Rövşən Ağayev
İkinci devalvasiyadan sonra manatın dollar qarşısında ən yüksək məzənnəsi mart ayında qeydə alınmışdı: 1,64. Ümumilikdə mart ayının ilk yarısında məzənnə 1,60-1,64 intervalında dəyişdikdən sonra may ayının axırlarında manat özünün ən yüksək (ucuz) məzənnəsi ilə müqayisədə 10% bahalaşaraq 1,49 nöqtəsində qərarlaşıb.
Valyuta və neft bazarları arasında əlaqə və dinamikanı izləyən təhlilçilər yaxşı bilirlər ki, neft bazarında qısamüddətli dövrdə (bir neçə gündən 1-2 aya qədər) baş verən proseslər manatın məzənnəsində özünü göstərmir. Amma, tutalım, dünya neft birjalarında qiymət dinamikası ilə rus rublunun məzənnəsi arasında birbaşa əlaqə var. Çünki, birincisi, Rusiya Mərkəzi Bankı rublu sərbəst buraxıb, Azərbaycan Mərkəzi Bankı isə manatın məzənnəsini sərt şəkildə tənzimləyir. İkincisi, Rusiyada bazar infrastrukturunun vacib elementləri olan maliyyə və fond bazarları fəaliyyət göstərir, həmçinin Rusiyanın dünya fond birjalarının listinqində olan, bu birjalar vasitəsilə səhmlərinin dəyəri formalaşan şirkətləri mövcuddur. Rusiya iqtisadiyyatının özülünü neft təşkil etdiyi üçün neftin qiyməti təkcə rublun deyil, şirkətlərin kapitalizasiyasına da təsir edir. Dolayısı ilə rublun dəyərinə neftlə yanaşı fond bazarında Rusiya şirkətlərinin kapitalizasiyası, daxili fond bazarında isə “rus indeksləri” təsir edir.
Manat bu cür “yan təsirlər”dən tam azaddır. Ölkədə fond bazarı yoxdur – deməli, fond indekslərinin manatın məzənnəsində iştirakı da yoxdur. Beynəlxalq fond bazarlarında listinqə düşən şirkətlər də yoxdur, deməli, arxasında neftin dayandığı iqtisadiyyatda baş verənlərin həmin şirkətlərin kapitalizasiyasına, bu faktorun isə manatın dəyərinə təsiri istisnadır.
Uzağa getmədən Türkiyə nümunəsinə baxın – daxili siyasi faktor fond bazarında türk fond indekslərini “öldürən” kimi lirə adekvat miqyasda dəyər itkisinə məruz qalır.
Manata isə orta və uzun müddətli dövrdə (ən azı 3 ay və daha uzun müddət) birbaşa neft ixracının təsiri altında olan tədiyyə balansının vəziyyəti təsir göstərir. Məsələn, birinci rübün nəticələrinə görə, ölkənin tədiyyə balansının ümumi mənfi saldosu 1,3 milyard dollara, cari hesablar balansının mənfi saldosu 432 milyon dollara çatmışdı. Məhz həmin ərəfə manatın dollar qarşısında ən ucuz olduğu dövrdür (3 ay ərzində məzənnə 1,56-1,64 intervalında hərəkət edib).
Amma manatın məzənnəsinə təsir edən çox vacib amil kimi bankların davranışlarını diqqətdən kənarda saxlamaq olmaz. Bank sektorunun xalis valyuta mövqeyi müsbət olduqda manatın xarici valyutalar qarşısında dəyər itirməsi riski xeyli azalır. Xalis valyuta mövqeyinin müsbət olması o deməkdir ki, bank sektorunun valyuta aktivləri onun valyuta öhdəliklərini üstələyir. Başqa sözlə, banklar zəruri həcmdə valyuta likvidliyinə malikdir və bazara ehtiyac duyulduğu qədər valyuta çıxara bilir.
Xalis valyuta mövqeyi iki göstərici əsasında formalaşır ki, onlardan birincisi bank sektorunun xalis xarici aktivləridir. Xarici aktivlərə bankların xarici banklara aid hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdiyi kreditlər və sair daxildir. Bankların xarici öhdəliklərinə xaricdən aldığı kreditlər, əcnəbilərin xarici valyuta ilə depozitləri və yerli bank hesablarındakı xarici valyuta ilə nağd qalıqları və sair (məsələn, qiymətli metallar formasında saxlancları) daxildir. Xarici aktivlərin və öhdəliklərin nisbəti bank sektorunun xalis xarici aktivlərini formalaşdırır. Aktivlər öhdəliklərdən çoxdursa, fərq müsbətdir və banklar likvid valyuta ehtiyatlarına sahibdir. Öhdəliklər aktivlərdən çoxdursa, deməli, banklar nəinki əlavə valyuta ehtiyatına malik deyil, əksinə, bu öhdəlikləri zamanı çatdıqda icra etmək üçün kənardan (ya birbaşa alış əsasında valyuta bazarından, ya da Mərkəzi Bankdan borc formasında) valyuta cəlb etməlidir.
Bu baxımdan Azərbaycanın bank sektorunun hazırkı vəziyyəti yaxşı deyil. İlin əvvəlində bankların xarici aktivləri öhdəliyi 14 faiz üstələyirdi (5,4 milyard dollar aktiv, 4,6 milyard dollar öhdəlik vardı). İyulun əvvəlinə olan məlumata görə, vəziyyət tam əksinədir: bankların xarici öhdəlikləri aktivlərini 27 faiz üstələyir (3,4 milyard dollar aktiv, 4,3 milyard dollar öhdəlik var). Rəqəmlərə diqqət edək: 6 ay ərzində bank sektorunun xarici öhdəlikləri 300 milyon, xarici aktivləri isə 2 milyard dollar azalıb. Xarici öhdəliklərin icrasından sonra bank sektorunun “əriyən” 1,7 milyard dollarlıq valyuta vəsaitinin də manatın qorunmasında Mərkəzi Banka və Neft Fonduna dəstək üçün verildiyi kifayət qədər real ehtimaldır.
Bankların xalis xarici aktivlərinin belə sürətlə əriməsinin yaxın zamanlarda ən azı iki mənfi nəticəsi ola bilər: manatın qorunmasında daxili valyuta bazarına bank sektorunun dəstək imkanı azala və bankların xarici öhdəliklərini icra etmək üçün zəruri həcmdə likvid valyutaya malik olmaması onların reytinqini kəskin şəkildə pisləşdirə bilər. 2016-cı ildə manatın dollar qarşısında ən baha vaxtı aprel-iyun aylarında olub. Məhz həmin 3 ayda bankların xarici aktivləri 2 milyard dollar əriməyə məruz qalıb.
Bankların valyuta mövqeyinə təsir göstərən ikinci amil daxili resurslar üzrə valyuta aktivlərinin və öhdəliklərinin nisbətidir. Söhbət ilk növbədə valyuta ilə kreditlərin və depozitlərin nisbətindən gedir. Təəssüf ki, 2015-ci ilin 1-ci rübündən sonra Mərkəzi Bank bank sektoru üzrə vacib göstəriciləri, xüsusilə aktiv və passivlərin həcmini, həmçinin strukturunu gizli saxladığı üçün təhlilin bu hissəsini yalnız kreditlər və depozitlər üzərində qurmağa məcburuq. Çünki bank sektorunun aktiv və passivləri ilə bağlı yeganə açıq məlumat bu göstəricilərdir. Deməli, ilin əvvəlində bank sektorunun valyuta kreditləri (aktivləri) valyuta depozitlərindən cəmi 8 faiz az (585 milyon dollar) idi. İyulun əvvəlinə bu fərq 20 faizə (1,5 milyard dollara) çatıb.
Hər iki fakt bank sektorunun xalis valyuta mövqeyinin qısa müddətdə müsbətdən mənfiyə keçdiyini aşkar göstərir.
Nəhayət, manatın taleyinə təsir göstərən həlledici amil hökumətin xərcləmələridir. Hökumət 2016-cı ildə icmal büdcədən (Neft Fondu, dövlət büdcəsi, Sosial Müdafiə Fondu və xaricdən alınan kreditlər) 24,5 milyard manat xərcləməyi planlaşdırır. Bu vəsaitlərin ən azı 13 milyard manatı neft gəlirləri hesabına təmin edilməlidir. Nəzərə alaq ki, ilin ilk yarısında hökumət icmal büdcənin proqnoz edilən həcminin cəmi üçdə birini (8,2 milyard manat) xərcləyib. İkinci yarıda isə yerdə qalan 70 faizini xərcləməlidir – əgər büdcəni tam icra etməyi hədəfləyibsə. Xüsusilə də 6 ayda Neft Fondunun büdcəsi illik proqnozun cəmi 25 faizi qədər xərclənib.
Bu təhlildən çıxan əsas nəticələr:
— Hökumət sekvestrə getmədən icmal büdcəni proqnoza uyğun icra etməyi qərara alıbsa, Mərkəzi Bank ilin sonrakı aylarında manatın yüksək məzənnəsini (ən azından 1,55-1,65 intervalı) qorumaqda maraqlı olacaq. Bu, hökumətin fiskal maraqları baxımındam çox önəmlidir.
— Bankların xalis valyuta mövqeyi mənfidir, bank sektorunun yaxın müddətdə valyutaya tələbi yüksək olacaq. Bu amil də manata tələbin yüksək olacağını və məzənnənin ən azından 1,55-1,65 intervalında hərəkətini stimullaşdıracaq.
Yalnız ilin sonrakı aylarında neftin qiymətinin heç olmazsa 50-60 dollar ətrafında olması manatın nisbətən aşağı məzənnəsinə (1,50-1,55 intervalı) dəstək verə bilər. Hələlik neft bazarında qiymətləri aşağı çəkən səbəblərin (Norveçdə 1 ildə hasilatın 10 faiz artması, İranın hasilatı sanksiyalardan qabaqkı dövrdə olduğu qədər bərpa etməsi və OPEK-lə hasilatın dondurulması məsələsində danışıqlardan imtina etməsi, Səudiyyə Ərəbistanının Asiya bazarlarında dempinq tətbiqi, Çinin enerji istehlakının sabitləşməsi və sair) daha təsirli olduğunu nəzərə alsaq, qiymətlərin ilin axırınadək son aylardakı trayektoriyada (40-50 dollar) hərəkət edəcəyi daha real görünür.
Dövlət Məşğulluq Xidmətindən yanvar-iyul hesabatı
18.08.2016
Yanvar-iyul aylarında Dövlət Məşğulluq Xidməti 2 min 291 nəfər vətəndaşı, o cümlədən 93 nəfər əlilliyi olan şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, 194 nəfər gənc 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı keçib.
Dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, elektrik qaynaqçısı, qənnadıçı, tornaçı, xalçaçı, bərbər, mebel quraşdırıcısı peşələr üzrə təşkil olunan kursları bitirənlərə sertifikatlar verilib.
Hesabat dövründə əksərən yuxarı sinif şagirdlərindən ibarət 63 min 203 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.
Özəlləşdirilən dövlət əmlakları təqdim olunub
19.08.2016
Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilən əmlakların ictimai təqdimatını keçirib. Avqustun 18-də keçirilən tədbirdə komitənin aparat rəhbəri Azər Bəşirov və digər nümayəndələri, səhmdar cəmiyyətləri və dövlət müəssisələrinin rəhbərləri, jurnalistlər iştirak edib.
Aparat rəhbəri prezident İlham Əliyevin 19 iyul 2016-cı il fərmanına və bu sahədəki digər tapşırıqlarına uyğun olaraq yeni özəlləşdirmə prosesinə başlandığını nəzərə çatdırıb. O deyib ki, dövlət başçısının fərmanı əsasında özəlləşdirmədə mühüm yeniliklər tətbiq edilir: “Özəlləşdirmə prosesində səmərəliliyin və şəffaflığın təmin edilməsi, özəlləşdirmənin elektron vasitələrlə geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Bu məqsədlə dövlət əmlakının özəlləşdirilməsi prosesində müasir optimal yanaşmaların tətbiq olunduğu, rahatlığı və şəffaflığı daha da artıran yeni özəlləşdirmə portalı (Privatization.az) yaradılıb. Portal yeni istifadəyə verilsə də, qısa müddətdə istifadəçilərin sayı 22 mini keçib, ona Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Estoniya və digər ölkələrdən də girişlər var.
Komitə qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesinin həyata keçirilməsi məqsədilə uğurlu beynəlxalq təcrübəni nəzərdən keçirib. Proseslərə nüfuzlu beynəlxalq şirkətlərdən məsləhətçilər və ekspertlər cəlb olunub. Bu baxımdan dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni mərhələ başlanıb”.
