Anjel
Allah eşqinə dur, Edmon! Aman, dur!
Cəlal duysa, həmən çıldırıb durur.
Nə sən sağ qalarsan, nə mən... haydı, get!
Heç zərər yox, get, bir qədər də səbr et!
Yarın axşamlayın körpü başında,
Mütləq Anjeli bularsan qarşında.
Edmon
Fəqət, saqın, sözün yalan çıxarsa,
Qurtulamazsan əlimdən bir daha.
Anjel
Xayır, artıq dönüklük umma məndən,
Yalnız, yalnız yardım istərəm səndən.
Edmon
(onun əlini öpərək)
Pəki, bir daha imtahan eylərəm,
Yarın söylədiyin yerdə bəklərəm.
Mütərəddid addımlarla çıxar. Anjel də düşüncəli bir halda balkona keçir. Yıldırım getdiyi odadan dönərək, Anjelin yanına gəlir. Edmon təkrar salona girib onları dinlər.
Yıldırım
(Anjelin əlini əlləri arasına alaraq, heyrətlə)
Aman, neçin böylə dəyişdin, neçin?
Xayır, sən dəminki Anjel deyilsin.
Sənə Cəlal bəymi bir şey söylədi?
Anjel
Əvət, əzizim, bir şey olmuş mənə,
Fəqət onu sonra söylərəm sənə.
Yıldırım
Çəkinmə, söylə, hər əmrini, inan,
İcrayə hazırdır Yıldırım əlan.
Anjel
Xayır, əmr etmək deyil, bir ricam var.
Yalnız məni çapuq bu evdən çıxar!
(dərhal omuzundakı şala bürünərək)
Bu məhbəsdən çıxar da qurtar məni,
Həm də bu saət, bu saət, bildinmi?
Yıldırım
Lakin bunca səbirsizlik nə lazım?
Hər işdə bir qədər düşüncə lazım...
Anjel
Mənim həlakımı istərsən əgər
Çıx get! Yoxsa düşüncə verməz səmər.
Düşün, bitmiş artıq tabım, təvanım,
Uçurumdur sağım, solum, hər yanım.
Yıldırım
Fəzlədir bunca iztirabü dəhşət,
Gəl, gedəlim, gəl! Yox təlaşə hacət!
Edmon dərhal qarşıdakı kiçik odaya keçər.
Anjel
(Yıldırımla bərabər sofa qapısına yaxlaşaraq.)
Sanki oyar qəlbimi xain bir əl,
Hər tərəf fəlakət... Gəl, gedəlim, gəl!
(Çıxarlar.)
Edmon
Xainlər, ah, səfillər! Gedin, gedin!
Fəqət əsla qurtuluş yox sizinçin.
Onları izlər. O çıxdıqdan sonra Gövərçin yavrusu qucağında, son dərəcə məhzun bir halda salona daxil olur.
Aydəmir
(sofa qapısından gələrək)
Quzum, artıq bütün fəlakətlərin
Ya sonudur, ya başlanğıcı...
Gövərçin
Neçin?
Səndə var görünür başqa bir xəbər.
Aydəmir
İmdi Anjel Yıldırımla bərabər
Dəf olub getdi, sən, saqın, Cəlalı
Evdən buraxma!
Gövərçin
Ah, bu çox xətalı...
Aydəmir
Maraq etmə, onları mən izlərəm,
Nə olsa həp gəlir, sənə söylərəm.
(Həmən dışarı fırlar.)
Cəlal
(Gəlir, əlindəki konyak şüşəsindən son qədəhi töküb içər. Şüşəni bir tərəfə ataraq, istehzalı təbəssümlə.)
Gövərçin, mənə bax, gözəl Gövərçin!
Neçin gedib yatmayırsan, ah, neçin?
Neçin müztəribsən, nə olmuş sənə!
Yoxsa küsüb daralmışmısan mənə?
Gövərçin
Mənim həp dirliyim bu, taleyim bu.
Gördüyüm yox bir gecə rahət uyqu...
Daima həmdəmim qayğı, iztirab,
Dəniz sandığım ümidlər həp sərab...
Cəlal
(istehzalı qəhqəhələrlə)
Kim bilir, bəlkə başqa bir səbəb var?
