Haydı, bir qədər bizi
Mümkünsə, yalnız burax...
Anjel
Ah, bu gedib-gələndən
Bir kərəcik qurtulsaq!..
Öz odasına keçir, Yıldırım daxil olur.
Cəlal
Buyursunlar, əfəndim,
Nə var, nə yox?..
Yıldırım
Cəlal, biz...
Yarın axşam Parisdən
Çıxıb getmək istəriz.
Cəlal
Çox gözəl, İstambuldan
Bir xəbər yoxmu? Söylə!
Yıldırım
Gövərçin yavrusilə,
Dilbər Mənəkşəsiylə
Rəsmini aldırmış da,
İştə sənə göndərmiş.
(Cəlala bir fotoqraf rəsmi verir.)
Ah, bu şəfqət lövhəsi,
Aman, ya rəb, nə müdhiş!
Gövərçinin bu halı
Andırır çox sinirli,
Çox çılğın bir dənizdə
Ümidsiz bir heykəli.
Cəlal
Gövərçindən ayrıca
Məktub yoxmudur mana?
Yıldırım
Pəki nə yazsın, sən ki,
Cavab verməzsən ona.
Cəlal
Əvət, haqsız deyil o,
Qüsur məndədir, məndə...
Yıldırım
Artıq keçənlər keçmiş,
Yarın bizimlə sən də
Getmək istəyirmisən?
Cəlal
Xayır, mən əhd etmişim:
İtalyanı görmədən
İstambula dönməyim.
Yıldırım
Zərər yox, düşün, daşın,
Bəlkə fikrin dəyişdi.
O talesiz Gövərçin
Səni bəkləyir imdi;
Əvət, bəkləyir səni
Məsum Mənəkşəsiylə...
(Əlini Cəlala uzadıb vidalaşmaq istər.)
Cəlal
Aman, rica eylərəm,
Bir qədər məni bəklə!
(Dərhal iş odasına keçir.)
Anjel
(daxil olur)
Yıldırım, ah, Yıldırım!
Artıq görünməz oldun.
Yoxsa məndə nifrətə
Layiq bir şeymi buldun?
Yıldırım
Anjel, nə söyləyirsən,
Olmazmı bir düşünsən?
Gözəlliyə, halbuki,
Pərəstiş eylərəm mən.
Fəqət, məncə, gözəllər
Parlaq bir yıldız kimi
Gülümsəyib uzaqdan,
Qəlbi təsxir etməli...
Anjel
Ah, sənin böylə məğrur,
İstiğnalı halların
Məni bir vurğun kimi
Az qalır ki, çıldırtsın.
Yıldırım
Lakin məndə özümü
Sevdirəcək bir şey yox.
Nədənsə, yalnız sənin
Lütfün haqqımda pək çox...
Anjel
Xayır, Yıldırım, xayır,
Böylə qaçdıqca məndən,
Bir çocuq kimi sənə
Sarılmaq istərəm mən.
Cəlal
(Əlində böyücək bir tablo ilə bir məktub daxil olur.)
İştə, sənə keçən gün
Söylədiyim lövhə, bax!
İştə, çılğın fırçamın
Ən son məhsulu... ancaq
Buna verdiyim əmək
Beş gün olmadı belə.
Yıldırım
Əmin ol ki, ömrü də
Ancaq olur bir öylə;
Bir əsər ki, sən ona
Xor baxıb da saymadın,
Sənin kimi hər kəs də
Saymaz, xor baxar yarın.
Cəlal
Əvət, mənim bu zəfim
Əfv edilməz xətadır.
Yıldırım
Fəna yaratmaqdansa,
Yaratmamaq uladır.
(Getmək istər.)
Cəlal
İştə, yazdığım məktub!..
Yıldırım
(məktubu alır, mənalı bir baxışla)
Çox gözəl!..
Anjel
(Yıldırıma)
Bir az otur!
Yıldırım
Qüsura baxma, Anjel,
Arxadaşlar bəkləyir.
(Hər ikisinin əlini sıxıb çıxır.)
Anjel
Cəlal! Nə oldun, Cəlal!
Nədir bu sisli hallar?
Yenə sardı çöhrəni
Fırtınalı xəyallar.
Cəlal
Çünki yaxar beynimi
Bir çox zəhərli duyğu.
Neyləyim, taleyim bu,
Ah, mənim xilqətim bu!..
Anjel
Öncə gülər uzundə
Parlardı bəxtiyarlıq.
Həp söylər, əylənirdin,
Nə oldu, susdun artıq!..
Yoxsa Fransayı tərk
Etməkmi istəyirsən?
Məndən uzaqlaşıb da
Getməkmi istəyirsən?
Cəlal
Əvət, gülüm, Parisdən
Çıxıb getmək istərəm.
Yarın erkən Romaya
Səfər etmək istərəm.
Fəqət sənsizmi... heyhat!..
Mümkün deyil bu əsla!
Mənə yalnız səninlə
Xoş görünür bu dünya.
Həp dirliyim, mənliyim,
Yalnız bağlıdır sənə.
Ömrün hər gözəlliyi
Sənsiz çirkindir mənə.
(Anjeli qolları arasına alıb öpmək istəyir. Bu sırada işıq azalır, Gövərçinin xəyalı - qucağında mini-mini lətif bir çocuq bulunduğu halda - məhzun, həsrətli baxışlarla görünür.)
Gövərçin
(çocuğunu uzadaraq)
Cəlal, al Mənəkşəni!..
Cəlal
(Anjeli buraxaraq)
Eyvah!..
Anjel
Nə oldu, Cəlal?
Cəlal
Gövərçin, ah, Gövərçin!..
(hıçqırıb düşər)
Anjel
(məhbut və mütəhəyyir)
Aman, nə dəhşətli hal!..
PƏRDƏ
ÜÇÜNCÜ PƏRDƏ
I SƏHNƏ
İstambulda süslü bir salon, Bosfora nazir bir balkon... Qarşıda sağda və solda birər qapı... Qarşıdakı qapı balkona açılır. Məzkur qapının sol tərəfində ipəkli pərdələrlə qapalı kiçik bir oda görünür... Eylül... Gündüz...
Gövərçin
(məhzun və titrək bir ahənglə aşağıdakı şərqiyi söylər)
Eşindən ayrılan bir bülbül kimi
Könül fəryadını dinlər, ağlaram.
Xəzanə uğramış bir sünbül kimi
Yar intizarında inlər, ağlaram.
Gülümsər yasəmən, mənəkşə, lalə,
Hər kəs qapılmış dadlı bir xəyalə,
Lakin mən həsrət qalıb da vüsalə,
Yar intizarında inlər, ağlaram.
Mən ağlamazdım, məni ağlatdılar,
Qayğı bilməz könlümü qanatdılar,
Beş günlük ömrümə ağu qatdılar,
Yar intizarında inlər, ağlaram.
Yıldırım
(gəlir, Gövərçini süzər, gülümsər bir halda)
Aman, sevgili həmşirəm, ağlayırsan, öyləmi?
Gövərçin
Allah eşqinə get, yetər, dırmalama könlümü.
Yıldırım
Yazıq sənə, hala bütün çocuqluğun üstündə...
Neçin üzərsən özünü? Təhəmmül et beş gün də,
Ayrılıqdan sonra qovuşmanın başqa zövqü var;
Cəlal nerdə olsa inan, çox sürməz, gələr çıxar.
Bu sırada dayə qucağında Mənəkşə olduğu halda gəlib keçir: Yıldırım
çocuğu alıb öpür, dayəsinə verdikdən sonra Gövərçinə.
İştə sənin ən sevgili, ən dəyərli əyləncən.
İştə bir nur topu kimi, mini-mini Mənəkşən!
Onu öpüb oxşamaqla məhzun könlünü ovut,
Pənbə bir gül kimi qoxla! Unut, hər dərdi unut!
Gövərçin
Xeyr, xeyr, imdi mənim heç bir şey yox gözümdə,
Hər kəsə qarşı bir yığın kin bəslərəm özümdə.
Çünki məndən hər kəs qaçar, kimsə duymaz halımı,
Babam belə atmış məni, fərq etməz məlalımı.
Yıldırım
(şux qəhqəhə ilə)
Yalan, yalan... iştə məktub, bu gün burda!..
Gövərçin
(məktubu alır)
Ah, xain!
Bu məktub da çoxmu mənə?
Yıldırım
Unutdum, əfv edərsən.
Bu sırada qapı barmaq ucilə vurulur.
Gəl!
Aydəmir əlində yol çantası girər.
Gövərçin
(heyrət və sevinclə)
Aydəmir!..
Yıldırım
Babam nerdə?
Aydəmir
İştə!
(Çantayı buraxıb gedər.)
Gövərçin
(qapıya doğru irəlilər)
Əvət.
Uluğ bəy
(əlində əsa, qolunda yaz paltosu gəlir)
Ah, yavrum!
O, Gövərçinin alnını, Gövərçin də qardaşilə bərabər onun əlini öpür,
məhzun baxışlarla sükuta varır.
Nasılsan, mələyim, söylə, saxlasın səni tanrım.
Gövərçin
Sorma, babacığım, sorma!
Uluğ bəy
Neçin?
Gövərçin
Ah, bədbəxt oldum.
(Məzlumanə bir tövr ilə babasının qolları arasına
sığınır.)
Uluğ bəy
Heç sıxılma, hər gecənin sonu gündüzdür, quzum!
(Yıldırıma)
Oğlum! Əkrəm yoxmu?
Yıldırım
Xayır.
Uluğ bəy
Gəlməliydi o imdi,
Köydən bərabər çıxmışız, bax gör, neçin gecikdi.
(Yıldırım çıxır; Uluğ bəy Gövərçinə)
Öncə məni dinləmədin, hər saçmaya inandın,
İstambulun süslü-püslü həyatına aldandın.
Bilmədin ki, çox sislidir, zəhərlidir havası,
Bilmədin ki, bu torpağın təməlsizdir vəfası.
Nə yapmalı, keçmiş artıq, unut, həpsini unut!
İmdi, yavrum, ancaq sənin borcun təhəmmül, sükut...
Sağ qapıdan içəri girərlər. Bir az sonra Yıldırımla Əkrəm soldan
daxil olur.
Əkrəm
Pəki, rəssamdan nə xəbər?
Yıldırım
Bir aydır ki, xəbər yox;
Şübhəsiz ki, İtalyada əyləniyor...
Əkrəm
Ah, çocuq...
Yazıq o istedada ki, Cəlal bəydə saqlıdır.
Yıldırım
“Sənətkarlar həp mərizdir” deyənlər çox haqlıdır.
Əkrəm
Əvət, yazıqlar olsun ki, Anjel, o nazlı afət,
Cəlal kimi çoxlarını yurduna qoymuş həsrət.
Yıldırım
İstəsəydim, Anjel onu çoxdan atıb getmişdi.
Əkrəm
Öylə yapsaydın, Gövərçin məsud olurdu imdi.
Yıldırım
Çox yanıldım, mən Cəlalı bunca azğın bilməzdim,
Yoxsa onu tək başına böylə atıb gəlməzdim.
Əkrəm
Keçmiş artıq, bu azğınlıq bir sirr olub qalmalı,
Düşünməli, daşınmalı, yalnız çarə bulmalı...
Aydəmir
(gəlir)
Gözləriniz aydın!..
Yıldırım
Nə var?
Aydəmir
İştə gəldi Cəlal bəy!
Hər ikisi qapıya doğru irəlilər.
Cəlal
(daxil olur)
Mərhəba!..
Əkrəm və Yıldırım
Mərhəba!..
(Öpüşürlər.)
Cəlal
(Aydəmirə)
Çıx da bir az yardım et!
Aydəmir
Pəki.
(Çıxar.)
Cəlal
(səmimi bir qəhqəhəylə)
Heç şübhə yox, “sapqın!” deyə həp darıldınız mana;
Səfər etdim Rafaelin, Mikelancel yurduna,
Nələr gördüm, ah bilsəniz, nələr, nələr, ah, nələr?!
Nə heykəllər, madonnalar!.. Nə parlaq nümunələr!..
Sizdən ayrıldığım, iştə, iki aydan çox deyil...
Yıldırım
Gövərçin çox rahatsızdır, bəklətmə artıq...
Cəlal
Anjel!..
Fəqət Anjel?! İstambulu görmək üçün Anjel də,
Maraqlanıb gəlmiş...
Yıldırım
Nasıl?
Əkrəm
İştə böyük təhlükə.
Cəlal
Xayır, evdə hər kəs onu bir musafir zənn edər,
Beş-altı gün qalar, sonra həmən dəf olub gedər.
Əkrəm
İştə rəzalətin sonu! Heç bu olur şeymi ya?
Yıldırım
Neçin olmaz? Olur, fəqət, fəqət beş gün qalarsa.
Cəlal
(məmnun bir halda Yıldırımın əlini sıxaraq)
İnan, sözüm sözdür, inan, bir həftə sürməz belə.
(İçəri girir.)
Əkrəm
Yalan, həp yalan söyləyir, baxma o qurnaz dilə!
Yıldırım
Heç zərər yox, bir həftə bəkləriz, yalan çıxarsa,
Anjeli ovlamaq rolu qalır mənim boynumda.
Öylə bir oyun oynaram, Cəlal şaşırıb donar;
Anjel onu sevmək deyil, bir də çox çətin anar.
Əkrəm
Ya! Səni də Cəlal kimi zəhərləyib yaxarsa?..
Çünki başqa, çox başqa ondakı işvə, naz, əda...
Aydəmir əlində iki yol çantası olaraq gəlib keçir. Anjel də əlində şəmsiyə onu izlər. Əkrəm dərhal naməmnun bir tövr ilə çıxır.
Yıldırım
(son dərəcə sevinc ilə onun əlini öpür)
Ah, Anjel! Eyi ki gəldin, imdadıma yetişdin.
Angel
Sən ki məndən həp qaçardın, birdən nasıl dəyişdin?
Yıldırım
İlk atamız Adəm kimi öncə sapdım, aldandım;
Sonra “mələk, cənnət!” deyə ah çəkməkdən usandım.
Bu günlərdə İstambulu atıb gəlmək üzrəydim,
Dilərdim ki, yalnız səni bir kərəcik görəydim.
Çox şükür tanrıya, çox da mənhus deyilmiş bəxtim.
Anjel
(istehzalı təbəssümlə)
İştə gördünmü mən səndən daha vəfalı çıxdım.
Yıldırım
Əvət, əvət, sən vəfalı bir mələksən, fəqət mən
Ürküb qaçdım bir yarasa kimi parlaq günəşdən.
Tale mənə gülümsədi, üz çevirdim daima,
Anjel, Anjel, əfv et məni, artıq qüsura baxma.
(Çılğınca bir məftuniyyətlə Anjeli qolları arasına alır.)
PƏRDƏ
II SƏHNƏ
Bir həftə sonra, yenə keçən səhnədəki mənzərə... Gecə... Məhtab... Cəlal salonun ortasında böyücük bir qoltuğa yaslanaraq, yarım sərxoş bir halda cığarayı dumanladır və önündəki konyak şüşəsindən bir-iki qədəh töküb içər. Bu sırada Yıldırımla Əkrəm daxil olur. İkinci, qoltuğundakı bir yığın kitabı masa üzərinə buraxır.
Yıldırım
Cəlal! Gözün aydın, Əkrəm bəy yenə
İstambulu tərk etmək istəyir...
Cəlal
Nə?!
(kitabların ikisini açaraq)
Dur, baxalım bunlar nə?
Əkrəm
Həp fəlsəfə.
Gəzməkdən yoruldum, çəkilib köyə
Bir qədər düşünüb dalmaq istərəm,
Səhrailikdən zövq almaq istərəm.
Cəlal
Heç bu olur şeymi, nə tez usandın?
Şəhər köydən fənamı?
Əkrəm
Sən nə sandın?
Köy həyatı gurultusuz bir həyat;
Orda bütün xilqət, bütün kainat
Təsliyət şəhpərilə ruhu oxşar,
Köydə insan daha qayğısız yaşar.
Lakin sizin İstambulda nə varmış?!
Hər işi, hər zövqü bütün aldanış...
Hər yanda bir göstəriş, bir vəlvələ...
Həp çöhrədə bir dəsisə, bir hiylə.
Hər addımda bir xəyanət, bir fəsad,
Hər nəfəsdə bir ah, sönük bir fəryad.
İştə qarşında içdiyin zəhər də,
Anlatdığım faciədən bir pərdə...
Cəlal
(Konyakdan bir daha töküb içir, sərxoşca qəhqəhə ilə)
Ah, bu zəhər deyil, axar bir atəş!..
Bir atəş ki, onunla qalxar ətəş.
Onunla qalxar ürəkdən kədərlər,
Onunla iztirab atəşi sönər.
(bir qədəh daha içərək)
Sönük ruhum onunla parlar, yanar,
Məhzun könül vəcdə gələr də oynar.
Beynim vulkan kimi həp alov saçar.
Uçmaq istərəm, yer altımdan qaçar.
Əkrəm
Sənə yalnız müqəddəs altaylardan,
Şanlı əcdadından yadigar qalan,
Ağ köpüklü kımızdır ki, içdikcə,
Həm ruh, həm bədən bulur zövq, nəşə.
Lakin yıpramış yunanın bu süni,
Bu atəşli zəhri məhv edər səni.
Cəlal
(bir daha içərək qəhqəhəylə)
Sənin kimi zahid ruhlu qələndər,
Bundakı zövqü çox zor idrak edər.
Düşün, bir düşün, mən indi yerdəyəm?
Olimp dağlarında seyr etməkdəyəm.
Əski tanrılar, həp əski pərilər,
Qarşımda səfbəsəf rəqs edib gülər.
(bir daha töküb içmək istər)
Əkrəm
Artıq yetər...
Yıldırım
(şüşəni alaraq)
Burax, burax!
Cəlal
Yıldırım!
(şüşəni geri almaq istər)
Əkrəm
Yahu, bir mənə bax!
Yıldırım
(digər odaya keçərək)
Burax!
Cəlal
(onu izləyərək)
Yıldırım?!
Onlar çıxdığı sırada Gövərçin məhzun və pərişan bir halda daxil olur.
Əkrəm
Gövərçin!..
Gövərçin
Ah, Əkrəm!
Əkrəm
Nədir bu halət?
Gövərçin
Nifrət, bütün ömrə, həyata nifrət!
Kəndimi məhv etdim kəndi əlimlə,
Köydə nə bəxtiyar idim... Ah, öylə
Vəhşi quşlar kimi yaşıl bağlarda,
Tarlalarda, ormanlarda, dağlarda
Gün keçirsəydim, heç böylə solmazdım,
Bu altun qəfəsdə əsir olmazdım.
Əkrəm
Xayır, məyus olma! Kədərli günlər
Qara bulud kimi tez gəlib keçər.
Səadət yıldızı er-gec gülümsər,
Bu günkü dəhşətdən qalmaz bir əsər.
Unut, unut hər dərdi, iztirabı,
Gəl seyr et, bu dilbər, lətif məhtabı.
Yetər, artıq yetər təhəssür, məlal,
Gəl, gözəl Bosforu tamaşayə dal.
(balkondakı mənzərəyi göstərir)
Gövərçin
Bosfor gözəl olsa, burdan qaçmazdın,
İstambulu atıb, köyə uçmazdın.
Əkrəm
Mən köy həyatını təqdis eylərim;
Çünki bütün səadətli günlərim,
Bütün eşqim, bütün hissim, xəyalım,
Fərəhli dəmlərim, hüznüm, məlalım,
Gülər mənə köyün hər guşəsində,
Mələk çocuq! Hətta sən də, ah sən də...
(Gövərçinin əllərini dodaqlarına götürür, öpmək istər.)
Gövərçin
(sarsılmış bir halda geri çəkilir)
Xayır, kimsədən pərəstiş istəməm,
Yetər erkəklərdən gördüyüm sitəm.
Əvət, o alçaldısa, mən alçalmam,
Məhv olaram, sapqınlıqdan zövq almam.
Əkrəm
Xayır, Gövərçin, yanılma, aldanma!
Könül sevmiş səni yalnız, daima
Müqəddəs, ilahi ideal kimi,
Əl vurulmaz yüksək bir xəyal kimi.
Yox məndə möhtəris, alçaq bir niyyət.
Cəlal sənin, sən də onunsan, əvət.
Gövərçin
Xayır, heç bir təsəlli istəməm, ah!
Artıq yetər, mənimçin ən son pənah
İştə Bosforun şəfqətli qucağı!
İştə qayğısız qurtuluş ocağı!
Əvət, ta əskidən bir çox məsumlar,
Mənim kimi bəxti dönmüş məzlumlar,
Həp bu Bosfora etmiş də iltica,
Rahətlə dalmış əbədi uyquya.
Əkrəm
(əlindən tutaraq)
Çocuqluq yetişir, mələk həmşirəm.
Gəl, haydı, gəl...
Gövərçin
Xayır, inan ki, Əkrəm,
Bu çırpınış bir həftə sürməz belə,
Er-gec uğraşıb çıxaram sahilə.
Cəlal geri dönər, şübhəli baxışlarla onları dinlər.
Əkrəm
Gövərçin, çox da aldanırsan... Əvət
Dünyada yox fəlakətsiz səadət,
Əvət, hər gecədən doğar bir günəş...
Cəlal
(istehzalı və sərxoşca bir qəhqəhəylə)
Əvət, hər kömürdən parlar bir atəş?!
(Gövərçin əlini çəkərək, digər odaya keçir.)
Əkrəm
Cəlal, Cəlal! Yetər əyləncə artıq,
Düşün, artıq əlverir sayğısızlıq.
Bu xain Anjeli həmən dəf eylə,
Yoxsa məhv olur bütün bir ailə.
(Kitablarını alıb sol qapıdan çıxmaq üzrə ikən bir
daha dönərək.)
Saqın. Gövərçini yalnız buraxma!
Cəlal
(yarım qəhqəhəylə)
İmdi çox sərxoşam, qüsura baxma!
Əkrəmlə bərabər çıxar, bu sırada Yıldırımla Anjel sağ tərəfdən daxil olur. Anjel yazlıq əlbisə geymiş; köksü, qolları açıq və omuzunda ipəkli, süd mavi bir şal var.
Anjel
Nerdəsən? Bir həftədir bir kərə də
Gəldiyin yox Anjeli ziyarətə...
Yıldırım
Çünki uzaq bulunduqca Anjeldən,
Yenə az-çox təsəlli buluram mən.
Ayrılıqda həp qəlbimə hökm edən
Yalnız sən olursan, gülüm, yalnız sən!..
Lakin sənə yaxlaşarkən daima,
Cəlal kimi rəqib çıxar qarşıma.
Anjel
Bunca qısqanc olmanı arzu etməm.
Yıldırım
(əzabi-vicdan ilə ətrafa)
Ah, Gövərçin!.. Ah, zavallı həmşirəm!..
Anjel
(balkona baxaraq)
Aman, ya rəb, nə şairanə məhtab!..
Yıldırım
Əvət, gözəl... lakin kədər, iztirab,
Ruhumu qaplayan qara teyflər,
Qorxunc xəyallar həp məni məhv edər.
Gözlərimdə sanki hər şey bir sərab...
Məncə həp fərqsiz zülmətlə məhtab.
Mən məhtabı yalnız kəndi ruhumda,
Kəndi qəlbimdə görmək istərəm...
Anjel
(heyrət və təbəssümlə)
Ya?!
O məhtab nə imiş?
Yıldırım
Sanki bilmiyor?
Eşqi təmsil edən o pənbə bir nur,
O bir nur ki, cəzb edər hər aşiqi;
O bir nur ki, sənsən onun xaliqi.
Anjel
Sən ki, daim eşqə gülərdin; neçin,
Neçin böylə birdən-birə dəyişdin?
Yıldırım
Çünki hənuz heç bir gözəllik məni
Əsir etməmişdi... Ta gördüm səni,
Ta səndən ayrıldım, əsirin oldum,
Həp sızlayıb durdu zavallı ruhum.
Hər çiçəkdə duydum sənin ətrini,
Hər çöhrədə görmək istədim səni,
Hər nəğmədə könlüm səni dinlədi.
Əmin ol, mələyim, əmin ol, imdi
Məncə, ən keçilməz qayeyi-əməl
Sənsən, fəqət sən!.. Ah, sevimli Anjel!
Anjeli qolları arasına alıb, balkona keçir. Gövərçinlə Aydəmir bu sırada daxil olub, mənzərəni seyr edərlər.
Aydəmir
Ah, Cəlalın bu əxlaqsız metresi
Doğru yoldan sapdıracaq hər kəsi.
Hətta o almas ruhlu Yıldırım da,
Bu əfiyə vuruldu ilk adımda.
Gövərçin
(acı təbəssümlə)
Nə yapsa xoşdur, həm çıxmaz qüsurlu,
Çünki Fransa ərməğanıdır bu.
Anjel
Sən Parisdə etməsəydin çocuqluq,
İnan, imdi daha məsud olurduq.
Yıldırım
Əfv et, qüsurluyam, əfv et, sevgilim!
Zatən, bu bir təbii haldır, gülüm!
Qara bulud sarmadıqca səmayı,
İnsan duymaz günəşdəki səfayı.
Bahar əldən çıxmadıqca anılmaz.
Anjel
(laübali qəhqəhələrlə)
Aman, ya rəbb, neçin fikirli, qurnaz!
Aydəmir
Cəlalın tanrı versin bəlasını.
Gövərçin
Aman, aman, bu evdən çıxar məni.
(Hər ikisi digər odaya keçir.)
Yıldırım
(Anjel ilə bərabər salona keçərək)
Xayır, xayır, Bosforu tərk etməli,
Bu evdən çıxmalı, artıq getməli.
Anjel
Sənin gah dağ kimi mətanətin çox,
Gah xırçın bir çocuq qədər səbrin yox...
Yıldırım
Xayır, xırçın deyil, bir xəstəyəm mən,
Könül yalnız dilər şəfanı səndən.
Gedəyim, Gövərçin bəkləyir məni,
Sən də həmən düşün-daşın həpsini.
(Digər odaya keçir.)
Cəlal
(Sofa qapısındın daxil olur. Yıldırımın çıxdığını görüncə Anjeli yaxalar, diqqətlə gözlərinə baxaraq.)
Anjel! Yenə bu əfsunkar baxışlar
Sanki dəhşətli bir xəbər sayıqlar.
Anjel
Ah, bu müəmmalı sözlər nə lazım?!
Cəlal
Pəki səndən nə istəyir Yıldırım?
Anjel
Onda pərəstişdən başqa bir şey yox,
Zatən o, bir çocuq, məsum bir çocuq.
Cəlal
(kinayəli bir təbəssümlə)
Lakin sevimli bir çocuq, deyilmi?
Anjel
Heç onu inkar eyləmək qabilmi?
(salonu tərk etmək istər)
Cəlal
(onu yaxalar, hiddət və həyəcan ilə)
Xayır, mən nə qədər olsam da sərsəm,
Kimsəyə əyləncə olmaq istəməm.
Düşün bir nerdəsən? Əlverir sükut,
Artıq Fransayı unut, həp unut!..
Anjel
(məhzun)
Mən bunu əvvəldən bilirdim, əvət,
Gedər də hürriyyət, gələr əsarət.
Cəlal
(mülayim)
Xayır, mən demədim əsir ol sana,
Fəqət bəzən tutduqların çox fəna...
(kəskin)
Başından çıxmalı boş düşüncələr;
Yetər, yetər, bunca sapqınlıq yetər!..
Hiddətlə sağ qapıdan çıxır, Anjel onun çıxdığını görüncə laübali və
istehzalı qəhqəhələrlə gülməyə başlar.
Edmon
(sofa qapısından içəri soxularaq)
İştə kanaryamı buldum şakarkən...
Anjel
Ah, siz kimsiniz?
Edmon
(zəhrxənd ilə)
Mən mənəm, sən də sən...
(Yapma saqqalını qoparır.)
Anjel
(heyrətlə)
Sən buraya nasıl girdin?
Edmon
(istehzalı təbəssümlə)
Ah, gülüm!
Buludlardan uçdum, bacadan düşdüm,
Sən unutdun Edmonu, lakin Edmon
Eldən-elə qoşar səninçin...
Anjel
Edmon!
Əfv et məni, əfv et! Məndə qüsur çox...
Edmon
(acı təbəssümlə)
Xayır, xayır, səndə heç bir qüsur yox,
Mənim idrakımı kor etdi tanrı.
İlk öncə əldən qaçırdım şikarı,
Sonra düşdə uçan bir xəyal kimi,
Gövərçin izləyən bir qartal kimi,
Avropayı ölkə-ölkə dolaşdım,
Ormanlardan keçdim, dağlardan aşdım.
Tufanlar qoparkən sərsəm başımda
Nəhayət, buldum Anjeli qarşımda.
Anjel
(müztərib)
Ah, bu gəlişdən məqsədin nə, söylə?
Edmon
(istehzalı təbəssümlə)
Bir az əylənmək istədim səninlə.
Anjel
(divarda asılı xəncəri göstərir)
Məni məhv etmək istəyirsən əgər,
Al da vur, iştə köksüm! İştə xəncər!
Edmon
Xayır, o nərmin, o lətif sinəyi
İsırmaqçın dodaq xəncərdən eyi...
Lakin isırmaq quduzluqdur, xayır,
Əmmək, öpüb əmmək daha dadlıdır.
(Anjeli qolları arasına alıb da öpmək istər.)
Dostları ilə paylaş: |