Xocalı və Xocavənd faciələri 1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qanlı soyqırım aktları



Yüklə 126,47 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü126,47 Kb.
#29117

Xocalı və Xocavənd faciələri  

 

1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri  ən qanlı 

soyqırım aktları 

 

1992-ci il fevralın 17-də Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, eləcə 



də Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi 

texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Xocavənd rayonu işğal olundu. Bu işğaldan artıq 17 

il keçir. Xocavəndin işğalına nail olan erməni və rus hərbi birləşmələri növbəti işğalı, həm də 

soyqırımı Xocalıda həyata keçirdilər.  Şahidlərin dediyinə görə, ermənilər Xocavəndin işğalı 

zamanı soyqırım törədiblər. Sadəcə bu faktları zamanında bütün bünyaya çatdıra bilməmişik. Nə 

yazıqlar ki, bu və digər faciələrimizi yalnız ildönümlərdə xatırlayırıq, bundan artığını  hələlik 

bacarmırıq. Uzaqbaşı ildönümlər yaxınlaşanda bir neçə kitablar nəşr etdirməklə  işimizi 

yekunlaşdırırıq. Yəni ermənilərin bu günə kimi başımıza gətirdikləri müsibətləri olduğu kimi 

dünya ictimaiyyətinə çatdıra, bu yöndə əməli iş görə bilmirik. (Başımıza gətirilən müsibətlərin 

müqabilində gördüyümüz işlər isə dəryadan bir damcıdır-red.) Biz yalnız Azərbaycanda özümüz 

deyib, özümüz də eşitməklə məşğuluq, bundan o yana gedə bilmirik. Ermənilər isə baş verməyən 

qondarma soyqırımlarını  hər gün, hər saat yalan və  şişirdilmiş informasiyalarla dünya 

ictimaiyyətinin beyninə yeridirlər. Çünki onlar qondarma soyqırımlarını  təkcə uydurduqları 

tarixi gündə yad etmirlər, eyni zamanda hər gün olmayan tarixlərini bu və digər formada yada 

salırlar. Məsələn, Ermənistana gələn rəsmi və qeyri-rəsmi qonaqları  İrəvanın mərkəzində 

ucaltdıqları qondarma soyqırım abidəsini ziyarət etmək üçün aparırlar. Qonaqları özlərinin guya 

ki, faciəylə üzləşdiklərini həm "soyqırım" abidəsi, həm də uydurduqları tarixdən hazırladıqları 

kitablar vasitəsilə inandırırlar. Məhz elə bunun nəticəsidir ki, ötən il Azərbaycanda səfərdə olan 

Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner hansı ölkənin-Azərbaycanın, yoxsa 

Ermənistanın işğalçı ölkə olduğunu hələ də bilmədiyini söyləyirdi. Bu faktla birinci dəfə deyil ki, 

qarşılaşırıq. Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu hmsədrləri belə, 

Ermənistanı  işğalçı dövlət kimi tanıdıqlarını bildirmirlər. Və  hər dəfə Dağlıq Qarabağ 

probleminin həlliylə bağlı keçirilən danışıqlar zamanı  işğalçı Ermənistanla işğala məruz qalan 

Azərbaycanı eyniləşdirirlər. Və hər ikisinin güzəştə getməsini məqbul sayırlar.  

İstər Xocalı, istər Xocavənd, istərsə də digər faciələrimiz tarixi və bədii kitablarda, rəsm 

əsərlərində öz əksini layiqincə tapmayıb. Düzdür bəzi istisnaları  çıxmaq  şərtilə, hələ  də bu 

istiqamətdə nə tutarlı tarixi və bədii kitablara, nə də incəsənət nümunələrinə rast gəlməmişik.  

 

Xocavənd soyqırımı 



 

Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 

145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə  və 38 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, 

Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Naxulu, Salaketin, Günəşli, Xətai, Dağ yamaclarına 

səpələnmiş beş-on Qarabağ obası, Tuğ  kəndi və s. Qədim yaşayış  məskənlərindən sayılan 

Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və 

şirin su ehtiyatları ilə zəngindir. Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 

190 metr olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr 

cənub-şərqində yerləşir. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz 

qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və 

ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının 

kənarlarında bitən təbii meşə isə tamamilə  məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində 

Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən 

ağaclar da kəsilib. 

Yuxarıda qeyd etdiyimiz kimi Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, 

Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi 

texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevral ayının 15-dən başlayaraq, 


rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma keçirlər. İki gün çəkən döyüşdən 

sonra mühasirəni qıran ermənilər fevralın 17-də kəndi işğal edirlər. İşğal zamanı Qaradağlı kəndi 

tamamilə dağıdılır, dinc, əliyalın, günahsız  əhaliyə, uşaqlara, qadınlara və qocalara 

amansızcasına divan tutulur. Qaradağlıdan girov götürülən 117 nəfər kənd sakinindən 80-ə 

yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə  şahid ifadələrinə 

əsasən, əsir götürüldüyü sübut olunub. Şahidlərin sözlərinə görə, əsir götürülən azərbaycanlıların 

43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onların bəzilərinin başları kəsilib. 

 

Xocalı soyqırımı 



 

Erməni və rus hərbi birləşmələri Xocavəndin işğalından sonra Xocalıda soyqırım planını 

həyata keçirməyə  qərar verirlər. Eyni zamanda erməni cəlladları Sumqayıtda törətdikləri 

qətillərin dördüncü ildönümündə Xocalı soyqırımını törədirlər. Hələ 1991-ci ilin oktyabrından 

etibarən Xocalı ilə avtomobil əlaqəsi demək olar ki, kəsilib. Həmin vaxtdan etibarən  şəhərlə 

əlaqə, ancaq vertolyotların köməyi ilə saxlanılıb. 1992-ci il yanvarın 2-də isə  şəhərdə elektrik 

xətti də  kəsilib. Qeyd edək ki, son dəfə Xocalıya 1992-ci il fevralın 13-də  ərzaq və yanacaqla 

yüklənmiş  hərbi vertolyot gedib. Elə  həmin gündən  şəhər erməni hücumu təhlükəsi ilə üz-üzə 

qalıb. Xocalılar da artıq başa düşürlər ki, yaxın günlərdə ermənilər  şəhərə hücum edə bilərlər. 

Fevralın 24-də  əsir götürülmüş erməni döyüşçüsü xocalıların gümanlarını  təsdiqləyir. Bundan 

sonra  şəhər rəhbərliyi kömək üçün Bakıya, Ağdama müraciət edir. Ancaq olunan müraciətlər 

cavabsız qalır. 1992-ci il fevralın 25-də axşama yaxın Xocalıdan çıxan bütün yollar ermənilər 

tərəfindən nəzarətə götürülür. Gecə saat 23:00-da 366-cı motoatıcı alayın zirehli texnikaları, 

onların arxasınca isə erməni piyadaları 3 tərəfdən böyük qüvvə ilə Xocalı  şəhərinə hücuma 

keçirlər. Bu hücumun qarşısını almaq 160 nəfər döyüşçü üçün (özünümüdafiə qüvvələriylə, 

xüsusi təyinatlı milis dəstələri-red.) çətin olsa da, onlar həyatları bahasına  şəhər  əhalisinin 

Xocalını  tərk etməsinə imkan yaradıblar. Xatırladaq ki, bu qüvvələrin böyük əksəriyyəti  şəhid 

olub. Həmin gecə Qarqarın buz kimi suyundan keçib Kətik və Naxçıvanikə yol alan xocalıları 

deməyəsən qarşıda faciə gözləyirmiş. Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX 

əsrin  ən böyük faciəsi-Xocalı  qırğını baş verib. Yüzlərlə günahsız insanlar qanlarına qəltan 

edilib. Körpəyə, qocaya, qadına aman vermədən qəddarlıqla öldürüblər. Həmin gecə erməni 

cəlladları Xankəndində yerləşən 366-cı alayın köməkliyilə Xocalıya soxulub, şəhəri yandırıblar. 

Kərkicahanın, Malıbəylinin, Meşbəylinin, Xocavəndin ardınca tarixdə Xocalı soyqırımını 

yaşadıq. Ancaq həmin vaxt hakimiyyət başında olanlar guya ki, Xocalıda 2-3 nəfərin öldüyü 

haqqında məlumatın getməsi üçün tapşırıq verdilər. Halbuki, Xocalı faciəsi XX əsrin ən böyük 

faciəsi idi. Bunu bütün dünyadan gizlətmək erməniyə xidmət göstərməkdir. Fevralın 26-da 

qocaların, qadınların, körpə  uşaqların meyidləri dərələrdə, meşələrdə, dağlarda qalıb. Girov 

götürülənlərin başına iyrənc oyunlar açılıb, onların başları erməni qəbirləri üzərində qurbanlıq 

qoyun kimi kəsilib. Ölənlərin başlarının dərisi soyulub, gözləri, ürəyi çıxarılıb, bədənləri deşik-

deşik olunub. Bütün bunlardan ürəyi soyumayan ermənilər  ən alçaq hərəkətlərə belə  əl ataraq 

vəhşicəsinə öldürdükləri körpənin, qocanın meyidlərini insanlığa yaraşmayan surətdə  təhqir 

ediblər.  Şahidlərin söylədikləri faktlara əsasən, qətlə yetirilən azərbaycanlılar çox da dərin 

olmayan xəndəklərə atılıb, onların üstü torpaqlanıb. Gecələr bu xəndəklərin həndəvərində itlərin 

hürüşməsindən, çaqqalların ulaşmasından az qala qulaq tutulub. Hər yerdən insan cəsədlərinin 

kəsif iyi gəlib.  

Xocalı soyqırımı  nəticəsində 623 nəfər  şəhid olub, 1725 nəfər  əsir götürülüb, 8 ailə 

tamamilə məhv edilib, 215 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirib. 1000 nəfər 

xocalı sakini əlil və şikəst olub, 150 nəfərin taleyi hələ də məlum deyil.  

Məlumat üçün bildirək ki, Xocalının işğalı planı bir həftə öncə, fevralın 20-də hazırlanıb. 

Belə ki, hadisədən bir müddət  əvvəl Paris yaxınlığında gizli təlim düşərgəsi yaratmış "Asala" 

erməni terrorçu təşkilatının 26 nəfərlik dəstəsi mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə 

gəlib. Onlar və yerli ermənilər özünümüdafiə adı altında vuruşan,  əslində isə "Asala" terror 

təşkilatının Xankəndində İllarion Allahverdiyanın başçılığı ilə yaradılan dəstənin üzvləri 366-cı 


alayın içərisində öz dayaqlarını yaradaraq polkovnik Y.Zarviqarova 36 min dollar rüşvət 

veriblər. Bu xəbər 23-cü diviziyanın komandiri Boris Budeykinə çatdıqda o, Zarviqarovun 

hərəkətinə görə - zabit şərəfinə xəyanəti üstündə qovulmasını tələb edib. 

366-cı alayın hərbi  əməliyyatlar zamanı ermənilərin tərəfinə keçib azərbaycanlıları  qətlə 

yetirməsi, hərbi texnika və sursatı ermənilərə verməsi,  əslində siyasi bir məsələdir. Xocalı 

hadisəsiylə bağlı ermənilərin ruslarla əlaqələrinə aid sənədlərin bir qismi 1992-ci il martın 1-də 

Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandiri, general-mayor S.Lukaşovun  əmri ilə 

yandırılıb.  

Yuxarıda qeyd etdiyim fikirlərə yenidən qayıtmaq istəyirəm. Biz bir millət olaraq Xocalı 

və digər faciələrimizi dünyaya yaxşı çatdıra bilməməyimizin nəticəsidir ki, bu gün ermənilər 

Azərbaycanla  şərtlər irəli sürməklə danışırlar. Ancaq vaxtında Xocalı soyqırımının dünya 

dövlətlərinin parlamentlərində müzakirəsinə nail olsaydıq təbii ki, hadisələr başqa istiqamətdə 

cərəyan edəcəkdi.  

Xatırladaq ki, qardaş Türkiyənin millət vəkilləri Xocalı faciəsinin ildönümü ərəfəsində 

TBMM-də dinləmələr keçirəcəklər.    

   


 

Arzu Şirinova 

 

Xalq Cəbhəsi.- 2009.- 19 fevral.- S.8. 

 

Yüklə 126,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin