Referat. Alman sözüdür, çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir. Refero – bildirirəm, xəbər verirəm.
İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir.
Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu.
Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat.
Referat həm yazılı məruzə, həm də icmal şəklində olur.
Referat intellektual yaradıcılıq prosesi, müstəqil yazılı təhlil işi olmaqla müxtəlif mənbələr və orijinal müəllif nəticələri əsasında baxışların ümumiləşdirilməsi forması kimi çıxış edir. O, baxılan məsələ haqqında faktiki məlumatları və nəticələri əks etdirərək ixtisas üzrə elmi-təcrübi ədəbiyyatın dərin öyrənilməsi, müvafiq statistik informasiyanın geniş təhlili əsasında yerinə yetrilir. Referat mövcud nəşrdə əks olunan sualları cavablandırır. Bununla belə, referat mexaniki hekayətetmə deyil, mahiyyətin ifadə olunmasıdır. Magistrantın hazırladığı referat isə daha üstün tələbləri özündə ehtiva edir. Burada ondan tapşırıq əsasında verilən məsələyə dair daha arqumentləşdirilmiş ifadələr tələb olunur. Bir qayda olaraq, ixtisaslaşmanın vacib istiqamətlərini özündə birləşdirən referat mövzularının nümunəvi siyahısı kafedralar tərəfindən hazırlanaraq təqdim edilir. Bu zaman mövcud siyasi-iqtisadi proseslərə uyğun olaraq kafedralar tərəfindən referat mövzularının aktuallığı, praktiki əhəmiyyətliliyi bir daha dəqiqləşdirilir. Referat mövzusu eyni zamanda magistrantın özü tərəfindən də təklif edilə bilər. Bütün hallarda referat mövzusu fənn müəllimi və magistr proqramının rəhbəri ilə razılaşdırılmalıdır. Hər bir referat işində problemin qoyuluşu və onun işlənməsi elmin və müvafiq təcrübənin aktual inkişaf meyilləri ilə rabitəli şəkildə həllini tapmalıdır. Referat işinin yazılışı bir sıra xüsusiyyətləri nəzərə alır və o magistrantdan müvafiq səriştə və bacarıqlarının inkişafını tələb edir. Bu səriştə və bacarıqlar silsələsinə aşağıdakılar aid edilir:
Dövri nəşrlərlə müstəqil işləmək;
Konkret materialın müstəqil seçimi, sistemləşdirilməsi və təhlilini aparmaq;
Təyin edilmiş mövzu üzrə uyğun gələn nəticə və təklifləri formalaşdırmaq;
Fikirləri dürüst və sadə yazılış formasında ifadə etmək, həmçinin işin düzgün hazırlanaraq təqdimatını vermək.
Referatda açıq arqumentlər, mülahizələr və müqayisələr əks olunmalıdır. Burada material daha çox təsvir və konstatasiyada verilir. Referatlaşdırılan material magistrant tərəfindən obyektiv şərh edilir. Əgər ilkin mətndə fikir dəqiq formalaşdırılmayıbsa, referatda o konkretləşədirilməli və dürüstlüklə əksini tapmalıdır. Referat bir sıra funksiyaları özündə əks etdirir ki, bunlar da aşağıdakılardır: informativ; axtarış; siqnalverici; indikativ; kommunikativ ünvanlı. Bu funksiyaların yerinə yetrilməsi referatın məqsədi, formallığı, məzmun tələbi və kimin istifadə edəcəyindən asılı olaraq öz həllini tapır. Referat müvafiq dil və yazılış tələblərinə malikdir. Referatın yazılış dili aşagıdakı yanaşmaları əhatə edir: dəqiqlik, qısalıq, aydınlıq, sadəlik.
Referatın struktur keyfiyyəti də ümumi olduğu qədər spesifikdir. Bu struktur aşagıdakı ardıcıllıqdan ibarətdir: 1.Titul vərəqi. 2.Mündəricat. 3.Giriş. 4.Fəsillər. 5.Paraqraflar, yarımbaşlıqlar və bəndlər. 6.Nəticələr. 7. Əlavələr. 8. Biblioqrafiya (ədəbiyyat siyahısı).
Referatın titul vərəqindən sonra ayrıca vərəqdə referatın planı (mündəricat) yazılır. Burada bütün struktur bölmələr planauyğun, səhifə başlıqlarının yerini göstərən nömrələnmiş formada öz əksini tapır. Referata məxsus növbəti vərəqdə 1,5-2 səhifə həcmində giriş yazılır. Sonra referatın əsas hissəsinə keçilir. Referatın əsas hissəsi 2-3 paraqrafı (yarımbaşlıq və bəndlər) əhatə edən bir və ya bir neçə fəsildən ibarət ola bilər ki, burada da öyrənilmiş ədəbiyyatlarda əsas ideya və vəziyyətin başlıca düşüncəli və məntiqi təqdimatı verilir. Mətndə sitat gətirildikdə, orijinal fikir söylənildikdə, rəqəmli material və cədvəllərdən istifadə edildikdə hökmən ilkin mənbələrə, müəllifə istinad olunmalıdır. Referatın nəticələr hissəsində əsas mətninin yekun və nəticələri: yerinə yetirilən məsələlər, girişdə qeyd edilən məqsədə nail olma səviyyəsi öz əksini tapır. Əlavələr hesablamalar, qrafiklər, cədvəllər və digər illüstrasiya materialını özündə əhatə edir. Referat ədəbiyyat siyahısı ilə sona çatır.