Xudafərin körpüsü "Yazıçı" nəşriyyatı, 1982



Yüklə 2,04 Mb.
səhifə9/31
tarix21.03.2017
ölçüsü2,04 Mb.
#12109
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

Dədə bəy, bir at nədi ki, ondan ötəri bu qədər dərd çəkirsən?

Bunu deyən Dədə bəyin qardaşı idi.

– Heç bilirsən nə danışırsan? Ad, san, namus, qeyrət bəyəm ilxıyla, var-dövlətlə ölçülür?

Kişi susdu. Bir azdan yenə o dilləndi:

– Adam da yıxılıb ölür. Bir at nədir ki, özünü üzürsən.

– O da düşmən işiydi. Oğru aparsa sevinərəm.

Onun iri, eşmə, təzə-təzə dən düşən bığları səyriyirdi.

– And olsun dədəmin üz qoyduğu torpağa, düşmənçiliklə aparsalar, o nəsildə bir adam qoymayacam.

Bu vaxt qarşı təpədə bir dəstə atlı göründü. Alaçıqların yanından qalxan iri çoban itləri gələnlərə tərəf götürüldülər. Dədə bəy qalxdı.

– Qonaq gəlir. Bənək, geri qayıt, – itlər dayandılar, şöngüyüb kəsik-kəsik hürdülər. Onun çox gur səsi vardı. Bərkdən danışanda aşağılarda qoyun otaran çobanlar eşidirdi. Uzaqdan gələnləri tanımasa da itlərin qalxmasından onların yad adam olduqlarını başa düşdü.

– Qalxın, qonaqları qarşılayın. Sürüdən qara şişəklər gətirin.

Dədə bəyin qardaşı deyindi:

– Alapaçanı elə qonaq aparmayıb?

– Bəsdi. O qonaq yox, düşmən olub. Tərpənin. Tez!

O, gələnləri saydı. Yeddi atlı idi. Amma səkkiz at vardı. O atlardan biri kişnədi. Dədə bəyin elə bil çiçəyi çırtladı.

– Alapaçadı. – Şübhəsini dağıtmaq üçün təkrar elədi.

– Alapaçadı. Bəli, obaya çatanda bu kişnəyən Alapaça idi. Atlılar çatıb onun yanında dayandılar. Ağ saqqalı sinəsinə tökülən, yüz yaşı haqlamış gümrah, yanaqları alma kimi qırmızı qoca dedi:

– Salamin əleyküm. Dədə bəy, Allah qonağı istəyirsən?

– Allaha da qurban, qonağına da.

Qoca da, yanında gələnlər də atdan düşdülər.

– Ay uşaq, o yüyəni mənə verin.

Alapaçanın yüyənini gətirib qocaya verdilər. Qoca da gətirib Dədə bəyə tapşırdı.

– Dədə bəy, bu at sənə yaraşandı. Onu səndən özgə heç kim minə bilməz.

O, heyrət içində qalmışdı. Bunlar kim idi, atı niyə qaçırmışdılar, niyə da qaytarıblar. Alapaçaya fikir verdi, sonra bir-bir adamlara baxdı. Heç birini tanıya bilmədi. Oğlunu çağırdı.

– Apar hörüklə.

“Yox, yalı da, quyruğu da yerindədir. Belə ata bir ilxı verərlər. Onu həmişə şah, vəzir, əmir, bəylərbəyi gözündən gizlətmişəm. Yoxsa müştəri düşəcəkdilər ki, bu elə hökmdara yaraşan atdı. Sözü yerə salsa gərək bu yerlərdən köçüb gedəydi”.

Üzünü qocaya çevirdi:

– Bu nə sirdi?

– Danışaram, darıxma.

O, qonaqları alaçığa çağırdı. Divar boyu buta güllü Şamaxı ipəyindən döşəkcələr düzülmüşdü. Hərəsinin də yanında iri, qotazlı bir mitəkkə qoyulmuşdu. Ağsaqqalı farmaşın üstündə yığılan yükün qabağına, məclisin başına, öz yanına keçirdi. Oturandan sonra söhbəti özü açdı. Artıq Dədə bəyin iri, qırmızı yanaqlarının yanında sərt cizgilər yox idi.

– Xoş gəlib, səfa gətirmisiniz. Amma tanımaq üçün gərək soruşaq da. Hansı tayfadansınız?

– Biz təkəli tayfasındanıq. Keçəldağ tərəfdə düşmüşük. Bizim ata yurdumuz qalıb Ağ dənizin kənarında, Qaramanda. Çox vaxt bazarlığa Hələbə gedərdik. Rəhmətlik Həsən padşahın vaxtında gəlib düşmüşük. İndi deyir, bir naxırın adını bir dana korlayar. Üzü qara olsun bizim üzümüzü sənin yanında qara eləyənin. Alapaçanı nə vaxtsa görübmüş. İstəyirmiş onun dölünü tutsun. Gəlib, şah kimi qarşılayıb çörək vermisən, gecə də durub sənə xain çıxıb, çörəyə xain çıxıb.

– Hanı özü?

– Özünün tənbehini eləmişik. Yorğan-döşəkdədi, bel-buxununa yaxı salıblar. Səhər gördüm bir at kişnəyir. Alaqaranlıqdan idi. Durdum gördüm gətirib. Dedim bu at hardandı? Məndən söz daldalaya bilməzlər. Danışdı, dedi döl tutub qaytaracam. Sonra da danışdı ki, necə tapqırı demisən, kəsib canını qurtarıb. Uşaqların hamısını yığdım. Namərdin cəzasını verdim. Onu salmışıq yorğan-döşəyə, demişəm sənin kimi kişinin o atın dölündən əmələ gələn kəhərə minməyinə hələ min il var, götürüb gəlmişik. Arada düşmənçilik olmasın. O ata da layiq bir yəhərimiz vardı, onu da gətirmişəm. Qaşı qızıldı, özü gümüş yəhərdi. Babamızdan qalıb. O, yəhərə layiq atımız olmayıb. At gəldi, yəhəri gətirdi.

Cavanlardan biri qalxıb, alaçığın qapısına qoyduqları bükülü yəhəri, yüyəni açdı. Gümüşü, qızılı bərq vurdu. Sədəf, mina işləmələr göz oxşadı.

Dəd


ə bəy ona nə deyəcəyini, nə edəcəyini bilmirdi. Nazik bığlı oğlunu çağırıb qulağına nəsə pıçıldadı. Oğlu razılığını bildirib alaçıqdan çıxdı. O, üzünü qocaya tutub dedi:

– Mənim atımı qaytarıb gətirmisiniz, buna sevinmirəm, atı aparanın düşmən olmadığı da məni o qədər sevindirmir. Mənim ürəyimi dağ boyda eləyən ağsaqqalın müdrikliyidir. Məmləkətdə sənin kimi beş-on ağsaqqal olsa qurd qoyunla otlayar.

– Atalarımızdan belə görmüşük, övladlarımız da bizdən belə görməlidir. Mərdliyə gərək mərdliklə cavab verəsən. Onsuz da dünya özü namərd dünyadı.

Obada hamı ayağa qalxmışdı. Qoyunlar kəsilir, düyü seçilir, qazanlar asılırdı. Dədə bəyin oğlu ilxıdan yeddi at ayırıb gətirib qonaqların atlarının yanına bağladı. İşini qurtaranda başını qaldırıb gördü ki, obaya tərəf iki nəfər gəlir, yedəklərində də bir yabı, yabının da üstündə palaza bükülü bir şey var. Dədə bəyin oğlu Mustafa onların qabağına çıxdı.

Sifəti mis rənginə çalan, qırmızı çalmalı adam ondan soruşdu:

– Dədə bəyin obası buradı?

– Bəli. Düz gəlmisiniz.

– Dədə bəy qul alveri eləyir?

– Deyəsən artıq-əskik danışırsınız axı. Görmürsən, onun ilxılarının, sürülərinin, sənin kimi elə əlli-altmış çobanı var.

– Onda, heç! – deyə yekəpər dilləndi.

Mustafa bu sözdən şübhələndi.

– Bəs deyirlər o, seyidləri satın alır. – O biri yoldaşı dindi.

– Yaxşı, onda gözləyin. – Özü tez alaçığa girib atasının qulağına pıçıldadı. Dədə bəy üzr istəyib çıxdı. Yabının yükünə, iki yolkəsənə baxıb dedi:

– Seyid kimdi?

– Mənəm, – deyə səs eşidildi. Palazın arasından gəlirdi o səs.

– Kimdi?


Qırmızı çalmalı yabının üstündəki yükü götürüb yerə qoydu. Diyirləyib açdı. Oradan Hüseyn Lələ bəy çıxdı. Dədə bəy gözlərinə inanmadı.

– Ay Lələ, bu nə şəbihdi? – Sonra dönüb o iki nəfərin çiyinlərinə döydü. – Bərəkallah, fərasətli uşaqlarsınız.

Qırmızı çalmalı yoldaşının üzünə baxdı, göz vurdu.

– Malımızı satası olmadıq.

Dədə bəy heç nə başa düşmədi.

– Lələ, sənin nə zarafatcıl adamların var.

– Dədə bəy, məni doğrudan satmağa gətiriblər. Nə qədər verərsən?

Hüseyn Lələ bəyin qollarını da bədəninə sarımışdılar.

– Mən bu kişilərin əsiriyəm. Öldürmək istəyirdilər, dedim öldürməyin, satın, burada seyid alan var.

Dədə bəy işi indi başa düşdü. Əl atıb alaçığın yanındakı odun parçasını götürməyi ilə qırmızı çalmalının başına endirməyi bir oldu. İkinci zərbə oxunu kamana qoymaq istəyəni onun yanına sərdi. Onlar özlərinə gələnə qədər o Hüseyn Lələ bəyi sarıdıqları kəndiri açıb onları sarıdı.

– Ədə, yolkəsən sizsiniz? Çaqqaldan canavar olar? Mənim həndəvərimdə bunların gördükləri işə bax, özü də gör kimi tutublar.

O, Hüseyn Lələ bəyi qucaqladı. Xeyli vaxtdı görüşmürdülər.

– Ay e’tibarsız qardaş, sən hardasan? Nə səsin var, nə sorağın. Nə iş görürsən, bu nə qiyafədi?

– Belədi də. Başımıza çox işlər gəlib. Hərə bir tərəfə düşdü. Təzəcə sənin yerini öyrənmişəm.

– De görüm, Şeyx Heydərin uşaqlarından xəbərin varmı?

– Var, yerlərini öyrənmişəm, onlar da müsibətdədir.

– Gəl, gəl, ayaq üstündə dayanma.

Alaçığa girdilər. Dədə bəy onu ağsaqqala göstərdi.

– Qonaq qonaq gətirər. Ayağın çox yüngüldü. Neçə ildi xəbər tuta bilmədiyim dostum özü öz ayağıyla gəlib çıxıb. Gəlib deyəndə ki, quldurlar tutub gətiriblər ki, seyid satırıq.

Bayaqdan deyib-gülən ağsaqqal tutuldu.

– Seyid?

– Seyid olmağına seyid deyil. Bu libası geyib ki, yolda dəyib-dolaşan olmasın. Ağsaqqal soruşdu:

– Siz sünnüsünüz, ya şiəsiniz?

– Şiəyik.

Bunu eşidən ağsaqqal qalxdı, onun adamları da durdular.

– Ay ağsaqqal, bu nə hərəkətdi? Hara durursunuz? Siz mənim əziz qonaqlarımsınız.

– Yox, Dədə bəy, mən sizin şiə olmağınızı bilməmişəm.

Lələ də bu sözdən pərt oldu. Qızarıb pörtdü.

– Ağsaqqal, – deyə Dədə bəy ona baxdı. – Bunun oturub çörək yeməyimizə bir maneçiliyi var? Məni təhqir eləyirsiniz?

Amma onlar dayanmadı. Alaçıqdan çıxdılar. Atlarına tərəf gedəndə Dədə bəy onların qabağını kəsdi.

– Mən hərənizə bir at bağışlamışam.

Ağsaqqal bikef-bikef dedi:

– Yox, lazım deyil. Salamat qalın.

Onlar atlarına süvar olub tərpəndilər. Dədə bəy Lələnin üzünə baxdı.

– Gördün? Dilimiz bir, adətimiz bir, özləri də çox mərd adamlar. Amma şiə söhbətinə görə durub getdilər.

– Getsin də, vaxt gələr, qaytararıq.

– Necə?

– Dədə bəy, mətləblər var ki, onları sənə incələmək lazımdı. Bayaq üz-üzə oturduğun adamlar, səni şiə bilən kimi çörəyini kəsmədilər. Sənə təəccüblü gəlir bu iş. Elə deyilmi? Dilimiz də birdi, qanımız da, bircə dini əqidəmiz ayrıdı. Elə bu bəla üzündən Şirvan bir tərəfə çəkir, Qarabağ ayrı tərəfə, Qaradağ, Gilan, nə bilim fars, İraqi Əcəm, İraqi Ərəb ayrı yana. Neçə əsrlərdir ki, onlar bir səltənətə tabe olsalar da, hamısı əlbir deyil. Onları ayrı salan da bu dini təriqətlərdir. Osmanlı dövləti niyə birləşdi, möhkəmləndi? Ona görə ki, orada yaşayanların əksəriyyətinin təriqəti sünnü-hənəfi təriqətidir. Şiələri də var. Ancaq onlara baş qaldırmağa imkan vermirlər. Biz nə qədər ki, bir təriqətə qulluq eləmirik, birlik olmayacaq.



Dədə bəy onun bu sözlərinə diqqətlə qulaq assa da, dərinliyinə qədər başa düşə bilmədi.

– Məni başa sal görüm, Peyğəmbər sünnülərin tərəfindəydi, şiələrin?

– Heç birinin. Peyğəmbərin vaxtında bu məsələlər yox idi.

– Onda bəs niyə belə oldu?

– Bu uzun söhbətdi. İndi mən dediyim ayrı məsələdir. Bütün ölkənin əhalisi şiəliyi qəbul eləməsə, birlik olmayacaq. Bunu da həyata keçirən elə bir şəxs lazımdı ki, ölkə onun arxasınca gedə bilsin. Həmin şəxs də Şeyx Heydərin oğlanlarıdır ki, dayıları zindanda saxlayır.

– Zindanda?

– Bəli. Bu yaxınlarda qala var. Oradadırlar.

Dədə bəyin oğlu Mustafa içəri girdi.

– Mustafa, tez olun bizə yemək gətirin.

– Baş üstə. Yaxşı, o əl-ayaqlarını bağladığın quldurları nə eləyək? İşlərini bitirək?

Onun əvəzinə Hüseyn Lələ bəy cavab verdi.

– Yox lazım deyil. Aclıqdan, yoxsulluqdan yolkəsən olublar. Cəzalarını verib buraxın, çıxıb getsinlər.

– Nə cəza verək, – deyə Dədə bəy ondan soruşdu.

– Hərəsinə bir az unnan, dənnən verin. Yolda söhbətlərini eşitdim. Evdə uşaqlarının yeməyə heç nələri yoxdu.

– Başına o cür oyun açıblar, sənin ürəyin gəlmir onların cəzasını verəsən? Elə belə buraxsaq, gələn dəfə tutsalar, satmağa gətirməyəcəklər ha.

– Eybi yoxdu. Qoy əl-qollarını açıb içəri gətirsinlər.

– Gətir, Mustafa.

Mustafa çiyinlərini çəkib çölə çıxdı. Bir azdan başı qırmızı sarğılı və onun yekəpər yoldaşı alaçığa girib ayaq üstündə qaldılar. Hər ikisi də başını aşağı salmışdı.

– Hə, yol kəsirsiniz, adam soyursunuz, qul satırsınız.

Qırmızı çalmalı diz üstə çökdü, yalvarmağa başladı.

– Qurban olum, ay bəy, bizi öldürmə. Əlimizi kəs, dilimizi, qulağımızı, burnumuzu kəs, öldürmə. Mənim on üç uşağım var. Hamısı da ac-yalavac, qarnı açıq.

– Niyə, ay qurumsaq, sən boyda heyvərə o uşaqlara çörək qazana bilmir?

– Nəynən, başına dönüm, nəynən?

– Hardansan?

– Əkinçiyəm. Qarakollu kəndindənəm.

– Bəs bu heyvərə?

– O da. Qaynımdı. Diz üstə çök, – o qaynına pıçıldadı. O da diz üstə çökdü.

– İndiyə qədər neçə adam soymusunuz?

– Elə bir bu ağanı. Nə biləydik. Siftə eləmək istəyirdik. Siftəmiz qara gətirdi. Nə biləydik ki, yol kəsmək də belə çətin işiymiş.

Hüseyn Lələ bəy dilləndi:

– Sizi yol kəsməyə vadar eləyən nədi?

– Aclıq. Padşahın vergiyığanları qoyur ki, qazandığımızı yeyək? Malucahat, təfavüt, üşr, səranə, məvaşi, mərai, kopçur, xanə-şümar, alafa, ulafa, ulaq, ulam, yəmbərdar, qonalqa, şülən baha, süfrə baha, səd yek, səd dü, səd çahar, rüsm əs sədara, rüsm əs vüzara, darüğaki, rüsumi ümmal, eydi, novruzu, peşkəş, savəri, muştuluq, salamanə, nə bilim çərik, şikar, tamğa, bac, morq, qusfəid... Döydüyüm taxılın hər çanağını bu verginin birinə verəndə gərək xışı, vəli, yabanı, dırmağı yeyək. Göz görə-görə kəndə gəlib günün-günorta çağı bizi soyurlar. Gördük hamını soyub aparanda heç kim bir şey demir, dedim qayın, bir silah tap. Nə bilim dədəsindən-babasından qalan yay oxu götürdü, çıxdıq yola. Bizim balamızın boğazından kəsib aparıblar. Onları ac qoyublar. Namaz qılanda həmişə deyirəm: “Ey tanrı, sən ki, bu tifillərin yeməyini verməyəcəkdin, özlərini niyə verib məni dərdə salırsan?

– Ay qurumsaq, bu padşah səndən az bilir ki, nə qədər vergi qoymaq lazımdı? – Dədə bəy ona təpindi.

– Başına dönüm, bəy. Padşahnan bizim nə işimiz? Mən olanı deyirəm. Yalan deyirəmsə, dilimi kəsin.

Hüseyn Lələ ayağa qalxdı. Onlara yaxınlaşdı. Diz üstə çökənlərin hər ikisi bədənlərini qısdılar. Gözləyirdilər ki, onları öldürsə də, kəssə də o özü eləyəcək. Hüseyn Lələ bəy hərləndi, qırmızı çalmalının arxadan bağlanmış qollarını açdı. Qabağa keçib bu əllərin içinə baxdı. Bu əllər qabar-qabar, kötük kimi idi. O, yekəpərin də əllərinə baxdı. Sonra Dədə bəyə dedi:

– Əkinçidilər. Dağılır, Dədə bəy, uçur. Bir azdan o səltənətin xarabaları qalacaq. Bir məmləkətdə ki, əli qa-barlı əkinçi, balalarına çörək vermək üçün yol kəsməyə məcbur olacaqsa, o məmləkət can üstündədir.

Qırmızı çalmalı özünü yerə atıb Hüseyn Lələ bəyin ayaqlarını qucaqladı, öpməyə başladı.

– Əşi, əlim qurusun, sənin kimi adamı incitmişəm. Nə cəzamdısa ver, razıyam.

Mustafa qapı ağzında dayanmışdı. Hüseyn Lələ ona baxdı.

– Bunlara yemək ver, yazıqdılar.

Mustafa yeməyi gətirib baş tərəfdəki süfrəyə düzmüşdü.

– Baş üstə. Durun!

Onlar yalvara-yalvara, dua oxuya-oxuya qalxdılar. Hüseyn Lələ onlara dedi:

– Çörək yeyəndən sonra getməyin.

– Baş üstə.

O, gəlib Dədə bəyin yanında oturdu. Oturan kimi xidmətçi aftafa-ləyən gətirdi, o əllərini yudu. Məhrəba ilə qurulayandan sonra yeməyə başladı. Dədə bəy bütöv bişirdikləri qoyunun budunu götürüb iri, ağ sağlam dişlərinə çəkirdi. Hüseyn Lələ göy şirli nimçəsinə düyü çəkdi.

– İndi məni başa düşdün?

– Hansı? – Dədə bəyin fikri yeməyin yanında idi. Hüseyn Lələ susdu. Fikrindən keçdi ki, düzdür, o vaxt Şeyx Heydərə qoşulmuşdu. İndi üstündən xeyli keçib. Şeyx Heydər yoxdu qabaqda. Bəlkə də heç bu işə qoşulmayacaq. Varı, dövləti, ilxıları. Ağrımaz başına dəsmal bağlamaq istəməz. Bəlkə də bu sirri ona nahaq yerə dedi. Bu da Şirvana hücum deyildi ki, var-dövlət çoxlarını yoldan çıxarıb aparsın. Şeyx Heydərin uşaqlarının xilası qan tökmək, qurban vermək tələb eləyir. Onların sağ-salamat çıxmağı bir tərəfdən, dünənki körpə uşaqlar bu hərəkatı başa düşüb ona başçılıq edə biləcəklərmi? Bu qədər sualları olan bir məsələyə baş qoymaq hər adamın işi deyil.

– Hansı söhbəti deyirdin?

– Şeyxin övladları.

– O qalanı dağıdaq. – Dədə bəy elə dedi ki, guya məclisdəki düyü təpəsini dağıtmaqdan gedirdi söhbət.

– Mümkün deyil. Onlara hücum çəksək, uşaqları Allah eləməmişkən, elə ordaca.

– Onda tədbiri tök, məndən nə asılıdı, mən hazır. Rəhmətlik Şeyx Heydər bir dəfə bura gəlmişdi. Oturmuşduq alaçığın qabağında, gözəl də bir gün idi. Dedi Dədə bəy, ilxıları artır, lazım olacaq. Əlimi qaldırıb qoydum gözlərimin üstünə. O vaxtdan xeyli artıb.

Hüseyn Lələ bəy də yeməyə girişdi. Gördü ki, var-dövlət onun ürəyini hələ döndərə bilməyib.

– Dədə bəy, qalanı üzük qaşı kimi araya almalıyıq. Yoxsa, uşaqlar əldən çıxar. Onları xilas edə bilməsək bizim başladığımız iş heç bir nəticə verməyəcək.

Səkinə xalanın cürə sazı İsmayılı ovsunlamışdı. Tez-tez özünü onun yanına verir, çaldırır, qulaq asır, özü çalmaq öyrənirdi. Səkinə ona dastanlar danışır, bu dastanlar qurtarmaq bilmir, İsmayıl da elə hey qulaq asmaq istəyirdi. Amma səsi yox idi. Oxumurdu, çalırdı, sözlərini deyir, yenə çalırdı.

– Rəhmətlik atam sağ olaydı, oxuyaydı, onda bilərdin aşıq nədi, atam-anam.

– Səkinə xala, Ruhani çaldınız ha, sonra sözlərini niyə demədiniz?

– Çünki o şair batin əhli olub. Yanğısı da havada qalıb. Sözsüz də bəlli deyilmi?

– Elə bu havaların hamısı yanğılıdı.

Səkinə sazı döşünə basıb mizrabı cəsarətlə simlərə vurdu. Hücrəni qüdrətli bir musiqinin ahəngi doldurdu. İsmayıla elə gəldi ki, bəs daş divarlar da cingildədi, cana gəldi, səs verdi. İsmayıl otura bilmədi. Ayağa qalxdı. Elə bildi ki, boyu bir az da ucaldı, məğrurlaşdı. Bu hava onu heyran eləmişdi. Ürəyini dağa döndərmişdi.

Sultanəli də gəlib qardaşı ilə yanaşı dayandı. Balaca qardaş qeyri-ixtiyari sağ qolunu onun kürəyinə qoyub qucaqladı, sifətini onun qoluna söykəyərək iri, ağıllı gözlərini bu sehrli səslər verən saza dikdi.

Elə bil qabaqda bir atlı çapırdı. Yuxarı qaldırdığı qılıncından odlu şimşəklər çaxırdı. Günəşin zərrələri qılıncın iti tiyəsində doğram-doğram olub hər zəri bir tərəfə uçurdu. Ağ at elə bil qanad açmışdı. Yox, heç bir qartal belə hündürdə, belə həvəslə, can-dildən, ildırım kimi uça bilməz. O, qarşısına çıxan qayaları da yıxardı. At üstündəki adam bir anlığa başını geri qaytardı. Sifəti gün kimi alışıb yandı. Onun dodaqlarından nə’rə qopdu.

– Oğullarım, ürəkli olun, arxamca gəlin, açın bu yolları.

Amma atlı nə qədər çapırdısa onlardan uzaqlaşa bilmirdi. Çünki onların özləri də at belində idilər, irəli şığıyırdılar.

Qarşıdakı atlının yolu üstünə alova bürünmüş köz dağı çıxdı, Savalana oxşayırdı. Yolundan dönmədi, atı bu dağın üstünə sürdü. At dördnala dağın başına qalxdı. Nallarından qucaq-qucaq çınqı tökülürdü. Köhlən bu alovda yanmırdı, onun rənginə boyanmışdı, al rəngə düşmüşdü. Ancaq sür’əti azalırdı. O birdən-birə qabaq ayaqlarını yerə vurub dayandı. Zirvəyə çatmışdı. Atlı əmud keçirdiyi qolunu qaldırıb əlini qaşlarının üstünə qoydu. Burdan hər yer görünürdü. Buradan yaşıl düzənlər, diş-diş dağlar, burulğanlı çaylar...

Musiqi kəsildi.

– Bu havaya deyirlər: “Misri”. Səkinə xalanın səsi onu ayıltdı.

– Çal, Səkinə xala, çal.

Saz yenə dilə gəldi.

Elə bil qayalardan, mamırların göz yaşından duru sular süzüldü, qotur, daş teştlərdən gur axınla tökülüb şəlalə oldular. Meşələr çiçək açdı. Quşlar min bir səslə oxumağa başladılar. Düzənlərdə yovşanlar yaşıl otlar arasında boz-bənövşəyi rəngə çaldılar. Onların dibindən bənövşələr qalxdı. Bənövşənin iyi yovşan iyinə qarışdı. Yovşanların üstündən ceyran sürüləri ox kimi süzüb keçdi, torağayları hürküdüb göylərə qaldırdılar. Torağayın nəğməsi zirvələrdə eşidildi. Firuzə rəngli dağların başında pambıqdan ağ buludlar topa-topa dayanmışdı. Torağay səsi o buludları firuzə dağların başından ayırdı. Buludlardan ağ yağışlar yağmağa başladı. Elə yağdı ki, o yağışla, meşələrin çiçəklərinin ləçəklərini şəlaləyə tökdü. Çaylarda çiçəklərin ləçəkləri axmağa başladı.

– Bu havaya “Dübeyti” deyirlər, atam-anam.

İsmayıl qardaşlarının qolundan tutdu.

– ”Misri”ni eşitdiniz də?

– Eşitdik.

– Onunla dağı yıxmaq olar?

– Olar.

– Bu qalanı necə? – Onlar Sultanəliyə elə baxdılar ki, sanki hər şey qardaşından asılı idi. İmkan versə “Misri” qalanın daşını daş üstə qoymazdı.



Oturdular. Səkinə xala da sakitcə çəkilib getdi. Araya dərin sükut çökdü. Bu sükutu hardansa gələn səslər pozdu. Sultanəli qulaq verdi. Sonra başını xalçanın üstünə qoyub diqqətlə qulaq asmağa başladı.

– Nə olub, – deyə sazın sehrli tə’sirindən qurtarmayan İsmayıl təəccüblə qardaşının hərəkətinə baxdı və yavaşcadan:

– Yerin altından səs gəlir. – dedi.

Doğrudan da səs yerin altından gəlirdi.

Bığlı qaya çapan külüngü var gücü ilə qayaya çırpırdı. Daş isə onun sözünə baxmırdı. O, qayanın yarısını birdəfəyə qoparmaq istəyirdi. Amma oradan xırda qəlpələr düşürdü.

Neçə vaxt idi ki, burada işləyirdilər. Ondan başqa da adamlar vardı. Heç biri də qayanı nə üçün deşdiklərini bilmirdilər. Əmr eləmişdilər, onlar da yerinə yetirirdilər. Amma çapar hamıdan çox can yandırırdı. Onun qulağına çatmışdı ki, ağqoyunluların bütün xəzinəsi burada gizlədilib. Onu tutanlar da quldurlar və həramilərdir. Lağım atıb xəzinəni aparmaq istəyirlər. Söz vermişdilər ki, kim xəzinəyə çatsa, öz ağırlığı qədər qızıl verib evinə buraxacaqdılar. Ona görə də hamıdan çox işləyirdi.

Bax indicə külüng daşı yarıb keçəcəkdi, qızıllar oradan başıma töküləcək. Xəzinədə qızıllar qum kimi oyulacaq, tökülüb əvvəl dizimə, sonra qurşağıma, döşümə, xirtdəyimə çıxacaq. Qoymaram. Oradan bir qızıl düşən kimi yerinə suvaq çəkib yolu çevirəcəm başqa səmtə. Sonra bunların əlindən qurtararam. Quldurun ömrü uzun olmaz. Onları ələ verən kimi qayıdıb buradakı qızılları siçovul kimi yavaş-yavaş daşıyaram.

Yaxşı bəs onları ələ verəndə açıb xəzinəyə atılan lağımı deməyəcəklər? Desələr hər şey əldən çıxar. Belə yerdə xəbərçilik mənə heç bir xeyir verməz. Onları bir-bir aradan götürərəm. Xəzinəni bir ilə, bir il nədi, lap bir aya yox, bir həftəyə daşıyıb gizlədərəm e’tibarlı yerdə. Ondan sonra ye də, nəsilbənəsil. Oğlanlarımı evləndirərəm, qızlarımı ərə verərəm. Arvadların sayını artıraram, düzəldərəm hərəmxana. Yaşa da şah kimi.

Bu vaxt külüng daşı deşib keçdi. O, sevindiyindən bir an dayandı. Bədənindən axan isti təri soyuq tər əvəz elədi. Tez o tərəf-bu tərəfə baxdı. Lap uzaqda, lağım əyilən yerdə məş’əl yanırdı. Yanında da heç kəs yox idi. O, külüngü çəkib çıxartdı. Gözünü lingin yerinə dikdi. Oradan şırıltı ilə çirkab axıb üz-gözünə töküldü. Çapar qalanın rahatxanasını vurub deşmişdi.
Dünya nədi hədərdi,

Ömür gəldi-gedərdi,

Ürək xırda, qəm böyük,

Hara yığım bu dərdi.


Köhnə börkünü boynunun ardına itələyən Cibo Səfər nazik, cır səslə oxuyurdu. Çarıqlarını boynundan asıb yalın ayaqlarını sallayıb mindiyi uzunqulağın yerişiylə yırğalayırdı. Bezdən tikilən şalvarın dizləri süzülmüşdü, dizinin gözü görünürdü. Qabaq dişləri salamat olsa da, arxa dişləri töküldüyündən ovurdları batmışdı. Köhnə köynəyinin yaxasından sinəsindəki ağ tüklər görünürdü. O, əlini torbasına atıb çörək çıxartmaq istədi, gördü ki, lavaşın qırın-qırtısı qalıb. Xırım-xırdanı ovcuna yığıb ağzına atdı. Uzunqulağı döyəclədi. Amma eşşəyi də özü gündə idi. Palanı cırıq, özü qoca. Qaşqasına da dəmrov düşüb tüklərini tökmüşdü.

Qalaya dönən yerdə, köhnə dəyirmanın yanına çatanda gördü ki, cinə-şəyatinə oxşayan bir məxluq dayanıb. Vecinə də almadı. Yanından keçib getmək üçün yalın dabanlarını uzunqulağın yanlarına vurdu. Amma gördü yox, cin-şayətin onun başı ilə oynayır, “toqquş” deyib uzunqulağı saxladı.

– Bura bax, sən cinsənsə, mən də şayətin kimi bir şeyəm. Biz bir-birimizin dilini bilərik. Əgər bu yazıq heyvanı hürkütmək istəyirsənsə, keç sol tərəfinə, çünki sağ gözü kordu.

Salmanı gülmək tutdu.

– Ay bəni adəm, haradan gəlib, hara gedirsən?

– Ey Məhəmməd hümməti, uzaqdan gəlib uzağa gedirəm.

– Hansı uzaqdan, hansı uzağa?

Cibo Səfər eşşəkdən düşüb çarıqlarını palanın üstünə atdı. Yaxınlaşıb onunla yanaşı dayandı. Elə özü də Salmana oxşayırdı. Geyimdə, boy-buxunda.

– Sənə adam dilində salam verim, ya cin-şayətin ləfsində?

– Hansında istəsən.

– Əssəlamün əleyküm. Cin dili bilmirəm.

– Əleyküm əssalam. Hardansan?

– Şamaxıdan gəlirəm, gedirəm Məkkə ziyarətinə. Gedim, getməyim?

Salman ona baxdı, eşşəyinə baxdı, üst-başına, yalın ayaqlarına baxdı.

– Ay adəm övladı, niyə ayaqyalınsan?

– Çarığı geysəm, qurban olduqlarımın ziyarətinə çatanda ayaqyalın qalaram. Ziyarətə gələn o qədər məxluqun içində deyirsən adam kimi çarıqlı-patavalı, adam şəklində olsam pis olar? – Cibo Səfər gəlib Salmanın yanında, daşın üstündə oturdu.

– Eşşəyin belində çarığın cırılacaq?

– Eh, ay qadan alım, bu eşşəyin bu gündən sabaha çıxmağa ümidi var ki? Mən naxoşlayanda o məni aparır, o naxoşlayanda mən onu.

Salman onun zarafatından ciddiləşdi.

– Dərdli adama oxşayırsan. – Cibo Səfər bu sözdən sonra onun sir-sifətinə baxdı. Gördü ki, əməllicə-başlıca adama oxşayır.

– Dərd? Bəxtəvərlikdən danışırsan. Dərd elə bir sərvətdir ki, o padşahlarda, var-dövlət əlindən üzülənlərdə olar. Mən lüt-üryanın biriyəm. Yeməyə çörəyim də yoxdur. Nəyin dərdini çəkəcəyəm.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin