Çox alçaldın, imdi sənindir sıra,
Bir az yüksələrsən, çəksələr dara.
Səyavuş
Xayır, saqın! Onu asmış olsalar,
Zəhərlənər leşə qonan qarğalar.
Məncə layiq ona bir dəmir qəfəs,
İbrət alsın, görüb keçdikcə hər kəs.
Çinli
Altay! Sən bu yurda yeni can verdin,
Zülmün qaba heykəlini devirdin.
Yalçın
Alqış sənə, alqış doğduğun soya!
Alqış bəslədiyin böyük duyğuya!
Altay
Siz çox inlədiniz zəncir altında;
(Valiyə işarətlə)
O zövqü dadmalı bizim şaşqın da.
Bu qayğısız ovalara, dağlara
Xəyanət uğramaz bu gündən sonra.
Susdu hər bucağa qonan bayquşlar,
Bir də çeynəməz bu yurdu sərxoşlar.
Zülmə qarşı dikbaş və məğrur olun!
Hürriyyət uğrunda çox cəsur olun!
Səadət pərisi gülməz qullara,
Munis olar ancaq dəmir qollara.
PƏRDƏ
II SƏHNƏ
Keçən səhnə... Axşamüstü... Qarşıdakı pərdələr qalxmış, dar ağacı üzərinə iri fanar qoyulmuş, dışarıda gözəl geyinmiş türk, moğol, çin qızları və dəliqanlıları coşğun bir sevinclə rəqs edirlər. Firəngiz nədimələri ilə bərabər iri, açıq pəncərədən onlara tamaşa eləyir.
Səyavuş
(Gəlir).
Gözün aydın!
Firəngiz
Nə var?
Səyavuş
İştə əmcəniz!
Firəngiz
Gərşivəzmi?
(qapıya doğru irəlilər, içəri girən Gərşivəzə)
Xoş gəldiniz!
Gərşivəz
(Qucaqlayıb alnından öpər).
Firəngiz!
Firəngiz
Babam neçin bizi anıb gəlmədi?
Gərşivəz
Bu gün bayram olduğunu bilmədi.
Zərər yox, o gəlməz, siz gedərsiniz.
(ətrafı süzər)
Nə xoş mənzərələr, nə parlaq dəniz!?
Səyavuş
Dənizsiz bir ölkə çıxılmaz qəfəs,
Havasız bir məhbəs, alınmaz nəfəs.
Gərşivəz
İştə həp erkəklər, yosma gəlinlər
Daşğın sevinc ilə rəqs edib gülər.
Səyavuş
Əvət, şanlı bir gün, uğurlu bayram.
Firəngiz
Xalq üçün qurtuluş günü - bu bayram.
Bəhram
Bir il əvvəl üsyan qopardı burda,
Səyavuş tazə ruh verdi bu yurda.
Gərşivəz
Duydum şöhrətini bütün ellərdə,
Zəfər dastanların gəzər dillərdə.
Mümkünsə, dinləmək istərdim əlan
Olub keçənləri sənin ağzından.
Səyavuş
Mən bu yurda yeni vardığım zaman,
Sarmışdı hər yeri aclıq və üsyan.
Xain məmurlara cəza verildi,
Qarğaşalıq bitdi, köylər dirildi.
Bunu görən qonşu çinlilər belə,
Yığın-yığın əlbir oldu bizimlə.
Gərşivəz
Eşq olsun, əzizim, böyük məharət!
Var ol, min yaşa, ən gözəl siyasət!
(əlini sıxar, şübhəli baxışla)
Çin xalqına çox da inanmaq olmaz,
Onlar siyasətdə olduqca qurnaz.
Səyavuş
Xayır, həpsi Çin xaqanıncan qaçan,
Yoxsul əkinçilər...
Gərşivəz
Hiylədir, inan!
Onlar yabançıdır bizə, unutma!
Hər azğını türkə bərabər tutma!
Səyavuş
(sərt və kəskin)
Mən bu düşüncəyə qarşıyam...
Gərşivəz
Saqın!
Er-gec qıyar sənə o məzlum axın.
Qızlar yemək və şərab gətirir. Bu sırada dışarıdan gurultulu səslər eşidilir.
Yalçın
Yetər, verilsin cəza,
O vicdansız xırsıza!
Altay
Xain qaçsa hər yana,
Qurtuluş yoxdur ona.
Altay və Yalçın camaatla bərabər yaxaladıqları Vali və Müşaviri gətirirlər.
Səyavuş
Nə olmuş?
Altay
Bu alçaq həriflər dəmin
Qaçmaq istəyirmiş...
Yalçın
(Valini üstdən aşağı süzərək)
Zavallı miskin!
Səyavuş
Durun!
Altay
Bu xainlər asılsın gərək!
Camaat
Asılsın, asılsın!
Altay
(Valiyə)
Oh, quduz köpək!
Vali
(Səyavuşun ayaqlarına qapanır).
Bir il cəza kafi deyilmi?
Səyavuş
Əsla!
Gərşivəz
Səyavuş! Onları mənə bağışla.
Səyavuş
Zalim bağışlansa daha çox azar,
Məzlum üçün qazar ən dərin məzar.
Gərşivəz
(Səyavuşa)
Onun cəzasını burax bizlərə!
Firəngiz
Əmcəmin sözünü salmayın yerə!
Səyavuş
Düşün, yaralanmış kinli bir ilan
Sağ qalarsa...
Yalçın
Xayır, buna yox imkan.
Altay
(Yalçına)
Bağlayın qolunu bu azğınların!
Gərşivəz
Xaqan hüzuruna gedərlər yarın.
Qanun qarşısında rəzil olarlar,
Umulmaz, amansız cəza bularlar.
Altay
Xayır, inanmayın!
Firəngiz
(Səyavuşa)
Susdur Altayı!
Səyavuş
Haydı!
Yalçın
Gəl, xaqan da bunların tayı.
Altay
Səyavuş da şah nəsli, xaqan nəsli.
Onun hər kəslə var başqa bir dili.
Gedirlər.
Gərşivəz
(Səyavuşun əlini sıxaraq)
Var ol, xalq içində qırmadın məni,
Sağ buraxmam inan öylə xaini.
Nədimələr qədəhləri doldurur.
Firəngiz
(Özü doldurduğu böyük qədəhi Gərşivəzə verir).
Yorğunsunuz, gözəl şərabdan için!
Səyavuş
(nədiməyə)
Çin elçisi nerdə, çağır da gəlsin.
Birinci nədimə
(qapıya doğru baxır)
Gəldilər.
Səyavuş
Buyurun!
Eyicə geyinmiş Kosa Bəhramla bərabər gəlir, otururlar.
Firəngiz
(Gərşivəzi Kosaya tanıdaraq)
İştə əmcəmiz.
Kosa
(Gərşivəzə)
Məmnun etdi bizi böylə gəlməniz.
Səyavuş
(qədəhi qaldırır)
Var olsun Gərşivəz!..
Bəhram
(içərək)
Yaşa, min yaşa!
Gərşivəz
Çox təşəkkür!..
Rəqqasə girir.
O kim?
Firəngiz
(gülümsəyərək)
Canlı bir əda!
Kosa
O, Çin sarayında eşsiz bir inci,
Həm oynamaqda, həm səsdə birinci!
Gərşivəz
(Firəngizə baxaraq)
Nəşəmizə yeni bir nəşə qatsın.
Firəngiz
(rəqqasəyə)
Şaqraq səsin duyğuları oynatsın.
Gərşivəz bir də içər.
Rəqqasə
(həm şərqi söylər, həm də rəqs eylər)
Doğurdu anam məni matəmli bir düyündə,
İblis ilə tanrının öpüşdüyü bir gündə.
Gözlərimdə o gündən məstanə cilvələr var,
Ağlasam üzüm gülər, gülərsəm ruhum ağlar.
Mən istərəm hər könül mənim eşqimlə dolsun,
Kimsə mənə yar deyil, ancaq əsirim olsun.
Rəqqasə çəkilir, Gərşivəz dərin ah çəkir.
Səyavuş
“Ah” neçindir?
Gərşivəz
Bunu o cəllada sor!
(Əlini şiddətlə masaya vurub qalxır).
Xayır, bu heç vicdanıma sığmıyor.
Səyavuş
Nə oldu?
Gərşivəz
Heç!..
Səyavuş
Kimə qarşıdır bu kin?
Firəngiz
Vali içinmidir?
Gərşivəz
Sormayın!
Səyavuş
Neçin?
Gərşivəz
Çünki Vali onun yanında bir heç!
Səyavuş
O kim? Daha qorxunc insanmı?
Gərşivəz
Vaz keç!
Alov dalğaları yaxar beynimi,
Heç bir qüvvət susduramaz kinimi.
Səyavuş
Yorğunsunuz, bir az yatın, dincəlin.
(Yan odaya götürür).
Gərşivəz
(qolunu Səyavuşun boynuna keçirir)
Bilinmədi əfsus qiymətin sənin.
Firəngiz
(Bəhrama)
Daim onda böylə gülünc hallar var,
Bir qədəh içdimi, qiyamət qopar.
Bəhram
Xayır, bu coşğunluq səbəbsiz deyil.
Həpsi çıxır. Kosa ilə rəqqasə qalır.
Kosa
(təlaş ilə qıza yaxlaşır)
Tam fürsətdir! Hanı o zəhri-qatil?
Rəqqasə
Yolda düşürmüşəm...
Kosa
Yalan söyləmə!
Rəqqasə
(Ciblərini göstərir)
Yoxdur inan!
Kosa
Çıxar, həzyan eyləmə!
(Ciblərini arar və boğazını yaxalar, bu sırada Firəngiz qapı arasından görünür, dinləyir).
Rəqqasə
(Bükülü bir kağız çıxarır).
Buyur! Südabənin bu hiyləsində
Sən də məhv olarsan, inan ki, mən də.
Kosa
(kağızı açır, gülərək)
Bu bir zəhər ki, ilk öncə güldürür,
Güldürür, güldürür, sonra öldürür.
Səyavuşa məxsus qədəh iştə bu!
Bizdən ona dadlı, sürəkli uyğu!..
Rəqqasə
(həyəcanlı)
Həp o, həp Südabə!..
Kosa
(Dalıb gedən rəqqasənin qolundan tutar, odadan
çıxarmaq istər).
Gəl, yetər sükut!
Rəqqasə
(zəhərli qədəhi alıb yerə çırpar)
Parçalanmalıdır bu qanlı tabut...
Kosa
(kinli)
Səyavuşa səndəmi aşiq oldun?
Rəqqasə
Sən nəsən? İştə bir duyğusuz odun!
Kosa
(Cibindən kiçik bir xəncər çıxarır).
Bax, bu xəncər daha zəhərli, kəskin!
Rəqqasə
(əlindən xəncəri qaparaq)
Sən canavar südüyləmi bəsləndin!?
Kosa
Xəncəri ver mənə!..
Rəqqasə
(ətrafa)
Zavallı şaşqın!
Öylə qəhrəmana qıyılmaz, saqın!
Kosa
Ver deyirəm...
(Xəncəri almaq istər.)
Rəqqasə
Xayır!
(Xəncəri arxaya atır.)
Kosa
(qızı yaxalar, boğar)
Ver!
Rəqqasə
(acı fəryad ilə)
Burax, burax!
Kosa
Xəncəri ver, yoxsa...
Firəngiz
(Xəncəri yerdən alıb Kosanın böyrünə saplar).
Al, iştə, alçaq!
Kosa
(yıxılaraq)
Ah, mən... ölsəm belə... sizə... aman yox...
Firəngiz
Sus!
Səyavuş
(içəridəkilərlə bərabər gəlir)
Nə olmuş?
Firəngiz
Bunda əsla vicdan yox.
Hərif Çindən gələn elçi deyilmiş.
Rəqqasə
Südabə göndərmiş, səninçin gəlmiş.
Səyavuş
Heç şübhə yox ki, var gizli bir səbəb.
Rəqqasə
(göstərir)
Qədəh də, xəncər də zəhərlidir həp.
Firəngiz
Pozmaq istəyirkən şən həyatını,
Firəngizdən aldı mükafatını.
Səyavuş
(rəqqasəni süzərək)
Bu qız da şıbhəsiz yoldaşdır ona.
Rəqqasə
Fəqət yoldaşlığım varmadı sona,
Biz səni öldürməkçin gəlmişkən,
Nədənsə həp fikrim dəyişdi birdən.
Səyavuş
Söylə, neçin dəyişdi?
Rəqqasə
Heç sormayın!
Çırpınan qəlbimə yara vurmayın!
Mən çocuqkən saraylara satıldım,
Ruzgar kimi eldən-elə atıldım.
Öc izlərkən, birdən sənə tuş oldum,
Fəqət məzlumlara yardımçı buldum.
(cənazəyə baxar, kinli)
Qıymaq istəyirkən bu miskin sənə,
Mane oldum iştə!..
Bəhram
Afərin sənə!
Firəngiz
Qız məhv olmuşdu mən yetişməsəydim.
(Rəqqasəni qucaqlar, öpər.)
İnan, səni bütün ruhumla sevdim.
(Nədimələrə)
Alın, rahatlansın, o çox üzüldü,
Sisli taleyimiz onunla güldü.
Rəqqasəni yan odaya aparırlar.
Səyavuş
(yanındakılara)
Alın cənazəni!..
Qaldırırlar.
Nə dəhşət!? Əgər
Cahandakı bütün kinlər, fitnələr,
Bütün ehtiraslar olsa həp gəbə,
Bir afət doğardı, o da Südabə!
Gərşivəz
(dərin ah çəkir)
Doğrusu, çox uğursuzmuş talein.
Bilməm nə gündə sən cahana gəldin?
Zülmətlə nur qarışdığı andamı?
Xeyir ilə şər barışdığı andamı?
Sanma bir Südabə azmışdır yolu,
Əfrasiyab ondan daha qorxulu!
Səyavuş
Mən nə etdim ona? Tühaf müəmma!?
Gərşivəz
Deyir ki, göz tikmiş taxtü-tacıma.
Firəngiz
Səyavuşmu?
Gərşivəz
Əvət!
Səyavuş
Çirkin iftira!
Gərşivəz
Deyir: “Qarşı durur o qanunlara”!
Səyavuş
Hanki qanunlara?
Gərşivəz
Kim bilir!?
Firəngiz
Əsla!..
Sapdığımız yoxdur qanunsuz yola.
Gərşivəz
Xayır, bu şübhələr sıxmasın sizi,
Yoxdur Səyavuşda xəyanət izi.
(Digər odaya keçir).
Səyavuş
Gedib görmədikcə Əfrasiyabı,
Qalxmaz ortadan bu fitnə dolabı.
Firəngiz
Saqın, getmə, ona bir şübhə gəlsə,
Yalnız sənə deyil, qıyar hər kəsə.
Səyavuş
Yox, dayanılmaz bu çirkin böhtana,
Ən kiçik bir ləkə ölümdür mana.
(sinirli və coşğun)
Kimə inanmalı!? İştə hər diyar
Mənə qarşı kin və intiqam duyar.
İran xəyanət və hiylə ocağı
Turan iftira və dəhşət qucağı!..
Çinə getsəm, onlar daha amansız!
Saray böcəkləri yaşarmı qansız?
Lənət olsun, uymam bu gündən sonra
Almasla parlayan qanlı taclara!
PƏRDƏ
BEŞİNCİ PƏRDƏ
Dağ ətəyində bir ova... İki-üç çadır qurulmuş, ikindi çağı, buludlu hava, ətraf qayalıqdır. Çadır önündə Vali, Müşavir və Tosun əsgəri qiyafədə olaraq qonuşurlar. Əsgərlərdən kimi növbət bəkləyir, kimi ətrafı süzərək dolaşır.
Vali
(Kinli addımlarla gəzinir).
Oh, Səyavuş, Səyavuş! Bilməm nə sandın məni?
Bir gün didib parçalar dəmir biləklər səni.
Müşavir
Gərşivəz olmasaydı, hər ikimiz bitmişdik,
Gedər-gəlməz diyarə ziyarətə getmişdik.
Vali
İnan ki, sağ qaldıqca böylə vətən xaini,
Sönməz Əfrasiyabın alov püskürən kini.
Müşavir
Deyirlər ki, qorxudan Çinə qaçmış...
Tosun
Həp yalan.
Vali
Xayır, o qorxaq deyil.
Müşavir
Fəqət, xain bir insan.
Tosun
(ətrafa)
Bütün bu uydurmalar Gərşivəzin hiyləsi!
(onlara)
Xain deyil Səyavuş...
Muşavir
Sus bə, şeytan köləsi!
Vali
(ətrafdakı əsgərlərə)
Haydı, baxın yollara, o sapqın nerdə olsa,
Burdan keçər şübhəsiz, həmən alın ortaya!
Müşavir
Buludlara uçsa da, qurtuluş yoxdur ona.
(Üç-dörd nəfərlə uzaqlaşır).
Tosun
(ətrafa)
Maraqlıdır tülkülər saldırırsa aslana.
Bu sırada göy gurlar, şimşək çaxar.
Vali
Kişnər də yıldırımlar, qılınc çəkər buludlar,
Göylər səltənətində qovğamı, şənlikmi var!?
Rübabə
(Qiyafətini dəyişdirmiş olduğu halda, tacir qiyafətli
pişxidmətlə gəlir. Acı fəryad ilə)
Ah, aman!
Tosun
Dur, nə olmuş?
Rübabə
Dəhşət aldı cahanı.
Şaşırmış bir yolçuyuq, yoxdur səfər imkanı.
Pişxidmət
Biz nerdəyik? Bu yollar çıxır hankı bir yana?
Tosun
O yol Çinə, bax bu da Əfrasiyab yurduna.
Boru çalınır, Gərşivəz bir neçə cəngavərlə gəlir.
Rübabə
Gələn kimdir?
Tosun
Gərşivəz!
(arxadaşlarına)
Hazır olun, salam.. dur!
(Təzim için qılınc çəkərlər)
Pişxidmət
(təmənna edər, Rübabəni Gərşivəzə təqdim ilə)
Əfəndim! Qadıncığaz sizi görmək istəyir.
Gərşivəz
Nerdənsiniz, kimsiniz?
Rübabə
Keykavusdan elçiyiz,
İştə məktubumuz var.
Gərşivəz
Öyləmi? Xoş gəldiniz.
(Bir tərəfə çəkilib məktubu oxur.)
“Ey könlümün sevinci, çəlik qollu Səyavuş!
Tam fürsətdir, hazır ol, hər tədarük görülmüş.
Sən bir yandan hücum et, Çin xaqanı bir yandan,
Tus ilə Zal oğlu da qaldıracaq İrandan.
Alt-üst edin Turanı, orduları əzilsin,
Əfrasiyab hüzura qolları bağlı gəlsin.
İmza: baban Keykavus”.
(iblis qəhqəhəsilə)
Bax, bunu çox bəyəndim.
(Tosuna)
İkram edin bunlara!
Tosun
(soyuq)
Buyursunlar, əfəndim!
(Hər ikisini çadıra aparır, ətrafda boru çalınır).
Əfrasiyab
(Piranla bərabər gəlir).
Bu çadırlar burda neçin qurulmuş?
Piran
Yol çox uzaq, bəlli, əsgər yorulmuş.
Əfrasiyab
Saqın, fürsət bulub Səyavuş qaçar,
Sonra başımıza fəlakət açar.
Gərşivəz
Hər tərəfdən iştə tutulmuş yolu,
Yoxdur ona əsla qurtuluş yolu.
Əfrasiyab
Hər kim o sapqını əsir edərsə,
Mükafat alacaq hər nə istərsə.
Piran
Səyavuşa sapqın demək doğrumu?
(Çin yoluna baxır, heyrətlə)
O kim, Səyavuşmu? Gerçəkdən omu?
Əfrasiyab
Tam özüdür, iştə! Rəzil, ədəbsiz!
Gərşivəz
Sağ-solunda Bəhram ilə Firəngiz!
Əfrasiyab
Haydı, bir az rahatlansın çadırda,
Xainləri bəklər ən ağır cəza.
Piran
Heç bir zaman,
Zaval yoxdur doğruya.
Gedirlər.
Gərşivəz
(alayçı gülüşlə, ətrafa)
Er-gec sərab olar o dadlı röya.
Sevin, sevin!.. Əvət, uzaq deyildir,
O başbuq olacaq, sən də baş vəzir.
Əfrasiyab
Məncə, suçlu deyil o şanlı əsgər.
Gərşivəz
Aldatmasın səni gözəl nəğmələr.
Hələ dağlardakı üsyan sönməmiş,
Altay da əzmindən hələ dönməmiş.
Ətraf kəndlər hər gün ona qoşulur,
Gün-gündən ordusu həp qüvvət bulur.
Səyavuşun əli çatsa Altaya,
Salar bizi daha qorxunc qovğaya.
İştə Keykavusun əli var hələ,
İstər Səyavuşla versin əl-ələ.
Əfrasiyab
Xayır, Səyavuşda heç bir hiylə yox.
Gərşivəz
(kinayəli)
Sazın tellərində əfsanələr çox!
Əfrasiyab
Yetər, yetər, artıq usandıq, yetər!
Gərşivəz
Hər halda ot kökü üstündə bitər.
Əfrasiyab
İnanmam, o xain deyildir, xayır.
Gərşivəz
(məktubu verir)
İştə oxu! Bu hər sirri anladır.
Əfrasiyab
(oxuyaraq sarsılır)
“... Çəlik qollu Səyavuş
Sən bir yandan hücum et,
... Hər tədarük görülmüş.
Çin xaqanı bir yandan,
Tus ilə Zal oğlu da
Saldıracaq İrandan.
Alt-üst edin Turanı,
Orduları əzilsin.
Əfrasiyab hüzura
Qolları bağlı gəlsin!”
Nə dəhşət?!
Gərşivəz
Nə cəsarət!
Əfrasiyab
Çəkilməz bu xəyanət!
(Tosuna)
Çağır gəlsin, o sapqın cavab versin.
Tosun
İtaət!
(Çadıra girir).
Əfrasiyab
(Gərşivəzə)
Bir az suçlu çıxdımı? Həbsə alınsın həmən,
Bir bəhanə bulub da üz başını cəsəddən.
(Məktubu əlində bürüşdürür).
İlk görüşdə mən sənin haqq sözünə baxmadım,
Səyavuşun bir casus olduğunu çaqmadım.
Səyavuşu gətirirlər.
Firəngiz
Ah, sevgili babaciyim!
Əfrasiyab
Yaxlaşma!
(sərt və kəskin tövr ilə ona və Səyavuşa)
Sən də, o da düşmənsiniz tacıma.
Firəngiz
Bizmi!?
Əfrasiyab
Əvət, yapdığınız haqsızlıq,
Qanunsuzluq deyildir əfvə layıq.
Gəl, yaxın gəl!
Səyavuş
Əmriniz?
Əfrasiyab
İştə məktub var sana,
Baban çağırmış səni, yenə əski yurduna.
Səyavuş
Xayır, istəməm, xayır, İran bir cənnət olsa,
O yurda sanma bir də Səyavuş ayaq basa.
Hind ormanlarındakı qaplanlara qoşulsam,
Himalayın başında qartallara eş olsam,
Nildəki timsahların atılsam qucağına.
Mümkün... Amma tutulmam hörümçəklər ağına.
Südabələr bəsləyən uğursuz bir ölkənin,
Uğramam hüduduna, bundan əmin ol, əmin!
Əfrasiyab
Öylə isə ən güclü ordu verəyim sana,
Alt-üst edib İranı saldır Kəyan şahına!
Səyavuş
Xayır, o alçalsa da, mən alçalmaq istəməm,
Axıtsa da qanımı, mən öc almaq istəməm.
Əfrasiyab
(istehzalı gülüşlə)
Aranızda, şübhəsiz, qırılmayan tellər var,
Bu məktubu al oxu, bax gör nələr sayıqlar!?
(Məktubu Səyavuşa verir, Səyavuş gözdən keçirir).
Gərşivəz
(Əfrasiyaba yanaşır, kinayə ilə)
Bizim şanlı qəhrəman siyasətdən də anlar,
Həmən cavab bulur da işin içindən çıxar.
Səyavuş
(həyəcanlı)
İştə mənim için ölüm fitvası!
Südabənin yeni bir iftirası!
Əfrasiyab
Yazan Südabəmi?
Səyavuş
Xayır, Keykavus.
Gərşivəz
Gizli tədbirlərin heç oldu, əfsus!
Səyavuş
(sinirli)
Gərşivəz! Səndəmi dil açdın mana?
Səndəmi, səndəmi küsdün vicdana?
Əfrasiyab
Sus, mənim qardaşım təhqir edilməz!
Gərşivəz iftira, dəsisə bilməz.
Səyavuş
Haqlısınız, əvət, anladım işi,
Sadəlik də abdallığın bir eşi.
(Gərşivəzə)
Düşün, əgər xain olsaydım, əsla,
Silahsız, ordusuz çıxmazdım yola.
Dadlı dillərinə uyub gəldim mən,
Əsirgəmə, hər nə gəlsə əlindən.
Əfrasiyab
Yetər, çox şımardı, həmən susdurun!
Bağlayın qolunu!
Firəngiz
(babası önündə diz çökərək)
Mərhəmət!
Səyavuş
(onu yaxalamaq istəyənlərə)
Durun!
Firəngiz
Lütf edin, acıyın, o xain deyil!
Səyavuş
Üzülmə, yalvarma!
Əfrasiyab
(qızının qolundan tutub itələr)
Çəkil!
Səyavuş
Oh, səfil!
Lənət o günə ki, sığındım sana,
Nifrət güvəndiyim qanlı xaqana!
Mən atıb da gəldim Kəyan tacını,
(Firəngizi göstərir)
Şərəf bildim onun izdivacını.
Düşünmədim, babam kimi sənin də,
Əqrəblər yaparmış yuva beynində.
Bu bir suçmu, söylə, yalnız qəhr olan
Ölkələri xilas etdim aclıqdan.
(Vali ilə Müşaviri göstərir)
Haqq tanımaz zalımlardan öc aldım,
Bilmədim ki, buna qızarmış dayım.
Əvət, bilmədim ki, dumanlı başlar
Haqqı deyil, haqsızlığı alqışlar.
Səncə xoşmu xalqın acı fəryadı?
(həyəcanla)
Ah, babam da, sən də məzlum cəlladı!..
Əfrasiyab
Dəf edin, görməsin onu gözlərim.
Səyavuş
Bu siz, bu mən!.. Bitdi artıq sözlərim.
(Səyavuşu əsgərlər aparırlar).
Firəngiz
(babasına)
Ah, səndə mərhəmət, vicdan yoxmudur?
Səyavuş, Səyavuş!.. Aman, getmə, dur!
Gedirlər.
Bəhram
İştə boynum, iştə qılınc, xaqanım!
Qurtar onu, sənə halaldır qanım.
Əfrasiyab
Xainin cəzası ölümdür ancaq!
Piran
Saqın, öylə şanlı bir gəncə qıymaq
Qəlbindən yaralar bütün dünyanı,
Anıldıqca ağlar qoyar Turanı.
Dəliqanlı
(Təlaş ilə gəlir).
Dəhşət!.. O kimsəyi saya almayır.
Əfrasiyab
Səyavuşmu?
Dəliqanlı
Əvət, təslim olmayır.
Gərşivəz
İştə, o dönmüş bir dəli qaplana,
Saldırır da sağa-sola, hər yana.
Coşğun musiqi... Çarpışma və gurultu səsi... Səyavuş sıyırma qılınc gəlir. Önündə qaçan Valiyə, Müşavirə hücum edir, başqa cəngavərlər onun ətrafını sarar, qılınc-nizə şaqırtısı ortadığı çınladır. Bəhram da silah çəkib Səyavuşa yardım edir.
Əfrasiyab
Acımayın, vurun, həmən susdurun!
Səyavuş
Al, bu sənin!
(Valini yaralar)
Gərşivəz
(ətrafdakılara)
Hücum!
Piran
Ah, aman, durun!
Gərşivəz
Bax böylə!
(Arxadan vurur.)
Səyavuş
(Yıxılır).
Uğursuz, alçaq!
Əfrasiyab
Xainlərin budur cəzası ancaq!
Gərşivəz
Nəhayət, qırıldı zəfər şəhpəri!
Səyavuş
Səndən şərəflidir ov köpəkləri!..
Əfrasiyab
Yazı
Dostları ilə paylaş: |