Aparat rəhbəri özəlləşdirilməyə çıxarılmış səhmdar cəmiyyətləri, dövlət müəssisə və obyektlərinin təqdimatını edərək hər biri barədə geniş məlumat verib. Səhmlərinin bir hissəsinin özəlləşdirilməsi barədə elan verilən səhmdar cəmiyyətləri, Bakı və regionlarda yerləşən kiçik dövlət müəssisə və obyektləri monitorda əyani nümayiş etdirilib, onların qiymətləri, alıcıların hərraclarda iştirakı ilə bağlı məsələlər, ödənişlərin banklar vasitəsilə edilməsi və s. barədə daha geniş və təfərrüatlı məlumat təqdim olunub.
Komitə ilkin mərhələdə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edib. Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir.
Dollar 1 manat 62 qəpik həddini keçdi
19.08.2016
ABŞ dollarının rəsmi kursu 1 manat 62 qəpiyi ötüb. Transparency.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı avqustun 19-da 1 dolları 1,6164 manatdan 1,6204 manata qaldırıb.
Avro və Rusiya rublu da bahalaşıb. Avqustun 18-də 1,8272 manata satılmış 1 avroya indi 1,837 manat, 0,0253 manata təklif olunmuş 1 rubla 0,0254 manat qiymət qoyulub (Məzənnələr).
Ötən il Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb. Manatın kursunu nizamlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bankla Dövlət Neft Fondu üst-üstə 3 milyard 941,3 milyon dollar satıblar.
10 medalın qızılı yox…
19.08.2016
Azərbaycan Rio-de-Janeyro olimpiadasında medallarının sayını 10-a çatdırıb. Transparency.az bildirir ki, avqustun 19-dək oyunlarda 4 gümüş (2-si cüdoda, 1-i güləşdə, 1-i avarçəkmədə), 6 bürünc (3-ü güləşdə, 1-i avarçəkmədə, 1-i taekvondoda, 1-i boksda) qazanılıb.
31-ci Yay Olimpiya Oyunlarına 35 qızıl medalla ABŞ liderlik edir. Böyük Britaniya 22, Çin 20 qızıl əldə edib. Almaniyanın 13, Rusiya və Yaponiyanın 12 qızıl medalı var.
Keçmiş SSRİ məkanı ölkələrindən Qazaxıstan 3, Özbəkistan və Ukrayna 2, Belarus, Gürcüstan, Ermənistan 1 qızıl götürüb.
Qonşu İran aktivinə 2 qızıl yazdırıb.
Rio-2016-da 54 ölkə qızıl medala sahib çıxıb. Daha 1 qızılı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında yarışan idmançı qazanıb (Medallar).
Neft ötən ildən bir az baha, inişildən iki dəfə ucuzdur
19.08.2016
AZƏRTAC-ın 19 avqust xəbərinə görə, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 48,55 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 51,06 dollara satılır. “AzəriLayt” markalı neftin bir barreli isə 1,18 dollar bahalaşaraq 51,47 dollara qalxıb.
Transparency.az bildirir ki, bir il öncə “Layt” 42,62 dollara, “Brent” 48,59 dollara təklif olunub, “AzəriLayt” isə 49,63 dollara satılıb.
2014-cü il avqustun 19-da isə “Layt” 96,41 dollara, “Brent” 101,60 dollara, “AzəriLayt” 101,21 dollara idi.
Türkiyədən Azərbaycana hansı kitablar, necə, neçəyə gətirilir?
19.08.2016
Gəliri milyardlarla dollara ölçülən qlobal kitab biznesinin 60 faizindən çoxu 6 ölkənin payına düşür. Bazarın 26 faizinin ABŞ-a, 12 faizinin Çinə, 8 faizinin Almaniyaya, 7 faizinin Yaponiyaya, 4 faizinin Fransaya, 3 faizinin Böyük Britaniyaya məxsus olduğu bildirilir.
www.statista.com saytının məlumatına görə, ötən il təkcə ABŞ-da kitab nəşrindən 30 milyard dollar gəlir əldə edilib. 2020-ci ilə dünyada bu sahə üzrə illik gəlirin 123 milyard dollara çatacağı proqnozlaşdırılır. Ərazisi və əhali sayı Azərbaycanla eyni olan Avstriyada bu il kitab nəşrindən 375 milyon dollara yaxın gəlir əldə ediləcəyi gözlənir.
