Xudafərin körpüsü "Yazıçı" nəşriyyatı, 1982



Yüklə 2,04 Mb.
səhifə7/31
tarix21.03.2017
ölçüsü2,04 Mb.
#12109
1   2   3   4   5   6   7   8   9   10   ...   31

– Oxxay, bütün müşk-ənbərlərdən bu gözəldir, – dedi.

Sultan Yaqub dayanıb heyranlıqla ona baxırdı:

– Ey gözəllər gözəli, sənin vətəninə gəlmişik. İndi özünü necə hiss eləyirsən?

– Çox gözəl, hökmdar. İndi bir at verələr, yatam yalına, düşəm ceyranların dalınca, onda görərsiniz analar necə qızlar doğub.

– Ceyran? O ceyranın neçəsini desən mən ovlayıb gətirərəm. O, vəzirinə göstəriş verdi. Ova çıxacağını dedi. Bir anda onun atını, kəməndini, oxunu, silah və əbləsələrini hazır elədilər. Sultan Yaqub sıçrayıb atın yəhərinə qalxmağı ilə götürülməyi bir oldu. Vəziri, əmirsipəhsaları da yanında idi. Süleyman Bicanoğlu da özünü xəstəliyə vurub gəlməmişdi. Yoxsa o da ovda iştirak eləyərdi.

Ceyranı çox gözləməli olmadılar. Təpəni aşan kimi bir sürü ceyran at ayaqlarının səsinə sıçrayıb qalxdı. Sultan Yaqub atını onların üstünə sürdü. Sürü dağıldı. O, bir ceyranın dalınca atını səyirtdi. Qaç-qov başladı. Onun əyanları xeyli arxada qalmışdılar. Sultan Yaqubun altındakı atın burun pərələri irilmişdi. O, atası Uzun Həsənin atının balalarından idi. Yorğa yerişli, qaçışda misilsiz, döyüşdə çevik və dözümlü idi. O, ceyrana çox yaxınlaşmışdı. Artıq kəməndini də hazırlamışdı. Bir az da yaxınlaşsa kəmənd gözləri irilmiş ceyrana çatacaqdı. Bir az da yaxınlaşdı. Dırnaqları parıldayan nazik ayaqlı, gözəl ceyran bayaq iri sıçrayışlarla tullanırdısa, artıq gücdən düşmüşdü. O, kəməndi əlində dəstələyib tullamaq istəyirdi ki, ilxının qabağı açıldı. Sultan Yaqubun atı ayaq saxladı. Ceyran uzaqlaşdı, ilxı onunla şikarının arasından keçirdi. Sultanın qanı sifətinə vurdu. Bu vaxt ə’yan-əşrəf də yaxınlaşdı. İlxı keçib gedəndən sonra arıq bir yabını çılpaq minən ilxıçını Sultan Yaqub yanına çağırdı.

– Mənim şikarımı niyə korladın?

İlxıçı paltarlarından, hökmlü danışmaqlarından böyük adamlar olduğunu görüb yabıdan aşırılıb düşdü.

– Ağa, bu dünyada şikarı korlamayan bir adam tapsan, bu yabını muştuluq verərəm, – dedi.

– Bu zırramanın cəzasını verin.

– Cəza nədi, ay başına dönüm. Mən nə biləydim sən burada ov eləyirsən, ilxını o tərəfdən sürəydim. Ovcumu iyləmişdim ki?!

Fərraşlar onu götürüb üz üstə yerə atdılar. Kişi isə qışqırdı.

– İlxı gedib itər, sonra Şükür bəyin əlindən qurtara bilməzsiniz ha. Mən cəhənnəm, özünüzə yazığınız gəlsin. Sultan Yaqub güldü.

– Şükür bəy belə zəhmli, zərli-zorlu adamdı?

İlxıçı qalxıb oturdu.

– Onun var-dövləti məndə olsa, elə mən də zərli-zorlu olaram da.

– Var-dövlətdən nəyi var?

– Sən soruş ki, nəyi yoxdu. Bir ilxısı budu, beş sürü qoyundu, nə qədər malı, çobanlarının elə mən bilən əlli iti var. Ay başına dönüm, de məni buraxsınlar, ilxı itər, Şükür bəy mənim dərimə saman təpər. Onda gərək mən də sizi axtarıb tapam heyfimi çıxam.

– Fərraş, buna əlli çubuq.

Fərraşlar onun bez köynəyini cırıb əynindən çıxartdılar. Biri ayaqlarının üstündə oturdu, ikisi qamçılarını qaldırıb onun kürəyini şallaqlamağa başladılar.

Vəzir Zəkəriyyə Keçəçi atını Sultan Yaqubun yanına sürdü. Pıçıltı ilə dedi:

– Sultani-əzəm, biz toya gəlmişik. Bu kişini döydürməyin xəbəri Qarabağa yayılsa yaxşı düşməyəcək.

Bu fikir onun da ağlına batdı. Şallaq dəydikcə, kişi qışqırır, deyirdi:

– Üstümü unlu görüb adımı dəyirmançı qoymusunuz. Vallah, elə adamlarım var ki, üstlərinə şikayətə getsəm, hamınızı zəncirə vurdurar. Vəzir işarə verdi, fərraşlar əl saxladılar.

– Kimdi, a kişi sənin adamların? Yə’ni burdakılardan da böyükdü?

Kişi kinayə ilə güldü.

– Buradakılara bax ey. Mənim adamlarım Təbrizdədi, lap o “səkkiz behişt” sarayında.

– Kimdi saraydakı qohumun? Qapıçıdı, qulamdı, aşbazdı, mehtərdi, nədi?

Kişi qalxdı, ayaqlarını fərraşın ayaqları altından çıxartdı. Onun üstünə çəmkirdi də.

– Üstümdə elə oturmusan ki, elə bil nənən salan döşəkdi. – Yenə üzünü vəzirə tutdu.

Mənim özümə baxmayın. Mən qulama, qapıçıya adam demərəm. Sarayda bir kişi var, o da sultandı, padşahdı.

Sultan Yaqubun rəngi ağardı.

– Padşahı görmüsən? – deyə ondan soruşdu.

– Bəlkə də. Ancaq yadımda deyil. Mən Uzun Həsən Cənnət məkanı görmüşəm.

– Harda?


– Harda, harda. Yoldaşım, dostum, tayım-tuşum deyildi ha. Malatyada, osmanlılarnan vuruşmada. Uğurlu Məhəmməd də yadımdadı.

– Sən vuruşmusan da?

O, köynəyinin cındırlarını dartıb əynindən çıxardı. Sağ döşündə dərin çapıq yeri vardı.

– Bu da mənim şahidim. – O fərraşın üstünə qışqırdı.

– Görmürsən kişilərlə söhbət eləyirəm, o ilxı dağıldı. Qaç onları bəri qaytar. – Fərraş nə edəcəyini bilmədi. O yenə də vəzirə döndü. – Belə.

– Yaxşı, sən demədin ki, sənin qohumun sarayda kimdi?

– Sultan Yaqub.

– Necə?


– Bəli. İnanmazsınız.

– Necə qohumundu?

– Necə,necə. Sultanın qayınatasıyam.

Onların hamısı bir-birinin üzünə baxdılar. Sultan Yaqub atdan düşdü. Yer yarılsa o yerə girərdi. İndi bu ilxıçı kişidən üzürmü istəməliydi? Bilmirdi nə eləsin.

– Adın nədi?

– Cahangir.

– Cahangir bəy.

Kişini gülmək tutdu.

– Başına dönüm, məni ələ salmayın. Görürəm ki, alicənab adamlarsınız. Günah məndə oldu ki, sənin şikarını əlindən çıxartdım. Əvəzində də mənə bir-iki şallaq vurdular. Hər şey qurtardı getdi. Daha məni ələ niyə salırsan? Mən hara, bəy hara. İlxıçı babayam, o ilxıdan bir çöpüklü qulun itsə, gərək alaçığımı, palımı-paltarımı da satıb verəm. Amma yalan da demirəm, Sultan Yaqub mənim kürəkənimdi. Ancaq qapıma elçi göndərməyib, toy eləyib qızımı aparmayıb. Anasının xoşuna gəlib qız, götürüb aparıb. Bundan sonra yüz il yaşasam da nə mən qızımı görə bilərəm, nə də o məni. Kasıb kasıbdısa gərək arvadı da, qızı da kifir olsun, heç kimin də gözü düşməsin. Yoxsa bax beləcə götürüb gedirlər, qalırsan başına döyə-döyə. Bəynən bostan əkən kasıbın çiynində bitər o bostanın tağı.

– Mən düz deyirəm. Sən Cahangir bəysən, özün də ilxıçı deyil, əmiraxursan. Vəzir, Cahangir bəyin vəzifəsini ona başa salarsan. Cahangir bəyin libasını gətirin.

Cahankir kişi elə bil ayıldı.

– Ay başına dönüm, axı sən kimsən?

– Mən Ağqoyunlu hökmdarı Sultan Yaqub.

Cahangir kişi onun ayaqlarına düşdü.

– Başına dönüm, artıq-əskik danışmışam, keç günahımdan.

– Qalx ayağa. Hər şey keçib getdi. Gəlmişəm Sultanbudda sənin qızına elə toy çaldıram ki, səsi bütün ölkələrə düşsün.

Cahangir əllərini göyə qaldırdı. Allahına dua elədi. Amma birdən yadına nə düşdüsə dönüb ilxıya baxdı. İlxı uzaqlaşırdı, O, əlini dodaqlarına qoyub fit çaldı. Ayğır fiti eşidəndə ilxını döndərib onlara tərəf gətirdi. Sonra Sultan Yaqubun narazı baxışını görüb dedi:

– Başına dönüm, Şükür bəy pis adamdı. İlxısı itsə harda olsam, məndə heyif qoymaz.

– Şükür bəy oldu sənin kiçiyin. İstəyirsən elə eləyim, o gəlib sənin üzəngini tutan olsun. Başına nə oyun istə– yirsən gətir, bütün heyflərini ondan çıx.

Bir azdan fərraşlar libas gətirdilər. Cahangir kişini çəkib apardılar, kolların arxasında geydirib gətirdilər. Bayaqkı ilxıçı Cahangirdən əsər-əlamət qalmamışdı.

Onlar ceyran ovlamamış düşərgəyə qayıtdılar. Vəzir onu qızı olan ağ, qızıl qübbəli çadıra apardı. Bu həmin çadır idi ki, onun içində Əbu Səid Sara xatunla Şeyx Heydəri qəbul eləmişdi. Sonradan qənimət almışdılar. Cahangir kişi elə bil yuxu görürdü. Çadıra girəndə mavi paltarlı bir gözəl gördü. Geyimdən yox, gözlərindən tanıdı qızını.

– Ay mənim itkin balam.

– Dədə...

Ata-bala qucaqlaşdı. Neçə ilin həsrətliləri biri-birilərinə qovuşdular. Qız atasının əllərini öpürdü, o kobud əllər göz yaşlarından islanmışdı.

– Anam necədi?

– Yaxşıdı, qurbanın olum. Çox şükür, çox şükür, bizim də baxtımız varmış.

– Sən də şükür eləyirsən, dədə? Səni də yola gətirdilər.

– Sus. Eşidəllər, yaxşı düşməz.

– Eşitsinlər də. Comərd necədi?

– Kəs. Bunun Comərdinə bax. İtin başını qoydular xonçaya diyirlənib düşdü. Sən o boyda hökmdarın arvadı olacaqsan. Sənə belə təmtəraqla toy çaldırır, sən də atdan yıxılıb hüt-hütünü əldən qoymursan.

– Neynirəm ey o qızıl teşti, içinə qan qusam. Ömrümün axırına kimi nə səni görəcəm, nə anamı, nə də qardaş-bacılarımı.

Cahankir kişi əllərini qızıl işləməli, qan rəngli libasına çəkdi.

– Mən də sənin yanında olacam. İndi mən Cahangir bəyəm. Qoşunun əmiraxuru. Bütün at axurlarının böyüyü. Təbriz yanında da beş para kəndimiz olacaq.

Səlcuqəşahbəyim onların söhbətinə çadırın arxasından qulaq asırdı.

Comərd adını eşidəndə alt dodağının üstündəki xalı dişlərinin arasına alıb gəmirməyə başladı. “Yaxşı. Demək bu ilxıçı qızını hökmdara təslim olmağa qoymayan Comərddi. Mən onun tədbirini tökərəm”.

Sultanbudda toy mərasimi başlamışdı. O qədər qoyun kəsilmişdi ki, arxla bir qan axırdı. O qədər adam yığılmışdı ki, nə mağarlar tuturdu, nə düzənlik. Dikdirdə köşk düzəltmişdilər. Qarabağ gözəli də həmin köşkdə oturmuşdu. Pərdəni qaldırıb nəmli gözlərini adamların arasına zilləmişdi. O, Comərdi axtarırdı. Çoban Comərdi, elatda cavanların hamısının kürəyini yerə vuran, cıdırda hamıdan əvvəl gələn Comərdi. Aşağıda, məclisin başında Sultan Yaqub taxtında əyləşmişdi. Toy təbriklərini və hədiyyələri qəbul eləyirdi.

Gürcü knyazı hökmdarın qarşısında dayanıb deyirdi.

– Ey Sultani-əzəm, gürcü xalqı sənin toyuna mübarək deyir. Səni həmişə toy içində görmək arzusundadır. O, sandıqdakı qiymətli əşyalardan başqa sultanıma qulluq eləmək üçün qırx kəniz gətirmişəm.

Sultan Yaqub başını tərpədib öz razılığını bildirdi.

Knyaz sözünə davam elədi.

– İcazə versəniz toyu gürcü adəti ilə təbrik eləyərdim.

– Buyurun, ixtiyar sizindi. Toyda olar.

O dönüb öz adamlarına işarə elədi. İri bir buynuz gətirdilər.

– Sultani-əzəm, bu buynuz ki, var, onu Qarabağ bəyi göndərib. Camış buynuzudu. Dünyada bu buynuzdan böyük buynuz ola bilməz. Bu Qarabağ buynuzu bütün qədəhlərdən çox çaxır tutur, sənin sağlığına içirəm.

– İç, Dmitre, iç.

– Qatso, doldurun. – Gürcülərdən biri tuluğu açıb az qala yarısını buynuza boşaltdı. Knyaz onu yavaş-yavaş içdi, axırıncı qurtumda güclə nəfəs alıb buynuzu öz adamlarına tərəf tulladı.

– Gördün, içdim.

– Sağ ol.

O, artıq yerişini itirmişdi. Gürcü aznaurları onun qolundan tutub götürüb öz çadırlarına apardılar.

Şirvanşah Fərrux Yasar toya gəlməmişdi. Bacısının əri təzədən evlənirdi, onu da toya çağırmışdı. Oğlunu toy hədiyyələri ilə yola salmışdı.

Şirvan şahzadəsi Qazı bəy gəldi. Sultan Yaquba baş əyib dedi:

– Şirvanşah qocalıb, xəstədi. Toya gələ bilmədiyi üçün üzrxahlığını çatdırdı. Hədiyyələr vəzirə təhvil verilmişdir.

Sultan Yaqub gördü ki, onun bu evlənməyi Fərrux Yasarın ürəyindən deyil və bunu açıq-aşkar bildirir. O toya qanqaralıq gətirməmək üçün üstünü vurmadı. Bircə söz atdı:

– O qocadı, belə şeylərin ləzzətini yəqin ki, yaddan çıxarıb.

Şirvan şahzadəsi başını aşağı salıb çəkildi.

Sultan Yaqubun daha nümayəndələri qəbul eləmək həvəsi qalmadı. Bunu başqa vaxta saxladı.

– Qoy cıdır başlasın.

Cıdırı Səlcuqəşahbəyim xatun öz istədiyi kimi təşkil eləmişdi. Birinci də cıdıra Qarabağ gözəlinin tayfasındakı cavanlar çıxmalı idi. Bu həm onlara hörmət əlaməti idi, həm də Səlcuqəşahbəyim xatun adını eşitdiyi Comərdi görmək istəyirdi. Əgər Comərdlə qızın məhəbbətindən hamı xəbərdardırsa cıdırda hamı onu irəli buraxacaqdı. Bu cıdırın qalibinə hökmdarın özü xələt verəcəkdi. Bundan əlavə də Səlcuqəşahbəyim iki cam şərbət hazırlamışdı. Biri qızıl camda, biri də saxsı kasada. Saxsı kasadakı şərbəti Sultan Yaqub Comərdə verməli, özü qızıl kasada içməli idi. O, hər şeyi ölçüb biçmişdi. Comərd şərbəti içən kimi onu başları üstündə xüsusi ayrılmış çadıra aparacaq, orada zəhər öz işini görəcəkdi. Həmin kasanın içinə zəhəri Səlcuqəşahbəyim Sara xatunun ona verdiyi üzüyün qaşından tökmüşdü.

Cıdıra çıxan atlılar toy məclisindən xeyli aralıda düzülmüşdü. Comərd də onların arasında, xına rəngli köhlənində gəlmişdi. Nə toya gəlmək istəyirdi, nə də cıdıra çıxmaq. Onu Cahangir kişi razı salmışdı.

– Səni də özümlə Təbrizə aparacağam. Mən bu gün varam, sabah yox. Mənnən sonra keçərsən o vəzifəyə, bir də gördün ki, gəldin oldun bir mahalın bəyi. Nə vaxta kimi qoyun otaracaqsan? Sənsiz mən orada nə eləyə bilərəm.

Comərd fikirləşmişdi ki, heç olmasa uzaqdan qızın kəcavəsini görər. Gəlmişdi. Zurnaçılar çalmağa başlayanda atlar oynağa getdi. Cıdırın başlanğıcına işarə verdilər. Otuza qədər atlı irəli şığıdı. Bir azdan xına rəngli at hamını ötüb irəli çıxdı. Cıdır meydanının hər iki tərəfində dayanan adamlar qışqırırdı.

– Sağ ol!

– Comərd!

– Ədə, qoyma çatdı.

Qarabağ gözəli pərdəni aralayıb baxır, amma yaşın arasından heç nə seçə bilmirdi. Atlılar, bir də göyə qalxan tozdan başqa heç nə görmürdü. O, Comərdin gözlərini görmək, nəfəsini duymaq istəyirdi. Atlar yaxınlaşanda o Comərdi tanıdı. Qışqırmaq, onu cuşə gətirmək istəyirdi. Səsi çıxmadı, dişləri bir-birinə dəyirdi.

Cıdırı Comərd uddu. Fərraşlar onun atının cilovunu əlindən aldılar. Hökmdara yaxınlaşmağı tapşırdılar. O, yavaş, ağır addımlarla gəlirdi. O, hökmdara tərəf düşmən kimi gedirdi, onu nə döyərdi, çomaqla nə əzişdirərdi. Neyləsin, eləyər, özü o yana, bütün nəslini qılıncdan keçirərlər. Ta ki, Apağ sağ, xoşbəxt olsun. Tale, qismət beləymiş. O taxtın yanına çatıb dayandı. Fərraşlar ona dedilər ki, baş əysin. O, yüngülcə baş da əydi. Sultan Yaqub ayağa qalxdı. Əmr elədi ki, onun çiyninə bahalı xələt salsınlar. Sonra da yanına çağırdı. Görünməmiş bir mərasim başladı. Hökmdar cıdırı udan çobanla şərbət içmək istəyirdi. Yalnız Apağın xətrinə. O, piyalələrə baxdı. Qızıl piyaləni Comərdə uzatdı.

– Qızıl piyalədən şərbət içibsənmi?

– Yox, içməmişəm.

– İç, ləzzətini gör.

Özü isə saxsı piyaləni götürdü. Bir qurtum içmişdi ki, Səlcuqəşahbəyim xatun qıyya çəkdi.

– Onu yox, onu yox. İçmə!

Sultan Yaqub dayandı. Dizləri taqətdən düşən Səlcuqəşahbəyim xatun güclə özünü yetirdi, piyaləni oğlunun əlindən aldı.

– İçdin?

– İki qurtum.

– Evim yıxıldı, – deyib qalan şərbəti öz başına çəkdi. Toy əhli biri-birinə dəydi.

Təbrizdən Apağı Sultanbuda gətirən Kəcavədə Sultan Yaqubun meyitini aparırdılar. Kəcavə Beyləqan xərabələrini keçəndə alaçıqlardan yuxarıdakı dikdə dayanan Cahangir kişi elat qızları kimi geyinən Apağa qəfilə-qatırı göstərib dedi:

– Qızım, adamın bəxti necə bağlanırmış ey!

– Kimin bəxti, bizim, yoxsa Sultan Yaqubun?

Hamı yatmışdı. Aləmşahbəyim oğlu İsmayılı bağrına basıb uzansa da axşamdan bəri gözlərinə yuxu getməmişdi. Dar, ensiz pəncərədən Savalanın üstündə bir ulduz görünürdü. Elə parlaq, elə işıqlı ulduz idi ki.

Qapı döyüldü.

“Kim olar? Niyə gəliblər? Bu gecə vaxtı nə istəyirlər? Yoxsa yenə Məsih Mirzədir? Yox, o qapını ürəklə döyərdi. Bu kimdisə, aciz adama oxşayır.” O döşəyin altından ərinin bir yerə gedəndə ona verdiyi xəncəri götürdü. Səkinə də qalxıb oturdu, qorxa-qorxa baxdı. Heç kim dinməyə ürək eləmirdi. Qapı bir daha döyüləndə Sultanəli də qalxdı, O da xəncərini götürdü, qapıya tərəf gedəndə Aləmşahbəyim özünü ona çatdırdı, əlinin hərəkəti ilə kənara itələdi. O, heç vaxt oğlanlarına qapını açmağa icazə vermirdi. Qapı bu dəfə taqqıldayanda soruşdu:

– Kimdi?

– Xacə Bədrəddindir.

– Gecənin bu aləmi nə istəyirsən?

– Vacib söz var, çapar gəlmişdi.

– Səkinə.

– Burdayam.

– Qoy geyinim, aç görək bu qoca nə deyir. – O geyindi, başına örpək atdı.

– Hə, aç.

Qapını açanda qocanın əlində tutduğu tunc çırağın titrəyən alovunun işığı onların üzünə düşdü. Qocanın da sarı saqqalı, kağız kimi nazik dərisi, göy gözləri işıqlanmışdı.

– Nədi, nə olub?

– Xanım, bu fağır qocanı içəri buraxın.

– Söhbət uzundu?

– Bəli.


– Sabaha saxlaya bilməzdiniz?

– Olmaz, tapşırıq belədi.

Onun qabağını kəsən yox idi. Keçib içəridə, qapının ağzında çöməldi. Çırağı yerə qoydu. İşıq onun kölgəsini hücrənin səqfinə qədər uzatdı.

Qoca da qonşu hücrədə idi. Onlara kömək üçün göndərmişdilər. Amma bu xacənin köməyinə heç kəsin ehtiyacı yox idi. Özü ilə çoxlu kitab gətirmişdi. Əbdülsalam əl Qəzvinin yüz il qabaq üzü köçürülmüş Qur’anın üç yüz cildlik təfsirini oxumaqla məşğul idi. Kitabı rəhilə qoyub avazla oxuyur, səsi hücrənin səqfinə dəyib yayılırdı. Səkinə onun səsini eşidəndə deyirdi:

– Bayquş ulayır.

Bu qocanın da öz uğursuz taleyi vardı. Uşaq vaxtı yadında qalmışdı ki, onun ətrafındakılar ayrı dildə danışırdılar. Anasının göy gözləri, qızılı saçları yadına düşürdü. Bir də meyvəsiz meşələr, üstü küləş evlər gözləri qabağına gəlirdi. Bir dəfə bir ordu gəldi, süvarilərin yanar məş’əlləri vardı. Məş’əlləri onların komalarının damına tutur, evlər od alıb yanırdı. Onu isə götürüb apardılar. Uzun bir yol keçdilər. Görmədiyi yerlər gördü, eşitmədiyi dillər eşitdi! Bazarda satdılar. Onu alan adam uca hasarlı bir həyətə gətirdi. Ömrünün ən ağrılı, acılı günləri orada oldu.

Cəlladmı gəldi onun üstünə? Yox, cəllad qırmızı geyinir. O isə ağ paltar geymişdi. Əlində də qılınc yox, iti, parlaq ülgüc vardı. Onun ayaqlarını zəncirləmi, kəndirləmi bağlayıb yanlara çəkdilər. Qollarını da iki adam tutdu. Ağ adamı görəndə gözləri qabağında kəndlərindəki ağ qüllə gəlib dayandı. Həmin adam kobud barmaqlarını onun ayaqları arasına soxdu və ülgüc çəkdi. Ağ qüllədəki zənglər çalındı. O səs qulaqlarından uzun müddət getmədi. Ayılanda ağrıdan çox susuzluqdan əziyyət çəkirdi. Başının üstündə anasının göy gözlərini axtardı, görmədi. Sifətində onun qızılı saçlarının gəzməyini istədi. Eh, bunların heç biri yoxmuş.

O vaxtdan altmış ilə yaxın bir vaxt keçirdi. Amma o zəng səsi indi də hərdənbir qulaqlarında eşidilirdi.

Sağalandan sonra onu beli qurşaqlı, qırmızı saqqallı kişi bazara apardı. Bazarda şirniyyat satırdılar, qızıl bər-bəzək, xalçalar, atlar, qılınc-qalxanlar, küplər satırdılar. Onun ürəyi şirni istəyirdi. Dilini bilmədiyi adama başa saldı, amma əvəzində sillə yedi. Sonra bir nəfər gəlib küp aldı. Sonra qurşaqlı adamla da danışdı. Kisəsindən pul sayıb verdi. Onu da aldı. O küpü də qucağına alıb apardı. Onu küplə bir :yerdə almışdılar. Sonra da başına min cür oyun gəlmişdi.

– Hə, nə olub?

– Deməyə dilim gəlmir.

– Sənin, – deyə Səkinə onu sancdı. – Hərəmxanalarda o qədər laqqırtı vurmusan ki, Molla Nəsrəddinin arvadından da naqqal olmusan. Sən çinədanını boşaltmasan, arxayın olmazsan.

– Hərəmxanada arvad olasan, xacə olmayasan. Kim istəyər qara günlərə qalsın.

– Çapardan danış. Nə vaxt gəlmişdi? Nə xəbər gətirmişdi?

– Bu gün gəlmişdi.

Yenə də susdu.

Sultanəli onun üstünə təpindi.

– Qoca, bu qadınları ələmi salmısan? Əgər qanın artıqlıq eləyirsə, adam göndər zəli gətirsinlər. Yoxsa Şeyx Səfi nəslinin qılıncı müqəddəsdir, hər həşəratın qanına bulanmaz.

Onun da bu qocadan zəhləsi gedirdi. Fikirləşirdi ki, onların söhbətlərinə qulaq asıb xəbər vermək üçün burada saxlayırlar.

Qoca əllərini yerə basıb Sultanəlinin qarşısında başını yerə əydi, alnını xalçaya toxundurmaq istədi. Sultanəlinin cingiltili səsi eşidildi.

– Qalx və sözünü de.

O qalxdı, dodaqaltı dua oxudu.

– Allah min rəhmət eləsin.

– Ürəyimizi üzmə, rəhmətə gedən kimdi?

– Sultan Yaqub ömrünü sizə bağışlayıb. Özü də düz bir il qabaq. Və toy əhvalatını olduğu kimi danışdı.

– İndi onun yerinə kim keçib?

– Müharibədə Məsih Mirzəni öldürən Sultan Yaqub oğlu Baysunqur.

– Allah, Allah, atamdan sonra üstümüzə gör necə bədbəxtlik birdən yağır. İki qardaş birdən getdi. – Aləmşahbəyim Səkinəni qucaqlayıb ağladı. Səkinə də ona qoşuldu.

Sultanəli ciddi bir ahənglə anasına dedi:

– Niyə ağlayırsan, kimə yas saxlayırsan?

Aləmşahbəyim bu dəfə oğlunu qucaqladı.

– Qorxuram, oğlum, qorxuram.

UNUDULMAYAN AND
Meşələr saralırdı. Cır armud ağacları lalə kimi qızarmışdı. Həmərsinlər, zoğallar çılpaq ağaclardan mərcan dənələri kimi sallanıb qalmışdı. Suyu azalmış dağ çayı ilə xəzəl axırdı. Durğun yerlərdə xəzəllər suyun üzündə üst-üstə qalanmışdı. Havalar yaxşı keçdiyindən köçməyə tələsməyən quşların səsi meşəni başına götürmüşdü. Bu səsləri çayın yatağından sivri qalxan qaya daha da artırırdı. Qayanın sağ tərəfində itən yol aşağıda ağarırdı. Qayanın başında isə qalanın divarları bozarırdı.

Bu ağaran yol enib çayın üstündəki qırmızı kərpicdən hörülən iki tağlı körpünün yanında karvan yoluna qovuşurdu. Yollar qovuşan yerdə çaylar da qovuşurdu. Qala tərəfdən axan çay ensiz olsa da, gur idi. Büllur kimi şəffaf suyun yatağı qayanın davamı olan daş suvağı idi. Orada-burada sudan daş-qaya parçaları çıxmışdı.

Karvan yolunun üstündə, sağ tərəfdə xaraba dəyirman görünürdü. Yuxarıdan başlanıb gələn arx dəyirmanın çürüyüb tökülmüş novunda qurtarırdı. Bəlkə də bu dəyirman yüz il idi ki, un iyinə həsrət qalmışdı. Dəyirmanın yanındakı başqa bir tikilinin xarabalığında həmərsin, böyürtkən kolları bitmişdi. Böyürtkən salxımları qaralmış, çoxusu qurumuşdu. Qalaya qalxan yol bu xaraba binanın sağ tərəfindən keçirdi.

Karvan yolunun üstündə bir torba zoğal qoymuşdular. Torbanın ağzını səliqə ilə qatlamış, zoğalı təpə kimi qalamışdılar. Sanki xırdavatçı onu Ərdəbil bazarında açıb müştəri gözləyirdi.

Bu bir torba zoğal olmasa, bir də o qala görünməsə, elə bilmək olardı ki, bu yerlər quş və vəhşi heyvandan başqa heç nə görməyib, təbiətin bakirəliyini pozacaq heç nə yoxdur. Dəyirman, xaraba bina və körpü o qədər köhnəlmişdi ki, elə təbiətin özünə qarışmışdı.

Hardasa kollar şaqqıldadı, xəzəllər töküldü, paltarını indicə soyunan budaqlar arasında daha gözəl şaxəli budaqlar göründü. Maral buynuzları idi bu şaxələr. Cavan bir maral açıqlığa çıxdı, ot basmış karvan yolunu keçdi, çayın sahilində başını çevirib ətrafa baxdı və əyilib su içəndə hürküb başını qaldırdı. Onu hürküdən balıqlar quyruqlarını çalaraq çay yuxarı üzüb getdilər. Maral təhlükənin sovuşduğunu yəqinləşdirəndən sonra zərif dodaqlarını suya salıb içməyə başladı. Amma axıra qədər içə bilmədi. Diksinib yıxıldı, dal ayaqları üstünə çökdü, sonra bu ayaqlar onu irəli tulladı. Nal səsini eşitmişdi.

Bir azdan yolda şiş uclu polad dəbilqə parıldadı. Atın yanında uzun qılınc atılıb düşdü. Atlının polad qolçaqları işıldadı. Əynində dəmirdən toxunmuş köynək vardı.

Nal səsinə xaraba dəyirmandan cındırından cin hürkən bir məxluq çıxdı. Başı pırtlaşıq, ayaqları yalın, paltarı yamaqdan ibarət bu məxluq qaçıb zoğal torbasının yanında dayandı, üzünü atlıya tərəf tutub min bir oyun çıxarmağa başladı. At hürkdü, atlı bunu gözləmirdi. Özünü yığışdırana qədər gec oldu, yəhər çevrildi, o yerə gəldi, ayağının biri üzəngidən çıxmadı, atın dalınca süründü, qılıncı daşlara dəyib cingildədi, dəbilqəsi daşlara dəydi, diyirlənib çaya düşdü.

Cır-cındırlı məxluq özünü yetirdi, atın üzəngisini əlinə keçirmək istədi, amma heyvan daha da hürkdü və götürüldü. Atlının ayağı üzəngidən qopdu, o zərblə yuxarıdan atılan çul kimi yerə sərildi. At da maral gedən səmtə qaçdı.

Məxluq yetirib atlını qaldırmağa çalışdı. O, zarıyırdı. Qoltuqlarının altından yapışıb sürüyüb onu xaraba dəyirmana apardı. Dəyirmanın qurd yeyib deşik-deşik elədiyi palıd qapısı paslanıb yeyilmiş dəmirlərindən daha pis gündə idi. Qapını açıb atlını da ora sürüdü.

– Lələ, Lələ...

Unluğun dibindəki çürük taxtalar qalxdı. Oradan bir gözəl sima göründü. Bu Hüseyn Lələ bəyin sifəti idi.

– Salman, nədi bala, öldürmüsən?

– Yox, ay Lələ. Mən hələ heç toyuq da öldürməmişəm. Vəfalı dostu bunu bu günə saldı.

– Axtar ciblərini.

Salman zarıyan adamın ciblərini axtarmağa başladı. Ancaq qılıncı yaman mane olurdu. Əvvəl kəmərini açdı, qılıncı bir tərəfə qoyub, cibindən cingildəyən kisəsini tapıb çıxartdı. Qırmızı kisənin büzməsini açdı. Əlini salıb xeyli qurdalandı, axırda kisədəki pulları yerə tökdü. Kisəni də çevirdi.

– Heç nə yoxdur.

– Görürəm, – Hüseyn Lələ bəy arxayın olmaq üçün kisəyə özü də baxdı. Kisə təkqat parçadan tikilmişdi.

– Qoynunu-qoltuğunu gəz.

Axtardılar. Amma istədiklərini tapa bilmədilər. Hüseyn Lələ bəy əyilib qulağını onun sinəsinə qoydu.

– Ölənin nəfəsini güzgüylə öyrənirlər.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin