Xəbər bülleteni №41



Yüklə 456.69 Kb.
səhifə1/4
tarix02.03.2017
ölçüsü456.69 Kb.
  1   2   3   4
Xəbər bülleteni № 41

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Avqust 2016


Prezident: “Azərbaycan bu vəziyyətdən ən az itkilərlə çıxır”

11.08.2016



prezident - chixish 1
Prezident İlham Əliyev avqustun 10-u Qəbələ səfərində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarında qeydiyyatda olan vətəndaşlar, ümumilikdə 902 min 435 sakin yararlanacaq.

Rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi ilə görüşən prezident deyib ki, Qəbələdəki “ASAN xidmət” mərkəzi sayca 10-cu xidmətdir: “Azərbaycanda bu günə qədər 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir — 5-i Bakıda, 4-ü digər şəhərlərdə — Gəncə, Sumqayıt, Bərdə və Sabirabadda. Onuncu mərkəz isə bu gün Qəbələ şəhərində açılır və artıq Qəbələdə də vətəndaşlar bu gözəl imkanlardan istifadə edəcəklər.

“ASAN xidmət” Azərbaycan məhsuludur. Üç il yarım ərzində 11 milyona yaxın müraciət olub. Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər.

“ASAN xidmət”i bəyənmə əmsalı da çox yüksəkdir. Təhlillər aparılır, rəy sorğuları keçirilir və əhalinin 98 faizi mərkəzlərdə göstərilən xidmətlərdən razıdır. Çünki burada şəffaflıq təmin edilir, bürokratiya, rüşvətxorluq yoxdur, mədəni xidmət göstərilir.

Gələcəkdə biz “ASAN xidmət” mərkəzlərinin sayını artıracağıq. Növbəti “ASAN xidmət” mərkəzi bu il Masallıda açılacaq və ondan sonra Şəki şəhərində “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur”.

İlham Əliyev Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub, “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib, “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışına qatılıb.

Qəbələyə səfəri çərçivəsində prezident, Silahlı Qüvvələrin ali baş komandanı Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev avqustun 10-da İsmayıllı rayonuna da baş çəkib. İlham Əliyev “İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışına qatılıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Prezident əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında da iştirak edib. Diqqətə çatdırılıb ki, yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 30-dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq.

İlham Əliyev İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə də tanış olub, daha sonra “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib. Rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşən İlham Əliyev deyib ki, Azərbaycanda müxtəlif istiqamətlər üzrə yerli istehsalat sahələri var və bu istehsalat sahələri ən yüksək səviyyədədir: “Mənə verilən məlumata görə, bu zavodun istehsal gücü ildə 30 min ədəd velosiped olacaq. Burada artıq onlarla iş yeri yaradılıb, müasir texnologiyalar tətbiq olunur. Əlbəttə ki, bu velosipedlər həm daxili bazarda satılacaq, eyni zamanda xaricə də ixrac edilə bilər. Çünki keyfiyyət buna şərait yaradır.

Azərbaycanın uğurlu inkişafı belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı bu iki istiqamətdən asılı olacaq. Baxmayaraq ki, indi dünyada maliyyə-iqtisadi böhran davam edir, bu ilin yeddi ayında Azərbaycanda sənaye istehsalı təxminən bir faiz artıb. Bu, o qədər də böyük göstərici deyil, ancaq indiki şəraiti nəzərə alsaq, yaxşı göstəricidir.

Qeyri-neft sənayesi isə iki faizdən çox artıb. Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq bu vəziyyətdən ən az itkilərlə çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilib. Bu il on minlərlə yeni iş yeri yaradılıb. Bu proses davam edir. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət — kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq”.

Dollar və avro bahalaşıb

11.08.2016



pul 1Avqustun 11-də Azərbaycan Mərkəzi Bankı əsas xarici valyutaların məzənnələrini yuxarı istiqamətdə yeniləyib. Transparency.az-ın məlumatına görə, 1 ABŞ dollarının rəsmi kursu 1,604 manatdan 1,6062 manata, 1 avronun məzənnəsi 1,7886 manatdan 1,7938 manata yüksəlib.

Rusiya rublunun kursu isə sabit qalıb. 1 rubl ötən gün olduğu kimi 0,0248 manata satılır.

Məzənnə cədvəlinə əsasən, 1 gürcü larisi 0,6844 manata, 1 ingilis funt sterlinqi 2,0896 manata, 1 türk lirəsi 0,5428 manata təklif olunur.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə yüksəlib. Manatın kursunu sabit saxlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bank və Dövlət Neft Fondu üst-üstə 3 milyard 791,3 milyon dollar satıblar.

Putin və Sərkisyanın birgə açıqlamaları

11.08.2016



prezidentler 1
Rusiya və Ermənistan prezidentləri Vladimir Putinlə Serj Sərkisyan avqustun 10-u Moskvada bir araya gəliblər. Novator.az-ın məlumatına görə, görüşdən sonra jurnalistlərin qarşısına çıxan dövlət başçıları müzakirə etdikləri məsələlər barədə açıqlama veriblər.

Putin ölkəsinin Ermənistanla iqtisadi əlaqələrinə toxunaraq deyib: “Rusiya Ermənistanın aparıcı tərəfdaşıdır. Ermənistanın ticarət dövriyyəsinin dörddə biri bizim ölkənin payına düşür. Bu il Ermənistandan Rusiyaya ərzaq və kənd təsərrüfatı mallarının ixracı 86 faiz artıb. İki ölkənin investisiya əməkdaşlığı da sürətlənib. Rusiyanın Ermənistan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 4 milyard dolları ötüb. Bu, Ermənistan iqtisadiyyatına qoyulan bütün xarici investisiyaların 40 faizi deməkdir. Ermənistanda 1300-ə yaxın Rusiya şirkəti fəaliyyət göstərir”.

Sərkisyan iqtisadi məsələlərə toxunarkən deyib ki, 2016-cı ilin ilk 6 ayında Ermənistandan Rusiyaya ixrac 90 faizədək artıb. Dövlət başçısı ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulmasının iqtisadi əlaqələrə müsbət təsir etdiyini vurğulayıb.

Prezidentlər Dağlıq Qarabağ məsələsinə də toxunublar. Sərkisyan Rusiyaya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin dinc yolla həlli üçün səylərinə görə təşəkkür edib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin məğzi xalqın öz müqəddəratını təyin etmək uğrunda mübarizəsidir və buna hörmət olunmalıdır .

Rusiya prezidenti avqustun 8-i Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini vurğulayaraq deyib: “Rusiya qonşuları arasında gərginliyin səngiməsində maraqlıdır. Ümid edirik ki, Ermənistan və Azərbaycan qalibin və məğlubun olmadığı kompromisi tapacaqlar”.

Putin Rusiyanın Azərbaycana silah satması ilə bağlı sualı cavablandırarkən deyib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyatı, böyük valyuta ehtiyatları olan ölkə kimi istədiyi yerdən silah almaq gücündədir: “Ancaq mən məsələnin hərbi tərəfinə diqqət yönəltmək istəmirəm. Problemi həll etmək istəyiriksə, dinc üsullara yönəlməliyik”.

Ankara Rusiya və Azərbaycan layihələrini birləşdirmək istəyir

11.08.2016



chavushoglu 1Türkiyə Rusiyaya “Türk axını” qaz kəmərinin Azərbaycan təbii qazını 2020-ci ildə Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinə (TANAP) qoşulmasını təklif edib. AZƏRTAC bildirir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib.

Nazir qeyd edib ki, “Türk axını” ilə Türkiyəyə nəql ediləcək Rusiya qazından artıq qalan həcm TANAP-a qoşularaq ixrac edilə bilər. Çavuşoğlu TANAP-ın Türkiyə üçün prioritet layihə olduğunu da vurğulayıb.

TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP boru kəmərinə birləşəcək. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

Ötən günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən “Türk axını” qaz boru kəməri üzrə ilk boru xəttinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanıla biləcəyini deyib.

Ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyədə vurulmasından sonra “Türk axını” layihəsi dalana dirənmişdi.

“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.

Təhsil Nazirliyi məktəblərə müşavirlər seçir

11.08.2016



tn-yeni
Təhsil Nazirliyi məktəb müşavirləri pilot layihəsinin icrasına başlayıb. Rəsmi məlumata görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə aparılan layihə təhsilin idarə edilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədi daşıyır.

Məktəb müşavirlərinin ilkin seçimi “Asan xidmət”də həyata keçiriləcək. İlkin mərhələdə namizədlərin bilikləri testlə yoxlanacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaq. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilən namizədlər məktəb müşavirləri təyin ediləcək.

Nazirlik bildirir ki, məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işləri aparmaq olacaq. Bununla yanaşı məktəb müşavirləri hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər.

Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsini əhatə edəcək.

Dövlət Neft Fondunun hərrac xərci 3 milyard dolları keçdi

11.08.2016



neft fondu1Dövlət Neft Fondunun bu il hərraclarda satdığı xarici valyutanın həcmi 3 milyard dolları keçib. Avqustun 11-də keçirilən hərracda fond 29 banka 50 milyon ABŞ dolları satıb. Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 5,9 milyon dollara çatıb.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 1 dolların rəsmi kursu 1,6062 manatdır.

Manatın kursunu sabit saxlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bankdan 835,4 milyon dollar alınıb. Dövlət Neft Fondunun satdığı xarici valyuta ilə birlikdə manata 3 milyard 841,3 milyon dollar xərclənib.

