Xülasə “Azərbaycan, Türkiyə, İran, Orta Asiya və digər bölgələrdə M. H.Şəhriyarın “Heydərbabaya salam” əsərinin təsiri ilə yazılmış əsərlər ” adlı məqalədə bu böyük söz ustadının “Heydərbabaya salam” poemasının təsiri ilə meydana çıxmış əsərlər



Yüklə 28,84 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü28,84 Kb.
#43732
növüXülasə
1   2   3
“Azərbaycan, Türkiyə, İran, Orta Asiya və digər bölgələrdə M.H.Şəhriyarın “Heydərbabaya salam” əsərinin təsiri ilə yazılmış əsərlər

Açar sözlər: Şərq ədəbiyyatı, M.H.Şəhriyar, “Heydərbabaya salam”, dağ simvolu, nəzirə

“Heydərbabaya salam” Şəhriyarın bütün əvvəlki əsərlərindən fərqli olaraq türk şeiri üslubunda, heca vəznində, 4-4 və 3 bölgüsü üzərində qurulmuşdur. Təxminən 33 il farsca yazan şairin (“Behcətabad xatirəsi” və “Qaranlıq gecələr” istisna olmaqla) Azərbaycan dilində ilk iri həcmli əsəri olan “Heydərbabaya salam” poemasından aydın görünür ki, o heç vaxt milli kökdən, mənəvi dəyərlərdən, xalqın istək və arzularından, Azərbaycan sevgisindən uzaq olmamışdır. “Şəhriyar əsərlərini uzun illər özgə dildə yazsa da, təfəkkürünün alt qatında ana dilinə sevgi və milli ruh yaşamış, üstünə yad dilin kölgəsi belə düşməmişdi. Milli ruha, ana dilinə sadiqliyi Şəhriyarı sənət zirvəsinə qaldırmış, oxucuların sevimlisinə çevirmişdi. Çünki dil millətin ruhudur, o, öldümü, millət də canını tapşırar” (2, 113).

Şəhriyar bu əsərlə sənətkar uğurunun milli kökə, milli varlığa bağlı olmasını bir daha təsdiqlədi. Doğrudur, şair farsca şeirlərinin uğurundan danışan bir “Fəxriyyəsi”ndə qəlbləri ehtizaza gətirən, könüllər fəth edən incə qəzəllər müəllifi olduğunu bildirirdi:
شهریارا تو به شمشیر قلم در همه آفاق

به خدا ملک دلی نیست که تسخیر نکردی (10)

(Ey Şəhriyar, qələm qılıncı ilə bütün üfüqləri tutmusan, Allaha and olsun ki, fəth etmədiyin bir qəlb mülkü qalmayıb).

Amma bütün bu uğurlara baxmayaraq “Heydərbabaya salam” milli şüurda üsyan, ədəbiyyatda yeni mərhələ idi. Ümumiyyətlə, tarixən türk təfəkküründə dağ ona tapınan etnosun əbədiliyi, ölməzliyi, əyilməzliyi, ucalığı, bütövlüyü kimi rəmzləşib. Müasir qırğız şairi Altinbek İsmayıl “Tanrı dağı” adlı bir şeirində bu sözün simvolikasını çox lakonik şəkildə ifadə etmişdir:

Tanrı dağı – Günəşin doğduğu yerdir.

Tanrı dağı – rüzgarın donduğu yerdir.

Tanrı dağı – tarixin daşlara batdığı yerdir.

Tanrı dağı – Qırğızların Tanrıya tapdığı yerdir! (5, 126)

Şəhriyar da “Heydərbabaya salamı” sadəcə Heydəbaba dağını tərənnüm və təsvir üçün nəzərdə tutmamışdı, o, Azərbaycanın milli-mənəvi, ədəbi-tarixi, bədii - estetik dəyərlərinin, qəhrəmanlıq səhifələrinin, xalqın vətən duyğularının tərcümanı kimi yaratmışdır. Şair şeirlərinin birində etiraf edir ki, Heydərbaba onun üçün sadəcə bir simvoldur:

Bax ki, Heydərbaba əfsanə tək olmuş bir Qaf

Mən kiçik bir dağı sərmənzili-ənqa elədim.(5, 56 )

Doktor M. Rövşənzəmir bu barədə yazırdı ki, “Heydərbaba dağı birgün yerlə-yeksan ola bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən nəsilə ötürüləcək və yaddaşda qalacaqdır” (8, 12).

Əsər yarandığı anda İran cəmiyyətində – Güney Azərbaycanda böyük canlanmaya, ictimai şüurun oyanışına, ədəbiyyatın şah sarayından xalqa dönüşünə səbəb oldu. Böyük oxucu kütləsinin diqqətini özünə cəlb edən poema çox sürətlə ölkənin sərhədlərini aşaraq təkcə İranda yox, dünyanın bir çox ölkələrində rəğbət və məhəbbətlə qarşılandı. Yaxın və Orta Şərqdə, Pakistan, Hindistan, Misir, İraq və Türkiyədə tədqiqatçı alimlər onu dünya ədəbiyyatının nadir inciləri ilə bir cərgəyə qoyaraq, təhlil və təbliğ etməyə başladılar. Mənzumə ilk növbədə Güney Azərbaycanda dil, mədəniyyət, sosial-ictimai münasibətlər baxımından ciddi təlatüm və təbəddülatın başlanğıcı olaraq, milli təfəkkürdə inqilabi ideyalarla müşaiyət olundu. Hətta bu zaman öz dərin durğunluq dövrünü yaşayan qonşu İraq ədəbiyyatı belə “Heydərbaba”nın qopardığı tufanla sanki yuxudan ayılaraq ümumşərq ədəbiyyatından milli məhvərə dönüş etməyə başladı. “Dastan (İraq türkmanları bunu dastan adlandırır-N.Ə.) o qədər sevildi ki, hər şair buna nəzirə yazmağı özünə bir milli vəzifə hesab etmişdir. Bildiyimizə görə, 25-dən artıq şair bu mövzuya toxunmuşdur” (7).

İraq türkmanları ilk dəfə Şəhriyarı və onun şah əsərini altmışıncı illərdə yaxından tanımışlar. “Şəhriyar və “Heydərbabaya salam” adlı məqalə 1964-cü ildə İbrahim Dakuklu tərəfindən yazılmış, “Qardaşlıq” dərgisində çap edilmişdir. Bunun ardınca tanınmış şair Əta Tərzibaşı Təbrizə gedib Şəhriyarla görüşmüşdür.

Ustad Ata Tərzibaşı şairlə söhbətləri əsasında onun şəxsi və ədəbi həyatı, o cümlədən “Heydərbaba” haqqında əldə etdiyi məlumatları məqalə halında çap etdirir. Bundan sonra əsər sürətlə Iraq türkmanları arasında yayılır. Yuxarıda qeyd etdiyimiz kimi, 25-dən artıq şairin yazdığı nəzirədən 16-sı kitab kimi çap olunmuşdur. Şəhriyarın təsiri ilə yazılmış “Gur-gur babaya salam” adlı ilk kitab 1964-cü ildə İraqda nəşr olunmuşdur. Lakin onu da qeyd etməliyik ki, bu kitabdan öncə Hüseyn Əli Mübarəkin “Tuzhurmatu” adlı əsəri yazılmış və onun beşliklərdən ibarət olan bir çox hissələri “Qardaşlıq” dərgisində işıq üzü görmüşdür. Ancaq o, kitab kimi 1965-ci ildə nəşr edilmişdir.

Hüseyin Əli Mübarəkin əsərinə verdiyi “Tuzhurmatu” adı əvvəllər Kərkükə, indi isə Səlahətdin vilayətinə aid olan bir türkman kəndidir. İraq türkman ədəbiyyatının bir çox parlaq simaları bu kənddən çıxmışdır. Şair Mübarək şeirlərini açıq bir dildə yazmış, vəzn, qafiyə sistemini “Heydərbabaya salam”dakı kimi qurmuşdur. 61 beşlikdən ibarət olan bu kitabı Əbülfəzl Hüseyni çap etdirmişdir.

Bundan əlavə, Ə.Bəndəroğlu, S.Nacioğlu, İ.Sərt Türkman, M.Bayatoğlu, Əkrəm Fevzi və digər İraq türkmanları “Heydərbabaya salam”a nəzirə, təzim və cavablar yazmışlar. M.T.Zəhtabi O.Bəndəroğlunun “Heydərbabaya salam”a nəzirə yazdığı “Gur-gur baba” poemasını mənzumə ilə müqayisə edərək onu xüsusi qiymətləndirmişdir.(6)

Məlum olduğu kimi, Türkiyədə və bütün türk dünyasında “Heydərbabaya salam”ı ilk tanıdan Azərbaycan cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə olmuşdur. O, 1955-ci ildə Türkiyədə ilk dəfə “Azərbaycan” jurnalında çap etdirdiyi “Ədəbi bir hadisə” adlı məqaləsində bu əsərin Cənubi Azərbaycan, eləcə də türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini, şairin doğma dilinə və xalqına, vətəninə məhəbbətinin nəticəsi olaraq yazıldığını bildirirdi.

M.Ə.Rəsulzadədən sonra Əhməd Atəşin “Heydərbabaya salam” əsərini ətraflı müqəddimə ilə çap etdirərək Türkiyə ədəbiyyatında Şəhriyar mövzusunu bir daha gündəmə gətirdi. Bundan sonra Məhərrəm Erkin, Səadət Çağatay, Əhməd Qafaroğlu, Osman Fikri Sərtqaya, Əhməd Bican Ercilasun, Eldəniz Qurtulan, Yusif Gədikli, Orxan Aras, Həsən Almaz, İsa Özkan, Əhməd Polatlı və başqaları şairin yaradıcılığı, xüsusilə də, “Heydərbabaya salam” mənzuməsi ilə bağlı ciddi tədqiqatlara başladılar. Əsərin dil xüsusiyyətlərini araşdıran Məhərrəm Ergin öz fikirlərini 1981-ci ildə İstanbulda nəşr etdiyi “Azeri türkcesi” adlı kitabında açıqlayıb.

Osman Fikri Sərtqaya isə Türkiyədə Şəhriyara və “Heydərbabaya salam”a yazılmış nəzirələri, Şəhriyara həsr olunmuş şeirləri toplayaraq nəşr etdirmişdir. Bu sahədə ən ciddi işlərdən biri isə “Heydərbabaya salam” poemasını tədqiq edən və şairin türkcə əsərlərini küll halında çap etdirən şəhriyarşünas alim Yusuf Gədikliyə məxsusdur. O, “Şəhriyar və türkcə bütün şeirləri” adı ilə sanballı bir kitab tərtib etmişdir.

Türkiyədə də “Heydərbabaya salama” çoxsaylı cavablar yazılmış, tənqidçilər onların bəzilərini sənətkarlıq baxımından yüksək qiymətləndirmişlər. Bu sırada Canani Dökməcinin 79 beytdən ibarət “Bizim dildən bizim köy”, Xeyrətdin Tokdəmirin 108 bəndlik “Qocabəy”, Zeynəlabidin Makasın 50 bəndlik “Xoş anılar”, Fəhri Unanın “Çiçəkliyə salam”, Məhəmməd Nur Doğanın “Ağrı dağına salam”, Əsəd Qabaqlının “Göllübağa salam”, Firat Kızıltuğun “Bayburt şikəstələri”, Əkrəm Kaftanın “Evran dağına salam”, Əli Axarın “Yıldız dağına salam”, Yasin Xatiboğlunun “Heydərbabaya rapor”, Lütfi Şahsuvaroğlunun “Camal Amca” mənzumələrini göstərə bilərik. Şəhriyar yolu ilə gedən bu müəlliflər sadə, rəvan bir dil ilə öz vətənpərvərlik, xalqsevərlik duyğularını dilə gətirmişlər. “Heydərbabaya salam”ın bu Türkiyə qolu yeni-yeni imzaları cərgəyə qatır, şairlərə öz hiss və duyğularının ifadəsi üçün sadə, lakin canlı xalq dilindən istifadə etməyin nümunəsini göstərir. Bu poetik nümunələrin bir çoxunda xitab obyekti “Heydərbaba” ilə yanaşı, Şəhriyarın özü olur. Hətta həmin əsərlərin başlığında belə biz bunun şahidi oluruq. Bu mənada Verdi Kankılıçın “Şəhriyardan ilhamlar”, Aydil Erolun “Şəhriyara səsləniş”, Əli Qorqut Ağbaşın “Şəhriyar”, Nihat Yücelin “Şəhriyara salam”, Mustafa Kaybekin “Haydar baba kölgəsində”, “Şəhriyara salam və ithaf” əsərlərini misal göstərə bilərik.

“Heydərbabaya salam” əsəri bu gün Qərb universitetlərində araşdırılır və tədris edilir: İsna agentliyinə istinad edən “Ettelaat” (31/06/1367-ci il) qəzeti yazır ki, əsər bu gün dünyanın 76 dilinə tərcümə olunmuş və ABŞ-ın Miçiqan universitetində həm ingilis, həm də türk dilində tədqiq və tədris olunmaqdadır (1,33)

Şairin yaşadığı dövrdə əsər iki dəfə Təbrizdə farscaya çevrilmişdir. “Muəssise-ye mətbuati-ye Sədi” vasitəsi ilə çap olunan “Şəhriyarın divan külliyyatı”nda 76 bənddən ibarət olan bu poemanın Pəri Cahanşahi tərəfindən çevrilmiş 40 bəndi və Nahid Hadi tərəfindən tərcümə edilmiş 36 bəndi yer almışdır. Bu proses sonrakı dövrlərdə də Mir Saleh MirHüseyni, Münzəvi, doktor Səccadiyə və bir sıra digər şəxslər tərəfindən davam etdirilmişdir. Bu qiymətli əsərin kamil tərcüməsi Sönməz təxəllüslü istedadlı Azərbaycan şairi Kərim Məşrutəçiyə məxsusdur (4,56).

Həbib Sahir, Şadrəvan Əli Azəri, Cabbar Baxçaban və başqaları “Heydərbabaya salam” poemasına nəzirələr yazmışlar. Qulamhüseyn Beqdeli 33 il Azərbaycanda – Bakı şəhərində yaşadıqdan sonra 1358-ci ildə doğulduğu Köhlə (Zəncan ostanına tabe olan bir kənd) kəndinə gələrək “Heydərbabaya salam”ın təsiri ilə “Köhləyə salam” adlı nəzirə yazmışdır. Şəhriyarşünaslar bu əsəri bədii dəyər baxımından xüsusi qiymətləndirirlər. Ümumiyyətlə, elə bir Cənubi Azərbaycan şairi yoxdur ki, Şəhriyar poeziyasının təsirindən kənarda qalsın. Son illər Şəhriyar yaradıcılığı haqqında monoqrafiya çap etdirmiş, şəhriyarşünas alim E.Fuad yazır: “Keçən əsrin 60-cı illərindən başlayaraq Güneydə formalaşan Şəhriyar ədəbi məktəbinə Məhəmmədhüseyn Səhhaf Cənnətiməqam, Cabbarbəy Bağçaban, Hüseynqulu Coşğun, İnayətulla Əmirpur, Əli Təbrizi, Əli Azəri, Kərim Məşrutəçi Sönməz, Səhənd, Sair, A.Bariz, Coşğun, Mahmud Pədidi, Məhəmməd Valeh, Məhzun, Bağır Seyidi, Hacı Seyidağa, İbrahim İqbal, Firuz Gun, Beytulla Cəfəri kimi adını saymaqla bitməyən şairlər ordusu öz töhfələrini verib və ustada yazdıqları ithaf, təxmis və nəzirələrdə onun ana dilinə mövcud despot rejimin vurduğu qıfılı açdığına və qeyri-adi bir əsər ərsəyə gətirdiyinə görə alqışlayıblar” (2,89).

“Heydərbabaya salam”ın təsiri ilə yaranan əsərlər içərisində SSRİ-nin hələ quvvətli olduğu vaxt, yəni 1959-cu ildə Bəxtiyar Vahabzadənin qələmə aldığı “Gülüstan” poemasını xüsusi qeyd etməliyik.

Şair "Gülüstan"da iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, xalqımızın azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsini qan içində boğan rus və fars imperiyasını ittiham etmişdir. Doğrudur, poema strukturuna, dilinə, üslubuna görə “Heydərbabaya salam”dan ciddi fərqlənirdi, lakin ruh və ideya, milli ideallar onları birləşdirir, bir bütöv əsərin hissələri kimi görməyə, təhlil etməyə imkan verirdi. Bəxtiyar Vahabzadə bunu nəzərə alaraq öz poemasının birinci hissəsini Şəhriyarın sözləri ilə yekunlaşdırırdı:

Dolandı zəmanə, döndü qərinə,

Şairlər od tökdü yenə dilindən.

Vurğunun o həsrət nəğmələrinə

Şəhriyar səs verdi Təbriz elindən:

"Heydər baba, göylər qara dumandı,

Günlərimiz bir-birindən yamandı.(3,28)

Bu ənənə sonrakı dövrlərdə də davam etmiş, müstəqillik dövründə Azərbaycanın faciələrini dilə gətirən şairlərimizin böyük əksəriyyəti məhz “Heydərbaba” formasından istifadə etmişdir. Çünki prof. Y.Qarayevin bir vaxtlar yazdığı kimi, “indi də Azərbaycanda, bütünlüklə türk dünyasında müasir şeir Şəhriyara bütövlük, vəhdət rəmzi kimi baxır, qütbləri birləşdirən, əbədi mənəvi körpüyə – Xudafərinə çevrilən obraz və simvol kimi müraciət edir” (4, 12).

Bütün bunlar göstərir ki, “Heydərbabaya salam” bu gün də mövzu, janr, dil, üslub baxımından öz aktuallığını saxlayır və ədəbiyyat üzərində öz silinməz izlərini qoyur.

Beləliklə, biz “Heydərbabaya salam”ın bir ədəbi məktəb olaraq özündən sonrakı ədəbiyyata təsirini üç prinsip üzrə qruplaşdıra bilərik:

1. “Heydərbabaya salam”ın mövzu və dil-üslub xüsusiyyətlərini özündə əks etdirən bədii nümunələr. Bu əsərlər sırasına Həbib Sahirin “Məktəb xatirələri”, Əlirza Pürbozorg Vafinin “Eynalıya salam”, Bəxtiyar Muğanoğlunun “Ay Savalan”, Abbas Barizin “Eldayağına salam”, Məhəmməd Sadiqpur Şaminin “Kənd cevizi”, Abbas Kərimi Oxun “Zəngan şəhəri”, Dədə Katibin (Əbdürrəhman Təyyar Quluncu) “Urmu gölü”, Bəhruz Dövlətabadi Çayoğlunun “Sazım mənlə danışır”, Salehin “Təbrizin haqq səsi”, “Canı qurban demişik Azərbaycanımıza”, Hüseyn Kürdoğlunun “Ey Şəhriyar” və s. əsərləri daxil edə bilərik.

2. “Heydərbabaya salam”ın forma xüsusiyyətini özündə əks etdirən əsərlər. Məmməd Rahim, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və digərlərinin cavablarını bu sırada qeyd edə bilərik.

3. Forma baxımından fərqli, yalnız mövzu baxımından “Heydərbabaya salam” ənənəsini özündə yaşadan bədii nümunələr. Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını, Hökumə Billurinin “Köçdü bu dünyadan Şəhriyarımız”, H.Məhəmmədxani Güneylinin “Ustad Şəhriyarın ölümünün ildönümü”, Orucəli Duznaninin “Şəhriyarım ölübdü” əsərini bu sırada qeyd edə bilərik.




Yüklə 28,84 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin