1. Əvvəlcədən icmallaşdırılmış mühazirə. Mühazirəçi dərslikdən və ya əlavə ədəbiyyatdan istifadə edərək, keçəcəyi mövzunu icmallaşdırır. Dərs zamanı heç bir improvizə etmədən, sadəcə, həmin icmalı oxuyur. Belə mühazirədə faktlar da, şərtlər də köhnə olur. Əlbəttə, belə mühazirə tələbəni müstəqil işə həvəsləndirmir.
2. Tezislər əsasında oxunan mühazirə. Mühazirəçi mühazirəyə hazırlaşarkən deyəcəyi fikirləri qruplaşdırır və mətnin tezislərini müəyyənləşdirir. Əlbəttə, bu da geniş mətnə yox, yaddaşa əsaslanır. Belə mühazirə əvvəlki formadan əhəmiyyətlidir, lakin əhatəliliyi, faktların elmi təhlili ilə diqqəti cəlb etmir. Harada problem situasiyası yaratmaq, harada diskussiyaya yer vermək, harada interaktiv metoddan istifadə etmək və s. kimi fəallıq yaradan məqamlar da yerində olmur, ya da tamam unudulur.
3. Tələbə ilə dialoqa üstünlük verilən mühazirə. Mühazirəçi mövzuya uyğun olan ədəbiyyatla ətraflı tanış olur, onları öyrənir, əhatəli mühazirə mətni hazırlayır vəya onu şərh üçün tezisləşdirir. Mühazirənin planını tərtib edir, istifadə edilən ədəbiyyatı göstərir, tələbəyə hazırlaşmaq üçün məsləhət görülən ədəbiyyatın siyahısını müəyyənləşdirir. Mühazirə mətnini müşayiət edən sxemləri, qrafikləri, slaydları hazırlayır. Düşündürücü sualları hazırlayır. Fənnin digər mövzuları ilə, eləcə də digər elmlərlə əlaqə üçün məqamları müəyyənləşdirir və məzmunu konkretləşdirir və s. Mühazirəçi hazırladığı mətni onun planı və tezisləri üzrə səlis, rəvan, aydın nitqlə, məntiqi əlaqəliliklə, faktların elmi təhlili ilə şərh edir, tələbələri mühazirənin fəal iştirakçılarına çevirir, onları düşündürür, tez-tez tələbələrlə dialoqa girir, qarşıya qoyulmuş problemi birlikdə həll edir, düşüncələri ümumiləşdirir və nəticə çıxarır. Beləliklə–təkcə rasional baxımdan deyil, emosional cəhətdən də yüksək səviyyəli məşğələ alınır.
4. Sual-cavab üzərində qurulan mühazirə. Müəllim mühazirə mətnini əvvəlcədən tələbələrə təqdim edir və mühazirənin keçiriləcəyi vaxt tələbələrə elan olunur.Mühazirə zamanı müəllim mühazirənin məzmununu səlis, rəvan, aydın nitqlə, məntiqi əlaqəliliklə, faktların elmi təhlilini qısa şəkildə tələbələrə çadırır. Sonra tələbələr müəllimə suallar verir. O, suallara birbaşa cavab vermir, tələbə ilə dialoqa girərək, problemin tələbə tərəfindən həll edilməsi üçün şərait yaradır, onları axtarıcılıq və ya qismən axtarıcılıq prosesinə cəlb edir, auditoriyada tələbələrin diskussiyaya girməsinə imkan yaradır. Nəticədə tələbələri mühazirənin fəal iştirakçılarına çevirir, onları düşündürür və qarşıya qoyulmuş problemi birlikdə həll edir. Belə mühazirələr tələbənin idraki fəallığı ilə fərqlənir.
Bütövlükdə götürdükdə tələbələri düşündürən, onların da iştirakilə problemləri həll edə-edə oxunan və duyğuları oyadan mühazirələr daha diqqətlə, daha maraqla dinlənilir. Təkcə material toplamaq və mətn hazırlamaq mühazirəçi üçün azdır. Mühazirəçi yüksək nitq mədəniyyətinə malik olaraq, dilin zənginliyindən, jest və mimikadan istifadə etdikdə, əyaniliyi yerli-yerində mövzu ilə sıx bağlayaraq nümayiş etdirdikdə, mühazirə tempini gözlədikdə, mühazirəni toplanmış materialların sadəcə, ötürücüsü kimi deyil, ideyalar, fikirlər müəllifi kimi inamla, sübutlu-dəlilli, ağıllı və orijinal həmsöhbət, əsl alim kimi çatdırdıqda tələbələrin böyük marağına və razılığına səbəb olur. Tələbələr elmin inkişafını proqnozlaşdıran, yenilikçi alim-müəllimin hər fikrinə diqqətli olmağa çalışır, ondan öyrənir və onun məsləhət və tapşırıqlarını böyük inamla yerinə yetirirlər – nəticədə müstəqil fikri fəallığa yiyələnir, müstəqil işlərin öhdəsindən lazımınca gələ bilirlər.
Hələ XIX əsrdən məşhur alman pedaqoqu və psixoloqu A.Disterveqin belə bir fikri məlumdur ki, pis müəllim həqiqəti təqdim edir, yaxşısı isə onu tapmağı öyrədir. Bu istiqamətdə mühazirə başlıca olaraq tələbələrin nəzəri hazırlığına, məntiqi nəticələrə gələ bilmək, ümumiləşdirmələr apara bilmək bacarığının formalaşmasına, müstəqil işin əhəmiyyətini başa düşməyə və onun icrasına meyllənməyə, ilkin mənbələrlə və ədəbiyyatla işləməyin məqsədini anlamağa və s. bu kimi xüsusiyyətlərə yiyələnmələrinə kömək etməlidir. Burada mühazirəçinin şəxsiyyət bütövlüyü, əxlaqimənəvi saflığı, yüksək elmi-ixtisas hazırlığı, humanizmi, xeyirxahlığı, ədaləti, obyektivliyi, prinsipiallığı, tələbələrlə işləmək həvəsi, alimlik dəyəri, natiqliyi mühüm təsiredici amil rolunu oynayır. Digər bir amil isə mühazirənin elmi-metodik təminatının yüksək olması, dil gözəlliyidir. Belə olmasa, mühazirəçi öz funksiyasını yerinə yetirə bilməz. Bir neçə onillik bundan əvvəl dərslik və digər tədris vəsaitlərinin az olduğu bir vaxtda mühazirə bilik, məlumat verən əsas vasitə idi. İndi isə belə deyil. Mühazirə oyadıcı, düşündürücü, istiramətverici, inkişafetdirici, müstəqil fəaliyyətə hazırlayıcı bir vasitəyə çerilməlidir. Biliyi, məlumatı hazırda dərsliklərdən, kitablardan, İnternetdən və s. almaq olar. Amma alim-müəllim baxışını, səsini, ifadə tərzini, şərh, tapşırıq tonunu, məqama, ehtiyaca görə problemin izahını, ünsiyyətin görünən və simvolik təzahürünü yalnız insanın özü həyata keçirə bilər. Ona görə də, hazırda mühazirə daha çox psixoloji təsirə malik, insanı ünsiyyəti yaşadan və insanilik yaradan bir funksiyanı daşımağa başlamışdır. Odur ki, mühazirəni elə qurmaq, elə aparmaq lazımdır ki, o, tələbələrin sosial, psixi, elmi-idraki, müstəqil fəaliyyət imkanlarını artırsın. Buradan da belə nəticə çıxır: mühazirənin müasir əhəmiyyəti bir də ondadır ki, tələbə müstəqil işi üçün geniş imkana malikdir. Hər bir mühazirəçi bu imkandan daha səmərəli istifadə etməklə tələbə müstəqil işinin sonrakı mərhələlərinin və səviyyəsinin reallığını təmin edə bilər.
Alimlərin tədqiqatlarında da mühazirəyə sadəcə, mövzunun dərslik və ya hər hansı ədəbiyyat üzrə nəqli kimi baxılmır. İ.M.Feyqenberqin yazdığı kimi “…mühazirə sualları üzə çıxarmalı və onlara kitabda, səlahiyyətli adamlarla (xüsusən müəllimlərlə) söhbətdə, müşahidələrdə, düşüncələrində, eksperiment-lərdə cavab tapmağa həvəsləndirməli, nəhayət, cəhdgöstərmə qabiliyyətini inkişaf etdirməli, lazımi məlumatı tapmağı və onları təhlil etməyi öyrətməlidir”. XXI əsrdə meydana gələn dəyişikliklər, yeniliklər, Azərbaycan Respublikasının müstəqil dövlət olaraq fəaliyyəti, demokratik və humanist prinsiplərə üstünlük verilməsi, tədrisdə yeni didaktik tərzlər və metodlar və s. istər mühazirənin məzmununda, istər onun elmi, didaktik, metodik istiqamətində, istərsə də şərh və təqdimat üsullarında yeniliklərdən fəal istifadəni zəruri etmişdir. Ona görə də mühazirənin tələbə müstəqil işi üçün yaranmış imkanlarından istifadə etməmək mühazirənin əhəmiyyətini aşağı salmaq demək olar.
Mühazirəyə verilən bir sıra tələblər vardır:
1. Mühazirələrin başlanğıcından problem yaradılsın, suallar qoyulsun.
2. Məlumat və informasiyalar əsas anlayışlar üzərində qurulsun. Çatmayan hissələri, deyilməyən məlumatı əldə etmək tələbələrə həvalə edilsin.
3. Problemlər həll edilərkən faktlara, nümunələrə müraciət zamanı tələbələrin fəallığına diqqət yetirilsin. Onların fikir və mülahizələri şərhə daxil olunsun və hamı tərəfindən ona münasibət bildirilsin, müəllim özü həqiqəti ümumiləşdirsin.
4. Mühazirə zamanı sxemlərdən, qrafiklərdən, slaydlardan və s. texniki vasitələrdən istifadə edilsin.
5. Tələbələrə referat hazırlamaq, ədəbiyyatla tanış olmaq üçün zəruri tapşırıqlar verilsin və s.
Mühazirə tələbələri həm də seminar və laboratoriya məşğələlərində fəal olmağa hazırlaya bilir.
Dostları ilə paylaş: |