondun 2014-cü ildə fəaliyyəti barədə illik hesabatına istinadla xəbər verir ki, qurumun qızıl külçələrinin balans dəyəri 1 yanvar 2014-cü ildə 924 milyon 331 min manat olduğu halda ilin sonunda bu rəqəm 902 milyon 144 min manata düşüb.
Hesabata görə, fond keçən il qızıl külçə almayıb.
Dövlət Neft Fondunun London Qiymətli Metallar Bazarı Assosiasiyasının tələblərinə uyğun qızıl külçələri investisiya portfelinə daxil etmək hüququ var. 31 dekabr 2014-cü ilədək xarici banklara qızıl külçə yerləşdirilməyib.
Dünya bazarında qızıl son 1 ildə 16 faiz, yarım ildə 15 faiz, iyul ayında 7 faiz dəyər itirib.
Qızılın ucuzlaşması Dövlət Neft Fondunu 22 milyon 187 min manat ziyana salıb
05.08.2015
2014-cü ilin sonunda qızıl külçələr yenidən qiymətləndiriləndə Dövlət Neft Fondunun 22 milyon 187 min manat xalis zərər gördüyü bilinib. Transparency.az fondun 2014-cü ildə fəaliyyəti barədə illik hesabatına istinadla xəbər verir ki, qurumun qızıl külçələrinin balans dəyəri 1 yanvar 2014-cü ildə 924 milyon 331 min manat olduğu halda ilin sonunda bu rəqəm 902 milyon 144 min manata düşüb.
Hesabata görə, fond keçən il qızıl külçə almayıb.
Dövlət Neft Fondunun London Qiymətli Metallar Bazarı Assosiasiyasının tələblərinə uyğun qızıl külçələri investisiya portfelinə daxil etmək hüququ var. 31 dekabr 2014-cü ilədək xarici banklara qızıl külçə yerləşdirilməyib.
Dünya bazarında qızıl son 1 ildə 16 faiz, yarım ildə 15 faiz, iyul ayında 7 faiz dəyər itirib.
“Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb
06.08.2015
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə yaradıb. Transparency.az dövlət komitəsinin yaydığı rəsmi məlumata istinadla bildirir ki, texniki komitənin yaradılmasında əsas məqsəd tikinti materialları sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi, texniki reqlament və standartların dövlət məlumat fonduna verilməsi üçün beynəlxalq standartların rəsmi tərcümələrinin hazırlanması, standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanmasıdır.
Texniki komitəyə ümumilikdə 17 dövlət və qeyri-dövlət müəssisəsi üzv seçilib: İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyinin Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu, “Gilan” , “Akkord” şirkətləri və s.
Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyaların 59 milyon dolları Azərbaycan investorlarının payına düşür
06.08.2015
Bu ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 444 milyon ABŞ dolları həcmində xarici investisiya qoyulub. Bunun 59 milyon dolları Azərbaycan investorlarının payına düşür.
AZƏRTAC Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsaslanaraq qeyd edir ki, Azərbaycan bu göstərici ilə xarici investorlar sırasında birinci yerdədir.
Siyahıda ikinci yerdə Türkiyə (27 milyon dollar), üçüncü yerdə isə Rusiya (23 milyon dollar) durur.
Bakı metrosu yeni kartlara keçid qaydalarını açıqladı
06.08.2015
Avqustun 6-da “Bakı Metropoliteni” QSC-də vahid ödəniş kartı olan “Bakıkart” və “Bakıkart — məhdud istifadə üçün” kartlarının təqdimat mərasimi keçirilib. APA-Economics-in məlumatına görə, “Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev bəyan edib ki, avqustun 8-dən Bakı metrosunun stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartlarının istifadəsinə başlanır.
İlkin mərhələdə kartlardan “BakuBus” MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. “Bakıkart” və “Bakıkart — məhdud istifadə üçün” kartlarını bütün stansiyaların vestibüllərində və “BakuBus” MMC-yə məxsus marşrutların dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür.
“Bakıkart”ın (plastik kart) qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir.
Qiyməti 20 qəpik olan “Bakıkart — məhdud istifadə üçün” kartına yalnız satın alınarkən 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 20 qəpikdir. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil.
Hər iki növ kart heç bir halda geri qaytarılmır.
“Metrokart”ın yeni karta inteqrasiya qaydalarından danışan Ceyhun Əliyev deyib ki, avqustun 15-dək “Metrokart”ın girov dəyəri nağd şəkildə geri qaytarılacaq. Qeyd olunan tarixdən sonra bu mümkün olmayacaq. “Metrokart”ı “Bakıkart”la dəyişdirmək də mümkün deyil.
Ceyhun Əliyevin sözlərinə görə, “Metrokart”dan iki şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: “Metrokart”ın girov dəyəri ona gediş haqqı olaraq yüklənir, balans sıfır olduqda kart atılır, “Bakıkart” alınaraq istifadə olunur və ya “Metrokart”ın girov dəyəri, eləcə də balansında olan məbləğ “Bakıkart”a köçürülür”.
“Metrokart”ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. Onun girov dəyərini və balansında olan məbləği “Bakıkart”a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə “Bakıkart” alıb istifadədə olan “Metrokart”la birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir.
Avqustun 15-dən sentyabrın 30-dək “Metrokart”ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Metropolitendə “Metrokart” və “Bakıkart”ın birgə istifadəsi sentyabrın 30-dək həyata keçiriləcək. Sentyabrın 30-dan “Metrokart”ın istifadəsi dayandırılacaq.
Prokuror Leyla Yunusa 11 il, həyat yoldaşına 9 il cəza istədi
06.08.2015
Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusla politoloq Arif Yunusun cinayət işi üzrə proses avqustun 6-da prokurorun çıxışı ilə davam edib. Dövlət ittihamçısı Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı Fərid Nağıyev çıxışında təqsirləndirilən şəxslərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, vergidən yayındıqlarını deyib. Onun sözlərinə görə, Leyla Yunus fəaliyyət göstərdiyi müddətdə Sülh və Demokratiya İnstitutu adından Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq qurumlarına heç bir hesabat verməyib, yalnız Maliyyə Nazirliyinə müəyyən hesabatlar təqdim edilib. İttihama görə, Leyla Yunus bağlanan 27 qrant müqaviləsindən yalnız 4-nü qeydiyyatdan keçirib.
Prokuror deyib ki, Leyla Yunusun faktiki rəhbərlik etdiyi Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin sədr müavini olmasına dair heç bir sənəd yoxdur. Onun sözlərinə görə, külli miqdarda vəsaitin xarici banklara transfer edildiyi, Leyla Yunusun Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin hesabından öz şəxsi bank hesabına pul köçürdüyü təsdiqlənib.
Dövlət ittihamçısı bildirib ki, “Accessbank”da Leyla Yunusun adına 17, Arif Yunusun adına 14, “Unibank”da Leyla Yunusun adına 19, Arif Yunusun adına 4 hesab olub.
Prokuror Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib.
Proses avqustun 10-da davam etdiriləcək.
Xəbəri APA yayıb.
Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirləndirilir.
Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.
“Elektron hökumət” portalı yeni statistika açıqlayıb
06.08.2015
“Elektron hökumət” portalının istifadəçilərinin sayı avqustun 1-nə 2 milyon 300 min nəfərdən çox olub. Onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə edib.
Məlumat Hesablama Mərkəzindən Transparency.az-a bildiriblər ki, 2012-ci ilin aprel ayında istifadəyə verilərkən “Elektron hökumət” portalına 16 dövlət qurumu üzrə 50-yə yaxın elektron xidmət inteqrasiya olunmuşdu, hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45-ə, təqdim edilən xidmətlərin sayı isə 409-a çatdırılıb.
Azərbaycana gələn və ölkədən gedən şəxslərin sayı bəlli olub
06.08.2015
2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 5 milyon 761 min 200 nəfər olub. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi avqustun 6-da belə hesabat yayıb.
Hesabata görə, 6 ay ərzində sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin 66,3 faizi Azərbaycan Respublikasının, 10,4 faizi Rusiya Federasiyası, 10,1 faizi Gürcüstan, 5,2 faizi Türkiyə, 2,5 faizi İran, 0,9 faizi Ukrayna, 0,7 faizi Birləşmiş Krallıq, 0,4 faizi Qazaxıstan, 0,3 faizi Özbəkistan, 0,3 faizi Almaniya, 0,2 faizi Amerika Birləşmiş Ştatları, 0,2 faizi İtaliya, 0,2 faizi Belarus və 2,3 faizi digər ölkələrin vətəndaşlarıdır.
Cari ilin ilk altı ayı ərzində ölkəyə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub. Onların 310,7 min nəfəri Rusiya Federasiyası, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri Birləşmiş Krallıq, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri Amerika Birləşmiş Ştatları, 85 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.
2015-ci ilin birinci yarısında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1 milyon 919 min 200 nəfər olub.
Azərbaycan Texnologiya Universitetinin rektoruna töhmət verildi
06.08.2015
Avqustun 6-sı Gəncədə Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirilib. Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub.
Edu.gov.az-ın məlumatına görə, təhsil nazirinin müavini Qurbanov çıxışında son zamanlar universitet ətrafında cərəyan edən proseslər haqqında danışıb. O, Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını, kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdiklərini, yoxlama materiallarının prokurorluq orqanlarına göndərildiyini bildirib, bu kimi halların ali məktəbin imicinə ziyan vurduğunu qeyd edib. Qurbanov çıxışında təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib.
Tədris işləri, həmçinin elm və texnika üzrə yeni təyin olunmuş prorektorları kollektivə təqdim edən Qurbanov rektora universitetin gənc və perspektivli kadrlarla təmin edilməsi, kollektivdəki mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması, maliyyə intizamının gücləndirilməsi, tədrisin keyfiyyətinin qaldırılması barədə nazirin tapşırıqlarını çatdırıb. Universitet rəhbərliyinin nazirliyin kollegiya iclasında 2015/2016-cı tədris ilinin nəticələrinə dair geniş hesabatın təqdim etməsinin nəzərdə tutulduğu qeyd olunub.
İclasda müalicədən yenicə qayıtmış rektor Akif Süleymanov da çıxış edib və rəhbərlik etdiyi kollektivin adından deyilən iradlardan nəticə çıxaracaqlarını, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsi üçün var gücü ilə çalışacaqlarını bildirib.
İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak edib.
2015-ci ildə 3470-dən çox sahibkar 128,5 milyon manat güzəştli kredit alıb
06.08.2015
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu avqustun 6-da Şabran rayonunun Rəhimli kəndində keçirib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Şabran və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun sayılan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunda ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 3470-dən çox sahibkara 128,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2020-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 137 milyon manat güzəştli kredit verilib, 10400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 44 sahibkara 1 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, toxumçuluq, bağçılıq, əkinçilik, arıçılıq, logistik mərkəzin inşası və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
İnformasiya açıqlığı: dövlət qurumlarının reytinqi
06.08.2015
Multimedia Mərkəzi avqustun 6-da dövlət qurumlarının onlayn şəffaflıq hesabatı və reytinq cədvəlini ictimaiyyətə təqdim edib. Bu ilin aprel-iyun aylarında həyata keçirilən monitorinq prosesində 130-dan çox mərkəzi və yerli icra orqanının rəsmi saytlarının informasiya açıqlığının vəziyyəti araşdırılıb.
İnformasiya.org xəbər verir ki, monitorinqin nəticələrinə əsasən, mərkəzi icra orqanları arasında informasiya açıqlığı üzrə reytinq cədvəlində 1-ci, 2-ci və 3-cü yerləri Vergilər Nazirliyi (78,2 faiz), Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (76,3 faiz), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (76 faiz) tutub.
Sonuncu yerlər isə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası, Dövlət Sərhəd Xidməti və Nazirlər Kabinetinə məxsusdur.
73 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 56% olub. İnformasiya açıqlığı üzrə 50%-lik həddi 55 qurum keçə bilib.
Yerli (şəhər və rayon) icra hakimiyyətləri üzrə orta informasiya açıqlığı göstəricisi isə 15%-dir.
Səhiyyə Nazirliyi aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS göndərir
07.08.2015
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində sentyabrın 15-dən qüvvəyə minəcək yeni qiymətlərə dair məlumat tədbirlərinə start verir. Bu məqsədlə ölkədəki bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib. Transparency.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bildirişlərdə qiymətləri tənzimlənmiş 256 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır. Siyahılar www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilib.
7 avqust açıqlamasına görə, aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.
SMS kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq. Kampaniya çərçivəsində vətəndaşlara www.pharma.az və www.medportal.az saytlarında 24 saat işləyən növbətçi apteklərin siyahısı (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatlar veriləcək.
İyulun 30-da Tarif (qiymət) Şurasının iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanıb. İclasda həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri sentyabrın 15-dən qüvvəyə minəcək. Həmin tarixdən Tarif Şurasının qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti onu da bəyan edib ki, apteklərin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir. Aparılmış cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək cərimələr tətbiq olunub. Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülüb.
Ucuzlaşdırma qərarı: 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib
Nazir: “Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır”
Nazirlik əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi planı təsdiq edib
Nazir müavini: “Dərman vasitələrinin 90 faizinin qiyməti düşəcək”
Turizm şirkətlərinin sayı 295-ə çatıb
07.08.2015
Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilin iyul ayı ərzində 9 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. Transparency.az-ın məlumatına görə, həmin şirkətlər bunlardır: “Ze Tur”, “Luna Travel”, “Bir An Tur”, “Kaspi Tur”, “Azera Turizm”, “Time To Travel”, “Mondo Travel”, “A La Carte Travel”, “Filosofi”.
Mct.gov.az-da yayılan rəsmi açıqlamada qeyd olunur ki, hazırda ölkə ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən 295 turizm şirkəti var.
İcbari Sığorta Bürosundan iyul hesabatı
07.08.2015
İyulda daşınmaz əmlakın icbari sığortası üzrə 7 min 893 sığorta müqaviləsi bağlanıb. Bu mənbədən daxil olan sığorta haqlarının məbləği isə 1,3 milyon manat olub. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,35 faizi yaşayış evləri və mənzillər, 0,38 faizi inzibati binalar, 30,27 faizi isə digər daşınmaz əmlakla bağlıdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 4,9 faiz, sığorta haqlarının məbləğində isə 9,4 faiz azalma müşahidə edilib.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, iyulda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 369, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 sığorta müqaviləsi bağlanıb.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 27 min 930 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 1 819 manat təşkil edib.
Neftin qiyməti necə oynayır?
07.08.2015
Avqustun 7-də yayılan ilkin məlumatlara görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,51 dollar ucuzlaşaraq 44,66 dollar, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 49,77 dollar olub.
Dövlət Neft Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 1,38 dollar ucuzlaşaraq 50,32 dollar təşkil edib.
“Azadlıq” radiosunun neft mövzusunda yaydığı materialda qeyd olunur ki, analitiklər 2015-ci il üçün mümkün ən aşağı qiyməti 40 dolların üstündə proqnozlaşdırıblar: “Brent”in mümkün eniş həddi kimi bir barrel üçün 45,19 dollar müəyyən edilib. “Röyter” agentliyinin rəy sorğusunun nəticələrinə görə, “Brent” neftinin 2015-ci il üçün orta qiyməti bir barrel üçün 60 dollar həddində qərar tutacaq.
bp şirkətinin baş icraçı direktoru Robert Dadli isə qeyd edir ki, aşağı neft qiymətləri uzun müddət davam edəcək. Onun fikrincə, neft sənayesindəki indiki böhran 1986-cı ili xatırladır. O zaman neftin barreli 10 dollara enmişdi”.
Ekspert Neft Fondunu Rusiya bazarından çəkilməyə çağırır
07.08.2015
Ötən il Dövlət Neft Fondunun vəsaitlərin idarə olunmasından gəlirləri 493,7 milyon dollar təşkil edib və nəticədə ümumi investisiya portfelinin gəlirliliyi 1,52 faiz olub. Bu ilin 6 ayında müvafiq göstərici 1,33 faizə qədər azalıb. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu belə deyib.
Ekspert qeyd edib ki, Dövlət Neft Fondunun daşınmaz əmlaka (bu portfel London, Paris, Moskva və Seulda yerləşən 4 aktivdən ibarətdir) yönələn investisiyalarından əldə edilən gəlirləri aşağı düşüb: “Neft Fondunun 2012-ci ildə Moskvada 133 milyon ABŞ dollarına aldığı “Aktyorlar qalereyası” ofis və ticarət mərkəzinin dəyəri ötən ilin sonunda 88,6 milyon ABŞ dollarına enib. Yalnız Moskvadakı əmlakın dəyərsizləşməsindən olan itkinin məbləği 44 milyon ABŞ dollarını ötüb.
Dəfələrlə Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğunu qeyd edib, fondu oradakı vəsaitlərini geri çəkməyə çağırsaq da, buna hələ də əməl edilmir. Nəticədə fondun həmin bazarda itkiləri getdikcə artır. Bu il ərzində fondun Rusiya bazarındakı əməliyyatlardan itkilərinin daha yüksək olacağı gözlənir. Son məlumatlara görə, Moskvada icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz düşüb”.
Dövlət Əmək Müfəttişliyi Xidməti iyulda 1636 pozuntu aşkarlayıb
07.08.2015
İyulda ayrı-ayrı müəssisələrdə 1636 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Transparency.az-a daxil olan məlumatda deyilir ki, hüquq pozuntuları əsasən özəl sektora aid müəssisələrdə, ticarət, xidmət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında müəyyən olunub.
Hüquq pozuntularına görə işəgötürənlərə verilən cərimələrin ümumi məbləğinin 30 faizi (172608 manat) dövlət büdcəsinə ödənilib. Bu da ötən ilin iyuluna dair müvafiq göstərici ilə müqayisədə 37,5 faiz çoxdur.
Məlumatda deyilir ki, iş yerlərində əmək qanunvericiliyinin pozulması halları ötən ay 11,2 faiz, yanvar-iyul aylarında isə 12,5 faiz azalıb.
Dərman vasitələrinin qiymətlərinin göstərilməsi üsulları
07.08.2015
İqtisadiyyat və Sənaye Nazirliyi “Dərman vasitələrinin qiymətlərinin göstərilməsinin digər üsulları”nı təsdiq edib. Üsullara əsasən, qiymətlərini Tarif (qiymət) Şurasının tənzimlədiyi dərman vasitələrinin pərakəndə satış qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda seçimdən asılı olaraq qiymətlər sənaye printeri vasitəsilə çap olunmaqla, qiymət kağızı yapışdırmaqla və ya ştamp vasitəsilə vurmaqla göstərilməlidir.
Dərman vasitəsinin pərakəndə satış qiymətini onun üzərinə topdansatış əczaçılıq müəssisəsinə mədaxil edilməzdən əvvəl istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi, dərman vasitəsinin qiymətində dəyişiklik baş verdikdə isə onun mülkiyyətçisi vurmalıdır. Aptek təşkilatı topdansatış əczaçılıq müəssisəsindən daxil olmuş dərman vasitəsinin üzərindəki qiymətin Tarif (qiymət) Şurasında təsdiq edilmiş qiymətə uyğunluğunu yoxlamalıdır.
Bu üsullardan istifadə edilməklə dərman vasitəsinin üzərində qiymət göstərilən zaman qiymətin aydın oxunması təmin edilməli, dərman vasitəsinin istehsal və son istifadə tarixlərinin üzərinin örtülməsinə, eləcə də istehlakçı tərəfindən dərman vasitəsi barədə məlumatların oxunmasının vizual məhdudlaşdırılmasına yol verilməməlidir.
Xəbəri avqustun 7-də www.economy.gov.az yayıb.
Əmlak Məsələləri Dövlət Komitəsi Balakəndə “kütləvi çıxarış” xidməti göstəri
07.08.2015
Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyası avqustun 7-si Balakən rayonunda xidmət göstərib. Qurumun mətbuat xidmətinin məlumatına görə, ümumilikdə 550-yə yaxın vətəndaş daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət alıb.
300-ə yaxın rayon sakininə dövlət reyestrindən çıxarış verilib, 150-yə yaxın vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib. 100-ə yaxın vətəndaş hüquqi yardımla təmin olunub.
Rəsmi açıqlamaya görə, kampaniya komitənin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. İndiyədək kampaniya çərçivəsində ümumilikdə 4350-yə yaxın vətəndaşa xidmətlər göstərilib: “8 aydır davam edən kampaniyada indiyədək bir neçə yenilik edilib. İlkin mərhələdə kampaniya zamanı yalnız çıxarışlar təqdim olunurdusa, sonra həm də mülkiyyət barədə sənədlərin qəbuluna başlandı. Daha sonra kampaniyaya fiziki məhdudiyyətli mülkiyyət sahibləri cəlb olundu. Kampaniyanın davamında format daha da genişləndirildi. Növbəti yenilik isə kampaniya çərçivəsində hüquqi maarifləndirmə aksiyalarının keçirilməsi oldu, vətəndaşlara daşınmaz əmlakın qeydiyyatında hüquqi tələblər, qeydiyyatın sosial-iqtisadi üstünlükləri çatdırıldı”.
Nazirlik informasiya idarəçiliyini bir mərkəzdə topladı
07.08.2015
Avqustun 7-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat və İnformasiya Mərkəzi açılıb. Rəsmi məlumata görə, açılış mərasimində iştirak edən nazir Əli Abbasova bildirilib ki, nazirliyin informasiya siyasətinin tənzimlənməsi, qurumun həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək.
Mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), “Rabitə dünyası” qəzeti və ICTnews Elektron Xidməti fəaliyyət göstərəcək. Yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır. Mərkəz nazirlik, idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.
Xədicə İsmayılın təxminən 45 min manatlıq vergidən yayındığı iddia olunur
07.08.2015
Avqustun 7-si Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın cinayət işi üzrə proses başlayıb.
39 yaşlı Xədicə İsmayıl 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.
2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl özünü öldürməyə cəhd həddinə çatdırmaq, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
“Azadlıq” radiosunun məlumatına görə, işdə zərərçəkmiş keçən jurnalist Tural Mustafayev prosesə gəlməyib. Xədicə İsmayıl prosesdə deyib ki, bu epizod üzrə zərərçəkmiş şəxsin iştirakı olmadan ifadə verməyəcək. Tural Mustafayevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb.
Xədicə İsmayıl Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Lakin sonradan Tural Mustafayev hüquq mühafizə orqanlarının təzyiqləri altında Xədicə İsmayıla böhtan atdığını bəyan edib.
Vəkillər vergi ödəməkdən yayınma ittihamı üzrə vəsatət qaldırıblar. Onlar bildiriblər ki, “Azadlıq” radiosu haqqında bu il yanvarın 5-də başlanan səyyar vergi yoxlaması bitmədiyi və mayın 15-dən dondurulduğu halda Xədicə İsmayıla bununla bağlı ittiham irəli sürmək qərəz göstəricidir, bu ittiham üzrə işə baxılmamalı, son baş verənlər istintaq materiallarına əlavə olunmalıdır. Hakim bu vəsatəti rədd edib.
Xədicə İsmayılın təxminən 45 min manatlıq vergidən yayındığı iddia olunur.
Mikayıl Cabbarov rüşvət və korrupsiya ilə mübarizə addımlarından danışıb
07.08.2015
Təhsil naziri Mikayıl Cabbarov ANS-ə müsahibəsində deyib ki, Azərbaycanda rüşvət və korrupsiya ilə ciddi mübarizə aparılır: “Təhsil sahəsi bu istiqamətdə öndə gedən və qətiyyətli addımlar atan sistemlərdən biridir. Atılan addımlardan bir neçəsini deyə bilərəm. Birincisi, baş verən hallarla mübarizə zamanı cəzalandırmadır. Son iki il ərzində nazirliyin müvafiq strukturu tərəfindən görülən işlər nəticəsində onlarla məmur, məktəb direktoru və təhsil rəsmləri vəzifəsindən azad edilib, bir çox işlər üzrə cinayət işləri açılıb, başa çatdırılıb. Bəziləri barədə hökmlər var.