İnsan, qadın qəlbini çox güc anlar.
Əvət, kim bilir, bəlkə qəlbin sənin
İmdi çarpır da yeni bir eşq için.
Gövərçin
(son dərəcə sarsılmış halda)
Nasıl eşq, o nasıl eşq imiş, Cəlal?!
Cəlal! Bu iftira çox müdhiş... Cəlal!
Düşün, bir düşün, gör nə söyləyirsən?
Cəlal
(şiddətli qəhqəhələrlə)
Sən məni sərxoşmu zənn eyləyirsən?
(ətrafa)
Ah, şübhədən beynim alov içində...
(Gövərçinə)
Dəmin əlin Əkrəm bəyin əlində
Söylə, hanki aləmlərə dalmışdın?
Söylə, neçin susdun? Sayğısız qadın!
Gövərçin
Sus, yetər, sus, artıq, ah, məhv oldum mən,
Nə günah işləsəm, inan, səbəb sən...
(Getmək istər.)
Cəlal
(ətrafa)
Şübhə, ah, şübhə?..
(Gövərçinə)
Getmə, dur!
Gövərçin
Ah, səfil!..
Cəlal
Mənmi?
Gövərçin
Əvət, gözəl bəllə, eyi bil,
(öz əlini göstərir)
İstəsəydim qanla kirlənsin bu əl,
İnan, nə sən sağ qalardın, nə Anjel.
Cəlal
(istehzalı qəhqəhələrlə)
Bu hiyləyi Əkrəm öyrətmiş, bəlli.
Gövərçin
(acı təbəssümlə)
Şübhəsiz...
Cəlal
Halbuki, sənsən ölməli,
İştə göz önündə hər qəbahətin,
Əvət, məhv ol da az çırpınıb didin.
Gövərçin
Ah, əvət, bəlkə mən qəbahətliyəm,
Çünki zövqünə, keyfinə maneyəm.
(əlindəki çocuğu uzadaraq)
Fəqət, düşün, bunun bir günahı yox...
(Balkona keçərək.)
Cəlal
Nasıl!.. Günahsızmı o mənhus çocuq?
O çox çirkin, çox acı bir vasitə,
Ortamızda qırılmaz bir rabitə...
Gövərçin
(sinirli)
Neçin qırılmaz? Al da qır, məhv olsun!
Bir az sevin, vicdanın rahət bulsun.
Cəlal
(balkondan aşağıya baxaraq, heyrətlə)
O kim? Anjelmi? Ah, iştə kəndisi!
(həyəcan və təlaş ilə)
Anjel, gözəl mələk! Cənnət pərisi!
Getmə, dur, gəldim, iştə, xain afət!..
(Salona keçmək istər.)
Gövərçin
Cəlal! Mərhəmət, bu tiflə mərhəmət!..
(Çocuğunu ona doğru uzadaraq, getməsinə mane olur.)
Cəlal
Burax, burax!
Gövərçin
Aman, bir düşün...
Cəlal
Çəkil!..
Gövərçin
(yavrusunu əlləri üzərində tutaraq istirham ilə)
Cəlal!
Cəlal
Dəf ol!..
(Gövərçini balkonun bir tərəfinə itələyir, çocuq əlindən düşü verir.)
Gövərçin
(məyus və çılğınca bir fəryad ilə)
Yavrum!
(deyə özünü balkondan aşağı atmaq istər)
Cəlal
(şiddətlə salona doğru itələyir)
Çəkil!..
Gövərçin
Ah, qatil!..
Bayılıb düşər. Acı və dəhşətli sükut...
PƏRDƏ
DÖRDÜNCÜ PƏRDƏ
Köydə sadə bir qonaq, bağçaya enmək üzrə zərif bir balkon, ətrafda son bahara məxsus çiçəklər və ağaclar... Ta ucda bir təpəyə çıxmaq üzrə - hər iki tərəfi uçurumlarla mühat - girintili, çıxıntılı bir cığır... Bağçadan cığıra kiçik və darcıq bir körpü ilə keçilir. İkindi çağı, buludlu hava...
Yıldırım
(Anjel ilə bərabər gələrək)
İştə, bizim əski yurd,
Bax, nə gözəl köycügəz!
Hər tərəf yaşıl orman,
İstədiyin qədər gəz.
Həm nə qədər baxımlı,
Sanki hər yer gülümsər;
Burda son bahar məncə,
İlk bahardan da dilbər...
Bu ev bəy babamındır,
Uluğ bəyə məxsusdur.
(Anjelin qolundan tutub sağ tərəfdəki yoldan kənar bir guşəni göstərir.)
Mənimki, ta... uzaqdan
İnsana gülüb durur.
Anjel
Ah, bu köy xatırlatdı
Keçmiş günləri mana,
Ta çocuqkən aşiqdim
Yaşıllığa, ormana.
Yıldırım
İştə, burda çox əski
Çoban şairlər kimi,
Seyr eyləriz bir zaman
Bu üryan gözəlliyi.
Qışı, qismət olarsa,
İstambula dönər də,
Həp yaşarız qayğısız,
Gurultusuz bir yerdə.
Bu sırada görünməz bir guşədən titrək və həzin bir ahənglə aşağıdakı şərqi eşidilir.
Gövərçinin səsi
Gövərçinəm, Gövərçin,
Ağlaram için-için.
Mən bu qara bəxt ilə
Neçin doğdum, ah, neçin!?
Yıldırım
Yanılmayırsam bu səs
Gövərçinin olmalı,
Əvət o, tam kəndisi!
Zavallı, ah, zavallı!
Demək yersiz deyilmiş
Söylənən sözlər, əvət,
Cəlalın cinayəti
Həqiqətmiş, həqiqət!
Fəlakət bəkləyirmiş
Bizi hər şeydən əvvəl.
Burda durmaq nafilə...
Gəl, gedəlim, durma, gəl!
Gedərlər, Gövərçinin səsi.
Ey saralmış çiçəklər!
Ey susmuş kələbəklər!
Gözü yollarda qalmış
Mənəkşəm sizi bəklər.
Uluğ bəy dalğın bir halda balkona çıxır: Gövərçini dinlər. Dalğınlığı daha da artar. Gövərçin - qucağında bir yığın mənəkşə olaraq - ağır və pərişan addımlarla gəlib keçir.
Uluğ bəy
Gövərçin, unut, yavrum,
Unut keçmiş günləri!
Yalnız sığın tanrıya,
Əfv eylə xainləri.
O hiyləgər Bosforu
Anma artıq bir daha.
O yıpranmış Bizansı
Saqın, düşünmə əsla!
Gövərçin
Hər acıyı unutmaq
Əvət, böyük təsəlli...
Lakin təhəmmülüm yox,
Səbrim yox, nə etməli?!
İstambul xatiratı
Tikənli bir ox kibi
Parçalayır qəlbimi,
Aman, aman, ya rəbbi!..
(Məyus bir halda babasının qolları arasına sığınır. Bu sırada buludlar çəkilir, səhnə aydınlaşır.)
Uluğ bəy
Quzum, bax, bu buludlar
Nasıl gəlib keçərsə,
Həyatdakı dəhşətlər,
Qayğılar da öyləcə
Keçib gedən şeylərdir,
Maraq etmək nafilə;
Yalnız xəstə ruhlular
Çırpınır eyvah ilə.
Aydəmir gəlir. Gövərçin içəri girər.
Aydəmir
Əfəndim, söyləyirlər,
Dəmincik bir qaç nəfər
Görmüş Yıldırım bəyi
Anjel ilə bərabər.
Uluğ bəy
Haydı, bax, gör nerdədir?
Həmən bul, gətir mana!
Durma get, söylə, yalnız
Bir qaç sözüm var ona.
Aydəmir
Pəki...
(gedərkən dönər)
Deyirlər, hətta,
Cəlalı da görmüşlər.
Uluğ bəy
Cəlal-filan istəməz,
Yıldırımı bul, yetər!
Aydəmir uzaqlaşır. Əkrəm — sadə bir qiyafətdə, qoltuğunda iki-üç kitab olduğu halda gəlir. Uluğ bəy yerindən qalxar, son dərəcə səmimiyyətlə Əkrəmin əlini sıxaraq
Gəl, baxalım, əzizim!
Nerdə qaldın, nə oldun?
İnsanlardan qaçıb da
Nə kəşf etdin, nə buldun?
Həp dalar, düşünürsən.
Sən bu çıxılmaz, dərin
Kitabların içində
Qərq olub gedəcəksin.
Əkrəm
Fəqət bu çırpınışla
Kəşf etdiyim bir şey yox.
Hər nə qədər uğraşsa,
İnsan çocuqdur, çocuq.
Öncə sandım gülümsər
Mənə bir ləmə, bir nur.
Nəhayət, duydum ancaq
Cəhalətim artıyor.
Uluğ bəy
Əvət, bir çox bilgiclər,
Filosoflar, ədiblər,
Sənin kimi bu yolda
Həp ictihad etmişlər.
Hər kəs duymaq istəmiş
Müəmmalı xilqəti,
Dərk olunmaz tanrını,
O sarsılmaz qüvvəti.
Hər kəs uçduqca uçmuş,
Yüksəldikcə yüksəlmiş,
Fəzaları aşdıqca
Çırpınıb vəcdə gəlmiş;
Fəqət şəhpəri yanmış
Şaşqın bir qartal kibi,
Qeyb etmişdir, nəhayət,
İzlədiyi kövkəbi.
Sarmaq istərkən bütün
Kainatı bir anda,
Donub qalmış ən kiçik
Bir zərrə qarşısında.
Əkrəm
Əvət, çox doğru, lakin
Bu çırpınışlar, məncə,
Çox dadlı bir əyləncə,
Maraqlı bir əyləncə...
Uluğ bəy
Böyük İbn Sinalar,
Sokratlar, Əflatunlar
Dahi bir ustad ikən
Əcəb, nə buldu onlar?!
Fəlsəfə bir çıxılmaz
Yol ki, yormuş hər kəsi.
Çoxlarını boğmuş da,
Duyulmaz olmuş səsi.
Əkrəm
Fəqət bu günlər mənim
Çox başqadır əyləncəm.
Gövərçindən, Cəlaldan
Başqa bir şey düşünməm.
Cəlaldakı quduzluq,
Azğınlıq, sayğısızlıq
Alt-üst edib fikrimi,
Məni çıldırtmış artıq.
İnsanlıq bu imişsə,
Nifrət, minlərcə nifrət!
Böylə möhtəris, səfil
Alçalmış ömrə lənət!
Uluğ bəy
(qafasını sallayaraq, son dərəcə sinirli və qızğın)
O gün ki İstambulda
Gənclik fransızlaşdı,
Getdikcə türk övladı
Uçuruma yaxlaşdı.
Yurdumuzu sardıqca
Düşgün Paris modası,
Hər kəscə örnək oldu
Sərsəm firəng ədası.
Sərxoşluq, iffətsizlik
Sardı bütün gəncləri,
Zəhərləndi getdikcə
Məmləkətin hər yeri.
Qəhrəman Oğuzların,
Böyük Ərtoğrulların,
Sarsılmaz xələfləri
İmdi həp sapqın, azğın...
Avropadan - fəzilət,
Himmət, ciddiyyət, vüqar
Dururkən - yalnız çürük
Bir züppəlik aldılar.
Bu sırada Yıldırım Aydəmirlə bərabər gəlir. Aydəmir çəkilib gedir, Yıldırım isə durduğu yerdə dona qalır.
Yıldırım, gəl, yaxın gəl,
Gəl, baxalım, nerdəsən?
Eşitdim Cəlal kimi
Başqa aləmlərdəsən.
Mən səni ta kiçikkən
Öz ruhuma bəslədim.
Mənim oğlum da bir gün
Azarmış!.. Heç bilmədim.
(acı təbəssümlə)
Söylə, sevgilin nerdə?
Nerdə Paris töhfəsi?
O fəlakət bayquşu,
O soqaq süpürgəsi.
Yıldırım
Bəy baba! Əfv edərsən,
Qəbahətli olsam da,
Məzuram iştə, çünki
Mənim niyyətim başqa...
Mən istədim ki, suçsuz
Bir ailə sevinsin.
İşgəncədən qurtulub
Məsud olsun Gövərçin.
Yoxsa mənim Anjelə...