Bəs Azərbaycanın kitab bazarı nə vəziyyətdədir? Kitab satışı ilə məşğul olan Turkkitab.az komandasının Bakı təmsilçisi Rəsul Quliyev Transparency.az-ın bu yöndə suallarına cavab verib.
— Sizdən əvvəl də bu işlə məşğul olan var yəqin…
— Biz iki ildir Türkiyədən Azərbaycana kitab gətiririk. Təbii ki, əvvəl də bu işlə məşğul olan mərkəzlər yaranıb.
— Kitab bazarı sizi nə ilə çəkdi, maliyyə maraqları, yoxsa həvəs, ya başqa səbəblər buna təkan verdi? Bazarı necə təhlil etdiniz ki, qazancınız ola bilər?
— Düzdür, maddi maraq öndədir. Amma kitaba sevgisi, marağı olmayan bu sahədə heç vaxt irəliləyə bilməz. Kitabı yaxşı tanımalısan, onu sevməlisən. Doğrusu, indi Türkiyədən kitab gətirib satmaqda o qədər də böyük qazanc yoxdur. Bir kitabdan maksimum manat yarım pul qazana bilirik. Bahalı kitablarda qazanc bir az çox olur, amma bahalı kitabı hamı almır, buna imkan yoxdur.
Bu işə girişəndə əvvəlcə günə 2-3 manat gəlirim olurdu, amma elə bu məbləğ də stimul verdi.
— Kitab seçimini necə edirsiniz, kitabın reklamı ilə məşğul olub tanıdırsınız, sifariş gəlir, yoxsa necə?
— Reklam da edirik. Amma əsasən sifariş əsasında işləyirik. Sosial şəbəkələrdəki reklamlarda daha çox endirimli kitablar haqda məlumat verilir. Bu kitablar öz qiymətindən ucuz təklif edilir, oxucuların bir qismi yararlana bilir.
— Sifarişçilər kimlərdir, konkret oxucular, yoxsa kitab mağazaları?
— Konkret oxucular. Daimi sifarişçilərimiz də var, yeni müraciət edənlər də olur.
— Daha çox hansı növ ədəbiyyatlar sifariş edilir?
— Konkret bir sahənin üzərində dayanmaq olmaz, oxucular müxtəlifdir. Amma biz kampaniyaları daha çox tarixi, elmi və siyasi kitabların üzərində qururuq. Azərbaycanda elmi kitablar oxuyan təbəqənin əhatəsi getdikcə genişlənir. Sifarişlərin böyük bir qismi dərslik xarakterli olur. Bu cür kitablar birmənalı şəkildə Türkiyədən sifariş edilir. Azərbaycanda tək-tük elmi kitab çap olunur. Əvvəllər bu boşluğu rusdilli ədəbiyyat doldururdu, indi Türkiyə önə keçib.
— Ölkəyə konkret hansı sahəyə aid dərsliklər gətirilir?
— Bizə kino sahəsindən tutmuş arxeologiyaya qədər bütün sahələr üzrə müraciətlər olur. Sadəcə, elmi kitablar Türkiyədə də baha olduğuna görə hər kəs ala bilmir. Bizdəki devalvasiyalardan sonra ölkədə kitab işi də böyük zərbə aldı. Amma Azərbaycan oxucusu hansı kitaba pul verməli olduğunu da yaxşı bilir. Elə oxucular var ki, əvvəlcə kitabın məzmunu ilə internetdən tanış olur, reytinqdə ona verilən xallara nəzər salır, sonra sifariş verir.
— Oxucular niyə Türkiyə türkcəsində oxumağa üstünlük verirlər? Axı xarici ədəbiyyatın bir qismi Azərbaycan türkcəsinə də tərcümə edilir və nəşr olunur…
— Azərbaycan türkcəsinə çox az kitab tərcümə edilir, çoxu da bədii ədəbiyyatdır. Elmi kitablar yox kimidir. Türkiyədə hər gün orta hesabla 50-60 kitab çapdan çıxır. Nəşriyyatlar dünya kitab bazarlarını daim öyrənir, nəzarətdə saxlayır. Hansı ölkədə dəyərli kitab işıq üzü görübsə, profili uyğun nəşriyyat onu tərcümə və nəşr etdirir.
Azərbaycanda əsas ağrılı məsələ tərcümə işidir. Ofisimizə elə oxucu gəlib, baxıram, əlində axtardığı kitabın Azərbaycan türkcəsinə tərcümə edilmiş variantı var, amma onu Anadolu türkcəsində axtarır, tərcümə bərbaddır deyir.
— Oxucuların yaş həddi necədir? Belə bir statistika varmı sizdə?
— Oxucu kütləsini əsasən gənclər təşkil edir, əksəriyyət 35 yaşa qədərdir. Görünür, orta nəsil Türkiyə türkcəsində oxumağa əziyyət çəkir, onlara rus dilində oxumaq daha rahatdır. Amma yaşlı sifarişçilərimiz də var. İngilis, alman, fransız dillərində də kitab sifarişləri alırıq.
— Biz xaricə kitab satırıqmı?
— Yox. Bir vaxtlar ictimai təşkilatların təşəbbüsü ilə Borçalıda, Dərbənddə yaşayan soydaşlarımıza dərsliklər göndərilib. Amma indi heç dərslik də göndərilmir.
— Bəs heç olmasa daxildə qazanc götürmək olurmu, sizcə?
— Kitabçılıq elə sahədir ki, tiraj nə qədər çox olsa, qazanc artır. Bizdə isə kitab tirajı 500-dən yuxarı qalxa bilmir.
Türkiyədə nəşriyyat kitab satmır, onu bu işlə məşğul olan yayım evlərinə verir, onlar da mağazalara paylayır. Amma bizim nəşriyyatlar həm də satışla məşğul olur. Çünki oturuşmuş kitab bazarı yoxdur.
— Bizdə kitab ticarətinin normal inkişafı üçün daha nə çatmır, sizcə? Dediniz tərcümə problemi yaşayırıq, bəs başqa səbəblər?
— Vergi və gömrük əngəlləri var. Vergi, təbii ki, olmalıdır, amma kitab ticarətini inkişaf etdirmək üçün dövlət müəyyən dövr güzəşt etməlidir. Ana dilli oxucu kifayət qədərdir, Arazın o tayında 40 milyona yaxın potensial oxucumuz var. 15 il öncə Güneydən bizə meyl var idisə, bu gün istiqamət dəyişib, Türkiyəyə tərəf çevrilib. Burada telekanalların da böyük təsiri var. İnsanlar maraqlı, alternativ proqramlar axtarır. Hansı ölkəyə baxacaqsa, onun dilini də mənimsəyəcək, bu zaman həmin dildə kitaba da üstünlük verəcək. Hər biri əlaqəli proseslərdir.
— Gömrük, vergi demişkən, bir kitabı gətirmək üçün nə qədər vəsait ödənilir? Ümumiyyətlə, bu detallara görə Türkiyə və ya bazarı inkişaf etmiş hər hansı ölkə ilə müqayisə apara bilərsinizmi? Onlarda necədir, bizdə necə?
— Hazırda ən böyük əziyyətimiz daşınma xərcləri ilə bağlıdır. Əvvəllər şirkətlər kitabı kiloqramı 2-3 dollara aparırdılar, indi qiymət iki dəfə artıb. Onlayn satışa gəldikdə, Türkiyəyə nisbətən Azərbaycan qanunvericiliyində müəyyən yumşaqlıq var. Bizim qanunvericiliyə görə, digər satışda tətbiq olunan vergi onlayn satışa da aiddir. Çünki Azərbaycanda kitab satanların çoxu tələbədir. Bir kitabdan 1 manat qazanıb ondan vergi vermək mümkün deyil. Tələbə həmin qazancla gündəlik ehtiyacını ödəyir. Onsuz da Azərbaycan böyük nəşriyyatların, kitab yayım mərkəzlərinin birləşdiyi böyük kitab bazarına malik deyil.
— Təxmin etmək mümkündürmü hər il ölkədən kitaba nə qədər vəsait çıxır?
— Dəqiq rəqəm söyləmək çətindir. Amma Azərbaycanda 3-5 çap evi son illər özünü az da olsa inkişaf etdirib. Çap xərcləri isə qonşu Türkiyəyə görə iki dəfə yuxarıdır. İranla müqayisədə isə daha çox bahadır. Bu, kağızın xaricdən alınmasına görədir. Çap evləri inkişaf etdirilsə, kağız istehsalı məsələsinə baxılsa və ya xaricdən idxala rüsum ləğv olunsa, xeyli irəliləyiş əldə etmək olar, pul ölkədə qalar.
“Baltika-Bakı” istehsalı dayandırıb işçiləri məzuniyyətə yollayır
19.08.2016
Pivə istehsal edən “Baltika-Bakı” şirkəti 2016-cı ilin ilk yarısı üzrə nəticələri açıqlayıb. Hesabata görə, yarım il ərzində pivə bazarında ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 30 faiz eniş müşahidə olunub, satış həcmi 25 faiz azalıb. Bildirilir ki, bunun səbəbi ölkədə yaranmış ağır makroiqtisadi vəziyyət və qanunvericilik tənzimləməsidir: “Satışın azalmasının əsas səbəbi milli valyutanın devalvasiyası və əhalinin alıcılıq qabiliyyətinin düşməsidir. Bir səbəb də 2016-cı il yanvarın əvvəllərində aksiz markası vurulan malların nağd satışını qadağan edən qanunun qısa müddətə qüvvəyə minməsi oldu. Bu, bazarın texnoloji cəhətdən hazır olmadığını göstərdi və məhsul satışlarının kəskin şəkildə azaltdı”.
Şirkət xəbərdarlıq edir ki, aksiz markası vurulmalı olan malların nağdsız satışı və mütləq şəkildə öncədən ödənişi haqqında qanunun qüvvəyə minməsi pivə istehsalına əlavə maneələr törədəcək: “Baltika-Bakı” ölkədə şəffaf mal dövriyyəsinin təmin edilməsi üzrə dövlətin səylərini dəstəkləyir. Lakin tədarük zəncirinin yeni biznes modelinə keçməyə texniki cəhətdən hazır olmaması, kiçik və orta bizneslər üçün əvvəlcədən ödəniş əsasında hesablaşma forması pivə sənayesini ağır duruma aparacaq, satışın daha da azalmasına və müəssisənin gəlirinin aşağı düşməsinə gətirib çıxaracaq”.
Qeyd olunur ki, Tarif Şurasının 16 may 2016-cı ildə suyu bahalaşdırması şirkətin biznesinə mənfi təsir edib: “Su növlərinin xammal və texniki təyinatı üzrə ayrılmasının ləğvi və standart 8 manat qiymətin təyin edilməsi şirkətin xərclərini tək 2016-cı ildə 420 min manat artırır.
Ramazan ayı ərzində satışın kəskin şəkildə aşağı düşməsi və illik satışın 70 faizini əhatə edən yayın ilk aylarında havaların sərin keçməsi şirkətin rentabelliyini təhlükə altına alıb.
Böhran situasiyasını yumşaltmaq məqsədilə şirkət “qaynar mövsüm” başa çatdıqdan sonra iki aylıq məcburi boşdayanmaya qərar verib. Bu dövr ərzində pivə istehsalı və pivənin süzülməsi dayandırılacaq, şirkətin fəaliyyəti hazır məhsulun realizasiyasına və satışın dəstəklənməsi üçün əməliyyatlara köklənəcək. Əməkdaşların təqribən 80 faizi boşdayanmaya göndəriləcək və sosial paketin qüvvədə qalması şərti ilə əmək haqlarının üçdə iki hissəsi ödəniləcək. Boşdayanma dövründə şirkət böhrandan çıxmaq məqsədilə biznes modelinin optimizasiyası mexanizmləri hazırlayacaq”.
“Baltika-Bakı” Xırdalan şəhərində yerləşir. Şirkətin bazarda 75 faiz payı var. Zavodun istehsal gücü ildə 10 milyon dekalitrdir. “Azadlıq” radiosunun məlumatına görə, şirkətdə təqribən 250 əməkdaşın çalışdığı, təxminən 400 nəfərin (distributor, agentliklər və podratçılar) iş prosesinə cəlb olunduğu bildirilir.
Müəllimlərin işə qəbulu: 1793 nəfər uğur qazandı
19.08.2016
Ölkənin ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Müsabiqəyə 3381 vakansiya çıxarılmışdı.
Avqustun 19-da açıqlama yayan Təhsil Nazirliyi bildirir ki, müsahibə mərhələsinə keçid balını toplayıb vakant yeri tutmaq hüququ əldə edən 2371 nəfər dəvət olunub. Dəvət olunanlardan 269 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edənlərdən 1793 nəfəri müəllim adını qazanıb.
Müəllim adını qazanan namizədlər 30 avqust 2016-cı ilədək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
Dostları ilə paylaş: |