İkinci mühüm məsələ odur ki, biz fərdi hallarla mübarizə ilə yanaşı iş görürük ki, rüşvətin yaranması üçün lazım olan zəmini aradan qaldıraq. Deyək ki, daha çox hansı istiqamətlərdə həmin o mənfi pozuntunu biz görürdük? Təlim-tədris prosesində, məktəblərdə pul yığımları kimi hallar, 1-ci siniflərə uşaqların qəbulunda, təhsil hüququnun həyata keçirilə bilməsinə yaradılan süni maneələr, müəllimlərin işə qəbulu.
Bütün sadaladığım istiqamətlər üzrə sistemli qərarlar qəbul eləmişik. Müəllimlərin işə qəbulunu tam şəkildə mərkəzləşdirmişik. 20 mindən çox adam imtahana girir, tam şəffaf bir şəkildə imtahan keçirilir. Bunların videomüşahidəsi həyata keçirilir, proses şəffaflaşır, nəticədə şikayətlər azalır. Birinci sinfə qəbul üçün bu ildən başlayaraq elektron sistem tətbiq etmişik. Valideynlə direktor arasında heç bir ünsiyyət yoxdur, siz istənilən məktəbi internet üzərindən seçirsiniz, orada dərhal sizə göstərilir ki, məktəbdə neçə sinif var və sair. Uşağın sənədini elektron qaydada təqdim edirsiniz. Bütün bunlarla prosesdə məmurla vətəndaş ünsiyyətini tam aradan qaldırmışıq.
Məktəblərdə yığımlar məsələsinə gələk. Verdiyimiz qərarlardan biri ondan ibarətdir ki, Bakı şəhərində yerləşən hər bir məktəbi təsərrüfat işləri üçün lazımi vəsait olan bank kartı ilə təmin etmişik və məktəbdə oxuyan şagirdlərin sayına uyğun maliyyə limitləri vermişik. Bununla, kiçik xərcləri direktorlar birbaşa özləri həyata keçirirlər. Qeyri-qanuni vəsait yığımı üçün bəhanə aradan qaldırılıb.
Digər məsələ xaricdə təhsildir. Dövlət başçımızın təşəbbüsü ilə qəbul olunan dövlət proqramına uyğun olaraq vətəndaşlarımız xaricdə təhsil alır. Unikal proqramdır bu. Biz son üç il ərzində müraciətlərin 4 dəfə artmasını görürük. Müraciətçilər görürlər ki, seçim şəffafdır. Müraciətlər elektron ərizə vasitəsilə qəbul edilir, müsahibə videomüşahidə olan otaqda aparılır. Heç bir məmurla ünsiyyət yoxdur. Müsahibə komissiyasında yalnız bir nəfər Təhsil Nazirliyindəndir. Apellyasiya veriləndə də müraciətçinin müsahibəsi istənilən şikayətçi ilə birgə baxılır”.
Ekspert nazirin təklifinə qarşı çıxdı
07.08.2015
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov rabitə xidmətləri göstərən “Skype”, “Facebook”, “WhatsApp” şəbəkələrinin Azərbaycanda fəaliyyətini lisenziyalaşdırmağı təklif edib. Transparency.az-a bu haqda danışan internet məsələləri eksperti Osman Gündüz deyib ki, lisenziyalaşdırmanın “Skype”, “Facebook”, “WhatsApp” şəbəkələrinə aidiyyəti yoxdur: “Radio, televiziya, beynəlxalq telefon rabitəsi lisenziyalaşdırıla bilər. Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində sosial şəbəkə xidmətlərinin lisenziyalaşdırılması anlayışı yoxdur”.
Osman Gündüz lisenziyalaşdırma təklifinin bəzi iqtisadi dairələrin maraqları ilə bağlı olduğunu istisna etmir: “WhatsApp” üzərindən çox danışırlar. Görünür, kimlərsə maliyyə zərəri çəkir, onların maraqları ola bilər. Bazarda çeşidli, keyfiyyətli xidmətlərdən qazanmaq yerinə başqasının hüquqlarını tapdalayıb qazanmağı doğru saymıram.
Ancaq internetdə, sosial mediada zərərli informasiyaların qarşısının alınmasından söhbət gedirsə, buna etiraz ola bilməz. Kiber təhlükəsizliyin, uşaqların internetin zərərli təsirindən qorunması işi önəmlidir. Təbii ki, nəzarətin internet azadlığını məhdudlaşdırmaması şərti ilə”.
Prezident: “Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq”
10.08.2015
“Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq”. Avqustun 8-i Şabranda “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı kompleksin kollektivi ilə görüşdə qeyd edib ki, regionların inkişafı, qeyri-neft sektorunun, turizm sektorunun inkişafı prioritet sahədir: “Regionların inkişafı o cümlədən turizmin inkişafı ilə bağlıdır, xüsusilə nəzərə alsaq ki, bizim çox gözəl təbiətimiz var. Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr — bütün bunlar bizdə var. Belə olan halda turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilib və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir.
Sovet dövründə iki məşhur kurortumuz var idi — biri Qalaaltı, biri də Naftalan. Naftalan kurort mərkəzi də bu gün ən yüksək səviyyədə yaradılıb. Artıq beşulduzlu üç otel fəaliyyət göstərir. Mən o otellərin hər birinin açılışında şəxsən iştirak etmişəm və dördüncü otel də tikilməkdədir. Beləliklə, Naftalana hər il istirahət üçün artıq on minlərlə insan gəlir və son vaxtlar xarici ölkələrdən də gələnlərin sayı gündən-günə artır. Əminəm ki, Qalaaltı da o səviyyəyə qalxacaq. Çünki burada da müalicə almaq, istirahət etmək, dincəlmək üçün çox gözəl imkanlar var.
Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz — bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.
Transparency.az xəbər verir ki, İlham Əliyev neftin qiymətinin keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdüyünü vurğulayıb: “Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək, neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları — Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”.
Elman Mehdiyev: “Sığorta-pensiya sistemi özünü tam maliyyələşdirir”
10.08.2015
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlama verərək deyib ki, Azərbaycanın sığorta-pensiya sistemi özünü tam maliyyələşdirir, hətta sosial sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır. Fondun rəsmi portalında yer alan açıqlamaya görə, ödənilən pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1 yanvar 1992-ci ildən əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir ki, bu xərclərin illik məbləği təqribən 1,5 milyard manatdır: “Dövlət büdcəsindən ayrılan illik transfertin həcmi isə 1,1 milyard manat olmaqla həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir.
Jurnalistlərə bu barədə danışan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev cari ilin yanvar-iyun aylarında Fondun sosial sığorta gəlirlərinin artığını diqqətə çatdırıb: “Fondun sosial sığorta gəlirləri 8 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır. Artım dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub”.
Hüquqi şəxslərin elektron qeydiyyatı necə həyata keçirilir? (Vergilər Nazirliyinin rəsmi cavabı)
10.08.2015
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslərin elektron qeydiyyatı iki üsulla — sürətli və adi qaydada həyata keçirilir. Sürətli qeydiyyat təsisçi bir nəfər olduqda tətbiq edilir. Bu halda təsisçi yalnız özü, təyin edəcəyi rəhbər və cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatı sistemə daxil edib elektron imza qoymaqla hüquqi şəxsin dövlət qeydiyyatı üçün tələb olunan məlumatları qeydiyyat orqanına təqdim etmiş olur.
Təsisçilərin sayı birdən çox olduqda, həmçinin hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçilir.
Vergilər Nazirliyinin rəsmi açıqlamasına görə, hazırda e-qeydiyyata keçidlə əlaqədar prosesin başa çatdırılması üçün vətəndaşların yerinə yetirdiyi əməliyyatların sayı, xərclənən vəsaitin məbləği və sərf edilən vaxt minimuma endirilib, bunun müqabilində isə Azərbaycanda hüquqi şəxsin qeydiyyata alınması müddəti 3 dəfə azaldılıb.
Nefti, qazı kənara qoysaq…
10.08.2015
Prezident İlham Əliyev avqustun 8-i Şabrandakı “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışı zamanı neftin qiymətinin keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdüyünü vurğulayaraq bunun gəlirlərə mənfi təsir göstərdiyini deyib: “Az pul qazanırıq, amma bununla bərabər iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək, neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları — Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”.
Dövlət başçısının çıxışını Transparency.az-a şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, nefti, qazı kənara qoymaq qənaətinə iqtisadçılar 10 il bundan əvvəl gəliblər: “Onda bu yanaşma daha çox fayda gətirər və əhəmiyyət kəsb edərdi. Çünki hazırda biz nefti-qazı kənara qoysaq, onda ümumi daxili məhsulun (ÜDM) 39 faizini, büdcənin 65 faizini, ixracatın isə 85 faizini itiririk. Onda ötən il bizim ÜDM 59 milyard manat deyil, 36 milyard manat, adambaşına illik gəlirlər 6264 manat deyil, 3821 manat, dövlət büdcəsinin mədaxili 18,4 milyard manat deyil, 6,5 milyard manat, cəmi ixrac 21,8 milyard dollar deyil, 1,8 milyard dollar olardı. Bu hesablamalar neft sektorunun təsiri ilə inkişaf edən inşaat, ticarət və xidmət bölməsi nəzərə alınmadan aparılıb”.
Qubad İbadoğlu prezidentin son açıqlamasını Azərbaycanda postneft gəlirləri dövrünün anonsu kimi dəyərləndirir: “Amma indiki şərtlər, inhisarçılıq, korrupsiya, himayəçilik, mərkəzləşdirmə, inzibatçılıq postneft dövründə ciddi çətinliklərlə üzləşəcəyimizi göstərir. Yeganə alternativ bazar iqtisadi mexanizmlərinin tətbiqindən, fiskal mərkəzsizləşmədən, iqtisadiyyatın liberallaşdırılmasından, hökumətin açıq və hesabatlı fəaliyyətindən keçir”.
Jurnalistin ölümünə görə tutulanlar var
10.08.2015
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq ANN.az saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı birgə məlumat yayıb. Məlumata görə, avqustun 8-i saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlunu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxs döyüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən jurnalist avqustun 9-u saat 5 radələrində orada vəfat edib.
Rəsmi açıqlamada qeyd olunur ki, Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb: “Hazırda hadisənin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir”.
Jurnalistin “Facebook” şəbəkəsində “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov barədə yazdığı statusa görə döyüldüyü bildirilir.
Avqustun 6-sı “Qəbələ” Bakıda Kiprin “Apollon” klubu ilə beynəlxalq oyunda qələbə qazanıb. Oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən jurnalist avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.
Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.
“Yeni Müsavat” qəzeti yazır ki, Rasim Əliyev Cavid Hüseynovu “Facebook”da Kiprdəki hərəkətinə görə də tənqid edibmiş. “Qəbələ”nin “Apollon” klubu ilə səfər matçında (30 iyul) yerli azarkeşlər Azərbaycan bayrağını cırıb. Oyunun sonuncu dəqiqəsində penaltidən hesabı bərabərləşdirən Cavid Hüseynov rəqib azarkeşlərə qeyri-etik əl hərəkəti ilə cavab verib.
Qeyd olunur ki, jurnalistin avqustun 7-də yazdığı statusdan sonra bir qrup şəxs zəng vuraraq onu təhqir ediblər. Daha sonra Cavid Hüseynov özü jurnalistə zəng edərək iradını bildirib. Rasim Əliyev yanlış anlaşılma olduğunu deyib və tərəflər telefonda sağollaşıb. Ancaq Rasim Əliyevi təhqir edənlər yenidən ona zəng edərək üzr istəmək məqsədi ilə görüşmək istədiklərini deyiblər və jurnalistin yaşadığı Bayıl qəsəbəsinə gəliblər. Görüş “Bayıl market”in qarşısında olub. Altı nəfər olduqları deyilən şəxslər jurnalisti döyərək ciddi bədən xəsarətləri yetiriblər.
Rasim Əliyev özü atasının maşını ilə yaxınlıqda olan təcili tibbi yardım məntəqəsinə gedib. Sakitləşdirici iynə vurduqdan sonra onu Kliniki Tibbi Mərkəzə aparıblar. Müayinə zamanı məlum olub ki, Rasim Əliyevin qabırğaları sınıb, sol qulağı eşitmə qabiliyyətini itirib, daxili orqanları da zədələnib. Avqustun 9-u gecə saat 1 radələrində vəziyyəti ağırlaşan jurnalistdə daxili qanaxma olduğu bilinib. Əməliyyat zamanı Rasim Əliyevin dalağı çıxarılıb. Məlum olub ki, onun ağ ciyəri də deşilib. Səhərə yaxın jurnalist vəfat edib.
Jurnalist avqustun 9-da Mehdiabad qəbiristanlığında dəfn olunub.
APA-nın məlumatına görə, Rasim Əliyevin ölümü ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanıb. Saxlanılan şəxslərin arasında futbolçu Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da var.
Hüquq mühafizə orqanlarından APA-ya bildirilib ki, hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntüləri istintaqa təqdim olunub. Rasim Əliyevin mobil telefonuna edilən zənglər də araşdırılıb və hadisə şahidlərinin, mərhumun yaxınlarının, onun müayinəsini aparan həkimlərin izahatı alınıb.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Rasim Əliyevin ölümü ı ilə əlaqədar AZƏRTAC-a bunları bildirib: “ANN.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır. Hadisənin başvermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik”.
“Qəbələ” İdman Klubu bəyanat yayaraq qeyd edib ki, baş verən hadisədə Cavid Hüseynovun adının hallanması onları çox təəssüfləndirir”: “Mərhum Rasim Əliyev son müsahibələrində və “Facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də tezliklə bu məsələnin hüquq mühafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb”.
Dövlət başçısı jurnalistin ölümünə reaksiya verdi
10.08.2015
Avqustun 10-da AZƏRTAC jurnalist Rasim Əliyevin ölümü ilə bağlı yeni açıqlama yayıb. Açıqlamaya əsasən, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, dövlət başçısı İlham Əliyev avqustun 8-də ANN.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub: “Azərbaycan prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.
Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib. Azərbaycan prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.
Cənab prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib”.
Elektron imza sertifikatlarının sayı 35 mini ötüb
10.08.2015
Transparency.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla bildirir ki, Azərbaycanda istifadədə olan elektron imza sertifikatlarının sayı 35098-ə çatıb. İyul ayında e-imza istifadəçilərinin sayı 501 nəfər artıb. Ötən ay vətəndaşlara 34, dövlət qurumlarına 336, hüquqi şəxslərə isə 131 elektron imza verilib.
Rəsmi açıqlamaya görə, ümumilikdə e-imzaya sahib vətəndaşların sayı 7629-a, dövlət qurumlarının sayı 21201-ə, hüquqi şəxslərin sayı isə 6268-ə çatıb.
Elektron imza məlumatı göndərəni təyin edən bir ədədi koddur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin başqa bir hesabatına əsasən, statistik uçotun aparıldığı tarixdən — 2012-ci ilin dekabrından 2015-ci ilin iyul ayının 31-nə qədər “Elektron hökumət” portalına daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 8 204 936 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 2 300 721 nəfər olub.
2 300 721 nəfər ümumən 8 204 936 dəfə portala baxıb və 14 173 264 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 28 327 790 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 24 saniyə olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarım ayın pozuntuları ilə bağlı hesabat yayıb
10.08.2015
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları iyulun 16-dan 31-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırıb. Eco.gov.az xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantıları atılması sahəsində yol verdiyi qanun pozuntularına görə 228 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 104 müddətli məcburi göstəriş verilib.
Açıqlamaya görə, ümumilikdə 65 iş üzrə 122322.6 manat məbləğində inzibati cərimə tətbiq edilib, 14 iş üzrə 5705.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 65075.36 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 21, icra qurumlarına isə 32 iş göndərilib.
Rublun devalvasiyası “Qazprom”un mənfəətini artırıb
10.08.2015
Rusiyada rublun devalvasiyası 2015-ci ilin birinci rübündə “Qazprom” şirkətinin təmiz mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 71% artırıb.
Transparency.az xəbər verir ki, “Qazprom”un bu ilin ilk üç ayı üçün yaydığı hesabata görə, şirkətin səhmdarlara aid təmiz mənfəəti 71% (159 milyon 105 min rubl) artaraq 382 milyard 112 milyon təşkil edib. 2014-cü ildə bu rəqəm 223 milyard rubl olub.
Şirkətin rüblük gəliri 5,8% artaraq 1 milyard 648 milyon, əməliyyat xərcləri isə 7,5% artaraq trilyon 171 milyard səviyyəsinə qalxıb.
Rüb ərzində qaz satışından əldə olunan gəlirin 91 milyard 657 milyon artması (bu, 2014-cü ilin analoji dövrü ilə müqayisədə 10% çoxdur) rublla ifadə olunan orta hesablaşma qiymətinin 37% çoxalması ilə izah olunur.
2015-ci ilin yanvarın 1-dən martın 31-nə qədər olan dövrdə “Qazprom”un təmiz borcu 202 milyard 367 milyon rubl azalıb. Bu azalma pul vəsaitləri və onların ekvivalentlərinin çoxalması ilə bağlıdır.
Elektron arayışlarda əsas yenilik nədir?
10.08.2015
Prezident İlham Əliyevin 14 iyul fərmanı ilə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”da dəyişikliklər edilib. Təlimata elektron kargüzarlıqla bağlı bəndlər salınıb, yeni tələblər və standartlar müəyyən olunub.
Transparency.az-ın məlumatına görə, “Elektron hökumət” bülleteninin avqust buraxılışında deyilir ki, elektron arayışların bütün dövlət qurumlarında tanınması sahəsində problemlər var: “Qəbul edilən dəyişikliklər kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Bu qaydalar kargüzarlıqda yeni bir mərhələnin başlanğıcını qoyur. Qaydalar xüsusilə də elektron formada sənədlərin tanınmasında mühüm rol oynayacaq.
Təlimatda diqqət çəkən əsas bəndlərdən birinə görə, elektron sənəd çap edilərkən avtomatik olaraq birinci səhifənin üz tərəfində təşkilatın tam adını, təşkilatın hüquqi ünvanını, elektron sənədin qeydiyyat nömrəsini və qeydiyyat tarixini özündə əks etdirən qeydiyyat şifrəsi və ya ştrix-kod yerləşdirilməlidir.
Bu bəndin önəmli əhəmiyyəti ondan ibarətdir ki, bu vaxtadək elektron sənədlər (hətta elektron imza ilə imzalanmış sənədlər belə) çap edildikdə sənədi kimin, nə vaxt imzalaması, təsdiq etməsi və sair barədə məlumatlar öz əksini tapmırdı. Yeni qaydaların tətbiqindən sonra isə elektron sənədlərin çap edilərək kağız şəklində aidiyyəti qurumlara təqdim edilməsi də mümkün olacaq.
Kargüzarlıqla bağlı yeni qaydalar elektron sənəd dövriyyəsinin genişlənməsinə təkan verəcək və qurumlar arasında məlumat mübadiləsinin sürətlənməsinə, yazışmaların daha operativ şəkildə həyata keçirilməsinə imkan yaradacaq”.
Dövlət Sərhəd Xidməti iyul ayının nəticələri ilə bağlı statistika açıqlayıb
10.08.2015
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi xəbər verir ki, 2015-ci ilin iyul ayı ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 60 nəfər saxlanıb. Onların 28 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Moldova, 7 nəfəri İran İslam Respublikası, 7 nəfəri Özbəkistan, 6 nəfəri Əfqanıstan, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Nigeriya, Gürcüstan, Banqladeş vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 7 nəfər, Xəzər dənizində 36 halda 60 nəfər saxlanaraq barələrində müvafiq tədbir görülüb. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının axtardığı 417 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 24 halda 10 kiloqram 403,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təqribən 398 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd F-1 əl qumbarası, 2 ədəd beşbarmaq, 1 ədəd gecəgörmə cihazı, 192 ədəd mobil telefon, 5278 qutu siqaret, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanıb.
Xədicə İsmayılın məhkəməsi: zərərçəkən Tural Mustafayev istintaqa ifadəsindən imtina etdi
10.08.2015
Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Xədicə İsmayılın cinayət işi üzrə prosesi davam etdirir.
“Azadlıq” radiosunun əməkdaşı olan 39 yaşlı Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də tutulub. O, özünü öldürməyə cəhd həddinə çatdırmaq, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.
Xədicə İsmayıl jurnalist Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Sonradan Tural Mustafayev mediaya açıqlamalarında hüquq mühafizə orqanlarının təzyiqləri altında Xədicə İsmayıla böhtan atdığını bəyan edib.
APA-nın məlumatına görə, avqustun 10-da keçirilən məhkəmə iclasında Xədicə İsmayılın vəkili Cavad Cavadlı Tural Mustafayevin mediaya verdiyi açıqlamaların iş materiallarına daxil edilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətin baxılmamış saxlanmasına qərar verib.
Zərərçəkən Tural Mustafayev məhkəmədə ifadə verib. Jurnalist deyib ki, ibtidai istintaqa verdiyi ifadə — Xədicə İsmayılın onu intihar həddinə çatdırması ilə bağlı ifadəsi doğru deyil: “O zaman əsəbi idim və ona böhtan atmaq istəyirdim”.
“Azadlıq” radiosunun məlumatına görə, Tural Mustafayev ifadəsində deyib ki, psixoloji problemləri olduğundan əsəb dispanserində müalicə alıb, psixi problemlərinin yaranmasında, intihara cəhd etməsində Xədicə İsmayılın hər hansı rolu olmayıb.
Eyni məzmunlu ifadəni onun nişanlısı Rövşanə Rəhimova verib. Tural Mustafayevin anası Nəzakət Mustafayeva isə ifadəsində deyib ki, Xədicəni tanımır, oğlu Rövşanə Rəhimovaya görə intihar edib.
Tural Mustafayevin ibtidai istintaqa verdiyi ifadələrlə indiki ifadəsi arasında kəskin ziddiyyətlər olduğu üçün ibtidai istintaqa verdiyi ifadələr elan olunub.
Vəkil Cavad Cavadlı Tural Mustafayevin iş üzrə zərərçəkən kimi tanınmasına xitam verilməsini istəyib.
İstintaq materiallarında qeyd olunur ki, “Azadlıq” radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 20 oktyabr 2014-cü ildə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb: “Tural Mustafayev Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək qeyd edilən KİV-lərdə işlədiyi müddətdə “Azadlıq” radiosunun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.
Araşdırmalar zamanı Xədicə İsmayılovanın Tural Mustafayevlə münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin pisləşməsində, eyni zamanda yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməsində, eləcə də Tural Mustafayev ondan əl çəkməyəcəyi halda özünü öldürəcəyini bildirsə də, Xədicə İsmayılovanın buna əhəmiyyət verməyərək ona qarşı qanunazidd hərəkətlərini davam etdirməsində əsaslı şübhələr olduğundan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib”.
Külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları jurnalistin işinə bu ilin fevralında əlavə olunub.
12333 nəfər istehsalçıya güzəştlə satılmış mineral gübrə üçün 7 milyon 280 min manat ayrılıb
10.08.2015
Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslərin istehsalçılara satdığı mineral gübrələrin dəyərinin 70 faizinin dövlətdən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, 12333 nəfər istehsalçıya 102215,8 hektara görə güzəştlə satılmış 17841 ton mineral gübrə üçün 7 milyon 280 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə Respublika Komissiyasının qərarı və müvafiq sənədlər Maliyyə Nazirliyinə göndərilib.
Dostları ilə paylaş: |