Əsla toxunduğum yox.
Əmin ol, sənin oğlun
Deyil azğın bir çocuq...
Gövərçinin səsi
Söndü parlaq əməllər,
Mən ağlaram, el gülər.
Yaralı, məhzun könül
Həp çırpınar, həp inlər.
Uluğ bəy
(Yıldırımın qolundan tutaraq)
İştə dinləyirmisən?
Durma, artıq, gəl bəri,
Səni görsə, şübhəsiz,
Coşar əski dərdləri.
Hər üçü görünməz bir tərəfə çəkilir. Sonra Gövərçin gəlir.
Gövərçin
(yaralı səslə)
Mənəkşəm, ah, nur yavrum!
Səni aldımı tanrım?!
Gəl mənə, uf, nerdəsən?
Sənsiz qan oldu bağrım.
(arxa tərəfə baxar. Cəlalın gəldiyini görüncə)
Ah, yenə o, nerdə yavrum?
Cəlal
Mərhəmət!
Gövərçin
Məndən nə istəyirsən, get, çəkil get!
Cəlal
Əfv et, mən bir divanəyəm, suçum çox.
Fəqət düşün, divanəyə qələm yox...
Əfv et, cürmüm, qəbahətim çoxsa da,
Əfv et, gərçi ləyaqətim yoxsa da...
Gövərçin
Heç zərər yox, mən əfv eylədim səni,
Fəqət sən də bu haldan qurtar məni!
Gəl, yaxın gəl, köksümü, gəl, parçala,
Bəlkə ruhum işgəncədən qurtula...
İmdi Mənəkşəm, o sönmüş pənbə nur,
Məni issız məzarında bəkliyor.
Cəlal
Gövərçin, qanatma könlümü, yetər...
Çəkdiyim əzablar ölümdən betər.
İşlədiyim suçun cəzası nəysə,
İtaət eylərəm, başım da getsə.
Gövərçin
(usanmış və çılğınca bir fəryad ilə)
Yavrum!.. Nerdə yavrum?!
Cəlal
Əfv et!.
Gövərçin
Ah, çəki!
Cəlal
Gövərçin, Gövərçin!
Gövərçin
(Cəlala)
Çəkil get, səfil!..
(Deyə sinirli və nifrətli baxışlarla içəri girir. Cəlal isə şaşqın bir heykəl kimi yerində dona qalır.)
Anjel
(yan tərəfdən çıxaraq, Cəlalı Yıldırım zənni ilə)
Yıldırım!..
(təbdili-tövr ilə)
Ah, Cəlal, sənmisən?..
Cəlal
(acı gülümsəyişlə)
Əvət,
Əvət, mənəm, gözəl, sevimli afət!
Anjel
Ah, bu nasıl çöhrə? Nasıl qiyafət?
Aman, əfv et...
Cəlal
(çılğınca)
Artıq yetər, şeytənət!
Yetər, dağıtdın yurdumu, yuvamı,
Əlimdən aldın zövqümü, səfamı.
Yaxıb-yıxdın fikrimi, xəyalımı,
Çeynədin həp müqəddəs amalımı.
Yetər, unutdurdun mənə tanrımı,
Qaplan kimi parçalatdın yavrımı.
Mən alçalmazdım, sən məni alçaltdın,
Sən məni məhv etdin, ah, rəzil qadın!..
Həmən surətli və nifrətli addımlarla çəkilib gedir, Anjel şaşqın baxışlarla baxınıb durur. Bu sırada Edmon ağaclar arasında görünür, fəqət Yıldırımın gəlməkdə olduğunu görüncə çəkilir və onları dinləyib durur.
Yıldırım
(qarşı tərəfdən çıxaraq, acı təbəssümlə)
Gözlərin yaşarmış, söylə, bu hal nə?
Hanki aşiqini bəklərsən yenə?
Anjel
(şaşqın və sinirli)
Sərxoşmusan, Yıldırım, ah, Yıldırım?!
Yıldırım
Sərxoş idim, əvət, imdi ayıldım.
Bilməm gözlərimə nələr göründü,
Söndü əski məcnunluğum, həp söndü.
Öncə nasıl yaxlaşıb qovuşduqsa,
Öylə də ayrılmalıyız...
