Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


V MÖVZU IX –XII əsrlərdə Azərbaycan feodal dövlətləri



Yüklə 332,19 Kb.
səhifə5/27
tarix02.01.2022
ölçüsü332,19 Kb.
#39777
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27
1-1Az tarixi

V MÖVZU

IX –XII əsrlərdə Azərbaycan feodal dövlətləri.

P L A N

1.Xilafətin dağılması şəraitində Azərbaycanda ictimai siyasi vəziyyət. Müstə­qil­ləş­mə prosesinin başlanması.

2.Müstəqil feodal dövlətlətləri: Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Şirvan-şahlar.

3.Azərbaycan Atabəylər dövlətinin yaranması. Şəmsəddin Eldəniz

4.IX-XII əsrlərdə Azərbaycanın təsərrüfat həyatı, şəhərlər və mədəniyyət.

Ədəbiyyat

1. Azərbaycan tarixi.VII cilddə, II cild, Bakı, 2005, səh.283-424.

2. Azərbaycan tarixi.(Z.Bünyadovun redaktorluğu ilə) Bakı, 1994,səh. 273-322.

3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 121-137.

4. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti. Bakı, 1985,səh.185-220.

5. Şərifli M.X.IX əsrin 2-ci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri.

Bakı, 1978, səh. 258-343.

6. Kərimov N.Odlar yurdunun səyyah və coğrafiyaşünasları. Bakı, 1996.

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

Abbasi Ərəb Xilafəti tarixində IX əsrin sonu X əsrin əvvəli geniş ərazili müsəlman imperiyasının ucqarlarındakı yerli hakim və canişinlərin seperatizminin güclənməsi ilə əlamətdardır. Onlardan hər biri mərkəzi hakimiyyətin üzləşdiyi çətinliklərdən istifadə edərək ayrılmağa, yarımmüstəqil və yaxud müstəqil dövlət qurumu yaratmağa can atırdı. Belə hakim və canişinlər ilk növbədə xəlifənin xəzi­nəsinə göndərilən vergilərin məbləğini azaltmağa çalışır, sonra isə vergini ödəmək­dən imtina edirdilər.

Mərkəzi hakimiyyətdən birinci olaraq Mərakeş, Əlcəzair, Tunis və Liviya ayrıl­dı. 788 və 800-cü illərdə bu ərazilərdə İdrisilər, sonra isə Əqləbilər sülaləsi möh­kəm­lən­di. 20 il sonra Yəməndə Zeydilər, Xorasanda Tahirilər və bu kimi dövlət­lər mey­da­n­­a gəldi.

861 –ci ildə xəlifə Əl-Mütəfəkkil öldürüldükdən sonra Xürrəmilər hərakatının təsi­ri ilə artıq tamam zəifləmiş Xilafətin parçalanma prosesi yenidən başlanır.

Təbəristanda Ələvilər, İranda Səfvarilər, Misirdə Tulinilər, Xorasan və Orta Asiyada Samanilər dövlətləri meydana çıxdı.

Abbasilər imperiyasının dağılması şəraitində Azərbaycanda da müstəqilləşmə meylləri güclənir və bunun da nəticəsində bir sıra müstəqil və yarımmüstəqil dövlətlər yaranır. Onlar Xilafətə tabe olmaqdan boyun qaçırırdılar.

Səlnaməçi İbn Xordadbehin (IX əsr) və digər ərəb müəlliflərinin verdiyi məlumata görə həmin dövrdə Təbrizdə Məhəmməd İbn Rəvvad, Mərənddə Məhəm­məd İbn –Bəyis, Muğanda Səklə hökmdarlıq edirdi.

Azərbaycanın Şimal torpaqlarında ( Aranda ) ərəblərdən müəyyən qədər asılı olan Sünik,Varsan, Beyləqan, Qəbələ, Şəki və şair kimi knyazlıqlar fəaliyyət gös-tərirdi. Lakin göstəriciliyi kimi onlar tam müstəqil olmayıb, Xilafətə vaxtlı-vaxtında vergilər ödəyirdilər. Bəziləri zəif olduqları üçün Ərəb Xilafəti ilə müba­rizədə sıradan çıxırdılar. Həmçinin feodal ara müharibələri də bəzi knyazlıqların məhvinə gətirib çıxarırdı.

Babək üsyanı yatırıldıqdan sonra IX –XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal dövlətləri ərəblərin hakimiyyətindən imtina edir və özlərinin müstəqil­lik­lər­inə nail olurdular. Belə dövlətlər sayca çox idilər. Onlardan daha nüfuzluları Şirvanşah­lar, Sacilər, Salarilər və Rəvvadilər idilər. Sonuncu üç dövlət müxtəlif dövrlərdə müvafiq olaraq biri- birini əvəz etmişdir.

IX əsrin ortalarından başlayaraq Azərbaycan Ərəb Xilafətinin təsirindən azad olduqca, ölkədə əkinçilik, maldarlıq, sənətkarlıq daha da inkişaf etməyə başladı. Feodal münasibətləri daha da inkişaf etməyə və genişlənməyə başladı.

Feodal torpaq mülkiyyətinin ən çox yayılmış forması yenə də divan və iqta olarq qalmaqda idi.

Sənətkarlıq da inkişaf edir və ölkənin iqtisadiyyatında mühüm yer tuturdu. IX-X əsrlərdə Bərdə, Bakı, Gəncə, Şamaxı , Naxçıvan, Beyləqan, Bərdə, Ərdəbil, Təbriz, Marağa kimi böyük səhərlər var idi. Bərdə, Gəncə və Ərdəbil böyüklüyünə görə Bağ­dad şəhərindən geri qalmırdılar. Şəhərlərdə çoxlu mədrəsələr, məscidlər, saraylar, karvansaralar, örtülü bazarlar, hamam və ictimai binalar var idi.

X əsr ərəb müəllifi Müqəddəsi Azərbaycan haqqında yazırdı: “Bu vilayətin bütün şəhərləri gözəldir, ərzaq və mədənlərlə zəngindir, meyvə və ərzaq bol və ucuzdur”

Ölkənin ən böyük şəhəri “Arranın anası”adlanan Bərdə şəhəri idi. (Ummur-Pan) Cənubda ölkənin siyasi mərkəzi Təbriz şəhəri idi. Dərbənddə ticarət xeyli inkişaf etmişdi. Dərbənd tacirləri Bizans və Xəzərlərlə ticarət edirdilər. IX əsrdən başlayaraq Azərbaycan beynəlxalq ticarətdə mühüm rol oynamağa başladı. Əsasən bu dövrdə slavyanlar və xəzərlərlə qızğın ticarət gedirdi. Dünya ticarət yollarının qovşağında yerləşən şəhərlərin bazarlarına təkcə ölkənin daxilindən deyil, xarici ölkələrindən də yüzlərlə tacir gəlirdi.

Xilafətin zəifləməyə və parçalanmağa başladığı bu dövrdə müstəqilləşən və hətta Xilafətə meydan oxuyan Azərbaycanın feodal dövlətlərindən biri Sacilər dövləti olmuşdur.Sacilər sülaləsinin banisi Əbu Sac Divdad olmuşdur.O, adlı-sanlı türk sərkərd­ələrindən idi. Əbu Sac Divdad Xilafət ordularında döyüşərək, böyük sınaq­lar­dan çıxmış, Abbasilərə qarşı baş verən üsyanların yatırılmasında fəal iştirak etmiş­dir.

Sacilərin banisinin Əbu Sac Divadad olmasına baxmayaraq, Sacilər dövləti (889-942) onun oğıanları Məhəmməd və Yusiflin dövrlərində yaranmışdır. Belə ki, Məhəmmədi xidmət müqabilində Xəlifə 889-cu ildə Azərbaycanın hakimi təyin edir. Təbərinin yazdığına görə O, “Azərbaycana gəldikdən dərhal sonra özünü müstəqil elan edib Xilafətə tabe olmaqdan boyun qaçırdı.”

Sacilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Məhəmməd ona qarşı itaətsizlik göstərən Marağa hakimini məğlub edərək şəhəri ələ keçirir. 893-cu ildən başlayaraq Məhəmməd bir neçə dəfə Ərməniyyə üzərinə uğurlu yürüşlər təşkil edir. O,Ər-məniyyənin paytaxtı Dvin şəhərini tutaraq Ərməni hakimi I Sumbatı əsir götürmüşdü. O, öz oğlu Divdadi Ərməniyyəyə hakim təyin etmişdi. Bundan sonra Məhəmməd Tiflisi ələ keçirərək şəhəri soyub taladı.

901-ci ildə Bərdə şəhərində Məhəmməd taun xəstəliyindən vəfat edir. Onun yerinə oğlu Divdad hakimiyyətə keçir. Lakin onun hakimiyyəti uzun çəkmədi, avqust ayında əmisi Yusif onu hakimiyyətdən salıb, ozü xəlifənin Azərbaycan hakimi və canişini oldu.Yusif də hakimiyyətə keçən kimi Ərməniyyə və Gürcüstan səfərlərinə çıxmışdır. Hətta 914-cü ildə Dvini tutan Yusif erməni hakimi I Sumbatı edam etdirdi: 915-ci ildə Yusif Azərbaycan və Ərməniyyədə öz hakimiyyətini möhkəmləndirə bildi.

Sacilərin sərhədləri şimalda Dərbəndə, şərqdə Xəzərə, qərbdə Ani və Dəbil şəhərlərinə, cənubda isə Zəncan şəhərlərinə qədər uzanırdı. Sacilər Yusifin dövrün­də ilk dəfə şimallı-cənublu Azərbaycanı bir hakimiyyət altında birləşdirə bilmişdilər.

Yusif 912-ci ildə Xəlifəyə xərac verməkdən imtina edir və bu məsələ onların arasında mübarizəyə səbəb oldu. 918-ci ildə Yusif 7 minlik qoşunla Xəlifənin 20 minlik ordusunu məğlub edir. 919-cu ildə Xəlifə, Munisin sərkərdəliyi ilə yeni qoşun göndərsə də Yusif tərəfindən məğlub edilir. İyulun 16 da Ərdəbil yaxınlığındakı döyüşdə Xəlifə qoşunu darmadağın edilərək, qoşun başçısı Munisi əsir götürürlər.

Bunu görən Xəlifə 922-ci ildə Yusifi Azərbaycan və Ərməniyyə canişini, Rey, Zəncan, Qəzvin valisi təyin etdi. Yusifin qələbələri, Azərbaycan və digər əra­ziləri müstəqil idarə etməsi Xəlifəni narahat edirdi. 927-ci ildə Xəlifə Yusifi Qərmə­tilər üzərinə hücuma göndərir. 927-ci il dekabırın 27-də Kufə şəhəri yaxınlığında Yusif­in qoşunları Qərəmətilər tərəfindən məğlub edilir. Yusif isə döyüşdə yara­lanaraq əsir düşür və az sonra vəfat edir. Yusif 24 il hakimlik etmişdir. Onun dövründə Azərbaycan torpaqları mərkəzləşdirilmişdir. Yusifin ölümündən sonra haki­mi­yyət əldən ələ keçir. Nəhayət 941-ci ildə Sacilərin son hakimi Deysəm Deyləm hakimi Məzrban İbn Məhəmməd tərəfindən məğlub edilir və bununla da Sacilər dövlətinə­ son qoyulur.

Saciləri mənşəcə Deyləmdən olan Salarilər əvəz etdilər. Onlar Gilanın Salarilər tayfalarına mənsub idilər. Salarilər dövlətinin (942-981) paytaxtı Ərdəbil idi.

Mərzban İbn Məhəmməd çətin mübarizə şəraitində Sacilərin hakimiyyəti altında olan torpaqları öz hakimiyyəti altında birləşdirə bildi. O, Azərbaycanın şimal qərb vilayyətlərini, Ərməniyyəni və hətta Şirvanşahları özündən asılı saldı.

Mərzban İbn Məhəmməd cənub–şərq vilayyyətlərinin, xüsisilə Zəncanın, Əhərin və Qəzvinin İsfahan hakimindən asılı qalmasından narahat idi. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O,bu niyyətlə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzivinə getdi. Onun əlində 5 minlik ordu olmasına baxmaya­raq, özündən dəfələrlə çox olan düşmənlə döyüşə atıldı. Lakin məğlub olaraq əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda feodal ara çəkişmələri güclənir. Hakimiyyəti əvvəlcə Mərzbanın atası, sonra isə qardaşı Vəhsudan ələ keçirir. 953-cü ildə Mərzban əsirlikdən qaçaraq Ərdəbilə gələrək hakimiyyəti ələ keçirir. O, vilayyətlərdən alınan vergiləri nizama salır, maliyyə işlərinə nəzarəti və diqqəti artırır.

Salarilərin qoşunu maaşla saxlanılan daimi süvari dəstələrdən və piyada hissələtrdən ibarət idi. Hətta onların dənizdə gəmiləri də var idi.

957-ci ildə Mərzban vəfat edir. Onun ölümündən sonra oğlanları və qardaşı Vəhsudan arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Sülalə arasında gedən mübarizə nəticəsində mərkəzi dövlət zəiflədi və parçalandı. Mərzbanın oğlu İbrahim hakimiyyəti ələ keçirir ( 961-981) . O, səltənətin əvvəlki şöhrətini bərpa etməyə çalışsa da buna nail ola bilmir, əksinə bir çox əyalətlər mərkəzi hakimiyyətə vergi verməkdən imtina edirlər. Şirvanşahlar, Dərbənd, Gəncə vilayətləri, Arranın bir hissəsi, Ərməniyyə Salarilərin asılılığından çıxdılar. Belə bir şəraitdə Əhər və Təbriz hakimi, Rəvvadilər nəslindən olan Əbulheca 981-ci ildə Salari İbrahimi məğlub edərək əsir aldı və Ərdəbili tutmaqla hakimiyyəti öz əlinə keçirdi. Salarilər dövləti 40 il yaşamışdır.

Rəvvadilər sülaləsinin mənşəcə tarixi qədimlərə gedib çıxır. Onlar VIII əsrdə Təbrizdə, Marağada, Əhərdə, Qaradağda hakimlik etməklə uzun müddət müstəqilliyə can atmışdılar. X əsrin ikinci yarısında Qaradağ hakimi Əbulheyca Salarilərdən asılı idi. Lakin O, yaranmış vəziyyətdən istifadə edərək 981-ci ildə Salari İbrahimə tabe olmaqdan boyun qaçırdı, onunla mübarizəyə başladı və qalib gəldi. Beləliklə rəsmən Rəvvadilər dövləti yarandı. Vaxtilə Salarilərin əlində olan Azərbaycan və Ərməniyyə torpaqları Rəvvadilərin hakimiyyəti altına keçdi. Paytaxt Ərdəbildən Təbrizə köçürüldü. Çünki Təbriz Ərdəbilə nisbətən iqtisadi, siyasi və mədəni cəhətdən xeyli inkişaf etmişdi.

Əbulheyca 987-ci ildə Ərməniyyəyə hücum edərək özünə tabe etdi. Sonra Xoy və Urmiya feodallarını özündən asılı vəziyyətə saldı. Dövlətin ərazisi genişlənməklə onun nüfuzu da yüksəlirdi.

Əbueheycanın varisi Vəhsudanın dövründə (1020-1059) ölkə daxilində həyata keçirilən tədbirlərin nəticəsində mərkəzi hakimiyyət xeyli qüvvətləndi. Onun dövründə Rəvvadilərin əsas rəqibi Şirvanşahlar idi. 1042-ci ilin oktyabrında Təbrizdə güclü zəlzələ baş verdi. Mənbələrin verdiyi məlumata görə 40 mindən çox adam həlak olmuş, çoxlu tikililər və qalalar yerlə -yeksan olmuşdu. Bununla da Təbrizin müdafiə qabiliyyəti zəifləmiş oldu. Rəvvadi Vəhsudan Təbrizi tərk edib başqa qalaya köçür. Məhz bu səbəbdən Səlcuqların hücumu zamanı Təbriz müqavimət göstərə bilmədi.

İbn əl -Əsir yazır ki, “Səlcuq hakimi Toğrul bəy bir sıra səbəblərdən sonra 1054-cü ildə Təbrizə gəldiyi zaman Vəhsudan siyasi hakimiyyəti əlində saxlamaq məqsədilə səlcuqların vassalığını qəbul etməyə məcbur oldu.” Səlcuq Alp Arslan 1065-ci ildə Rəvvadilərin daxili müstəqilliyini tamamilə ləğv etdi və Təbrizə Səlcuq əmiri təyin etdi. Süqut etməsinə baxmayaraq Rəvvadilər dövləti bir əsrə qədər fəaliy­yət göstərdiyi dövrdə ölkənin iqtisadi, ictiami, siyasi və mədəni həyatında mühüm rol oynamışdır.

IX əsrin ikinci yarısında Azərbaycanın şimal şərq torpaqlarında Məzyədilərin hakimiyyətində olan Şirvanşahlar dövləti yaranır. Dövlətin yaradıcısı Heysəm İbn Xalid Yezid İbn Məzyədin nəvəsi idi. Sülalə də onun adını daşıyırdı.Yezid İbn Məzyəd ərəb mənşəli Şeybanı nəslinə mənsub idi. O, Xilafətdə bir sıra hərbi-inzibati vəzifə­lər icra etmiş, Azərbaycan və Ərməniyyənin valisi olmuşdur. Məzyəd vəzifə­sindən istifadə edərək Şirvanda və Bərdədə böyük torpaq sahələri və mülklər ələ keçir­mişdi. O, Bərdədə vəfat etmişdir.

IX əsrin ortalarında Xilafətdə başlanan iğtişaşlardan istifadə edən Heysəm İbn Xalid özünü müstəqil hakim elan etdi və Şirvanın müstəqilliyi bərpa etdi.

Məzəydilərin ilkin hakimiyyətləri dövründə Şirvanşahların sərhədləri cənubda Kür çayı, şimalda Dərbənd və Samir çayı, qərbdə Şəki vilayətinə qədər uzanırdı. Bəzi vaxtlarda dövlətin sərhədləri cənubda Araz çayına qədər genişlənirdi. Dövlətin paytaxtı əvvəlcə Şirvan, X əsrin birinci rübündən Yəzdiyyə (Şamaxı) şəhəri olmuşdu.

Məzyədilərin uğurlu siyasətinə baxmayaraq, bəzən özləri də asılı vəziyyətə düşürdülər. Onlar IX əsrin axırlarında əvvəlcə Sacilər, sonra isə Salarilərdən asılı vəziyyətə düşmüşdülər.

X əsrin əvvələrində Rusların Azərbaycana istilaçı yürüşləri Xəzərsahili əyalətlərə, xüsusilə Dərbənd, Bakı, Şirvan, Beyləqan və Bərdəyə böyük ziyan vurdu.XI əsrin 60-70-ci illərində Şirvanşah Fəribruzun dövründə Şirvanşahların siyasi vəziyyəti daha da ağırlaşdı. Şəddadi Şavür buraya hücum edərək bir sıra qalaları ələ keçirdilər və 40 min dinar xərac alaraq oranı tərk etmişdilər.XI əsrin 50-ci illərindən Səlcuq türklərinin Azərbaycana yürüşləri zamanı dövlət onların vassalığına çevrildi və “Şirvanşah” titulu ləğv edildi. Şirvan ölkəsini vassal tabeliyə salmış səlcuqlar, Şirvanşahların hakimiyyətini zəiflədə bilmədilər. Artıq XI əsrin sonunda Şirvanda siyasi yüksəlişin başlanması nəzərə çarpırdı.XII əsrdə Şirvanşahlar dövləti özünün çiçəklənmə dövrünə qədəm qoydu.Fəribruzun oğlanları II Məniçohr və I Əfrudunun dövründə Şirvan dövləti daha da möhkəmləndi.

X əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri də Şəddadilər dövləti idi. Onun paytaxtı Gəncə şəhəri idi. Onun ərazisi əsasən Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Bəzi vaxtlarda Şəki, Kaxetiya və Ərməniyyə əraziləri də Şəddadilərdən asılı olmuşlar.

Bu dövlətin yaradıcısı Məhəmməd İbn Şəddad olmuşdur. Onlar Gəncəyə Dəbil şəhərindən gəlmişdilər. Şəddad Salarilərin zəifliyindən istifadə edərək Dəbili ələ keçirmişdi. Sonralar Şəddadin oğlanları Fəzlun və Ləşkəri Gəncəyə gəlmiş və 971-ci ildən Şəddadilər dövləti fəaliyyətə başlamışdır. Ləşkəri Gəncədə öz hakimiyyətini qurduqdan sonra Bərdə, Şəmkir və Ərməniyyənin bir hissəsini ələ keçirmişdir. 8 illik hakimiyyəti dövründə bu dövlət xeyli möhkəmlənir. Onun qardaşı Fəzlunun dövründə Beyləqan da Şəddadilərə birləşdirillir.

1030-cu ildə Fəzlun Xəzərlərə qarşı uğurla əməliyyat aparmış, Şirvanla siyasi əlaqələr yaratmışdır. Fəzlun ölkənin daxili işlərini də tam qaydasına qoya bildi. O, Araz çayı üzərində körpü saldırdı, öz adına pul kəsdirdi. 1050 –ci ildə hakimiyyətə gələn Şavurun dövründə dövlət daha da möhkələndi. 1063 –cü ildə usta İbrahim Gəncənin dəmir darvazalarını düzəltmişdi. Lakin Səlcuq türklərinin hücumları nəticəsində Şəddadilər də onlardan asılılığı qəbul etdilər. (Savurun dövründə)

Şəddadilərin axırıncı hökmdarı III Fəzlun (1074-88) səlcuqlardan asılılığa son qoymaq istəyirdi. Bunu görən Səlcuq sultanı Məlikşah 1088- ci ildə sərkərdə Buğanın başçılığı ilə Gəncəyə qoşun göndərdi. Şəhər müdafiə olunmasına baxmayaraq təslim oldu. III Fəzlun əsir götürülərək Bağdada göndərildi və 1091-ci ildə orada vəfat etdi. Bununla da Şəddadilər dövlətinin tarixi sona çatdı.

IX-XI əsrlərdə gərgin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi. Bu dövlətləri yaradan sülalələr mənşcə müxtəlif olsalar da, bu dövlətlər milli zəmində təşəkkül tapdılar. Bu dövlətlərin mövcud olduğu on illər ərzində daxildə yaranmış qismən əmin amanlıq zəminində təsərrüfatın bütün sahələri dirçəlir, əhali artır, və məhsuldar qüvvələr inkişaf edirdi.

XI əsrin ortalarından Azərbaycan və Şərqin bir sıra ölkələri oğuzların şaxələrindən biri olan Səlcuqlar tərəfindən işğal olundular.

Şərqi lərzəyə salan Səlcuqlar və onların rəhbəri kim idi. Cəsur və cəngavər bir şəxs olan Səlcuq oğuzların qınıq tayfasına mənsub idi. Oğuzlar 22-24 türk tayfasını birləşdirirdi. Oğuzların başçısı Oğuz xaqan hesab edilirdi. O, ömrünün 50 ilini at üstündə, hərbi yürüşlərdə keçirmişdi.

Səlcuq bir əsrdən artıq ömür sürmüş, islam dinini qəbul etdikdən sonra bu dinin bütün türklər arasında yayılması uğrunda mübarizə aparmışdı. Onlar əvvəllər totemlərə və şamanizmə sitayış edirdilər.

Səlcuqlar Orta Asiyadan gəlmiş türk tayfaları idilər. 970–ci ildə Buxara vilayətində yerləşmişdilər .Qəznəvilər dövlətinin başçısı Sultan Mahmud 1009-cu ildə Səlcuqları Xorasan əyalətində yerləşdirir. Lakin sonralar onların bir çoxu “olduqları yerləri tərk edib öz yolları üzərində hər şeyi viran edərək Xuzistan səhralarına və İraq-Əcəm dağlarına soxuldular, bir hissəsi də Azərbaycanda sakin oldu “(Rəşidəddin)

Sonralar onlar geri qayıdaraq Xorasan üzərinə hücuma keçib bütün əyaləti özlərinə tabe etdilər. O, 1038 ci ildə Nişapuru ələ keçirdi və özünü sultan elan etdi. Beləliklə, Yaxın və Orta Şərqdə ən güclü feodal dövləti olan Səlcuqlar imperiyasının əsasını qoydu. 1040-cı ildə onlar Qəznəvi Sultan I Məsuda qəti zərbə endirdilər. Toğrul bəyin qoşunları 1045-ci ildə Həmədanı, 1050-ci ildə İsfahanı tutdular.

1054-cü ildə səlcuq qoşunları Azərbaycana soxuldular. Təbrizdə hökmdarlıq edən Rəvvadi Vəhsudan müqaviməti dayandırmağa məcbur oldu. Onlar Təbrizi alaraq Gəncəyə tərəf hərəkət etdilər. Burada Şəddadi Şavur da Toğrul bəyin vassalı olmağa razı olaraq, ona çoxlu bəxşiş verdi. Azərbaycanın qalan feodal hakimləri də belə etdilər.

1055-ci ildə Səlcuqlar Ərəb Xilafətininin paytaxtı Bağdadı aldılar.Toğrul bəy siyasi hakmiyyətin başçısı elan olundu. Beləliklə Böyük Səlcuq dövləti meydana çıxdı. Onun paytaxtı əvvəllər Mərv, sonra isə Rey və İsfahan oldu.

Toğrul bəydən sonra hakimiyyətə onun varisi Alp Arslan (1063-1072) keçdi. (qardaşı oğlu) O, öz əmisinin siyasətini davam etdirdi. Əvvəlcə Mərəndə , sonra isə Naxçıvan və Ərməniyyəyə hücum edərək ələ keçirdi.1065-ci ildə Ani şəhərini darmadağın edir. Sultan Alp Arslan Azərbaycandakı vassalı olan dövlətlərin daxili müstəqilliyinə son qoymaq məqsədilə 1069-cu ildə Gəncəyə gəldi. Şirvanşah Fəribruz də Gəncəyə gələrək ona itaət göstərdi. Alp Arslan 1070-ci ildə Şəkiyə və oradan isə Gürcüstana hücum edərək özündən asılı saldı.

Səlcuqların uğurlu yürüşlərindən vahiməyə düşən Bizans imperiyası onların qərb istiqamətində yürüşünü dayandırmaq məqsədilə böyük hərbi hazırlıq gördü. 1071-ci ildə Kiçik Asiyada Malazgird adlanan yerdə müharibəyə başladı. Səlcuqlar bu döyüşdə Bizans ordularını darmadağın edərək Kiçik Asiyanın bir çox torpaqlarını ələ keçirdi. Alp Arslanın Azərbaycandan uzaqlarda başının qarışmasından istifadə edən Gəncə hakimi III Fəzlun səlcuqlara vergi verməkdən boyun qaçırır. Sultanın Gəncə hakimini cəzalandırmağa ömrü çatmadı və 1072-ci ildə vəfat etdi. Hakimiyyətə onun oğlu Məlikşah (1072-1092) keçir.Səlcuqlar imperiyası Məlikşahın dövründə öz siyasi inkişafının ən yüksək pilləsinə qalxdı. Sultan Məlikşah ona sədaqətli olmayan və müstəqilliyə can atan hakimləri cəzalandırmaq məqsıdilə sərkərdəsi Buğanın başçılığı ilə 1088-ci ildə Azərbaycana qoşun göndərdi. Buğa Gəncəni aldı və Şəddadilərin sonuncu hakimi III Fəzluni əsir aldı. Sultan öz oğlu Məhəmmədi Gəncəyə hakim təyin etdi. Səlcuqların başçısı Məlikşah Şirvanşahları da cəzalandıraraq birdəfəlik 70 min dinar, hər il isə 40 min dinar xərac verməyə məcbur etdi.Səlcuqlar vaxtında türk tayfalarının Azəbaycana yeni axınları gücləndi. Onlar burada tezliklə oturaq həyata keçdilər və məskunlaşdılar.Səlcuqların Yaxın və Orta Şərqdə yaratdıqları imperiyanın iqtisadi əsası yox idi. O, davamsız bir hərbi-inzibati birləşmə idi. Sultan Məlikşah öləndən sonra (1092) bu böyük dövlət dağılmağa başladı. Sultanın 4 oğlu arasında hakimiyyət uğrunda mübarizə başladı.Börküyarıq və qardaşı Məhhəməd Təpər dövrlərində dövlətin ərazisi iki yerə parçalandı. Börkyarıq (1092-1104) , Məhəmməd Təpər (1104-1118) üçüncü oğul sultan Səncərin dövründə (1118-1157) imperiya tənəzzülə başladı və bir neçə yerə bölündü. O sıradan Girman, Konya, Suriya, İraq səlcuq sultanlığı və Kiçik Asiyada kiçik əmirliklər yarandı. Azərbaycan həmin dövrdə İraq sultanlığına daxil idi.

119 il fəaliyyət göstərən Səlcuqlar dövləti türkdilli xalqların hərbi-siyasi, sosial-iqtisadi və mədəni inkişafında güclü rol oynadı.Məsələn, hərbi –siyasi sahədə, hərbi-siyasi birliyin təşəkkülü, yeni-yeni ərazilərin ələ keçirilməsi; iqtisadi sahədə: təsərrüfatın canlanması, sənətkarlığın, ticarətin inkişafı, şəhərlərin tərəqqisi; ictimai münasibətlər sahəsində: feodal və kəndli siniflərinin formalaşması, onların arasındakı sinfi ziddiyyətlərin kəskinləşməsi, türkdilli yerli əhalinin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi; mənəvi sahədə: türk dilinin ictimai həyatda geniş intişar tapması, onun əhatə və təsirinin güclənməsi və genişlənməsi və sair.

XII əsrin 20 ci illərində yaranmış tarixi şərait nəticəsində Şirvanşahlar dövləti bərpa olundu. Lakin Arran və Azərbaycanın Kürdən cənuba olan torpaqları İraq səlcuqlarının hakimiyyəti altında idi. XII əsrin 30-cu illərində Yaxın Şərqlə baş verən siyasi hadisələrin zəminində böyük tarixi hadisə baş verdi. Azərbaycan Atabəylər dövləti (1136-1225) meydana çıxdı. Atabəylər dövlətinin banisi zəmanəsinin ağıllı diplomatı, uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz (1136-1175) idi. Onun uşaqlığı son dərəcə ağır keçmiş, valideyinlərini çox erkən itirmiş, qul bazarlarında satılaraq əldən ələ keçmişdi.

Orta əsr tarixçiləri Mirxond və nəvəsi Xondəmir Şəmsəddin Eldənizin həyatı haqqında məlumat vermişlər. (Rövzət əs-səfa “ və “Həbib əs siyar” adlı əsərlərində )

O, Sultan Mahmud dövründə (1118-1131) bir qul kimi alınmış və İraqa apa-rılaraq vəzir Əhməd əs-Sümeyrəməyə satılmışdır. 1122-ci ildə Sumeyrəmə Sultan tərəfindən öldürülür və onun varidat Sultan Mahmudun ixtiyarına keçir. Deməli Şəmisəddin Eldəniz də onun xidmətinə keçir. Sultan onun bacarığını görüb tərbiyəsini əmir Nəsrə tapşırır. Çox çəkmir ki, O, at oynatmaq, qılınc çalmaqda öz yaşıdlarını ötür. Bundan sonra sultan onu əhlivan–salar (mətbəx başçısı) təyin edir.

1132-ci ildə hakimiyyətə Sultan Toğrul keçir və Şəmsəddin Eldəniz məmlüklər sırasına keçirilir. Sultanın arvadı Möminə xatun ona böyük iltilat (simpatiya) göstərdi. Bir az sonra Eldəniz əmir rütbəsinə çatdırılır. Sultan Toğrul Eldənizi özünün azyaşlı oğlu Arslana atabəy (qəyyum) təyin edir. Sultan Toğrul öləndən sonra Sultan Məsud Eldənizi dul qalmış Möminə xatunla evləndirir. Onun iki oğlu və bir qızı olmuşdur.1136-cı ildə Sultan Məcud Arranı Şəmsəddin Eldənizə iqta verir və o, yavaş-yavaş bütün Azərbaycana yiyələnməyə başlayır. 1160-cı ildə oğulluğu Arslan sultan taxtına yiyələnsə də, dövləti faktiki olraq Şəmsəddin Eldəniz idarə edirdi.

Tarixçilər Azərbaycan Eldənizlər dövlətinin və onu idarə edən sülalənin (Ata-bəylər) tarixini 3 dövrə bölürlər: təşəkkül (1136-1160), çiçəklənmə (1160-1191), tənəzzül (1191-1125) .

Birinci və ikinci dövrlərdə əldə edilən nailiyyətlər Eldənizin və onun oğlanları-nın adı ilə bağlıdır. Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın oğlanları Əbu Bəkir (1191-1210) və Özbəyin (1210-1225) hökmdarlığı dövründə dövlət tənəzzülə uğramış və Xarəzmşah Cəlaləddinin hücumu ilə süqut etmişdir. Səlcuq şahzadələri arsında gedən mübarizədən məharətlə istifadə edən Şəmsəddin Eldəniz 1160-cı ildə 20 minlik qoşunla Həmədanı alaraq atabəyi olduğu Arslan şahı taxta çıxardı. Həmin dövrdən Şəmsəddin Eldəniz İraq Səlcuq dövlətinin böyük atabəyi adlandı. Əslində dövləti o özü idarə edirdi. Şəmsəddin Eldəniz Sultanın və özünün imkanlarından istifadə edərək oğlanlarının feodal iearxiyasının ən yüksək pilləsində möhkəmləndirməyə nail oldu. Cahan Pəhləvanı hacib, Qızıl Arslanı isə Sultan ordusunun baş sərkərdəsi təyin etdi.

Təbriz və Naxçıvan Atabəylər dövlətinin paytaxtı oldu.

Şəmsəddin Eldəniz 1161-ci ildə Həmədan yaxınlığında Rey vilayətinin qoşunlarını məğlub etdi. Rey vilayətini iqta şəkilində oğlu cahan Pəhləvana verdi. Tədricən Qum, Qəzvin, Ərdəbil, Marağa, Kirman vilayətləri də Eldənizdən asılı vəziyyətə düşdülər. Eldənizin nüfuzu getdikcə artırdı. Ziya Bünyadov yazır: “Atabəy Eldəniz əsl hökmdar idi. Əmrləri O, verir, İqta torpaqlarını paylayır, dövlət xəzinəsinə o, nəzarət edirdi. Sultan Arslan Şah İbn Toğrulun ancaq adı hökmdar idi.” Atabəylər öz torpaqlarını genişləndirməyə çalışırdılar. Onlar tez-tez Şirvana və Ərməniyyəyə yürüşlər təşkil edir, Gürcüstanla düşmənçiliyi davam etdirirdilər.

Gürcülər hətta 1139-cu ildə Gəncə zəlzələsindən az sonra şəhərə hücum edərək oranı talamış və “Gəncə darvazalarını” qənimət kimi aparmışdılar.

1161-ci ildə Gürcülər 30 minlik qoşunla Gəncə və Dəbil şəhərinə hücum edərək böyük vəhşiliklər törətdilər. Gürcülərin vəhşi hərəkətlərinə cavab olaraq 1163-cü ilin yanvarında Şəmsəddin Eldəniz 50 minlik qoşunla Gürcüstana hücum edərək 1 aydan çox vuruşdu. Çoxlu sayda adam öldürdü, əsir götürdü və hərbi qənimət ələ keçirdi. Lakin bundan nəticə çıxarmayan gürcülər 1164 və 1166-cı illərdə Azərbaycana yenidən hücumlar etmiş və Gəncəyə qədər gəlmişdilər. 1174-cü ildə yenidən Eldəniz Gürcüstana yürüş etmiş və onları daha ağır məğlubiyyətə uğratmışdır.



Mənbələrdə deyilir: “Abxazlar (gürcülər) darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldı ki, beləsini kimsə xatırlaya bilməzdi”.Gürcüstan yürüşündən qayıtdıqdan sonra 1175-ciilin noyabrında Şəmsəddin Eldəniz Naxçıvanda vəfat etdi.(ondan 1 ay əvvəl arvadı Möminə xatun vəfat etmişdi.) Az sonra Sultan Arslan şah da vəfat etdi. Sultanlıq taxtına onun 7 yaşlı oğlu III Toğrul keçdi. Məhəmməd Cahan Pəhləvan III Toğrula atabəy təyin edildi. Cahan Pəhləvanın dövründə mərkəzi hakimiyyət daha da möhkəmləndi. O, Azərbaycanın idarə olunmasını qardaşı Qızıl Arslana tapşırdı və eyni zamanda onu oğlu Əbu Bəkirin atabəyi təyin etdi. Təbriz Qızıl Arslanın paytaxtı oldu. Cahan Pəhləvanın dövründə (1175-1186) Atabəylər dövlətinin ərazisi daha da genişləndi. Dövlət iqtisadi və siyasi cəhətdən dahada möhkəmləndi. Atabəylərin təkcə 50 minlik süvari ordusu var idi.1180-ci illərdə Misir və Suriya ilə münasibətlər kəskinləşdi. 1185-ci ildə Qızıl Arslan böyük qoşunla Mosula tərəf hərəkət etdi. 1185-ci ildə Cahan Pəhləvan özü də Əhlətə gəldi və münaqişəni dinc yolla öz xeyrinə həll etdi. Geri qayıdarkən xəstələndi və 1186-cı ildə, martın 23-də vəfat etdi.

Onun ölümündən sonra hakimiyyət məsələsi ciddi münaqişəyə səbəb oldu. Arvadı İnancXatun öz oğlanlarını hakimiyyətdə görmək istəyirdi. (Qutluq İinanc və Əmir Əmiran Ömər İran, Əbu Bəkir türk qızı Quteybə xatun, Özbəyin anası kəniz Zahidə xatun idi) Bütün bunlara baxmayaraq hakimiyyətə Qızıl Arslan (1186-1191) keçdi. Onun dövründə ölkədə sakitlik pozuldu. İnanc Xatun III Toğrulla birləşərək Qızıl Arslana qarşı mübarizəyə başladılar. 1188-ci ildə Həmədan yaxınlığında müxalif qüvvələr Qızıl Arslanı məğlub etdilər. Lakin O, xəlifə ilə İttifaqa girərək onları parçaladı və məğlub etdi: (1190) Sultan III Toğrulu əsir edərək Naxçıvan yaxınlığında zindana saldı. Hakimiyyətini möhkəmlədən Qızıl Arslan yolunu azmış əmirləri cəzalandırmaq məqsədi lə əvvəlcə Van sahillərinə, sonra isə Şirvan və Gəncəyə yürüşə başladı. Burada Qızıl Arslan böyük şair Nizami Gəncəvi ilə görüş­dü. Sonra Gürcüstana yürüşə başladı və onları məğlub edərək qənimət ələ keçirdi. Ömrünün sonlarına yaxın eyş-işrətə və kef məclislərinə çox meyl göstərməyə başladı.1191-ci il sentybrın 21-də yatağında sui-qəsd nəticəsində öldürüldü. (İnanc Xatun tərəfindən).Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın qadınları və oğlanları arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Atabəylərin yaratdığı mərkəzi hakimiyyət parçalandı. İraq, Rey, Mosul, İsfahan onların asıllığından xilas oldu. Eldənizlərin əlində yalnız Azərbaycan torpaqları qaldı. Azərbaycannın hakimi və sultan taxtına Əbu Bəkir yiyələndi. (1191-1210) Həmədanı və qonşu əyalətləri İnanc Xatunun oğlanları Qutluq İnanc və Əmir Əmiran Ömər arasında mübarizə başladı. 1192-ciildə Əbu Bəkir Təbriz yaxınlığında qardaşlarının qoşununu məğlub etdi.Qutluq İnanc Xarəzmşah Təkisin yanına, Ömər isə Şirvanşah Axsitanın yanına qaçdı.1192-ci ildə Sultan III Toğrul zindandan xilas olaraq qoşun toplayır və Təbrizə hücum edir. Daha sonra Həmədanı ələ keçirərək sultanlıq taxtına yiyələnir. Lakin onun hakimiyyəti çox çəkmir. Xorəzmşah Təkişlə İttifaqa girən Qutluq İnanc 1194-cü ildə III Toğrulu məğlub edərək öldürdü. Həmədan Xarəzmşahın əlinə keçdi.Xorəzmşah Təkişin ölümündən sonra Sultan Əbu Bəkr qardaşı Öməri Həmədan və Reyə hakim təyin etdi.Əbu Bəkrin 20 illik hakimiyyəti dövründə təmsil etdiyi sülalənin nüfuzu xeyli zəiflədi, dövlətin süqutunun qarçısını ala bilmədi. Əbu Bəkrdən sonra hakimiyyətə qardaşı Atabəy Özbək keçdi. Onun hakimiyyəti dövründə (1210-1225) Azərbaycan Atabəylər dövləti daha da zəiflədi. Özbəyin hakimiyyətinin ilk illərində Gürcü çarı Tamaranın və Xarəzmşah Məhəmmədin ardıcıl hücumları başladı. Hətta Atabəy Özbək Xarəzmşahlardan asılılığı qəbul etdi. Xarəzmlilər Azərbaycanın şəhər və kəndlərini talan etdilər. Hətta bir sıra yerlərdə öz hərbi qüvvələrini yerləşdirdilər. Zəif iradəli Atabəy Özbək nə tez-tez hücum edən gürcülərin, nə də monqolların hücum­larının qarşısını ala bilmədi. Atabəy Özbək əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Əslində dövləti onun həyat yoldaşı, III Toğrulun qızı Məlakə Mehrican xatun idarə edirdi.

Monqolların birinci yürüşlərindən sonra (1221) Xarəzmşahın oğlanları Cəlaləddin və Qiyasəddin Azərbaycana hücum etdilər. Atabəy onlara da müqavimət göstərə bilmədi. Öz bacısı Cəlaliyyəni Qiyasəddinə verib onunla qohum oldu. Lakin 1225-ci ildə Cəlaləddin yenidən Təbrizə hücum edəndə Atabəy Özbək əvvəl Gəncəyə, sonra isə Əlincə qalasına qaçdı və orada öldü. Bununla da Atabəylər döv-ləti­nin tarixi sona çatdı. XII əsrdə Azərbaycanda feodal dövlətin yaranması müsbət hadisə idi. Ölkə daxilində sabitliyin və əmin–amanlığın bərqərar edilməsi məhsuldar qüvvələrin inkişafına və təsərrüfatın bütün sahələrinin canlanmasına və mədəniyyətin çiçəklən-məsinə təkan verdi.XII əsr əbəs yerə Azərbaycan mədəniyyətinin “qızıl dövrü “ adlandırılmır. Bu İntibah dövrü xalqımız üçün ona görə qiymətlidir ki, N.Gəncəvi və onun müasirlərinin ədəbiyyat, incəsənət və elmimizin böyük dühasının yaşadığı dövrdür. XII əsr həm də Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, memarlığın böyük sü-rətlə inkişaf etdiyi dövrdür.30 ilə qədər astronomiya ilə məşğul olmuş və bir sıra ulduz cədvəllərini tərtib etmiş Fəridəddin Şirvani çox məşhur idi. XII əsrdə təbabətə dair çoxlu elmi əsərlər yazılmışdır. Bunlardan Muzhəbəddin Təbrizi və Mahmud İbn İlyas bir çox xəstəliklərin müalicəsi, əczaçılıq və sair haqqında gərəkli elmi əsərlər yazmışlar.

Tarix, fəlsəfə, nücum, məntiq sahəsində həmin dövrdə çoxlu elmi əsərlər yazılmışdır. Məsələn Fəxrəddin ət Təbrizi ilk dəfə “Tarixi –Azərbaycan “ adlı elmi əsər yazmışdır. Tarixə aid Səlcuqların vəziri olmuş Nizamülmülkün də dəyərli əsərləri vardır. Memarlıq sahəsində xüsusi Azərbaycan məktəbi formalaşmışdı. Əcəmi Naxçıvaninin tikdiyi İbn Quseyr və Möminə Xatun türbələri memarlığın ən gözəl nümunələri hesab edilir. Məşhur Qız Qalası da mülahizələrə görə XII əsrin yadigarıdır. XII əsrdə daha çox ədəbiyyat sahəsində böyük sıçrayış olmuşdur. XII əsr Azərbaycan xalqına Xaqani, Şirvani, Mücirəddin Beyləqani, Şihabəddin Sührəvərdi, Yusif əl Xuveyyi (Xoylu)kimi görkəmli şəxsiyyətləri vetmişdir. Qətran Təbrizi fars dilində yazsa da, əsərlərində azərbaycan –türk sözlərindən daha çox istifadə etmişdir. Şer-sənətin günəşi sayılan Nizani Gəncəvi çox geniş intel­lektual səviyyəyə malik, özündən sonrakı nəsl üçün şer məktəbi qoyub getmiş simalar­dandır. Onun “Xəmsə”si şer sənətinin zirvəsində dayanan poemalar toplusudur. XII əsr incəsənətin çiçəkləndiyi dövr sayılır. Bədii sənətkarlıq ustaları oyma, həkketmə, xalçaçılıq və tətbiqi incəsənətin digər sahələrində çox işlər görmüş­lər. Musiqi sahəsində xanəndələr, sazəndələr, rəqqasələr, aşıqlar, ozanlar və sair xa­dimlər xalqa xidmət edirdilər


Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin