RİLKE, SVETAYEVA VƏ PASTERNAKIN MƏKTUBLAŞMASI
Ədəbiyyat tarixində, ədəbi simaların həyat tarixçəsində epistolyar janr – məktublaşmalar xüsusi əhəmiyyət daşıyır. Söhbət dahilərdən gedəndə mənzərə daha da rəngarəng olur, min bir çalarıyla göz önünə gəlir.
XX əsr Avropa poeziyasının üç nəhəngi – Rilke, Svetayeva və Pasternakın məktublaşmaları təkcə onların iç dünyalarını, poetik baxışlarını ifadə etməsi baxımından yox, həm də o dövrün ab-havasını bu günümüzə daşıması baxımından maraq doğurur. O məktubların hamısı əslində gələcəyə – bizlərə, bizlərdən də o yana yazılmış məktublardı. 1926-cı ilin əvvəlində bu üç şairi bir-birinə bağlayan tellərin çox zaman faciəvi səbəblərdən olduğu onların yazışmalarından da açıq-aydın görünür. Həmin vaxt 50 yaşında olan Rilkenin (1875-1926) yanında Pasternak da (1890-1960), Svetayeva da (1892-1941) çox cavandılar və tale Rayner Mariyanı ağır imtahana çəkmişdi… O heç kəsə bildirmədən mübtəla olduğu amansız xəstəliklə mübarizə aparmaqdaydı. Bu dövrdə, yəni 1920-ci illərin ortalarında 1914-cü ildən başlayan, 1917-ci ildə Rusiyada Oktyabr inqilabını, sonra isə vətəndaş müharibəsini də özüylə gətirən I Dünya müharibəsinin ağrı-acıları hələ çəkilib getməmişdi. Rusiya əsilzadələri, ictimai-siyasi xadimləri və ziyalılarının böyük bir hissəsi, o cümlədən Marina Svetayeva Avropada mühacirətdə yaşayırdı.
Müharibənin acı yelləri Rusiya çöllərindən Avropanın o başınacan böyük bir ərazidən çox şeyi, bunların içində də poeziyanı alıb aparmışdı. Poeziya sanki göyə çəkilmişdi. Belə bir vaxtda Rilkenin varlığı, Svetayevanın dediyi kimi, “poeziyanın özü”nün varlığı, canlı olması, ayaq üstdə durması demək idi. Və belə bir zamanda bu üç şairin bir-biriylə tanışlığı və yazışması əsl poeziyanın küllər altından üzə çıxması, cücərməsi kimi bir şeydi.
1899-cu ildə ədəbi aləmdə o qədər də tanınmayan Rilkenin Rusiyaya ilk səfəri baş tutur. Avropa ilə müqayisədə daha çox öz təbiiliyində qalan Rusiya şairə nağıllar ölkəsi kimi xoş təsir bağışlayır. O, Moskvada Pasternakın atası rəssam Leonid Osipoviçlə tanış olur, Tolstoyla görüşür. Rus dilini öyrənmək həvəsinə düşür. Dostoyevski, Çexov, Tolstoy kimi yazıçıları orijinaldan oxumağa çalışır.
1900-cü ilin yayında Moskvada Kursk vağzalında ailəsiylə Odessaya getmək istəyən Leonid Osipoviç təsadüfən Rilke ilə rastlaşır və bu görüş balaca Borisin yaddaşında ömürlük yaşayır.
Svetayevanı Rilke ilə Pasternak tanış edir (təbii ki, məktub vasitəsiylə). Nə Svetayeva, nə də Pasternak (10 yaşında gördüyü xaric) Rilke ilə görüşə bilmir.
Həm Svetayeva, həm də Pasternak Rilkedə dövrün “ruhsuzluğuna” qarşı dura biləcək poetik bir potensial, ecazkar bir güc görürdülər. 1920-ci illərdə yaradıcılıq böhranı keçirən Pasternakı müəyyən mənada yenidən poeziyaya qaytaran da Rilke olur.
Marina Svetayeva ilə Pasternakın tanışlığı daha əvvəllərdən başladığı kimi, yazışmaları da 1926-cı ildən 3-4 il əvvəllərə gedib çıxır. Onların bir-birinə yazdıqları məktubların (xüsusilə Svetayevanın Pasternaka) sayı kifayət qədər çoxdur.
Hər üç şairin “məktub üslubu” – əgər belə demək mümkünsə –şeirlərindəki döndərmələr qədərində qəlizdir. Svetayeva Pasternakın atası Leonid Osipoviçə məktubunda yazırdı: “Onun (Boris Pasternak nəzərdə tutulur – tərc.) yazdığı məktublar şeirlərindən heç də “asan” deyil”.
Rilke, Svetayeva və Pasternak arasındakı yazışmaların, onları bir-birinə bağlayan səbəblərin başında Pasternakın atası Leonid Osipoviç Pasternakın köhnə tanışı Rayner Mariya Rilkeyə 20 illik fasilədən sonra yazdığı təbrik məktubu gəlir.
Dostları ilə paylaş: |