Əmr eyləmiş Keykavus:
Bu qələ hər nə olsa
Bitməlidir bir aya.
Birinci məmur
Hər kim boyun qaçırsa,
Ölümdür ən son cəza.
İkinci məmur
Əvət, bu möhkəm qələ
Yüksələcək göylərə.
(Uzaqdakı Bəlx qələsini göstərir).
Bəlxə qarşı daima
Olacaq hökmfərma.
Birinci bənna
Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arxadaş, gətir!
İkinci bənna
Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl,
İşə zərbə vurma, gəl!
Bir işçi qız
(Əlində boş çamur tabağı, təlaş ilə gəlir).
Gəldilər, ah, gəldilər.
Birinci məmur
Kimlər?
İşçi qız
Bir xeyli əsgər.
Birinci məmur
Bəlli, şah nəfərləri.
İkinci məmur
(baxır)
Əvət, durma, gəl bəri!
Gedirlər. Çalışan köylülər bir yerə toplanır.
Altay
Qızmış demək yenə saray qurdları,
Çeynəyəcək həp keçdiyi yurdları.
İxtiyar
Altay, Altay, coşma, saqın, duyarlar,
Üsyançı, qaçaqçı deyə qıyarlar.
Altay
Bütün ölkə inləyirkən aclıqdan,
Bu vicdansızların qidası həp qan.
İxtiyar
Bitmədi də xalqı üzən qılınclar,
Parlayacaq imdi oxlar, qırmanclar.
İşçi qız
Şah da bərabərmi?
İxtiyar
Kim bilir!
İşçi qız
(çocuqca bir sadəliklə)
Baba!
Şah da bizim kimi bir insanmı ya?
İxtiyar
Əvət, o da bir növ insan sayılır.
Altay
Yalnız onun iki buynuzu vardır.
İşçi qız
(İxtiyara)
Mən heç buynuzlu şah eşitməmişdim,
Bu söz doğrumu ya?
İxtiyar
Doğrudur, cicim!
Birinci bənna
Keykavusun olmasaydı buynuzu,
Baş hərəm saymazdı bir uğursuzu.
İxtiyar
Əvət, sanmayın ki, o çox şanlıdır.
Birinci bənna
Qulağının dibi zəfəranlıdır.
İşçi qız
Bu heç olan şeymi?
İxtiyar
Yavrum, ən düzü,
Bütün sarayların budur iç üzü.
O sapqın böcəklər föhşə mənusdur.
Həya, namus ancaq bizə məxsusdur.
Birinci məmur
(arxadaşı ilə bərabər geri dönür)
Nə var yenə, yoxsa fürsət buldunuz?
Haydı, iş başına!
(axsağa bir qırmanc ilişdirir).
Biçimsiz donuz!
Birinci bənna
Çamur gətir, daş gətir!
Durma, arxadaş, gətir!
İkinci bənna
Haydı, babam kərpic at,
Kirəc gətir, az su qat!
Birinci məmur
(düşünüb duran ixtiyar köylünü şiddətlə vuraraq)
Haydı, baxıb durma, bunaq ixtiyar!
İxtiyar
Ah!
Dəliqanlı
(qolundan tutub qaldırır, məmura)
Vicdansız!..
Birinci məmur
(Dəliqanlıya bir sillə vurur).
Aşma həddini, murdar!
Dəliqanlı
Bir də vur!
Birinci məmur
(Bir daha vurur).
İştə, al!
Dəliqanlı
(onu yaxalar, dizi altına alaraq)
Şımardın, yetər!
Bax, adamı böylə rəzil edərlər.
İkinci məmur
(çalışan köylülərin içindən fırlayaraq)
Burax!
Köylülər
(ona hücum ilə)
Saqın, coşma!
(Məmuru yaxalayırlar).
Birinci məmur
(boğuq səslə)
Burax!
Dəliqanlı
(birinci məmuru ayağı ilə itələyərək)
Sus, alçaq!
Yetər, biz deyiliz sizə oyuncaq.
Bu ilk ibrət olsun, unutma əsla,
Azğınlara qarşı yox deyil cəza!
Şaşqın bir sükut... Bu sırada əsgəri musiqi ortalığı çınladır. Tus ilə
bərabər İran cəngavərləri ətrafı sarır.
Bir köylü
(təlaş ilə gəlir, çalışanlara)
Zavallılar! Burda siz
Qan-tərlərə batarkən,
Köydəki hər qülbəniz
Batmış yasa içindən.
Tus
Nə olmuş?
Köylü
Axınçılar,
Həp var-yoxu aldılar.
İşçi qız
(Tusun əsgərlərinə)
Yardım edin bizlərə,
Ümid ancaq sizlərə!
Tus
Haydı, çapuq getməli,
Həpsini dəf etməli!
Əsgərlər
Durmayın, arş iləri!
Çevirəlim həp geri.
Əsgərlərin bir qismi, məmurlar və köylülər gedər, musiqi...
Tus
(başqa tərəfə baxır)
Baxın, bu yoldan keçən
Adamlar hankı eldən?
Birinci cəngavər
Bəhey, yolçu! Getmə, dur!
Tus
Yabançıya bənziyor.
Kübar qiyafətli bir çinli onlara yaxınlaşır.
Birinci cəngavər
Gəl bəri!
Tus
Siz kimsiniz?
Elçi
Çindən gələn elçiyiz,
Gətirmişiz xaqandan
Keykavusa ərmağan.
Tus
Yoldaşların nerəli?
Elçi
Bəlli, bizim ölkəli.
Birinci cəngavər
Kim bilir, bəlkə casus!?
Tus
Yetər, sus!
Bir əsgər
(gəlir, təmənna edir)
Qəhrəman Tus!
Çox uzaqda, yoldan bir toz yüksəldi.
Tus
Görünür Rüstəmlə Səyavuş gəldi.
(İki-üç əsgərlə uzaqlaşır.)
Birinci cəngavər
(elçiyə, gəldiyi tərəfi göstərir)
Dəmin orda incə bir qız da gördüm...
Bir əsgər
Qız demə, bir nazdır etmiş təcəssüm.
Elçi
Çin xaqanı onu göndərmiş şaha.
Birinci cəngavər
Gətir mənə!
İkinci əsgər
Burax, Səyavuş duysa,
Nə azğınlıq!? - deyə həmən saldırar,
Babamızı məzarından qaldırar.
Birinci əsgər
(alayçı gülüşlə)
Gözəllərə baxmaq könül qidası,
Sən heç təlaş etmə, çıxmaz qovğası.
Bir əsgər
(Çinli rəqqasəni gətirir. Arıq, çirkin və üzü bürüşük
bir kosa da onları izlər).
İştə, yad ellərin incə töhfəsi!
Birinci cəngavər
Bəhey! Sən nəçisən?
Kosa
(qızı göstərir)
Onun kölgəsi!
Birinci cəngavər
(elçi ilə kosaya)
Siz gedin, çadırda bəkləyin bir az.
Haydı!
Elçi gedir.
Rəqqasə
(həyəcan ilə)
Ah!
Kosa
Mən, xayır.
Birinci cəngavər
Xayırmı... haylaz!
(Ayağını hiddətlə yerə vurur).
Kosa
Nasıl ayrılayım yosma qızımdan?
Birinci cəngavər
Bu mümkünmü?! O bir mələk, sən şeytan!
Kosa
Ən parlaq gündüzlər gecədən doğar.
Birinci cəngavər
Sus!
Kosa
Lələyəm ona, əməklərim var.
Köyə yardıma gedən məmurlar və əsgərlər əllərində piyalələr, şərab
dəstiləri və talan edilmiş şeylər gəlirlər.
Birinci cəngavər
Nə tez?
İkinci cəngavər
Sovuşmuşlar, yoxdu bir nəfər.
Birinci cəngavər
(dəstiləri göstərir)
Bunlar nə?
İkinci cəngavər
Ən nəfis, içimli şeylər!
(Çirtik çalar).
Ortaq olduq köylü vətəndaşlara,
Böylə gözəl şərab görmədim əsla.
Birinci cəngavər
Bu mümkün...
(rəqqasəyə)
Haydı, sən bizə şərab ver!
Kosa
Mən verəyim, o çox gözəl rəqs edər.
İkinci cəngavər
Onun sonduğu mey daha nuş olar.
Kosa
Siz nə dilərsiniz əlbət xoş olar.
Qız şərab paylar, ağır ahəng ilə musiqi çalınır. Kosa dürlü hərəkətlər və hoppalıqlara oynar.
Birinci cəngavər
(ikinciyə rəqqasəni göstərir)
İştə Çin ahusu, görmədinsə gör!
Nur gələr gözünə ona baxsa kor.
İkinci cəngavər
(Kosanın qolundan tutub kənara fırladır).
Qız oynasın, sən də şərab ver bizə!
Kosa
Yaxşı, baş üstünə, can qurban sizə.
Musiqi dəyişir, qız rəqs edir. Kosa qoynundan kağıza bükülü bir qədər bəng çıxarır, dəstiyə tökür. Sonra piyalələri doldurur. İçərlər. Özü də dodaq altından zümzümə eylər
Bəngi qatdım şərabə,
Dəniz döndü sərabə.
İçərlər, həp içərlər,
Qayğıdan vaz keçərlər.
Nəşələndir həyatı,
Qalındır yerin qatı;
Çəkər səni kamına,
Ağu qatar camına.
Varkən əlində fürsət,
Qoyma könüldə həsrət.
Ömrün hər sevincindən
Bir busə al da əylən!
Hamı
Ömrün hər sevincindən
Bir busə al da əylən!
Növbətçi
(ətrafa baxır, təlaş ilə)
Bəhey, orda bir qaraltı var.
Birinci cəngavər
Şübhəsiz, axınçılar!
İkinci cəngavər
Əvət, burax gəlsinlər,
Gücümüzü bilsinlər.
Birinci cəngavər
Haydı, saxlanalım gizli bir yerdə.
İkinci cəngavər
Şərablar nə olsun?
Birinci cəngavər
Qoy içsinlər də,
Sərxoş ikən qollarını bağlarız.
(Kosaya)
Al bu qızı, rədd ol! Unutma yalnız,
Ağzınızdan bir söz belə çıxarsa,
Batacaqdır evdə ananız yasa.
Kosa
Xayır, xayır, bizim ağzımız bütün.
(Rəqqasə ilə bərabər gedirlər).
Birinci cəngavər
(arxadaşlarına)
Haydı, qorxunc olur hücumu türkün.
İkinci cəngavər
Saqın, heç şaşırma, hankı düşmana
Saldırsa ordumuz, dönər dovşana.
Birinci cəngavər
Gurlama, düşmanı kiçik görənlər,
Kiçik göstərənlər çox sürməz inlər.
Dikbaşlar ansızın həp diz çökərlər,
Qaliblərə qarşı boyun bükərlər.
İkinci cəngavər
(alayçı gülüşlə)
Gəl, canım, görünür çocuqkən anan
Yıldırmış gözünü yabançılardan.
Çəkilirlər, musiqi... Türk pişdarlarından beş-altı nəfər gəlir. Dəstiləri
yoxlar, qədəhlərdəki içkiləri içərlər.
Birinci dəliqanlı
Dəstilər doludur, amma kimsə yox.
İkinci dəliqanlı
Qorxub sovuşmuşlar.
Üçüncü dəliqanlı
Öyünməyin çox.
Birinci dəliqanlı
Az içəlim...
İkinci dəliqanlı
Gözəl şərab, baxsana!
Üçüncü dəliqanlı
Umulmaz bir nəşə verir insana.
Təkrar doldurub içərək, coşğun bir ahənglə türkü söylərlər.
Birinci dəliqanlı
Qılınclar parlasın, yer-göy çınlasın.
Hamı
Çınlasın, çınlasın, ho, çınlasın, çınlasın.
Birinci dəliqanlı
Dost, ya düşman bizim gücü anlasın.
Hamı
Anlasın, anlasın, ho, anlasın, anlasın.
Birinci dəliqanlı
Ox atmayız qorxub qaçan dovşana.
Hamı
Dovşana, dovşana, ho, dovşana, dovşana.
Birinci dəliqanlı
Nerdə qəhrəmanlar? Çıxsın meydana!
Meydana, meydana, ho, meydana, meydana!
Birinci dəliqanlı
(qılıncını çəkərək)
Arş iləri, hücum, hücum!
İkinci dəliqanlı
Burax məni, sərxoş oldum.
Birinci cəngavər
(Arxadaşları ilə bərabər siyirməqılınc pusqudan çıxır).
Bəhey, qoçaq, siz kimsiniz?
Birinci dəliqanlı
Qorxu bilməz igidləriz.
Birinci cəngavər
Öylə isə gəl baxalım.
Birinci dəliqanlı
Haydı, haydı çarpışalım.
Hər iki tərəf sərxoşca hərəkətlərlə çarpışırlar. Bir qismi yaralanıb, digər qismi səndələr. Bu sırada bir yandan Gərşivəz, bir yandan Bəhram və Tus kəndi əsgərləri ilə onlara qarışır, qovğa daha qızışır. Ən sonra Rüstəmlə Səyavuş gələr.
Rüstəm
(məğrur və amiranə bir səslə bağırır)
Bəhey! Durun, sayğısızlıq yetər!
Səyavuş
Axan qanlar artıq yetər.
İkinci cəngavər
Mən ayıldım, şərab verin!
Birinci dəliqanlı
Yay gətirin, ox gətirin!
(Əlindəki yaya ox qoyur).
Səyavuş
(düşən yaralıları göstərər)
Bunca xalqı əzib bitirmək neçin?
Hər tərəfdən çəlik qollar seçilsin.
Çarpışsın igitlər həp birər-birər,
Kim üstün gəlirsə, ondadır hünər.
Rüstəm
Əfrasiyab hanı? Çıxsın meydana!
Büksün qollarımı, ər deyim ona.
Gərşivəz
O yoxsa da, qarşındadır Gərşivəz.
Rüstəm
Rüstəm hər qəhrəman ilə döyüşməz.
Gərşivəz
Öyünmə çox, ağlar öncə gülənlər.
Səyavuş
(Bəhrama)
Umulmaz bir təhqir, bunu kim dinlər!?
Rüstəm
Unutma ki, o, yılmaz bir qəhrəman!
Səyavuş
Ər deyilim ona verirsəm aman.
Gərşivəz
(alayçı gülüşlə)
Çocuqlarmı çıxmaq istər qarşıma?!
Səyavuş
Nə cürət!.. Çocuqmu söylədin mana?
Ucuz oturmaz bu gülünc söz sana.
Gərşivəz
Bir düşün ananı, yazıq deyilmi?
Səyavuş
Boş öyünməkdənsə vuruşmaq eyi.
Qılınclar parlar, bir qədər vuruşurlar.
Rüstəm
İran güvəndikcə böylə aslana,
Gülünc olmaz heç bir dosta, düşmana.
Gərşivəz
(qalxar, yenə hücuma başlar)
Böylə boş yaralar vız gəlir bizə.
Səyavuş
Mən hazıram.
Piran
(xızlı addımlarla gəlir, hayqırır)
Durun! Nə olmuş sizə?
Rüstəm
(Tusa, xüsusi)
Kimdir bu ixtiyar, hansı qəhrəman?
Tus
İştə Əfrasiyab vəziri Piran!
Piran
Bu dəhşətlər neçin, bu qan neçindir?
Rüstəm
Onu sərdarınız Gərşivəz bilir.
Gərşivəz
Mənsiz alovlanmış bu kinli qovğa.
Rüstəm
(türk əsgərlərini göstərir)
Bunları coşduran hankı qasırğa?
Gərşivəz
Mən göndərdim doğru xəbər bilsinlər,
Gərginlik sirrini duyub gəlsinlər,
Sonra baxdım ki, parlayır qılınclar.
Piran
Fəqət neçin? Bəlli ki, bir səbəb var.
Rüstəm
(cibindən çıxardığı kağızı ona uzadır)
İştə məktub, oxu!
Piran
(oxuyur)
Bu bir fitnədir.
Rüstəm
Ya o talanlar, o basqınlar nədir?
Piran
Basqınmı?! Hər zaman bildiyin oyun...
Sizinkilər çalar qaramal, qoyun,
Bizimkilər ərzaq üçün saldırır.
Məsulmu ya buna hökumət?.. Xayır!
Coşğun musiqi... Bu sırada yarımçılpaq və yaralı bir yığın erkək köylü gəlir. Köylülər əllərindəki dəyənək, yaba, oraq və baltaları sallayaraq üsyançı bir ahəng ilə.
İxtiyar
İştə onlar, iştə onlar!
Tüğyan edən bu azğınlar!
Həp əzildik, həp soyulduq,
Xain əllərdə məhv olduq.
Rüstəm
Göstər, hanı o xainlər?
Cəza görsün birər-birər.
Altay
(Həyəcan içində həm uzaqları, həm də İran
əsgərlərini göstərir).
Bir yandan Turanın qaçaq elləri.
Bir yandan İranın azğın əsgəri.
Qanımızı içib-içib doydular,
Qız-gəlini soyub çılpaq qoydular.
İxtiyar
Üzlər soluq, gözlərdə fər qalmamış,
Çökmüş köküslərdə ciyər qalmamış.
Rüstəm
(ətrafındakılara)
Ar olsun sizlərə, ar olsun, əvət!
Əsla ummadığım alçaq xəyanət.
Sizdən uğurludur taun, qasırğa,
Xayır, yol verilməz bu azğınlığa.
Piran
İştə, ən silinməz qara bir ləkə,
Heç də yaraşmayır bu əsgərliyə.
Altay
Lənət bu varlığa, yetər, usandıq,
Kəndi yaxdığımız atəşdə yandıq.
İxtiyar
(köylüləri göstərir)
Baxın bunlara, bir baxın bunlara!
Nifrət sizə, sizdəki qanunlara!
Altay
Taun da, vəba da uğurlu sizdən,
Ölüm belə qaçar işgəncənizdən.
Səyavuş
(sarsılır, qızğın və coşğun)
Ötər keçdiyiniz yerdə bayquşlar,
Qəhrəman cildinə girən sərxoşlar!
Məzlumlara qarşı duyğusuz qalan
Bir insandan daha şərəfli qaplan!..
Bir gəldik ki, çeynənməsin yurdumuz,
Məgərsə çeynəyən kəndi ordumuz.
Qıtlıq, aclıq, tufan, ölüm, fırtına...
Cümləsi bir yana, sizlər bir yana.
Altay
And olsun vicdana, bu gündən sonra,
Hər kim yan baxarsa bu yoxsullara,
Yıldırımlar patlayacaq başında,
Adı yazılacaq məzar daşında.
PƏRDƏ
II SƏHNƏ
Keykavus sarayında başqa bir salon... Südabə taxt üzərində yaslanmış, cariyələr ətrafını sarmış. Rəqqasə - çinli qız incə və lirik musiqi ilə həmahəng olaraq şərqi söyləyib oynar.
Rəqqasə
Qayğısız baharın ilıq busəsi
Tellərimə qondu zülmət uçarkən.
Sərxoş bülbüllərin o bayğın səsi
Oxşadı ruhumu güllər açarkən.
Yasəmən, nilufər, sünbül, bənəfşə
Mey sondular mana almas jalədən.
Günəş üryan vücudumu əmdikcə,
Bir tülə büründüm sanki lalədən.
(Salonu tərk edər).
Südabə
(qalxıb oturur, coşğun baxışlar və şən qəhqəhələrlə)
Pək tühaf! Səyavuş öylə sandı ki,
Zindan olur məzarım.
Zülmətləri yaran böcəklər kimi
Sönmək için parlarım.
Birinci cariyə
Halbuki bir quldur sana Keykavus.
Südabə
Çox da məni öymə, sus!
İkinci cariyə
Sənsiz bütün cahan məhbəsdir ona.
Südabə
Xayr, inanmam buna.
İkinci cariyə
İnan, səhər yıldızına and olsun!
Birinci cariyə
Suriyənin şən qızına and olsun!
Südabə
(həzin bir ah ilə)
Qarşımda diz çöksə bütün yer üzü,
Yenə Səyavuşda könlümün gözü.
Məhbəsdə inlərkən düşündüm onu,
Eşqimin həp odur əvvəli, sonu.
Rübabə
(gəlir, son cümlələri dinlər)
Yazıq!.. Bunca zəif bilməzdim səni,
Öpsün zəfər dalğaları çöhrəni.
Südabə
Xayır!.. bu gün mənim halım başqadır.
Könlümdəki çarpıntılar pək ağır.
Bir diləyim varsa, onun visalı,
Gözlərimdə yalnız onun xəyalı.
Səyavuşun o dik, o məğrur başı
Əyilməz olursa sevgimə qarşı;
Onu al qanlarda görmək istərim,
Saçlarından çələng örmək istərim.
Musiqi.
Keykavus
(gəlir, Südabəni məhzun görüncə)
Neçin dalmış yenə bahar günəşi?
Rübabə
Anarkən sıxıldı mənhus keçmişi.
Keykavus
Keçmişdən nə çıxar, yarın xoş olsun.
Rübabə
Lütfünüzə qarşı Südabə məmnun.
Pişxidmət
(gəlir, əyilir)
Çin elçisi!
Keykavus
Gəlsin!
(Südabəyə)
Səninlə sonra!..
(Onlar çıxır, elçi gəlir. Ona yanında yer göstərir).
Buyur!
Elçi
(oturur)
Son görüşçün gəldim hüzura.
Keykavus
Əfrasiyab haqqında fikriniz nə?
Elçi
O bir təhlükəbir İrana, Çinə,
Gündən-günə aşıb durur həddini,
Həm sizə, həm bizə qarşı var kini.
Keykavus
Qorxutamaz bizi öylə fırtına,
Məndən səlam edin Çin xaqanına!
Dostluğumuz sağlam, təməlli olsa,
Altay üfüqləri batar həp yasa.
Elçi
Əlbir olsaq, əvət, onlar tez susar.
Südabə
(Rəqqasə və kosa ilə bərabər gəlir. Keykavusa)
Rəqqasənin sizə bir ricası var.
Keykavus
Nədir?
Südabə
Diyor: lələm Çinə getməsin,
Çocuqluqdan bəri alışmış ona,
Ayrılıq yük olur incə ruhuna.
Keykavus
Qalsın.
Kosa
(əyilərək)
Təşəkkürlər!..
Keykavus
(elçiyə)
Həp gətirdiyin
Töhfələr bir yana, bu qız bir yana.
Südabə
O çox sevimli bir munisdir mana,
Parlaq bir incidir, misli yox onun.
Keykavus
Çox gözəl, adı qoy Dürdanə olsun.
Südabə
Qurnaz ixtiyar da zərif bir insan!
(Digər salona keçərlər).
Keykavus
Pək tühafdır, əvət.
Pişxidmət
(gəlir, təmənna edər)
Rüstəm pəhləvan!
Keykavus
Çağır gəlsin.
Elçi
Mən gedəyim.
(Təmənna edib çıxar).
Keykavus
İzzətlə!...
(ətrafa)
Nə tez? Neçin geri dönsün o böylə?!
Rüstəm
(Bəhramla girər, əsgərcə təmənna edərək)
Salam!..
Keykavus
Nə yapdınız? Nə oldu qovğa?
Rüstəm
Ordular vuruşdu qarşı-qarşıya.
Keykavus
Sonra?
Rüstəm
Birər-birər başlandı döyüş,
Gərşivəzə üstün gəldi Səyavuş.
Keykavus
(məğrur və məmnun)
Halal olsun ona qəhrəman adı.
Rüstəm
Dostlar deyil, duşman da alqışladı.
Keykavus
Sonra?
Rüstəm
Piran gəldi, xəbər verdi ki,
Onlarda olmamış qovğa istəyi.
Keykavus
(sinirli)
Ya kimlərdir basqın yapan alçaqlar?
Rüstəm
Bir yığın ac, başıpozuq qaçaqlar.
Keykavus
Sonra?
Rüstəm
Haqsız qanlar axmasın deyə,
Səyavuşla Piran gəldi bir rəyə.
Keykavus
Nasıl?
Rüstəm
Barışdılar.
Keykavus
(qızğın)
Barışdılarmı?!
Rüstəm
Yersiz vuruşmanın mənası varmı?
Keykavus
Xəyanət! Xəyanət!.. Alçaq xəyanət!
Əfrasiyabdandır bu hiylə əlbət.
Rüstəm
Heç də öylə deyil, basqın yapanlar;
Həpsi yol vuranlar, yoldan sapanlar.
Yalnız onlarmı ya, bizimkilər də
Dirlik qoymadılar qonşu köylərdə.
Keykavus
Köylər dağılsa da ağrıtmaz məni,
Ancaq Əfrasiyab bilsin həddini.
Rüstəm
Bir səbəb yox ikən, məncə bu qovğa.
Ağır bir zərbədir qəhrəmanlığa.
Keykavus
(acı və alayçı qəhqəhə ilə)
İştə, hər ikiniz qorxaq və miskin!
Səyavuş da xain, Rüstəm də xain!..
Rüstəm
(sərt və kinli)
Qorxaqmı, xainmi?! Çirkin iftira!
Dayanmaz insan bu təhqirə əsla!
Keykavus
(bağırır)
Rüstəm!
Rüstəm
(eyni ahənglə)
Həddini bil, nə sandın məni?
Keykavus
Sus! Şöhrətin məğrur etməsin səni.
Rüstəm
Saqın, güvənmə çox təxtü tacına!
Keykavus
(sinirli addımlarla gəzinərək)
Səyavuş da söz yox, uymuşdur sana.
Hər ikiniz asi! Azğın bir asi!
Layiq sizə ancaq ölüm cəzasi!..
(Salonu tərk edər.)
Rüstəm
(sarsılır, Bəhrama)
Eşitdinmi böhtanları?
Eşitdinmi həzyanları?!
İştə quduz bir canavar,
Başda ölüm xülyası var.
Bəhram
Çıldırsa da fərqi yoxdur,
Sənin gücün daha çoxdur.
Rüstəm
Artıq mənə oldu əyan
Cənnət imiş Zabilistan.
Dönməliyəm əski yurda,
Namus, şərəf həpsi orda!..
(Südabə pərdə arxasında görünür və geri çəkilir).
Bəhram
Ya Səyavuş!
Rüstəm
Heçdir sonu,
Çapuq, yoldan çevir onu!
Gördüyünü söylə, həmən
Uzaqlaşsın bu ölkədən.
Gedərsiniz sən də, o da
Əfrasiyab hüzuruna.
Dayısıdır, heç olmazsa
Orda qıyan olmaz ona.
(sinirli və qızğın)
Burax, burda Südabənin
Zövci dalsın da işrətə.
Ədalət və qanun desin
Hər zülmə, hər cinayətə.
Gəl gedəlim, nifrət olsun
Bu yaldızlı vəhşətlərə!
Artıq yetər, lənət olsun
Ölüm qoxan şəhvətlərə!..
Gedərlər.
Südabə
(pərdə arxasından çıxar, acı qəhqəhə ilə)
Get, Südabə çox inlətdi
Sənin kimi arslanları.
Önümdə çox sönüb getdi
Dəhşət, zəfər vulkanları.
(vurğun baxışla, uzaqlara)
Ya Səyavuş!? Həp könüldə
Çınlar durur onun səsi.
(son dərəcə kinli)
Məndən qaçsa belə, əldə
Gəlməlidir cənazəsi!..
PƏRDƏ
ÜÇÜNCÜ PƏRDƏ
I SƏHNƏ
Ətrafda yalçın qayalar və yaşıl ovalar... Uzaqda çoban düdüyü çalınır.
Səyavuş
(Bəhramla bərabər gəlir. Başında tunc dəbilqə var).
İştə ana yurdu, Turan ovası!
Yalçın qayalarda qartal yuvası!
Bəhram
Böylə mənzərələr İranda azmı?
Daha üstün desəm, doğru olmazmı?
Səyavuş
Dostları ilə paylaş: |