Genetik kriteri – növlərin xromosom yığımında
olan fərqlərə görə müəyyən edilir. Hər bir növün
özünəməxsus sayda, ölçüdə, formada xromosomları
olur. Morfoloji cəhətdən bir-birindən fərqlənməyən
qara siçovulun 38 və 42 xromosom yığımlı növləri
bu kriteri ilə müəyyən edilmişdir. Lakin genetik
kriteri ilə də bəzən növü dəqiq müəyyənləşdirmək
olmur. Belə ki, sağlam insanda 46 xromosom olduğu
halda, Daun sindromu olan insanlarda 47 xromosom
olur.
Fizioloji kriteri – növlər arasında olan həyat
proseslərində, xüsusən çoxalmada olan fizioloji
fərqlərə görə müəyyən edilir. Hər bir növ arasında fizioloji təcridlər mövcud
olduğundan bir növ digəri ilə çarpazlaşmır, əgər belə çarpazlaşma baş verərsə, alınan
nəsil, adətən, dölsüz olur. Lakin təbiətdə bəzən ayrı-ayrı növlərə mənsub fərdlər
(sarıbülbül, alacəhrə, qovaq və söyüdün bəzi növləri) çarpazlaşaraq döllü nəsil
verdikləri üçün bu kriteri də mütləq olmur.