“Xalqdan mandat almayan şəxs prezident səlahiyyətlərini icra etməməlidir”

11.08.2016

ilyas ismayilov 1Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycan Konstitusiyasına dəyişikliklər layihəsinəmünasibət bildirib. Strateq.az saytında məqalə ilə çıxış edən İlyas İsmayılov sentyabrın 26-da referenduma çıxarılacaq layihədə vitse-prezidentlər institutunun yer almasına toxunaraq yazır ki, birinci vitse-prezidenti və vitse-prezidentləri prezident vəzifəyə təyin edir və vəzifədən azad edir: “Layihədə qeyd olunur ki, Azərbaycan Respublikasının prezidenti vaxtından əvvəl vəzifədən getdikdə yeni prezident seçilənə qədər onun səlahiyyətlərini birinci vitse-prezident yerinə yetirir. Bu mümkün olmadıqda isə həmin səlahiyyətləri baş nazir icra edir. Beləliklə, xalqın seçmədiyi, ondan mandat almayan hər hansı bir şəxsin prezident vəzifəsini icra etmək imkanı yaranır. Bu da konstitusiyanın 1-ci maddəsinə ziddir. Orda deyilir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.

Düşünürəm ki, xalqın seçmədiyi hər hansı şəxs (nə birinci vitse-prezident, nə də baş nazir) prezident vəzifəsini icra etməməlidir. Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövlətinin demokratik respublika olduğu təsbit edilib. Bu o deməkdir ki, dövlət xalqın iradəsi ilə yaranıb fəaliyyət göstərməlidir. Dövlət funksiyasının daşıyıcıları qanunla müəyyən olunmuş qaydada və müddətdə seçilməli və öz seçiciləri – xalqın qarşısında məsuliyyət daşımalıdır. Odur ki, gələcəkdə prezident səlahiyyətlərini icra edəcəyi gözlənən birinci vitse-prezident ABŞ-da olduğu kimi prezidentlə bərabər seçki yolu ilə müəyyənləşməlidir. Xalqdan mandat almayan şəxs prezident səlahiyyətlərini icra etməməlidir!

Əlavə xərclər tələb edən digər vitse-prezidentlər institutunun da yaradılmasına heç bir lüzum yoxdur. Prezident Administrasiyası ilə yanaşı Nazirlər Kabinetinin mövcudluğu təkcə əlavə tələfxərclik deyil, həm də bir-birini təkrarlayan lüzumsuz bürokratik əngəllər yaradır. Odur ki, ABŞ-da olduğu kimi prezident icra hakimiyyətinin başçısı olaraq hökumətin fəaliyyətinə özü birbaşa rəhbərlik etməlidir.

Referendum aktında prezidentə Milli Məclisi buraxmaq hüququ verilir. Bu təklif də hüquqi dövlət konsepsiyası baxımından qəbuledilməzdir. Biz konstitusiyamızda hüquqi dövlət qurmağı bütün dünyaya elan etmişik. Bu dövlətin isə iki xarakteristik xüsusiyyəti var: qanunun aliliyi və hakimiyyətin bölünməsi. Hakimiyyət üç qola – qanunvericilik hakimiyyəti, icra hakimiyyəti və məhkəmə hakimiyyətinə bölünür. Hakimiyyətin hər bir qolu da müstəqil və ancaq qanuna tabe olmalıdır. Hakimiyyət qollarının effektli fəaliyyəti üçün də “çəkindirmə və qarşısınıalma” prinsipi tətbiq olunur. Yəni hakimiyyətin hər bir qolu digərini qeyri-qanuni fəaliyyətdən çəkindirməli, nəticə etibarilə vətəndaşlar qazanmalı, onların hüquq və azadlıqları təmin olunmalıdır.

Məsələn, Milli Məclisin qəbul etdiyi qanuna prezidentin veto qoymaq səlahiyyəti var və beləliklə də, xalqın mənafeyinə qulluq etməyən qanunlar fəaliyyət göstərə bilmir. Eyni şəkildə məhkəmə hakimiyyətində yol verilən nöqsanları azaltmaq üçün prezident əfv verir, Milli Məclis isə amnistiya aktı qəbul edir.

Nazirlər Kabinetinə etimadsızlıq göstərmək, prezidentin təqdimatı əsasında Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədləri vəzifəyə təyin etməmək Milli Məclisin “çəkindirmə və qarşısınalma” prinsiplərindən doğan hüququdur ki, prezidentin fəaliyyətində olan nöqsanları aradan qaldırsın. Bu imkanın həyata keçirilməsinə yol verilməməsi və Milli Məclisin buraxılması hüquqi dövlət konsepsiyasına ziddir”.

İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda doğulub. Hüquq elmləri doktoru, professordur. 1985-1990-cı illərdə Azərbaycanın baş prokuroru, 1992-1994-cü illərdə ədliyyə naziri, 2005-2015-ci illərdə Milli Məclisin deputatı olub.

7 ayda qiymətlər nə qədər artıb?

11.08.2016

Dövlət Statistika Komitəsi istehlak qiymətlərinin bu ilin 7 ayı ərzində necə dəyişdiyini açıqlayıb. Transparency.az rəsmi hesabata istinadla bildirir ki, istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,7 faiz artıb.

Ay ərzində dəyişikliyə gəldikdə, 2016-cı ilin iyul ayında iyuna nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz düşüb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1 faiz qalxıb.

market 1

Statistika Komitəsi xarici ticarət göstəricilərini açıqlayıb

11.08.2016

dsk-yeni 1
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin hüquqi və fiziki şəxsləri yanvar-iyun aylarında dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb. Transparency.az bildirir ki, ticarət əməliyyatları zamanı 100 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən idxal həyata keçirilib.

2016-cı ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10 milyard 325,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 milyard 278,7 milyon dollar, idxalın dəyəri 4 milyard 47,2 milyon dollar təşkil edib. Nəticədə 2 milyard 231,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 41,9 faizi Avropa İttifaqı ölkələri, 12,6 faizi MDB ölkələri, 45,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilən məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının xüsusi çəkisi üstünlük təşkil edib.

Rioda qızıl sıralaması

11.08.2016



olimpiya 1
Braziliyanın Rio-de-Janeyro şəhərində davam edən 2016-cı il Yay Olimpiya Oyunlarında qızıl medala sahib çıxan ölkələrin sayı 27-yə çatıb. Avqustun 11-nə olan statistikaya əsasən, olimpiadada ən çox qızılı ABŞ alıb: 11 medal.

İkinci yerdə 10 qızıl medalla Çin gəlir.

Yaponiyanın 6, Macarıstan və Avstraliyanın 5, Rusiya və Cənubi Koreyanın 4, İtaliya və Böyük Britaniyanın 3 medalı var.

Fransa, Qazaxıstan və Tailand 2 qızıl medal əldə edib.

15 ölkə 1 qızıl medal götürüb.

Transparency.az bildirir ki, daha 1 qızıl Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında yarışan idmançının aktivinə yazılıb.

Sənaye 0,9 faiz irəli gedib

11.08.2016



senaye 12016-cı ilin yanvar-iyul aylarında ölkədə 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib.

Transparency.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadla bildirir ki, sənaye məhsulunun 65,1 faizi mədən sektorunda, 28,6 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədən sektorunda məhsul istehsalı 0,9 faiz, o cümlədən neft hasilatı 0,7 faiz artıb, əmtəəlik qaz hasilatı isə 8 faiz azalıb.

Qeyri-neft sektorunda məhsul istehsalı 2,6 faiz, neft sektorunda isə 0,7 faiz artıb.

Yükdaşımada 34,7 faiz bahalaşma var

11.08.2016



http://transparency.az/cnews/wp-content/uploads/2016/08/neqliyyat-1.jpgDövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-iyun aylarında nəqliyyat sektorunda yükdaşıma qiymətləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 34,7 faiz artıb.

2016-cı ilin iyun ayında isə maya nisbətən yükdaşıma qiymətləri 0,4 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 0,2 və 0,7 faiz qalxıb.

Ölkələrarası yükdaşıma qiymətlərinə gəlincə, dəmir yolu və hava nəqliyyatında 0,7 faiz, dəniz nəqliyyatında 0,6 faiz, avtomobil nəqliyyatında 0,2 faiz bahalaşma var.

Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Neftə tələbat: rəqəmlər nə göstərir?

11.08.2016



neft 1AZƏRTAC Beynəlxalq Enerji Agentliyinin hesabatına istinadla bildirir ki, iyulda qlobal neft təklifi əvvəlki aya nisbətən gündəlik 800 min barrel artıb və 97 milyon 10 min barrel olub.

Aylıq hesabata görə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) xam neft istehsalı iyulda iyun ayına nisbətdə gündəlik 150 min barrel artımla 33 milyon 390 min barrelə çatıb. Bu da son səkkiz ilin ən yüksək səviyyəsidir.

OPEK-in xam neftdən başqa digər şərti olmayan istehsalı isə gündəlik 6 milyon 950 min barrel olub. Bununla da OPEK-in ümumi neft istehsalı 40 milyon 340 min barrel təşkil edib.

Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev son onilliklərin rəqəmlərinə nəzər salaraq qlobal miqyasda istehsalın enerji tutumunun azaldığını yazır. Ekspert qeyd edir ki, azalmada həm alternativ enerjinin payının hələlik zəif templə də olsa artımının, həm də enerji qənaətinə imkan verən texnologiyalardan istifadənin rolu var: “Son 30 ildə dünya iqtisadiyyatı üzrə ümumi daxili məhsul (ÜDM) istehsalı ilə neftə tələbat arasında əlaqə də bunu göstərir. 1987-1997-ci illərdə neftə gündəlik tələbat təxminən 10 milyon barrel artaraq 63,5 milyon barreldən 73,6 milyon barrelə çatıb. Həmin dövrdə dünya üzrə real ÜDM 14 trilyon dollar genişlənib.

1997-2007-ci illərdə neftə gündəlik tələbat təxminən 13 milyon barrel artıb, 73,6 milyondan 86,8 milyon barrelə çatıb. Həmin dövrdə dünya üzrə real ÜDM 26 trilyon dollar genişlənib.

2007-2016-cı illərdə neftə gündəlik tələbat təxminən 7,4 milyon barrel artaraq 86,8 milyondan 94,2 milyon barrelə çatıb. Bu, son 30 ilin ən aşağı göstəricisidir (OPEK-in 2017-ci il üçün proqnozu nəzərə alınsa, son 10 illik üzrə maksimum 8,5 milyon barrel artım olacaq). Həmin müddətdə dünya üzrə real ÜDM 21 trilyon dollar genişlənib (2016-cı il üzrə qlobal ÜDM-in proqnozu nəzərə alınmaqla). Əgər bu trend davam edərsə, müxtəlif mərkəzlərin yaxın onilliklərdə neftə tələbatın sabitləşəcəyi, ardınca azalmanın başlayacağı ilə bağlı proqnozları real görünür”.

Müdafiə naziri xüsusi təyinatlıların təlimini izləyib

11.08.2016



xtq
Avqustun 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub. Nazir xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişi ilə maraqlanıb və təlim məşqlərini izləyib.

Rəsmi məlumata görə, aprel döyüşlərindən sonra xüsusi təyinatlıların silahlanmasına əlavə olaraq daxil edilən texnoloji cəhətdən ən müasir silahlar, texniki vasitələr və təchizatlara baxış keçirilib. Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanıb. Müxtəlif təlim nöqtələrində xüsusi təyinatlılar soyuq və atıcı silahlardan istifadə, aviasiya dəstəyi ilə döyüş atışlı fəaliyyət, düşmən postuna basqın, motoparaplan vasitəsilə yüklərin çatdırılması, binaiçi döyüşün aparılması üzrə müxtəlif tapşırıqları icra ediblər.

Ermənistan Silahlı Qüvvələri 23 ildir Azərbaycanın bütün cənub-qərbini işğal altında saxlayır. 1988-1992-ci illərdə Dağlıq Qarabağ bölgəsi və Laçın rayonu, 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib.

Dövlət Sərhəd Xidmətinin aylıq hesabatı

11.08.2016

dsxDövlət Sərhəd Xidməti bildirir ki, iyul ayında dövlət sərhədini pozan 56 nəfər saxlanıb. Onların 19 nəfəri Azərbaycan, 10-u Banqladeş, 5-i Özbəkistan, 4-ü Nigeriya, 4-ü Rusiya, 4-ü Pakistan, 3-ü İran, 2-si Gürcüstan, 2-si Kamerun, 2-si Şri-Lanka və 1-i Moldova vətəndaşıdır.

Sərhəd rejimi qaydalarını pozarkən yaşıl sərhəddə 15 halda 30 nəfər, Xəzər dənizində 23 halda 34 nəfər, sərhəd nəzarəti məntəqələrində 1202 nəfər saxlanaraq barələrində müvafiq tədbirlər görülüb.

Ölkənin hüquq mühafizə orqanlarının axtarışında olan 470 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

16 halda 1 kiloqram 742,7 qram narkotik maddə aşkar edilərək götürülüb.

Ay ərzində 69 halda ümumi dəyəri təqribən 106 min 793 manat olan qaçaqmal saxlanıb.

Ermənistan əcnəbilər üçün iş icazəsini aradan qaldırdı

11.08.2016

ermeni iclas 1
Ermənistanda işləmək istəyən əcnəbilər hökumətə müraciət öhdəliyindən azad edilib. Hökumətin 11 avqust iclasında müraciət müddəasının hüquqi qüvvəsi dayandırılıb.

Novator.az-ın məlumatına görə, iclasda çıxış edən əmək və sosial məsələlər naziri Artyom Asatryan deyib ki, hökumətin fəaliyyətə icazə verilməsi ilə bağlı 12 may 2016-cı il qərarının icrası 2018-ci il yanvarın 1-nə qədər təxirə salınır.

Nazirin sözlərinə görə, hazırda Ermənistanda çoxu erməni olan 5179 xarici vətəndaş işləyir. Asatryan bildirib ki, qaydalar işəgötürənlərə çətinlik yaradır, vaxt itkisinə və əlavə maliyyə xərclərinə səbəb olur.

Ermənistanda xarici vətəndaşların işləmək üçün sənədlərinin rəsmiləşdirilməsinə 15 gün və 25 min dram (52 dollar) rüsum tələb olunur.

Orta əməkhaqqı 488 manatı ötüb

12.08.2016



manat 1Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə hesabat açıqlayıb. Bildirilir ki, 2016-cı il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521,1 min nəfər olub, onların 889,7 min nəfəri dövlət sektorunda, 631,4 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,2 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 10,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 488,1 manata çatıb.

Pərakəndə ticarət dövriyyəsi: rəqəmlər bir ildə necə dəyişib?

12.08.2016

2016-cı ilin yanvar-iyul aylarında istehlakçılara 16 milyard 169,5 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz çox məhsul satılıb. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Hesabata əsasən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,8 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,6 faiz artıb.

7 ayda istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.



ticaret 1

Dollar 1 manat 61 qəpikdən baha satılır

12.08.2016

dollar 1Mərkəzi Bank avqustun 12-də ABŞ dollarını bir az da bahalaşdırıb. Transparency.az-ın məlumatına görə, 1 dolların rəsmi kursu 1,6062 manatdan 1,6102 manata qaldırılıb.

Rusiya rublunun rəsmi məzənnəsində də artım var. Əvvəlki iki gün 0,0248 manata satılan 1 rubla Mərkəzi Bank indi 0,0250 manat qiymət qoyub.

Avro isə cüzi dəyər itirib. 1 avronun rəsmi kursu 1,7938 manatdan 1,7936 manata düşürülüb.

Ötən il Azərbaycan manatı devalvasiyalara uğrayaraq dollar qarşısında iki dəfə ucuzlaşıb. Manatın kursunu sabit saxlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bankla Dövlət Neft Fondu üst-üstə 3 milyard 841,3 milyon dollar satıblar.

34 ölkənin qızılı var

12.08.2016



olimpiya 1Avqustun 12-nə olan hesabata görə, Rio-de-Janeyro olimpiadasında fəxri kürsünün ən yüksək pilləsini 34 ölkə fəth edə bilib. XXXI Yay Olimpiya Oyunlarında 16 qızıl medalla ABŞ liderdir. İkinci yerdə gələn Çinin 11, üçüncü pillədə dayanan Yaponiyanın 7 qızıl medalı var.

Avstraliya, Cənubi Koreya, Macarıstan 5 qızıl, Rusiya, Böyük Britaniya, Almaniya 4 qızıl, İtaliya 3 qızıl əldə edib.

6 ölkə 2, 18 ölkə 1 qızıl medala sahib çıxıb.

Daha 1 qızıl Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında yarışan idmançının aktivindədir.

Azərbaycan Rio-de-Janeyro olimpiadasında iki gümüş medal qazanıb. Hər iki medalı cüdoçular götürüb: Rüstəm Orucov və Elmar Qasımov.

Transparency.az bildirir ki, 1996-cı il olimpiadasını Azərbaycan 1 gümüş medal, 2000-ci il olimpiadasını 2 qızıl, 1 bürünc medal, 2004-cü il olimpiadasını 1 qızıl, 4 bürünc medal, 2008-ci il olimpiadasını 1 qızıl, 2 gümüş, 4 bürünc medal, 2012-ci il olimpiadasını 2 qızıl, 2 gümüş, 6 bürünc medalla başa vurub.

Neftin qiyməti artıb

12.08.2016



neftDünya birjalarında neftin qiyməti 2 dollardan çox artıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 2,18 dollar bahalaşaraq 43,80 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,22 dollar artaraq 46,21 dollar olub.

AZƏRTAC-ın avqustun 12-də yaydığı məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli 1,60 dollar bahalaşaraq 46,88 dollara çatıb.

Belarusda seçki: 110 yerə 521 nəfər iddia edir

12.08.2016



belarus parlamenti 1
Belarusda Nümayəndələr Palatasına seçkidə 521 nəfərin namizədliyi qeydə alınıb. Onlar 110 yer uğrunda mübarizə aparacaqlar.

Novator.az-ın məlumatına görə, Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib ki, namizədlərin 52,5%-i siyasi partiyaları təmsil edir.

Belarus parlamenti iki palatadan ibarətdir: Nümayəndələr Palatası (aşağı palata) və Respublika Şurası (yuxarı palata).

Nümayəndələr Palatasına seçki sentyabrın 11-də olacaq. Namizədlər bir ay təşviqat kampaniyası apara biləcəklər. Palata üzvləri majoritar sistemlə seçiləcək.

Qəzetlərin bazar günü və bazarı

12.08.2016



qezet 1Azərbaycanın əsas gündəlik nəşrlərindən olan “Yeni Müsavat” və “Azadlıq” qəzetləri 2014-cü ilin iyul ayından dövriliyini azaldıb. Əvvəllər hər gün çıxan qəzetlər o vaxtdan bazar sayından imtina edib həftədə 6 dəfə işıq üzü görür. Redaksiyalar bu addımı qəzet yayımındakı problemlə əsaslandırıb.

Ötən iki ildə nə dəyişib? Transparency.az-a danışan “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bazar nömrəsinin nəşrini əlverişsiz hesab etdiyini vurğulayıb: “Bazar günü qəzetlərin ən çox satıldığı paytaxtda əhalinin sayı azalır. Əsas yayım firmaları da həmin gün işləmir. Bu baxımdan bazar saylarının bərpası mümkünsüzdür”.

Ələsgər Süleymanov qeyd edib ki, ümumiyyətlə çap mediasının bazarı günü-gündən zəifləyir: “Əksəriyyət qəzeti internetdən oxuyur”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərif də Transparency.az-a bazar nəşrini bərpa etməyin gündəmdə olmadığını bildirib: “Bazar günü satış aşağı olur, qəzetin həmin gün çıxan sayı redaksiyanı ziyana salır. Ona görə də bazar günü işləyib növbəti günün nömrəsini hazırlayırıq. Bazar ertəsi satış gur olur.

Satış həcminə görə “Azadlıq” başqa qəzetlərdən xeyli irəli çıxsa da, ümumilikdə yayım şəbəkəsi zəifdir. Ölkədə, regionda, dünyada baş verənlər camaatda informasiyaya tələbatı artırsa da, yayım arealı geniş deyil, bir yandan da yay fəsli öz işini görür”.

Bakının əsas qəzet köşklərini çap məhsulları ilə təmin edən “Əks-səda” yayım firmasının rəhbəri Vüqar Həsənov Transparency.az-a deyib ki, bazar günü fəaliyyət göstərmirlər: “Həmin gün qəzetlərin çoxu nəşr olunmur. Redaksiyalar bazar günü çıxmaq qərarı versə, biz də yayımla məşğul olmağa hazırıq”.

Qəzet satışının ümumi vəziyyətinə gəldikdə, Vüqar Həsənov hazırkı durumun ənənəvi mövsümi xarakter daşıdığını bildirib: “Yay aylarında qəzet satışı həmişə zəif olur. İnsanlar şəhərdə qalmır, dincəlmək üçün müxtəlif istiqamətlərə üz tuturlar, bu da oxucu bazarının daralmasına gətirir”.

Həbs dalğası Hakan Şükürü də haqladı

12.08.2016

hakan shukur 1
Məşhur türk futbolçu Hakan Şükürə dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi qaldırılıb. Novator.az-ın məlumatına görə, Sakarya prokurorluğu Hakan Şükürün və atası Selmet Şükürün tutulmasına qərar verib, onların əmlakı üzərinə həbs qoyub.

Türkiyənin istintaq orqanları ABŞ-da yaşayan islamçı alim Fətullah Gülənə yaxınlığı ilə tanınan Hakan Şükürü və atasını 15 iyul qiyamının təşkilində təqsirli bilir.

45 yaşlı Hakan Şükür Türkiyə tarixinin ən məşhur futbolçularından biridir. Karyerasını 2008-c ildə tamamlayan Hakan Şükür Türkiyənin “Bursaspor”, “Qalatasaray”, İtaliyanın “Torino”, “İnter”, “Parma”, İngiltərənin “Blekbern Rovers” komandalarının formasını geyinib, Türkiyə yığmasının heyətində 51 oyun keçirib, 2002-ci ildə dünya çempionatının bürünc medalını qazanıb.

Futbolçu karyerası bitəndən sonra bir müddət Türkiyə parlamentinin üzvü olan Hakan Şükür 2015-ci ildən ABŞ-da yaşayır. Onun Türkiyə hakimiyyəti ilə münasibətləri gərgindir.

İyulun 15-i Türkiyədə bir qrup hərbçi hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. 350-dək adamın həlak olması, 3500-dən çox adamın yaralanması ilə nəticələnən qiyam yatırılıb.

Hakimiyyət çevriliş cəhdinin ABŞ-da mühacirətdə olan Fətullah Gülənin planı olduğunu iddia edir.

Hərbi qiyama görə həbs olunan şəxslərin sayı 17 minə yaxındır.

İyulun 21-də Türkiyədə 3 aylıq fövqəladə vəziyyət tətbiq olunub.

Sergey İvanov Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarıldı

12.08.2016



sergey ivanov 1Avqustun 12-də Rusiya prezidenti Vladimir Putin Sergey İvanovu Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib.

Novator.az-ın məlumatına görə, Sergey İvanov Rusiya prezidentinin təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi təyin olunub. O, Rusiya Təhlükəsizlik Şurasındakı yerini qoruyub.

Vladimir Putin açıqlamasında qeyd edib ki, Sergey İvanovun administrasiya rəhbəri kimi fəaliyyətindən razıdır. Putinin sözlərinə görə, İvanov başqa işə keçirilməsini özü xahiş edib.

Prezident Administrasiyasına Anton Vayno rəhbərlik edəcək. Vladimir Putin deyib ki, Anton Vaynonun namizədliyini Sergey İvanov irəli sürüb.

Anton Vayno bu təyinata qədər Prezident Administrasiyası rəhbərinin müavini olub.

Sergey İvanov administrasiya rəhbəri postuna 2011-ci ilin dekabrında təyin edilmişdi.

Məcburi köçkünlərə yemək xərci: yenilənmiş təlimat

12.08.2016



qachqinkom
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət (20 manata yaxındır) təlimatını yeniləyib. Transparency.az bildirir ki, yenilənmiş təlimata əsasən, yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan bu şəxslərə verilir:

— ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub ölkə ərazisində yaşayan məcburi köçkün statusuna malik şəxslərə;

— hər iki valideyni məcburi köçkün statusuna malik uşaqlara;

— məcburi köçkün statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər);

— məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş şəxslərə.

Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslərin dairəsi belə müəyyən edilib:

— məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvü olan şəxslərə (şəhid ailələri istisna olunmaqla);

— məcburi köçkün olduqdan sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla);

— məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə və onların uşaqlarına;

— məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə;

— Azərbaycan Respublikasının prezidentinin, baş nazirinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin vəzifəyə təyin etdiyi və Milli Məclisə deputat seçilmiş, məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə;

— hüquq mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə;

— dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə həmin müddət başa çatanadək);

— məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə;

— məcburi köçkün statusu olmayıb, məcburi köçkün statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) şəxslərə;

— məcburi köçkün statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi köçkünlərə;

— məcburi köçkün statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq olmadan başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir);

— valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara;

— səfərbərlikdən yayınmış, fərarilik etmiş məcburi köçkün statuslu şəxslərə;

— Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilən məcburi köçkün statusu olan şəxslərə;

— 2016-cı il dekabrın 31-dən sonra doğulmuş məcburi köçkün uşaqlarına.

6 ayda 243 nəfər narkotik istifadəçisi qeydiyyata götürülüb

12.08.2016

sehiyye-nSəhiyyə Nazirliyi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında hesabat yayıb. Bildirilir ki, bu ilin 6 ayında Respublika Narkoloji Mərkəzində aparılan tibbi müayinələr zamanı 243 nəfər narkotik istifadəçisi aşkarlanaraq qeydiyyata götürülüb.

Hesabat dövründə 1321 nəfər stasionar müalicəyə qəbul olunub..

Narkoloji Mərkəzin insanın immun çatışmazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsində 1088 nəfər müayinədən keçib.

Ədliyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1107 nəfər göndərib.

Maliyyə Nazirliyi Kollegiyasının tərkibi təsdiqləndi

12.08.2016



maliyye nazirliyi
Nazirlər Kabineti Maliyyə Nazirliyi Kollegiyasının tərkibini təsdiqləyib. Transparency.az-ın məlumatına görə, nazirliyin kollegiyası 13 nəfərdən ibarətdir.

Kollegiyaya maliyyə naziri Samir Şərifov sədrlik edəcək. Üzvlər bu şəxslərdir:

İlqar Fəti-zadə — maliyyə nazirinin birinci müavini

Azər Bayramov — maliyyə nazirinin müavini

Emin Hüseynov — maliyyə nazirinin müavini

Xalid İsgəndərov — Naxçıvan Muxtar Respublikasının maliyyə naziri

Namiq Süleymanov — Maliyyə Nazirliyi Aparatının rəhbəri

Cavanşir Yusifov — Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

Razim Vəliyev — Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru

Xalıq Rəhmanov — Maliyyə Nazirliyi Aparatının hüquq şöbəsinin müdiri

Fazil Fərəcov — Maliyyə Nazirliyi Aparatının büdcə şöbəsinin müdiri

Xaqani Rzayev — Maliyyə Nazirliyi Aparatının sosial sahələrin maliyyəsi şöbəsinin müdiri

Elman Piriyev — Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru

Adil Əhmədov — Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəisi.

Samir Şərifov 2006-cı ilin aprelindən maliyyə naziridir.

Ümumi daxili məhsul və sərmayə göstəriciləri açıqlanıb

15.08.2016

istehsal 1
Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 2016-cı ilin yanvar-iyul aylarında 32 milyard 122,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edib. Dövlət Statistika Komitəsi bildirir ki, geriləmənin əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz azalmasıdır.

Hesabata görə, 7 ayda əlavə dəyərin 38,79 faizi sənayedə, 11,30 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,37 faizi tikinti, 6,88 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,68 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,72 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,96 faizi informasiya və rabitə, 15,84 faizi isə digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,46 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3340,6 manata bərabər olub.

Başqa bir hesabata əsasən, bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatına 7 milyard 959,7 milyon manat məbləğində vəsait yönəldilib. Dövlət Statistika Komitəsi bildirir ki, istifadə olunmuş vəsaitin 81,1 faizi məhsul istehsalı obyektlərinin, 14,8 faizi xidmət sahələri üzrə obyektlərin, 4,1 faizi isə yaşayış sahəsinin tikintisinə sərf edilib.

Sərmayənin 3 milyard 36,6 milyon manatı və ya 38,1 faizi daxili vəsaitlərdir.

Bu ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar əsas kapitala 4 milyard 923,1 milyon manat vəsait yönəldib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 milyard 328,5 milyon manatı (87,9 faizi) Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

İnşaat işlərinin 68,5 faizi tikinti, yenidənqurma və genişləndirmə, 11,8 faizi əsaslı təmir, 3,9 faizi cari təmir, 15,8 faizi isə digər işlər olub.

2016-cı ilin 7 ayında daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 38,1 faizini təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 5 milyard 840,3 milyon manat, bank kreditləri 752,8 milyon manat, büdcə vəsaitləri 1 milyard6,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 79,8 milyon manat, əhalinin şəxsi vəsaitləri 259,4 milyon manat, sair vəsaitlər 21,2 milyon manatdır.

Büdcədə kəsir var, gəlirlər isə artıb

15.08.2016



manat 1Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 7 milyard 7,5 milyon manat vəsait köçürülüb, büdcədən isə 8 milyard 193,5 milyon manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 1 milyard 186 milyon manatlıq kəsir ümumi daxili məhsulun 3,7 faizi səviyyəsində olub.

Dövlət Statistika Komitəsi bildirir ki, 2016-cı ilin yanvar-iyul aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,5 faiz artaraq 25 milyard 682,7 milyon manata çatıb. Hesabata görə, gəlirlərin 77 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,2 faizi isə yığıma yönəldilib.





  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə