Y. A. Komenskinin məktəb və pedaqoji ideyaları Plan: Y. A. Komenskinin dünyagörüşü Y. A. Komenskinin yaş dövrləri və məktəb sistemi Y. A. Komenskinin sinif-dərs
Mövzu: Y.A.Komenskinin məktəb və pedaqoji ideyaları Plan: 1.Y.A.Komenskinin dünyagörüşü 2. Y.A.Komenskinin yaş dövrləri və məktəb sistemi 3.Y.A.Komenskinin sinif-dərs sistemi 4.Y.A.Komenskinin didaktik prisipləri 5.Y.A.Komenski əxlaq tərbiyəsi və nizam-intizam haqqında Komenskinin dünyayörüşü. Komenskinin dünyakörüşünə din qüvvətli təsir etmişdir. O özünün «Böyuk didaktika» adlı əsərinin birinci fəslində bu dünyadakı həyatı «əbədi həyata» yalnız hazırlıq hesab etmişdir. Lakin əsərin sonrakı əsas fəsillərində o, başqa prinsipi—realizmi rəhbər tutmuşdur. O, əfsanələri, Platon ideyalarını deyil, əşyaları, ətraf mühiti, real varlığı, həyat üçün faydalı olan həqiqi biliyi öyrənməyi tələb etmişdir. Beləliklə, Komenskinin dünyakörüşündə materializm ünsürləri, hissi təcrübələrə əsaslanmaq meyli, sensualizm dindarlıqla növbələşir və bir-birinə qarışır. Komenskinin dünyagörüşünün əsasını sensualizm, yəni real aləmi hissi idrakla dərk etməyin mümkünlüyü təşkil edir. O, göstərirdi ki, «ölü kitablar əvəzinə təbiətin canlı kitablarını açmalıyıq». Komenski ətraf aləmin obyektiv varlığına inanır. Lakin Komenskinin məzmunca materialist səciyyə daşıyan sensualizminə dini forma geyindirilmişdir. Bu da onun nəzəriyyəsinin və dünyakörüşünün ziddiyyətli olduğunu göstərir.
Humanizm və demokratizm Komenskinin dünyagörüşündəki mühüm ünsürlərdir. Komenski nikbin baxışlı bir pedaqoq olmuşdur. Onda insana, onun qüdrətinə, gözəl meyl və arzularına böyük inam var idi. «Böyük didaktika» adlı əsərində deyirdi: «hamı insan olmaq kimi əsas bir məqsəd üçün doğulmuşdur». «İnsanın həqiqi insan olması üçün o, təhsil almalıdır. Xalq kütləsinin özünə hikmətlərin geniş darvazası açıq olmalıdır». Beləliklə, Komenskinin dünyagörüşünə dinin təsir etməsinə baxmayaraq, o, idrak nəzəriyyəsində sensualist fəlsəfənin tələblərinə əsaslanmış, ictimai görüşlərində dövrünün ən mütərəqqi, insanpərvər və demokratik fikirlərinin ifadəçisi olmuşdur.
Komenskiyə görə insan yalnız tərbiyə sayəsində insan olur. O, uşaqları qruplara bölərkən istedadsız və tənbəllərə çox az təsadüf etdiyini və onları da təlim-tərbiyənin gücü ilə düzəltməyin mümkün olduğunu qeyd edirdi. Tarbiyənin böyük gücünə və imkanlarına inam, Komenskinin pedaqokikaya gətirdiyi yeni fikir idi. Halbuki, Komenskiyə qədər hökm sürən kilsə təlimində insan ilahiyyat tərəfindən yaranmış və gələcəkdə nə olacağı qabaqcadan müəyyən edilmiş bir məxluq kimi izah olunurdu.