Xəstəliklərə qarşı irsi meyillilik. Xəstəliklərə qarşı irsi meyillilik bəzən xarici
mühitin təsirindən baş verə bilir. Məsələn, ağciyər xərçənginə meyilli insanlarda bu
xəstəliyin inkişafına siqaret çəkmək səbəb olur.
Əgər insan zərərli vərdişlərindən əl çəkərsə, xəstəliklərə qarşı irsi meyilliliyi
zəifləyə və hətta itə bilər. İnsanlarda habelə diabet, hipertoniya, mədə yarası və s.
xəstəliklərə qarşı irsi meyillilik də müşahidə olunur.
Tibbi-genetik məsləhətlər. Dünyanın inkişaf etmiş bir çox ölkələrində tibbi-
genetik məsləhətxanalar fəaliyyət göstərir. Belə məsləhətxanalar gənc ailələrə irsi
xəstəliklərə malik uşaqların doğulması riskinin azaldılması məqsədi daşıyır. Bu
məqsədlə nəsil ağacının tərtibi, xromosom yığımının öyrənilməsi, biokimyəvi və s.
tədqiqatlardan istifadə etməklə müəyyən məsləhətlər verilir. Belə məsləhətlərə
qohumlarında oxşar xəstəliklər (məsələn, ürək qüsurları, əqli və fiziki cəhətdən
geriqalma) olan gənc ailələr daha çox ehtiyac duyur.