Keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər növbəti yerləşdirmədə iştirak edə biləcəklər.
Növbəti yerləşdirmədə tutulmayan və tədris ili başlayanadək yaranan yeni vakant yerlər elan ediləcək.
Quşçuluqda nə inkişaf var?
19.08.2016
“Azərbaycanda quşçuluq sahəsi sürətlə inkişaf edir”. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev avqustun 19-u Bakıda keçirilən Quşçularının Beynəlxalq Forumundakı çıxışında belə deyib.
Musayev qeyd edib ki, ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı xarici ölkələrə ixrac potensialı da yaradılıb: “İntensiv inkişaf sayəsində ölkə özünü quş əti ilə 98 faiz, yumurta istehsalı ilə 100 faiz təmin edir. Bu ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30,4 min ton quş əti, 342,9 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 10,2 milyon baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınıb”.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev quşçuluq sahəsindəki vəziyyətdən, bu sahənin müasir standartlara uyğun məhsul istehsalı qabiliyyətindən söhbət açıb. O qeyd edib ki, bu sahəyə daim dövlət dəstəyi göstərilib, 2009-cu ildən başlayaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verilib, nəticədə yeni quşçuluq kompleksləri inşa olunub, fəaliyyət göstərən fabriklər yenidən qurulub və müasir avadanlıqla təchiz edilib: “Bu gün quş məhsulları istehsalı əvvəlki illərə nisbətən bir neçə dəfə artıb. İllik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 milyard ədədə çatıb. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur”.
Forumda quşçuluqda yemlənmə, baytarlıq, zootexnika və müasir avadanlıqlarla təchizat məsələləri müzakirə olunub. Bildirilib ki, hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır, ilkin olaraq MDB ölkələrinə çıxış nəzərdə tutulub.
Populyar və ən populyar
19.08.2016
Transparency.az Azərbaycanda doğulmuş uşaqlara qoyulan adların statistikasına nəzər salıb.
Ədliyyə Nazirliyinin hesabatına görə, 2016-cı ilin 100 populyar qız adından ibarət siyahını Milana, Melisa, Gülnur (51 uşaq), Səidə, Rüqəyyə, Nurcan, Məleykə, İlahə (54), Gülsüm və Dilək (55) adları qapayır.
100 populyar oğlan adı siyahısının axırıncı pillələrində isə Ziya (70), Rəşad (71), Mətin, Eşqin, Əbəlfəz, Adil (72), İlqar (73), Rafiq (75), Xəyal (76) və İsa (77) adları dayanır.
Ən populyar 3 qız adı bunlardır:
Zəhra – 1611 uşaq
Nuray – 1249
Fatimə – 1051.
Sonrakı sıralarda Zeynəb (1018), Aylin (952), Məryəm (871), Ayan (768), Mələk (756), Mədinə (597), Səma (592) adları yer alır.
2016-cı ilin ən populyar 10 oğlan adı Yusifdir – 1841 uşaq. Sonrakı sıralama belədir:
Hüseyn – 1300
Əli – 1220
Ömər – 978
Məhəmməd – 756
Tunar – 745
Murad – 734
Ayxan – 698
Uğur – 677
İbrahim – 497.
Sosial-məişət xidməti hesabatı
19.08.2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə 11 min 901 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərir. Avqustun 19-da yayılan rəsmi məlumatda bildirilir ki, sosial-məişət xidməti göstərilənlərin 9 min 555 nəfəri yaşı 70-dən yuxarı olan ahıllar, 2 min 346 nəfəri I və II qrup əlillərdir.
Sosial-məişət xidmətlərinin göstərilməsi Nazirlər Kabinetinin 22 aprel 2014-cü il qərarı ilə təsdiq edilən “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nə uyğun həyata keçirilir.
7 aylıq makroiqtisadi göstəricilər
19.08.2016
Transparency.az 2016-cı ilin yanvar-iyul ayları üzrə makroiqtisadi göstəriciləri təqdim edir. Göstəriciləri Dövlət Statistika Komitəsi açıqlayıb.
Ümumi daxili məhsul (ÜDM): 32 milyard 122,6 milyon manat
Qeyri-neft ÜDM: 20 milyard 820,1 milyon manat
Əhalinin hər nəfərinə düşən ÜDM: 3340,6 manat
Sənaye məhsulu istehsalı: 17 milyard 616,6 milyon manat
Qeyri-neft sənayesi istehsalı: 4 milyard 660,4 milyon manat
Sərmayə: 7 milyard 959,7 milyon manat
Kənd təsərrüfatı məhsulu istehsalı: 3 milyard 290,4 milyon manat
İnformasiya və rabitə xidmətləri: 955,7 milyon manat
Pərakəndə ticarət dövriyyəsi: 16 milyard 169,5 milyon manat
Əhaliyə göstərilən ödənişli xidmətlər: 4 milyard 36,6 milyon manat
Dövlət büdcəsinin gəlirləri: 7 milyard 7,5 milyon manat
Dövlət büdcəsinin xərcləri: 8 milyard 193,5 milyon manat
Dövlət büdcəsinin kəsiri: 1 milyard 186 milyon manat
Əhalinin gəlirləri: 25 milyard 682,7 milyon manat
Əhalinin hər nəfərinə düşən gəlirlər: 2670,9 manat
Əhalinin banklardakı əmanətləri: 7 milyard 815,6 milyon manat
Kredit qoyuluşları: 18 milyard 434,2 milyon manat
Vaxtı keçmiş kreditlər: 1 milyard 539,8 milyon manat
Əhalinin sayı: 9 milyon 755,5 min nəfər.
Rusiyanın təhsil naziri istefa verdi
19.08.2016
Rusiyanın təhsil naziri Dmitri Livanov avqustun 19-da istefa verib. Novator.az-ın məlumatına görə, həmin gün Rusiya prezidenti Vladimir Putin istefanı qəbul edib.
Dövlət başçısı baş nazir Dmitri Medvedyevin təqdimatını nəzərə alaraq Olqa Vasilyevanı təhsil naziri postuna gətirib. Olqa Vasilyeva bu təyinata qədər Rusiya Prezidenti Administrasiyasının əməkdaşı idi.
Təhsil naziri vəzifəsini tərk edən Dmitri Livanov Rusiya prezidentinin Ukrayna ilə ticari-iqtisadi əlaqələr üzrə xüsusi nümayəndəsi postunu tutacaq.
Dmitri Livanov 2012-ci ilin may ayından təhsil naziri vəzifəsində çalışırdı.
Dostları ilə paylaş: |