Anjel
Ah, yoxsa,
Yoxsa atmaqmı istəyirsən məni?
Xayır, xayır, əfsunlamışlar səni.
Bir düşün, səndən ayrılırsam, mənə
Kim baxar, kim təsəlli edər?..
Yıldırım
(istehzalı təbəssümlə)
Sənə
Cəlal, Edmon, bütün cahan müştəri...
Kim rədd edər sənin kimi dilbəri?
Anjel
(sarsılmış bir halda)
Aman, ya rəb! Düşün, düşün bir kərə
Kim dayanar bu çirkin təhqirlərə!?
Yıldırım
Zənn edərsəm, artıq əl verir sükut,
Mələk də olsan, unut məni, unut!
Anjel
Neçin, söylə neçin?
Yıldırım
Sorma, heç sorma!
Çəkil! Artıq yetər, çəkil get, durma!
(Sərt baxışlarla içəri girir, Anjel isə büht və heyrət
içində dona qalır.)
Edmon
(ağaclar arasından çıxaraq acı və istehzalı
qəhqəhələrlə)
İştə sapqınlığın acı meyvəsi!
İştə azğınlığın son nəticəsi!
Əski hal nerdə? Bax, imdi nə oldun?
Söylə Edmonu atıb da nə buldun?
Anjel
(ağlar kimi görünür, məndil ilə göz yaşını silərək)
Artıq əl verir çəkdiyim fəlakət
Bir də nə lazım bunca tən, töhmət?
Edmon
(yarım qəhqəhəylə)
Ya! Peşiman oldunmu yoxsa?.. Heyhat!
Göz yaşların deyil, bütün kainat,
Bütün cahan alt-üst olub dağılsa,
Dağlar, ormanlar kül olub sovrulsa,
Dənizlər qan püskürsə də, doğrusu,
Sönməz məndəki intiqam duyğusu.
Anjel
(köksünü açaraq)
Öylə isə gəl, gəl də, məhv et məni,
Gəl intiqam al da, ovut könlüni...
Edmon
(ona yaxlaşaraq)
Xeyr, məni çox da zənn etmə sərsəm;
Çünki səni bir vuruşda öldürsəm,
Çəkdiyin iztirabdan qurtularsan,
Edmonun əlilə məsud olarsan.
(sinirli)
Sənə bir cəza vermək istərəm ki,
Ömrün olduqca həp gəmirsin səni,
Hər görən səndən ibrət alsın ancaq...
(Təhqiramiz və kinli bir tövr ilə yaxalayıb bir tərəfə
çəkərək.)
Haydı, gəl, durma, gəl, şərəfsiz, alçaq!..
Onlar çəkildiyi kimi Gövərçin çıxar, dalğın addımlarla körpüyə doğru yaxlaşır. Bu sırada Yıldırım dəxi təkrar Anjeli izləmək üzrə Əkrəmlə bərabər çıxar. Uluğ bəy də eyni zamanda ağaclar arasında görünərək, onları dinlər.
Yıldırım
Anjel səfil olsa da, bir qadındır,
Onu köydə yalnız buraxmam, xayır.
Özüm getməsəm də, bir başqasıyla
Hər halda, getməli o İstambula...
Əkrəm
Burax, canım, o, şeytandan çox bilir.
Yıldırım
Çox bilsə də, qəribdir, kimsəsizdir.
(Getmək istər.)
Əkrəm
(buraxmaz)
Dəf etdin başından, yetər, getmə, dur!
Yıldırım
(mütərəddid)
Lakin bu heç vicdanıma sığmayır.
Uluğ bəy
(çıxar)
Saqın, maraq etmə, oğlum, o imdi
Şıq bir fransızla sovuşdu, getdi.
(istehzalı təbəssümlə)
Əvət, öylə gözəl, yosma afətlər,
Sənin kimi çoxlarını cəzb eylər.
Hətta, dəmincik görmüşlər Cəlalı,
O da Anjel üçün gəlmiş olmalı...
Əkrəm
Xayır, yanılmayın, əfəndim, xayır,
Cəlalın dərdi, zənnimcə, başqadır,
O, kəndini əfv etdirmək istəyir,
Bəlkə Gövərçini görmək istəyir.
Uluğ bəy
(sinirli)
Nasıl?! Demək sərxoşluğu getdimi?
Həp azğınlıq, sayğısızlıq bitdimi?
Heyhat! Unutmalı keçmiş günləri,
Yayından qurtulan ox dönməz geri!
Yıldırımla bərabər içəri girir; Əkrəm də şaşqın bir vəziyyətlə düşünüb durur. Bu sırada Cəlal təpə başında görünərək, ətrafı uçurumlu cığır ilə irəlilər. Gövərçin onu görüncə, nifrətlə geri dönmək istər.
Cəlal
Gövərçin, Gövərçin, mələk Gövərçin!
Bu nifrətlər neçin? Söylə, ah, neçin?
(Gövərçin usanmış bir tövr ilə çəkilib getmək istər, Cəlal acı və yaralı qəhqəhələrlə)
Qartaldan ürkən bir gövərçin kimi,
Məndən qaçmaq istəyirsən, öyləmi?
Heç təlaş etmə dur, saqın, getmə dur!
İmdi əfv olunar yapdığım qüsur.
Gövərçin
Xəyal, boş bir xəyal, sönük bir xəyal!
Qırılmış bir könül, sağalmaz, məhal!..
(son dərəcə sinirli)
Artıq unut, hər şey məhv olub getdi,
Əvət Cəlal! Get! Bitdi... hər şey bitdi...
(Balkona doğru irəlilər.)
Cəlal
Son görüşdür, əfv et, xəyal olsa da,
Son nəfəsdir, əfv et, məhal olsa da...
(Əllərini köksündə çapraz edərək, yəs və dəhşət içində baxa qalır.)
Əkrəm
Cəlal, şaşırdınmı? Ah, düşün bir az,
Ər kişiyə ümidsizlik yaraşmaz!
Hər dərd için, şübhəsiz, bir çarə var.
Bəsbəlli, hər qışı izlər bir bahar.
Cəlal
Xayır, bu dərd için bulunmaz çarə,
Xayır, bu bir qış ki, çıxmaz baharə.
Əkrəm
(bir az yaxlaşır)
Gəl bəri, gəl yetər çocuqluq, yetər.
Gəl, səni bəkləyir parlaq əməllər.
Əvət, sənət, dəha, alqış, pərəstiş
Həp səni bəkləyir...
Cəlal
İstəməm... keçmiş...
Xayır, heç bir şey istəməm, imdi mən
Yalnız məsum Gövərçinin qəlbindən
Silinməz ləkəyi silmək istərəm,
Çox alçaldım da, yüksəlmək istərəm.
Əkrəm
Cəlal! Bu çılğın hal ilə əmin ol,
Fəlakət doğurar həp tutduğun yol.
Cəlal
Qorxunc və acı qəhqəhələrdən sonra qorxaq, şaşqın və məcnunanə baxışlarla baxar. Öncə həzin və titrək... sonra getdikcə sinirli və həyacanlı, bir fəryad ilə
Uçurum: qaranlıq, çıxılmaz yolum,
Uçurum: uçurum həp sağım, solum.
Uçurum: duyduğum həqiqət, xəyal.
Uçurum: uçurum yaldızlı amal.
Uçurum: çağlayanlar, kəhkaşanlar,
Uçurum: dənizlər, dağlar, ormanlar.
Uçurum: üfüqlər, əngin fəzalar.
Uçurum: uçurum çılğın dəhalar,
Uçurum: sürəkli, coşğun alqışlar,
Uçurum: uçurum süzgün baxışlar,
Uçurum: bu çirkin, bu alçaq həyat,
Uçurum: uçurum bütün kainat!..
(Uçuruma yaxlaşır.)
Əkrəm
Cəlal, bir düşün, ah, nə dəhşətli hal!..
Cəlal
Uçurum!.. Uçurum!..
(Uçuruma atılır.)
Gövərçin
(qollarını Cəlala doğru açaraq, son dərəcə mütəəssir)
Cəlal, ah, Cəlal!..
(Bayılıb Əkrəmin qolları arasına düşü verir.)
Pərdə
SON
Dostları ilə paylaş: |