Xəbər bülleteni № 6
http://transparency.az/cnews/
Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az
Avqust 2015
Dövlət başçısı kənd təsərrüfatı ilə bağlı sərəncamlar imzaladı, hökumətə tapşırıq verdi
Azərbaycan nefti 50 dollardan aşağı enir
Rusiyanın ən varlı qadınlarının adları açıqlanıb
Gömrük hüquqpozmalarının statistikası
Qazaxıstan pulu ölür
Türkiyə növbədənkənar seçkiyə gedir. İlkin tarix bəllidir
Məhkəmə istintaqı bitdi
Rusiyalıları nə qorxudur? (Rəy sorğusunun nəticələri)
Müsavatdan Ədliyyə Nazirliyinə kimlər şikayət edib?
Təngənin çökməsi Azərbaycana təsir edəcəkmi?
Yunanıstanın baş naziri istefa verib xalqdan dəstək istədi
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
Dövlət qulluğuna qəbul: 2850 iddiaçının olduğu müsabiqənin nəticələri açıqlanıb
Prokuror jurnalistə 9 il həbs cəzası istədi
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif olunub
İki nazirlik razılaşma imzalayıb: dərman vasitələri bazarına nəzarət güclənir
51 siyasi partiyanın MSK-ya illik maliyyə hesabatı
Mərkəzi Bank banklara dollar kursu qoydu: 1,055 manat
7 ayda Azərbaycanda idxal əməliyyatları 2014-cü ilə nisbətən 8,61 faiz artıb
Azərbaycan nefti 47 dollardan aşağı düşüb
Sabiq polis zabiti Şahlar Şahlarzadə həbs edilib
Manatın keçmiş sovet respublikalarının milli valyutalarına rəsmi kursu
Ədliyyə Nazirliyi Müsavatdan şikayət üzrə araşdırmaları davam etdirir
Azərbaycanın ixracı ötən ilə nisbətən 43,60 faiz azalıb
Nazirlik istehlak bazarına nəzarəti gücləndirdi, cəza xəbərdarlığı etdi
Dövlət Sosial Müdafiə Fondu əcnəbilərlə bağlı hesabat yayıb
Bakıda yeni tikililər ucuzlaşıb
Vergilər Nazirliyi gördüyü işlərə dair 6 hesabat yayıb
Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş aylığı”na hazırlaşır
Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib
Nikah qaydasındakı yeniliklə bağlı hesabat açıqlanıb
Avropada daşınmaz əmlak bahalaşır. Rusiya və Azərbaycanda vəziyyət fərqlidir
Rabitə müəssisələrinin xidmət göstərdiyi fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazası yaradılır
MSK seçki dairələrini yenidən yaratmağa ehtiyac görmür
Təhlil
Vüqar Bayramov: “Azərbaycanda mənzil problemini yaxın 10 ilə həll etmək mümkündür”
Vəzifəli şəxslər nə qədər maaş alır?
Son il yarımda Azərbaycan nefti 70 dollardan çox ucuzlaşıb
Hansı dövlət və hökumət qurumlarında çalışmış şəxslərin pensiyasına əlavələr olur?
Naxçıvan Muxtar Respublikasının 7 aylıq sosial-iqtisadi göstəriciləri
Beynəlxalq Bankın İdarə Heyətinin sədri planları açıqlayıb
Son 20 ildə Azərbaycanın iqtisadi artım tempi necə dəyişib?
Azərbaycanla İranın enerji əməkdaşlığı (Dövlət agentliyindən yeni şərh)
Ekspert valyuta burulğanından çıxış yolu göstərir
İqtisadçı: “Mərkəzi Bank manat əmanətlərinin indeksasiyasını həyata keçirməlidir”
Samir Əliyev: “Ölkədən güclü kapital axını var”
Ekspert nefti ucuzlaşdıran amilləri şərh edir
Sabiq nazir: “Azərbaycanın iqtisadi təlatümlərdən az itki ilə çıxmağa imkan verən resursları var”
Ekspert Mərkəzi Bankı strategiyasız taktikalarda günahlandırır
Daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?
Keçmiş maliyyə naziri hökumətə təkliflər verdi
Torpaqları mühafizə zonaları
Pensiyaya nə vaxt çıxırlar?
Hüquq müdafiəçisi Bəhruz Hacıyevin ölümü ilə bağlı araşdırma aparır
Dövlət başçısı kənd təsərrüfatı ilə bağlı sərəncamlar imzaladı, hökumətə tapşırıq verdi
20.08.2015
Prezident İlham Əliyev avqustun 19-da iki sərəncam imzalayıb. Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında sərəncama görə, ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün 2015-ci il dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılır.
Transparency.az xəbər verir ki, ikinci sərəncam heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqındadır. Sərəncama əsasən, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilir. Nazirlər Kabineti süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydasını iki ay müddətində hazırlamalıdır.
Azərbaycan nefti 50 dollardan aşağı enir
20.08.2015
Dövlət Neft Şirkətinin 20 avqust məlumatına görə, London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 2,33 faiz və ya 1,16 dollar azalaraq 48,47 dollar olub.
Transparency.az bildirir ki, bu gün Nyu-York birjasında “Layt” markalı neftin barreli 40,56 dollara, London birjasında “Brent” markalı neftin barreli 46,91 dollara satılır.
Azərbaycan Respublikasının 2015-ci il büdcəsində neftin bir barrelinin qiyməti 90 dollardan hesablanır. Gələn ilin dövlət büdcəsində qiymətin 50 dollardan götürüləcəyi bəyan edilib.
Rusiyanın ən varlı qadınlarının adları açıqlanıb
20.08.2015
“Forbes” jurnalı Rusiyanın 50 ən varlı qadınının adlarını açıqlayıb (Siyahı). Transparency.az xəbər verir ki, avqustun 20-də yayılan reytinq cədvəlinə Moskvanın sabiq meri (1992-2010-cu illər) Yuri Lujkovun xanımı Yelena Baturina başçılıq edir. Onun varidatı 1 milyard dollardır.
Varlı qadınlar siyahısının ikinci pilləsində “Sodrujestvo” Şirkətlər Qrupunun rəhbəri Nataliya Lusenko (550 milyon dollar), üçüncü pilləsində “TAİF” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Quzeliya Safina (430 milyon dollar) yer alıb.
Gömrük hüquqpozmalarının statistikası
20.08.2015
Bu ilin 7 ayında (yanvar-iyul) gömrük hüquqpozmaları ötən ilin müvafiq dövrünə nisbətən artıb. Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, cinayət xarakterli 355 fakt aşkar edilib. Keçən ilin 7 ayında 204 belə fakt qeydə alınmışdı.
Qaçaqmalçılıq faktları 51 fakt artaraq 193-ə çatıb. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar da 45 fakt artaraq 140 olub.
Rəsmi məlumata görə, gömrük ödənişlərindən yayınma halları azalıb. Keçən ilin 7 ayında 5 belə hal qeydə alınmışdı, bu il rəqəm 2-yə düşüb.
7 ayda gömrük hüquqpozmalarına görə təqsirləndirilən şəxslərin sayı 406 nəfər göstərilir. Bu, ötən ilin 7 ayının göstəricisi ilə müqayisədə 166 nəfər çoxdur.
Qazaxıstan pulu ölür
20.08.2015
Qazaxıstanın milli valyutası təngə avqustun 20-də dollar qarşısında 35,5% dəyərdən düşüb. Bu, hökumətin milli valyutanın kursunu sərbəst buraxmaq qərarından dərhal sonra baş verib.
Transparency.az xəbər verir ki, bu gün Qazaxıstan Fond Birjasında milli valyuta 66,88 təngə ucuzlaşıb. Hazırda 1 dollar üçün 255,26 təngə ödəmək lazım gəlir. Avqustun 19-da 1 dollar 188,38 təngəyə bərabər olub.
Təngənin çökməsi Qazaxıstanla vahid iqtisadi məkanda olan qonşu Rusiyada rublun kəskin devalvasiyası və dünya bazarında neftin ucuzlaşması ilə əlaqədardır.
Türkiyə növbədənkənar seçkiyə gedir. İlkin tarix bəllidir
20.08.2015
Avqustun 20-də Türkiyənin Mərkəzi Seçki Komissiyası dörd parlament partiyasına Böyük Millət Məclisinə növbədənkənar seçkinin noyabrın 1-də keçirilməsi təklifi göndərib.
Bu il iyunun 7-si Türkiyədə yeni parlament seçilib. Ədalət və İnkişaf Partiyası (AKP) 550 yerlik parlamentdə 258, Cümhuriyyət Xalq Partiyası (CHP) 132, Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) hərəyə 80 yer götürüblər.
Hökumət qurmaq üçün azı 276 səs lazım olduğundan koalisiya lazım gəlib. İyulun 9-da Türkiyə prezidenti AKP liderinə hökumət qurmaq səlahiyyəti verib. Hökumət həmin gündən başlayaraq 45 gün ərzində qurulmalıdır. Əks halda növbədənkənar parlament seçkisi keçirilməlidir. Müddət avqustun 23-də bitir.
Avqustun 18-də AKP sədri, baş nazir Əhməd Davudoğlu yeni hökumətin qurulması ilə bağlı səlahiyyəti prezident Rəcəb Teyyub Ərdoğana təhvil verib. O, yeni hökuməti formalaşdıra bilmədiyini bəyan edib.
Türkiyə Konstitusiyasına görə, növbədənkənar seçkiyə qədər ölkəni parlament partiyaları təmsilçilərindən ibarət müvəqqəti hökumət idarə etməlidir. CHP və MPH müvəqqəti hökumətdə yer almaqdan imtina ediblər.
Məhkəmə istintaqı bitdi
20.08.2015
Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Xədicə İsmayılın işi üzrə prosesi yekunlaşdırır.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də tutulub. O, özünü öldürməyə cəhd həddinə çatdırmaq, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.
39 yaşlı Xədicə İsmayıl 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.
APA-nın məlumatına görə, avqustun 20-si Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Vergilər Departamentinin vergi müfəttişi İmran Nurməmmədov ifadə verib. O, Xədicə İsmayılın imzası olan hər hansı sənədin üzə çıxmadığını, lakin onun büro rəhbəri kimi radiodakı qanun pozuntularına cavabdeh olduğunu deyib. Bakı Vergilər Departamentinin digər vergi müfəttişi Elçin Əliyev ifadəsində Xədicə İsmayılın Xarici İşlər Nazirliyində xarici jurnalist kimi akkreditasiyadan keçməyərək fəaliyyət göstərdiyini, bununla da qanun pozuntusuna yol verdiyini vurğulayıb.
Bununla da məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror məhkəmədən sabahadək vaxt istəyib.
Xədicə İsmayıl jurnalist Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları jurnalistin işinə bu ilin fevralında əlavə olunub.
Rusiyalıları nə qorxudur? (Rəy sorğusunun nəticələri)
20.08.2015
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ölkənin 46 bölgəsinin (respublika, diyar, vilayət) 130 yaşayış məntəqəsində sosioloji sorğu keçirib. İyulun 25-26-da keçirilən sorğuya 1600 nəfər qatılıb.
Transparency.az-ın məlumatına görə, respondentlərin 58%-i beynəlxalq münaqişələr ehtimalından, 53%-i əmanətlərinin dəyərdən düşməsi ehtimalından qorxduğunu bildirib. Rusiyalıların 44%-i səhhətindəki problemlərdən qorxur.
Ölkədə siyasi, milli, dini zəmində münaqişələrin, iğtişaşların yaranma ehtimalı 40%-i, cinayətkarlığın baş alıb getməsi ehtimalı 39%-i narahat edir.
Maaşın kəsilməsi, daha az ödənişli işə keçmək ehtimalı 39%-i qorxuya salır. 24% iş yerini itirməyi real təhlükə sayır.
Rusiyalıların 37%-i təbii fəlakət ehtimalından, 15%-i ailədaxili problemlər ehtimalından çəkinir.
Müsavatdan Ədliyyə Nazirliyinə kimlər şikayət edib?
20.08.2015
Ədliyyə Nazirliyi Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilmiş 8-ci qurultayının nəticələrinin ləğvinə çağıran müraciəti araşdırmağa başlayıb.
Müsavatın 8-ci qurultayında başqan seçkisi olub. Həmin seçkidə Arif Hacılı 228 səslə qalib gəlib. 200 səs toplamış Qubad İbadoğlu və tərəfdarları seçkidə pozuntular olduğunu iddia edib, nəticələri tanımayıb, növbədənkənar qurultay keçirmək istiqamətində çalışıb. Bundan sonra narazıların bir qismi, o cümlədən Qubad İbadoğlu partiyadan çıxarılıb.
Qubad İbadoğlu hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatına (ADR) rəhbərlik edir. Həmin qurumun bir qrup üzvü avqustun 10-da Ədliyyə Nazirliyinə Müsavatın 8-ci qurultayının nəticələrinin ləğvinə çağıran müraciət göndərib.
Müsavat başqanının müavini Elman Fəttah Transparency.az-a deyib ki, müraciəti ADR üzvü olan sabiq müsavatçılar Ellada Məmmədli, Rövşən Dəmirli, Əlövsət Əhədoğlu, Rüfət Əliyev, Kamil Xəlilbəyli və başqaları, ümumilikdə 15 nəfərə yaxın şəxs imzalayıb.
Avqustun 19-da Ədliyyə Nazirliyinə dəvət olunan Elman Fəttah Müsavatın 8-ci qurultayı ilə bağlı sorğu-suala tutulub. O, Ədliyyə Nazirliyi rəsmisinə sualları yazılı şəkildə Müsavat Partiyasına göndərməyi məsləhət görüb.
Elman Fəttah Transparency.az-a açıqlamasında əlavə edib ki, 2014-cü ildə Müsavatın qurultayının nəticələrinə dair sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub və partiya ilə bağlı reyestr qeydiyyatı başa çatıb. Başqan müavininin qənaətinə görə, 8-ci qurultaydan az qala bir il ötəndən sonra Ədliyyə Nazirliyinə şikayət göndərilməsi və bununla bağlı araşdırmalara başlanması hakimiyyətin partiyanın fəaliyyətinə əngəl yaratmaq cəhdidir.
Təngənin çökməsi Azərbaycana təsir edəcəkmi?
20.08.2015
Qazaxıstan pulu təngə avqustun 20-də dollar qarşısında 35%-dən çox dəyər itirib. Buna hökumətin milli valyutanın kursunu sərbəst buraxmaq qərarı səbəb olub.
Prezident Nursultan Nazarbayev bəyan edib ki, milli valyutanın kursunu sərbəst buraxmağın alternativi yoxdur. O, təkcə 2015-ci ildə təngənin kursunu sabit saxlamağa 10 milyard dollar xərcləndiyini vurğulayıb.
Qazaxıstan pulunun ucuzlaşması Azərbaycana təsir edə bilərmi? Transparency.az-ın bu sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, təngənin devalvasiyası Azərbaycana birbaşa təsir etməsə də, psixoloji təsirlər olacaq: “Çünki hər iki ölkə indi qiymətdən düşən neftdən asılı olan, siyasi və iqtisadi sistemləri bənzər ölkələrdir”.
Qazaxıstan Azərbaycanın xarici ticarət dövriyyəsində və ixracında ilk 15 ölkə arasında yoxdur. İdxalda isə Qazaxıstan 15-ci yerdədir. Bunu əsas gətirən ekspertlər təngənin 20 avqust devalvasiyasının Azərbaycana təsirinin az olacağını proqnozlaşdırır.
Yunanıstanın baş naziri istefa verib xalqdan dəstək istədi
21.08.2015
Yunanıstanda hakim koalisiyaya öncüllük edən SİRİZA Partiyasının lideri Aleksis Sipras avqustun 20-də baş nazir postundan istefa verib. Transparency.az-ın məlumatına görə, xalqa müraciətində hökumət başçısı növbədənkənar parlament seçkisində SİRİZA-ya yenidən etimad göstərilməsini istəyib.
Bu ilin yanvarında hakimiyyətə gələn Aleksis Sipras hökumətinin qəfil istefası Avropa kreditorları ilə razılaşmaların koalisiyada, özəlliklə SİRİZA Partiyasında ikitirəlik yaratması ilə bağlıdır. Böhran içində çapalayan ölkəyə 86 milyard avroluq yardım paketini nəzərdə tutan razılaşma parlamentdə səsə qoyulan zaman SİRİZA Partiyasının sol qanadı müxalif mövqe tutub və sənəd çətinliklə qəbul olunub. İstefa verməklə növbədənkənar parlament seçkisinə yol açan Aleksis Sipras narazıların müqavimətini qırmaq üçün islahatlar paketinə xalqdan dəstək almaq niyyətindədir.
Ötən ay avro zonası ölkələrinin liderləri Yunanıstanla bağlı qərar çıxarıblar. Qərara əsasən, 2015-2018-ci illərdə Yunanıstana 86 milyard avro yardım ediləcək. Yunanıstan hökumətinin yardım müqabilində boyun olduğu islahat paketi vergilərin artırılmasını, hökumətdə struktur dəyişikliklərini, pensiya yaşının tədricən artırılmasını və başqa məsələləri nəzərdə tutur.
Yunanıstanın Avropa Sabitlik Mexanizminə, Avropa Mərkəzi Bankına, Beynəlxalq Valyuta Fonduna, ayrı-ayrı Avropa ölkələrinə, o cümlədən Almaniyaya, Fransaya, bəzi şəxsi kreditorlara üst-üstə 300 milyard avrodan çox borcu var.
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
21.08.2015
Avqustun 21-də AZƏRTAC-ın yaydığı məlumata görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 52 sent bahalaşaraq 41,32 dollar, London birjasında “Brent” markalı neftin bir barreli 1,05 dollar ucuzlaşaraq 46,11 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə London birjasında 0,38 dollar düşərək 48,09 dollar təşkil edib.
“Brent” markalı neftin bir barreli bu il yanvarın 14-dən ən aşağı səviyyəyə çatıb.
“Layt” markalı neftin bir barrelinin dünənki qiyməti isə (40,81 dollar) 2009-cu ilin martından bəri ən aşağı səviyyə sayılır.
Dövlət qulluğuna qəbul: 2850 iddiaçının olduğu müsabiqənin nəticələri açıqlanıb
21.08.2015
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 211 vakant dövlət qulluğu vəzifəsi üçün bu il aprelin 15-də elan etdiyi müsabiqə başa çatıb.
Avqustun 21-də AZƏRTAC-ın yaydığı rəsmi hesabata görə, müsabiqədə iştirak etmək üçün dövlət komissiyasında 2850 namizəd qeydə alınıb. Namizədlərdən 999-u (35,05 faizi) test imtahanında iştirak etməyib. Test imtahanında iştirak edən 1851 namizəddən 548 nəfər (19,23 faiz) müsabiqənin ilk mərhələsini uğurla başa vurub.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş 434 namizəddən 35 nəfəri müsahibə mərhələsinə qatılmayıb. Namizədlərdən 119-u vəzifəyə uyğun hesab edilib. Müsahibələrin nəticələri üzrə ümumilikdə 21 apellyasiya şikayəti olub. Bunlardan 19-u təmin olunmayıb. İki namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib. Keçirilmiş yeni müsahibələr nəticəsində 1 namizəd vəzifəyə uyğun hesab edilib.
Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Artıq onlardan 25-i vakant dövlət qulluğu vəzifələrinə təyin olunub.
Prokuror jurnalistə 9 il həbs cəzası istədi
21.08.2015
Avqustun 21-də dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərək jurnalist Xədicə İsmayıla 9 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Xəbəri “Azadlıq” radiosu yayıb.
Dövlət ittihamçısı çıxışında qeyd edib ki, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, Vergi Məcəlləsinin 101-ci maddəsinə (Gəlir vergisinin dərəcəsi) uyğun olaraq vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.
Prokuror əlavə edib ki, Xədicə İsmayılın Bakı bürosuna rəhbərlik etdiyi sonuncu bir ildə “Azadlıq” radiosu lisenziyasız fəaliyyət göstərib.
Dövlət ittihamçısı deyib ki, Xədicə İsmayıl zərərçəkən Tural Mustafayevi özündən maddi asılılığa məcbur edib, sonradan imkansız vəziyyətə düşən Tural Mustafayev əvvəlki durumunu bərpa etmək üçün dəfələrlə Xədicə İsmayıla onu bağışlaması üçün yalvarıb, ancaq Xədicə İsmayıl onu bağışlamayıb və bununla da Tural Mustafayev intihar həddinə çatıb.
Proses avqustun 26-da davam edəcək.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də jurnalist Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Sonradan jurnalistin işinə külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları əlavə edilib.
Xədicə İsmayıl 1976-cı ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif olunub
21.08.2015
Prezident İlham Əliyev peşə bayramını qeyd edən Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif olunmasına sərəncam verib. Təltif olunanların siyahısı:
Dostları ilə paylaş: |