Lakin Südabənin vəhşi ədası,
Kinli bir babanın ölüm cəzası,
Qaçaq kimi etdi bizi dərbədər.
Bəhram
Unut, nə olmuşsa, həp keçər, gedər.
(cibindən bir kağız çıxarır).
Heç aldırma, Əfrasiyab var olsun,
Məktubunu oxu, nasıl da məmnun!
O da saray, bu da!.. Nə fərqi varmış,
Gözlər səni burda həp sevgi, alqış.
Səyavuş
Saray aləminə məndə yox həvəs,
Həpsi qanlı məhbəs, parlaq bir qəfəs.
Dayım gömdürsə də bizi altuna,
Qoltuğa sığınmaq ağırdır mana.
Bu sırada kənardan qızların türküsü eşidilir.
Qızlar
Bəyaz, pənbə, nazlı bir quş
Yalçın qayalıqda durmuş,
Boynunu, bax nasıl burmuş?!
Kimi gözlər göyərçinim?
Mənim dilbər göyərçinim!
Bəhram
(heyrətlə göstərir)
İştə, gözəl, yosma qızlar!
Yayları var, oxları var.
Səyavuş
Həpsi ava çıxmış bəlli,
Bir az yoldan çəkilməli...
Bəhram
Nə gözəldir qadın səsi,
Könül açar şən nəğməsi!
Səyavuş
(mənalı ahəng ilə)
Əvət, qadın incə xilqət,
Alçalırsa, heçdir fəqət.
Əfrasiyabın qızı Firəngiz və nədimələr türkü söyləyərək gəlirlər.
Qızlar
Göyərçinim qanad açar,
Yüksək bulutlara uçar.
Rəqs edərək uçar, uçar,
Qayğı bilməz göyərçinim,
Enib gəlməz göyərçinim.
Zaman olur atar məni,
Bir gülüşə satar məni,
Birdən gözü tutar məni,
Həmən qoşar göyərçinim,
Ruhu oxşar göyərçinim.
Birinci nədimə
Firəngiz! Diyorlar Səyavuş gəlir.
İkinci nədimə
Mən də eşitmişəm, fəqət kim bilir?
Firəngiz
Diyorlar yenilməz qəhrəman imiş,
Adı-sanı dillərdə dastan imiş.
Birinci nədimə
Diyorlar Südabə vurulmuş ona.
Firəngiz
Demək, ana aşiq olmuş oğluna.
Birinci nədimə
(ətrafa baxır)
Dur, o nə? Baxsana, maral yavrusu!
İkinci nədimə
(nişan alır)
Ürkütmüşdür onu ölüm qorxusu.
Firəngiz
(yayına ox qoyaraq)
Durun, diri tutmalıyam mən onu.
(Gedər).
Şaşırdı, bax, dəyişdirdi yolunu.
Xızlı addımlarla gedərlər.
Səyavuş
(Bəhramla çıxaraq)
Həpsi bir-birindən sevimli dilbər!..
Bəhram
Şübhə yox, saraya məxsus pərilər...
Səyavuş
O incə səslərin dalğalı şeri
Xatırlatdı mana anam Xubçöhri.
Burda rast gəlib də ovçular ona,
Ərməğan götürmüş İran şahına.
Tosun
(Yaylı, oxlu bir dəliqanlı, əlində dovşan ölüsü gəlir).
Gün aydın!
Səyavuş
Xoş gördük, sənin adın nə?
Tosun
Tosun...
Səyavuş
Əfrasiyab payi-təxtinə
Yol çox uzaqmıdır?
Tosun
Xayır, pək yaxın.
(yana baxaraq, maraqla)
O nə? Çevrəsini sarmışlar ovun...
(İrəlilər).
Səyavuş
Dur, baxayım, gülərmi tale mana?
(Yayına ox qoyaraq qaya dibinə çəkilir, görünməz olur).
Tosun
(Bəhrama bağırır)
Afərin, afərin!
Bəhram
Nə var?
Tosun
Baxsana!
Yoldaşın devirdi ovu bir oxla.
Bəhram
(İrəlilər).
O bir məharətmi?
Tosun
Deyilmi?
Bəhram
Əsla!
Səyavuş
Ah!..
(Səsi eşidilir).
Bəhram
(qoşar)
O kimdir?
Tosun
Arxadaşın vuruldu.
Bəhram
(gəlməkdə olan Səyavuşun qoluna baxaraq)
Yaranmı var? Ver baxayım, nə oldu?
Səyavuş
Oxla vurdu ovçu qızlardan biri.
Bəhram
Hankı?
Səyavuş
(nədimələr ilə gələn Firəngizi göstərir)
Öndə gələn bu oynaq pəri!
Firəngiz
(yaxlaşır, əlindəki vurulmuş maralı Səyavuşa uzadır)
Al, bu sənin!.. Mən ki, qıymazdım ona.
Səyavuş
İştə, əl verir bu mükafat mana.
Firəngiz
(təlaş ilə nədimələrə)
Sarğı verin, çapuq!
Səyavuş
Bir şey deyildir.
Tosun
(verir)
Al!
Firəngiz
Gətir sarıyım...
Səyavuş
İstəməz.
Firəngiz
Gətir!
(Dərman qoyub yaranı sarar).
Tosun
(yardım edər, mənalı ahəng ilə)
Həm yaralar bizim qızlar, həm sarar.
Səyavuş
Onda cürət də var, mərhəmət də var.
Firəngiz
(süzgün baxışla)
Ovcugazı diri tutmaq istərkən
Buraxmadın...
Səyavuş
Suçum çoxdur gücümdən.
Bəhram
(bir az sərt, Firəngizə)
Qarşılıq görərdin qız olmasaydın.
Səyavuş
Bəhram! Zəifliyin sözündən aydın.
Firəngiz
(gülümsər)
Zəiflər daima gücdən bəhs edər.
Səyavuş
(Bəhrama)
Bu ən kəskin cavab! Düşünsən, yetər.
Tosun
İştə, Əfrasiyab da çıxmış ova,
Kimsə qalmamışdır bu gün sarayda.
Firəngiz
Ov üçün yararmı öylə dəbdəbə?
Qarşı çıxmış onlar həp Səyavuşə.
Birinci nədimə
Əvət, doğru...
İkinci nədimə
İştə, gəldi Piran da.
Firəngiz
Haydı, seyr edəlim biz də bir yanda.
(Çəkilmək istərlər).
Piran
(Gəlir).
Səyavuş? Sənmisən? Xoş gəldin, oğlum!
(Qucaqlar öpər, Bəhrama əl verər).
Firəngiz
(heyrətlə)
Səyavuşmu?!
Piran
(sarğıya baxar)
O nə?
Səyavuş
Cızılmış qolum.
Tosun
Həm yaralar bizim qızlar, həm sarar.
Bəhram
Öylə bir şey deyil, keçər...
Piran
(gələnləri Səyavuşa göstərir)
Baxsana!
İştə, bütün saray çıxmış qarşına.
Səyavuş
Təşəkkür!.. Az deyil lütfünüz mana,
Bilməm ki, layiqmi Səyavuş buna?
Piran
Hər könüldə sənə hörmət bəslənir,
Adın Altay dağlarında səslənir.
(Əfrasiyab hökumət ərkanı ilə gəlir).
Piran
(Səyavuşa)
Dayın Əfrasiyab, o şanlı xaqan!
(Əfrasiyaba)
Oğlumuz Səyavuş, adlı qəhrəman!
Əfrasiyab
(Səyavuşu qucaqlar, öpər).
Xoş gəldin, bu yurda gətirdin səfa,
Qəhrəman Səyavuş!
Hamı
Var ol, min yaşa!
Əfrasiyab
(ətrafındakılara)
İştə, həmşirəmin şahin yavrusu!
Parlar gözlərində zəfər duyğusu.
Səyavuş
Çocuq babasından qaçarsa, bəlli
Ana qucağında bulur təsəlli.
Əfrasiyab
Əvət, İran sənə baba ocağı,
Bu yurdda bulursan ana qucağı.
Şübhəsiz, xor baxsa baba oğluna,
Ana köksü daim açıqdır ona.
Gərşivəz
Bu ölkənin qorxu bilməz elləri,
Kişnəyən atları, coşğun selləri,
Qartal yavruları səni gözləyir,
Həp səninçin şanlı günlər özləyir.
PƏRDƏ
II SƏHNƏ
Əfrasiyab sarayında türk zövqünə uyğun bir salon.
Əfrasiyab
Afərin Səyavuşa, dün vuruldum mən ona,
Vaqif imiş gerçəkdən bütün hərb üsuluna.
Piran
Bəsləmiş qucağında onu sənin həmşirən,
Sonra almış tərbiyə Rüstəm kimi igiddən.
Əfrasiyab
Çalış, mümkün olduqca, al da onun könlünü,
Unutsun keçənləri, xoş keçirsin beş günü.
Piran
Məncə Səyavuş qızın Firəngizlə birləşsə,
Birləşir iki ölkə...
Gərşivəz
(son sözləri dinlər, alayçı tərz ilə)
Əvət, gözəl vəsvəsə!..
Əfrasiyab
Firəngizlə Səyavuş görüşdülərmi?
Piran
(əli ilə rədd edər)
Əsla!
Əfrasiyab
O halda sən onların fikrini sor da, anla!
Gərşivəz
(acı və alayçı gülümsəyişlə)
Tezdir daha, bəkləyin, çocuq sanmayın onu,
Bir siyasət olmasa, atmaz baba yurdunu.
Əfrasiyab
Yersiz şübhə!.. Bu səndə ikinci bir təbiət...
Piran
Səyavuşdan uzaqdır, hər hiylə, hər siyasət.
Əfrasiyabla Piran çıxar.
Gərşivəz
Gör məndən daha əvvəl kimlər vəliəhd olur?
Xayır, yaşatmam onu, umulmaz cəza bulur.
(Çıxır).
Firəngiz nədimələrlə girir.
Birinci nədimə
Firəngiz, Firəngiz! Nə olmuş sana?
Söylə, səni üzən hankı fırtına?
İkinci nədimə
Bayğın gözlərində acı bir hal var,
Səyavuşdanmıdır bu iztirablar?
Firəngiz
O bir yıldız kimi axdı könlümə,
Atəşli bir çiçək taxdı könlümə.
Əlimdən aldı səbrimi, uyqumu,
Alov dalğaları sardı ruhumu.
Çırpınan qəlbimə yardım eyləyin!
Dərdimi siz açın, ona söyləyin!..
İstəməm, istəməm, açmayın, xayır,
Bəlkə onun könlü başqasındadır?!
Birinci nədimə
Xayır, sənsən onun dilək pərisi.
İkinci nədimə
(qapıya baxar, arxadaşına)
Biz gedəlim, gəldi iştə kəndisi!
Birinci nədimə
(Firəngizə)
Əmin ol ki, ələ düşməz bu fürsət.
Firəngiz
Bilməm nə söyləyim?
İkinci nədimə
Haydı, cəsarət!..
(Pərdə arxasına çəkilirlər.)
Firəngiz
(əli alnında, şaşqın)
Uf, yadımdan çıxdı bütün sözlərim.
Səyavuş
(gəlir, vurğun bir ahəng ilə)
Sənmisən?.. Nəhayət, güldü gözlərim.
Firəngiz
Yaran nə haldadır?
Səyavuş
Həp sağalmamış.
Firəngiz
(qoluna baxır, şübhəli gülümsəyişlə)
Hanı? Ondan bir iz belə qalmamış...
Səyavuş
Qəlbimdədir izi, görünməz gözə,
Sızlar, durur, gəlincə biz üz-üzə.
Bir kərrəcik səni ovlaqda gördüm,
Sonra gözlərimdən iraqda gördüm.
Bütün qızlar mənə yaxın olduqca,
Sən ürküb qaçırsan, səbəbsizmi ya?
Firəngiz
(süzgün baxışla)
Qaçmaq da yaxlaşmaq üçün bir yoldur.
Səyavuş
Səyavuş o halda bəxtiyar olur.
Firəngiz
Bəxtiyarmı!?
Səyavuş
Əvət, bir anlat mana,
Sənin də nisbətin varmı xaqana?
Firəngiz
Mən bir müsafirim bu aşiyanda,
Köçmək üzrəyim ən yaxın zamanda.
Səyavuş
Hankı bir diyara?
Firəngiz
Kəndim də bilməm!
Səyavuş
Tühaf bilməcədir! Almaz düşüncəm.
Hankı səyahətə çıxsa bir durna,
Bir göyərçin uçub qaçsa hər yana,
Yenə axşam üstü bulur bir yuva...
Firəngiz
(gülümsər, mənalı bir tövr ilə)
Şübhəlidir mənim için o məva.
Səyavuş
Sözlərin başqadır, gözlərin başqa...
(Əllərini yaxalamaq istər.)
Firəngiz
(pərdə arxasına keçər)
Dur, gələn var, görüş qalsın sonraya.
Səyavuş
(gözləri ilə onu izlər, həyəcan içində)
Mən uymadım hər dilbərin kamına,
Uğradım çoxunun intiqamına.
Bilmədim ki, bir gün bənd olur könül
O şahin gözlərin ehtişamına.
Yürürkən sanki naz edər göylərə,
Səcdə etməyimmi xoş xuramına?
Əfrasiyab, Piran, Gərşivəz və Tosun girir.
Bir göyərçin əsir etdi qartalı
Gözəllik namına, sevgi namına.
Əfrasiyab
Nədir bu dalğınlıq, nə olmuş, oğlum?
Səyavuş
Saray həyatından artıq yoruldum.
Piran
Dayın həp şən görmək istəyir səni,
Burdan evləndirmək istəyir səni.
Səyavuş
Hər nəyə əmr etsə xaqan haqlıdır,
Lakin Səyavuşun qəlbinə, xayır...
Gərşivəz
Bəlkə İranda var başqa sevdiyi.
Səyavuş
Əsla!..
Əfrasiyab
(Tosuna)
Firəngizi çağırsan eyi,
Uzlaşsalar, düyün başlanır yarın.
Piran
Firəngiz gözüdür bütün qızların.
Səyavuş
Kimsəyə mən könül vermədim daha,
Yalnız bir ovçu qız gördüm ovlaqda,
Həmən könlümü bir baxışda çaldı,
Yadigarı iştə qolumda qaldı.
Əfrasiyab
Bütün qızlar gəlsin!
Piran
(işarə eylər)
Olur, çox əla.
Gərşivəz
(ətrafa)
Ah, sevdiyi birdən Firəngiz olsa!?
Dəhşət daha kəskin olar şübhəsiz.
Qızlar gəlir.
Əfrasiyab
(Səyavuşa)
Hankısıdır?
Səyavuş
İştə!..
(Firəngizi göstərir).
Əfrasiyab
(məmnun)
Qızım, Firəngiz!
Səyavuş
Mən müsafir sandım onu sarayda.
Əfrasiyab
Yanlış da bir naxış!..
Piran
Əvət, öylə ya,
Həyat səhnəsində həp müsafiriz.
Əfrasiyab
(Firəngizə)
Sən də könlünü aç!
Firəngiz
Siz vəkilsiniz.
Əfrasiyab
Afərin, çox gözəl cavab, afərin!
(Qolları arasına alır. Sonra vəzirə)
Piran! Uğurludur sənin əllərin,
Dəyişdir bunların bazubəndini,
İcra olunsun da nişan ayini.
Piran
(Səyavuşun bazubəndini Firəngizin qoluna, onunkunu da Səyavuşun qoluna taxır).
İştə, ruhlardakı duman sovuşdu,
İki yıldız bir-birinə qovuşdu.
Gərşivəz
(Tosuna, kinli)
Xayır, xayır, mümkün deyil bu əsla,
Gərək dağılsın bu uğursuz yuva!..
Tosun
Fikrin nədir?
Gərşivəz
Onu göstərir zaman.
Piran
İştə alqışlara layiq bir nişan!
Əfrasiyab
Səyavuşa tac və xələt verilsin.
Səyavuş
İstəməm, sadəlik xoşdur mənimçin.
İranda da vardı tacım, xələtim,
Həp buraxdım, həzz etmədi xislətim.
Əfrasiyab
Neçin buraxdın? Pək uğursuz şeymi?
Səyavuş
Sıxdı məni altun bir zəncir kimi.
Əfrasiyab
Haydı, məndən böyük bir rütbə istə!
Səyavuş
Gözüm yoxdur mənim heç bir rütbədə.
Piran
Cəngavərlik daha xoş gəlir ona.
Əfrasiyab
Göndərəyim səni Çin hüduduna;
Böyük bir vilayət üsyan içində
Həp çırpınıb durur al qan içində.
Səyavuş
Al qan içindəmi? Səbəbsizmi ya?!
Əfrasiyab
Yasamızı kimsə almayır saya.
Səyavuş
(məğrur)
Bir ay belə sürməz o qanlı dalğa.
Gərşivəz
(ətrafa)
Cənazən gömülər orda torpağa.
Piran
(əlini Səyavuşun umuzuna qoyaraq)
Səyavuş söndürür onu şübhəsiz.
Əfrasiyab
(qızını süzərək)
Etiraz etməzmi buna Firəngiz?
Firəngiz
İki könül birsə, diləklər də bir.
Əfrasiyab
Gedin, birlik sizə səadət verir.
Gedirlər.
Birinci vəzir
Fikrin nədir?
İkinci vəzir
Onu göstərər zaman.
Gərşivəz
İştə alqışlara layiq bir nişan.
Xayır, xayır, mümkün deyil bu əsla,
Dağılsın gərək bu uğursuz yuva.
PƏRDƏ
DÖRDÜNCÜ PƏRDƏ
I SƏHNƏ
Çin hüdudunda türk və çin zövqü ilə süslənmiş vali qonağı...
Vali
(Qalın bığlarını eşir. Barmaqlarını gur saqqalı içində daldırıb düşünür. İçəri girən qurd baxışlı müşavirə)
Nə var, nə yox?
Müşavir
Vali sağ olsun, bütün
Ölkədə bir sevinc izi var bu gün.
Vali
Afərin, səndəki zəka bəllidir,
Yoxdur sənin kimi qurnaz müşavir.
Müşavir
Xayır, sanma bizə uymuş cəmaət.
Hər kəs Səyavuşa edər itaət.
Qaçaq Altay belə fürsət bulub da
Xain asilərə edər komanda.
Bütün qaçaqları taxmış ardına,
Atar bizim məmurları zindana.
Vali
Bilməm bu haqqı kim vermişdir ona?
Müşavir
Bəlli, arxalanmış xaqan oğluna.
Onu Səyavuşmu şımartdı, yoxsa
Bu cürətlə atılmazdı ortaya.
Üsyan yatırmağa gələn bu sərsəm,
Meydan oxur bizə, nədənsə bilməm!
Vali
Gəlsin, onu dadlı dilə basmalı,
Bir səbəb bulub da həmən asmalı!..
Müşavir
Xayır, asmaq doğru deyil, bir gecə
Yataqda məhv etməlidir gizlicə.
Bu sırada silahlı zəbtiyyə məmurları üstü, başı yırtıq üsyançı köylüləri gətirirlər. İçlərində iki qadın da bulunur. Yalnız önlərincə gələn və kinli baxışla bir tərəfdə duran gənc Yalçın təmiz geyinmişdir.
Məmur
Gəlin, haydı!
(Yalçının yaxasından tutub çəkər).
Sən də!..
Yalçın
(qızğın)
Burax!..
Zəbtiyyə məmuru
Azğınlar!
Üsyançılar
Azğın biz deyilik.
Məmur
Ya kimdir?
Üsyançılar
(məmurları göstərir)
Onlar!
Vali
(qadınlara işarətlə)
Bunlardamı üsyançıdır?
Yalçın
Şübhəsiz,
Taun, vəba qarşısında həp biriz.
Vali
Taunmu?
Yalçın
Siz taundan da uğursuz,
Ölümdən də zalım və qorxuncsunuz.
Vali
Bu kim?
Məmur
Yalçın! Tazə gəlinin əri!..
Vali
Zəncirsiz dururmu böylə sərsəri!
Yalçın
Deyil mana, zəncir yaraşır sana!
Vali
Söylətməyin, haydı, atın zindana!
Yalçın
Vicdansız canavar!
Vali
Susdurun!
Məmur
Sonra?
Vali
Həpsi birər-birər çəkilsin dara.
Yalçın
Alçaq!
(Valiyə)
Yarın sən də izlərsən bizi.
Zəbtiyyə məmuru
(qırmancla vurur)
Haydı!
(Onları aparır).
Vali
Öncə onun silinsin izi!
(Müşavirə)
Nə var? Gözlərinə bir qayğı doldu,
Yalçının gəlini əcəb nə oldu?
Müşavir
(yana baxaraq)
İştə... Baxışları olduqca kəskin!
Vali
(Ona yaxlaşır).
Nədir gözlərində bu hiddət, bu kin?
Düşün, təslim olmadıqca sən mana,
Həsrət qalacaqdır nişanlın sana.
Gəlin
Mənim duvağımı sən deyil, ancaq
Yalçın açmalıdır.
Vali
(qolundan tutar)
Yaxın gəl!
Gəlin
(geri çəkilir, nifrətlə)
Burax!
Müşavir
Yavrum, hər gəlin ki, yeni köçərsə,
Bikri ancaq nəsib olur rəisə.
Şərəfdir bu sana, düşünsən bir az,
Valinin diləyi heçə sayılmaz.
Vali
Bu bir qanun! Hər kim boyun qaçırsa,
Eli, əqrabası batar həp yasa.
Qatlandım nazına bütün bir gecə,
Qırma məni, yaman olur nəticə.
Gəlin
Mənim könlüm hər qülbəyə,
Nəşə sərpən atəş deyil.
Mənim eşqim hər kölgəyə
Gülümsəyən günəş deyil.
Gülünc taleyimdən mana
Bu gün sönük bir ah qaldı.
Qopdu zalım bir fırtına,
Gənc ömrümü həsrət aldı.
(Ağlar).
Vali
İstər gül, istər ağla,
Mana ram olmadıqca,
Qurtulamazsan, saqın!
Nə sən, nə də nişanlın.
Gəlin
(sərt)
Mümkün deyil bu əsla;
Namus deyil paçavra!
Vali
(bağırır)
Tərbiyəsizlik yetər!
(Müşavirə)
Bu pərdəni aç, göstər!
Bəlkə bir az uslansın.
Müşavir pərdəni açır. Uzaqda dəniz və yelkən gəmisi, bir tərəfdə dağlar, ən yaxında isə dar ağacında üzü arxaya ağ kömləkli bir cənazə görünür.
Gəlin
(onu nişanlısı zənn edərək)
Ah, o Yalçınmı!? Yalçın!
Aman, nədir bu dəhşət!?
Sənsiz həyata nifrət!..
(Hıçqırıqlar içində bayılıb düşür).
Məmur
Xayır, o Yalçın deyil,
Sənin nişanlın deyil.
O, məhbəsdə inləyir,
Heçlikləri dinləyir.
Vali
Zavallı!.. İştə bitdi,
Bir anda söndü, getdi.
Cənazənin üzərinə bir örtü çəkirlər. Dışarıda qorxunc və gurultulu
səslər eşidilir.
Səslər
Hanı xırsızdar bəyi?
Yetər tüğyan etdiyi.
Nerdə, göstərin onu,
Gəlmiş ömrünün sonu.
Vali
Kimdir onlar?
Müşavir
Səfillər!
Səndən öc almaq dilər.
Vali
Bu azğınlıq yararmı?
Yoxsa çıldırdılarmı?!
Türk və çinli qiyafəsində bir yığın üsyançı xalq gurultu ilə içəri soxulur. Sadə geyimli Səyavuşla Bəhram da bir tərəfdə durur. Qarayağız Altay isə qabağa gəlir.
Altay
İştə, o xain burda!
Üsyançılar
O düşməndir bu yurda.
Altay
Həmən cəza bulmalı!
Üsyançılar
Bir anda məhv olmalı!
Vali
Azğın! Şaşırdınmı sən!?
Müşavir
İştə o pək sərsəri.
Vali
Bu sayğısızlıq nədən!?
Müşavir
O, bunların rəhbəri.
Altay
Artıq yetər, səbrimiz həp tükəndi.
Üsyançılar
Səbrimiz həp tükəndi.
Altay
Hüququmuz, namusumuz çeynəndi.
Üsyançılar
Namusumuz çeynəndi.
Vali
Mən ayrılmam ədalətdən, qanundan.
Üsyançılar
Yalan!.. Çəkilməz yalan!
Altay
(əlilə göstərir)
İştə, ədalətin dar ağacları!
Boğazlatdın acları.
Quraqlıq bir yandan, sən də bir yandan,
Xalqa uddurdunuz qan.
Ölkə viran oldu, çıraqlar söndü,
Evlər məzarə döndü.
Vergi deyə hər gün bizi soydunuz,
Yaman günə qoydunuz.
Vali
Gəlirsiz hökumət təməldən bitər.
Üsyançılar
Bitsin, yox olsun, yetər!
Bir nəfər çinli
Yetər, sandınız bu xalqı oyuncaq,
Xalqı xırpalayır hökumət ancaq.
Yalçın
İştə mən!..
Vali
Səni kim buraxdı?
Yalçın
(Üsyançıları göstərir).
Şaşqın!
Səncə əyləncəmi bu qorxmaz axın?
Vali
Sus, bu, hökumətə qarşı üsyandır!
Yalçın
Sənin azğınlığın bizə əyandır.
Altay
(önünə keçər, qızğın)
Yetər çıldırdınız hökumət! - deyə,
Evləri yıxdınız, ədalət! - deyə.
Məzlumlar qanından badə sondunuz,
Qarğa-quzğun kimi leşə qondunuz.
Qanun deyə doğruluqdan caydınız,
Xalqın namusunu heçə saydınız.
Aldıqları nəfəs - zəhərli ahlar,
Qidasız çocuqlar ot yeyib yaşar.
Söylə, öyündüyün ədalət bumu?
Hökumət dediyin rəzalət bumu?
Vali
Kimsə böylə təhqir etməmiş məni,
Sən nəçisən, kimsən? Aşma həddini!
Altay
Zülmətləri yaran bir şimşəyəm mən,
Doğdum məzlumların diləklərindən.
Vali
(qafasını sallar, acı gülüşlə)
Bildim ki, Altaysan, bəlli şöhrətin,
Şübhəsiz böyükdür, gücün, qüdrətin.
(Camaatı göstərir).
Əfsus, güvəndiyin bu sərsəmlərin
Cümləsi üsyançı, cümləsi xain.
Səyavuş
Bu adlar yaraşır ancaq Valiyə.
Vali
Mən kimlərə üsyan etidm?
Səyavuş
Hər şeyə;
Haqqa, ədalətə, insaniyyətə,
Namusa, vicdana və heysiyyətə.
Vali
Demək, sən də uyub bu xırsızlara,
Qıymaq istəyirsən böyük sərdara.
Türk və moğol dursun, çinlilər belə
Şımardı da əlbir oldu səninlə.
O çinlilər ki, dün bizə əsirdi,
Qarşımızda bu gün dodaq gəmirdi.
Altay
Həpsi məzlum, ya türk olsun, ya çinli.
Səyavuş
(acı gülüşlə)
Tülkü baxışların nasıl da kinli!?
Vali
(sinirli)
Qəhrəmanlıq səni məğrur etməsin,
Qorxunc olar cəzan...
Səyavuş
Söylənmə, miskin!
(üsyançılara)
Bağlayın qolunu, susdurun onu!
Üsyançılar Yalçınla arxadaşının yarıbağlı qolunun zəncirini açıb, Vali ilə Müşavirin qolunu bağlayırlar.
Çinli
İştə haq bağıran haqsızın sonu!
Yalçın
(Valiyə dar ağacını göstərir).
Dostları ilə paylaş: |