B.L.Pasternak – Rilkeyə
12 aprel 1926, Moskva
Vurğunu olduğum böyük şair!
Artıq iyirmi ildir ki, Sizə duyduğum sevgi, sayğı və heyranlıq hisslərimi var səsimlə bəyan etmək istəsəm, bilmirəm bu məktub harda qurtarar, yaşadıqlarımı nə dərəcədə əks etdirə bilər.
Mən xarakterimin əsas cizgilərinə və mənəvi həyatımda qazandıqlarıma görə Sizə borcluyam. Sizinlə indi cərəyan edən hadisələrin qaynaqlandığı, baş alıb gəldiyi, zamanın çox ötəsində qalan bir keçmişlə danışırmış kimi danışıram. Məni bir şair kimi tanımağınızın sevincindən özümdə deyiləm, təsəvvürümə gətirə bilmirəm ki, söhbət Puşkindən, Esxildən yox, məndən gedir.
Bu sətirləri yazarkən hiss edirəm ki, talelər arasında belə bir bağın qeyri-mümkünlüyü duyğusu öz ürəksıxıcı dirənişiylə mənə sirayət edir və izahata gəlmir. Diqqətinizi cəlb etməyim bir möcüzədir, bu, məni heyrətə saldı. Bu xəbər qəlbimdə elektrik kimi qığılcım saçdı.
Hamı evdən getmişdi, mən otaqda təkbaşına atamla yazdığınız məktubdan bir neçə sətir oxuyub bu yerə çatanda özümü pəncərənin qabağına atdım. Qar yağır, yaxından adamlar keçirdi. Heç nə eynimə gəlmirdi, ağlayırdım. Oğlum dayəsiylə gəzintidən qayıtdı, sonra arvadım gəldi. Mən susurdum. Bir neçə saat ərzində bir kəlmə belə dilimdən çıxmadı.
Bu vaxta qədər poeziyanızdakı bitib-tükənməz, geniş və dərin lətafətə görə Sizə heyran olmuşam. İndi isə belə bir vaxtda xeyirxah bir niyyətlə qəfildən taleyimə qarışdığınıza görə Sizə minnətdaram. Bu təfərrüatlardan belə çıxır ki, mən Sizin diqqətinizə layiqəm, amma Siz özünüz bunu deməyincə heç vaxt belə fikirdə ola bilmərəm. Bu, həm də tarixin faciəli hadisələr zəncirini dərk etmək və onlar barədə danışa bilmək anlamına gəlir. Güman edirəm, bu da mənim gücüm xaricindədir.
Bununla belə, öyrənməyi bacaran hər kəs bizim həyat təcrubəmizdən görüb-götürə bilər ki, böyük olan bilavasitə təzahür etdikdə öz əksinə çevrilir. O, əsl həqiqətdə öz böyüklüyünə rəğmən əhəmiyyətsizləşir, aktivliyini itirərək süstləşir.
Belə baxanda bizim inqilab da bu cürdü – meydana çıxdığı gündən ziddiyyətlərlə doludu: durğun və qorxunc bir diqqətçəkicilik görkəmində zamanın axarını dəyişmək… Bizim taleyimiz də belədi: durğun, qısa, tarixin qaranlıq və qeyri-adi müstəsna olaylarından asılı, ən xırda və gülməli təzahürlərdə belə faciəvi…
…8 il sürən uzun bir vaxt ərzində o dərəcədə bədbəxt idim ki, ən kədərli vaxtımda belə inqilabın pardaqlanan tragizmi yaddaşıma həkk olunmuşdu. Mən qətiyyən yaza bilmirdim, iradəsiz, özümdən asılı olmadan yaşayırdım. Hər şey artıq 1917-1918-ci illərdə yazılmışdı.
İndi isə mən sanki yenidən doğulmuşam. Bunun iki səbəbi var. Onlardan birincisi haqda artıq danışmışam. Minnətdarlıqdan, az qala, dilim tutulur, bu barədə nə qədər yazsam da, mənim duyğularımla onlar müqayisəyə gəlməz.
İcazənizlə digər səbəbdən də danışım, üstəlik, bunlar bir-biriylə bağlıdır və söhbət Sizi məndən heç də az sevməyən şair xanımdan gedir. O şairdən ki, Sizin poetik tərcümeyi-halınızın bir parçasına çevrilə bilər.
Sizdən məlumat aldığım gün saxtakarlıqlan uzaq, doğru-dürüst yazılmış bir poema da aldım. SSRİ-də bizim heç birimiz daha bu cür yaza bilmərik. Bu, günün ikinci sarsıdıcı hadisəsiydi. O, Marina Svetayevadı, anadangəlmə böyük istedada malik, poetik tərziylə Debord-Valmora yaxın olan şair. Hal-hazırda Parisdə mühacirətdədi. Mən istərdim (Allah xatirinə, bu ədəbsizliyimə və Sizi usandırdığıma görə məni bağışlayın), arzu edərdim ki, mənə bəxş etdiyiniz sevincdən bir az da o dadsın. Avtoqraflı bir kitabınızı, eləcə adını eşitdiyim “Duinez ağıları”nı ona göndərsəniz, təsəvvür eləyirəm, bu onunçün nə demək olar… Lütfən, məni bağışlayın! Ancaq çərxi dönmüş dünyada bu dərin və uzun sürən təsadüfi, gözqamaşdırıcı sevinc içində belə təsəvvür etmək istəyirəm ki, həqiqət məhz bu sınıqlıqda, bu dönüklükdə mövcuddur. İnanıram ki, xahişim əməl olunacaq bir işdir və onun mənası var. Kiminçün, niyə? Bunu deyə bilmərəm.
Dostları ilə paylaş: |