I MÖVZU
Mənbəşünaslıq məsələləri, Azərbaycanda ibtidai-icma quruluşu.
P L AN :
1.Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik
ədəbiyyat.
2.“Albaniya tarixi”və “Kitabi-Dədə Qorqud” un
mənbəşünaslıq baxımından təhlili.
3. Azərbaycanda ibtidai-icma quruluşu.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi .VII cilddə, I cild, Bakı 2005, səh, 44-165
2. Azərbaycan tarixi (Z.Bünyadovun redaktorluğu ilə), Bakı,
1994, səh. 19-57
3. Azərbaycan tarixi Ali məktəblər üçün dərslik Bakı 2014
4. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı, 1989, sənəd 7 -13
5. Əhmədov Q. Bu günə necə gəlib çıxmışıq. Bakı, 1989
6. Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993.
7. Kitabi- Dədə-Qorqud. Bakı, 1988.
8. Səfərov Y. Qədim Azərbaycan: Nə bilirik.Bakı, 1989.
Azərbaycan tarixi kursunun mövzüsu çox genişdir. Burada ölkəmizin ən qədim dövrundən bu günümüzədək mövcud olan ictimai-iqtisadi, siyasi, etnik, mədəni tarixi şərh edilir.
Azərbaycan tarixi müxtəlif qaynaqlar əsasında tədqiq olunur və həmin qaynaqlar iki hissəyə bölünür: 1) Arxeoloji abidələr, 2)Yazılı abidələr.
Arxeoloji abidələr qazıntılar zamanı yeraltı mədəni təbəqələrdən, qəbirlərdən, qə-dim yaşayış məskənlərindən aşkar edilmiş müxtəlif əmək alətlərindən, sadə silah növ-lərindən, məişət və bəzək əşyalarından, dini təsəvvürləri özündə əks etdirən heykəl-ciklərdən ibarətdir. Son zamanlar Asərbaycan ərazisində aşkara çıxarılmış numizmatik materiallar da tariximizin öyrənilməsi üçün böyk əhəmiyyətə malikdir. Onlar ölkəmizin iqtisadi inkişafı, siyasi tarixinin bəzi hadisələri, həm də mədəni səviyyəsi haqqında mü-hakimə yürütməyə imkan verir.
Tariximizin öyrənilməsində yazılı qaynaqlar mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə yazı sinifli cəmiyyətin məhsulu sayılır. İlk yazı növü piktoqrafik (piktos-şəkil, qrafo-yazı) olmuşdur. Bu yazı növünə Qobustan, Kəlbəcər, Naxcıvan ərazilərində rast gəlinir. Sonralar mixi yazı növü Şumerlər tərəfindən icad olunur. Qədim Azərbay-canın öz yazılı qaynaqlarının olmaması və yaxud bizə gəlib çatmaması üzündən onun tarixi barədə az-çox məlumatlar mixi yazılarında əks olunmuşdur. Cənubi Azərbaycan və həmsərhəd ərazilərin tayfaları haqqında məlumatlar verən ən qədim qaynaqlar Şumer – Akkad mətnləridir. Bu kitabələr e.ə. III minilliyə və II minilliyin başlanğıcına aiddir. Bu mətnlərin meydana çıxması əsasən Şumer və Akkad çarlarının Zaqpos dağları zona-sına yürüşlərinə, habelə Kuti hakimlərinin cənubi Mesopotamiyadakı bir əsrlik hökmranlığına borcludur. Ən ilkin qaynaqlar sırasında Lullubi hökmdarlarının bir neçə qısa yerli kitabələrini də göstərmək lazımdır.
Şumer-Akkad qaynaqları içərisindən Kuti hakimlərinin siyahısının, Omina (əlamət-lər və nişanələr) adlanan bəzi mətnləri, Şumer hakimi Utuxeqalın Mesopotamiyadakı sonuncu Küti hökmdarı Tirikanla müharibəsinin təsviri verilmiş mətnləri, Zaqros bölgə-sinə yürüşlər etmiş Şumer-akkad hökmdarlarının kitabələrini və s. sadalamaq olar. Elam və Aşşur qaynaq və kitabələri çox zəifdir. Azərbaycan haqqında məlumatlar Urartu kitabələrində mövcud olan məlumatlarla daha da zənginləşir. Urmiya ətrafı vilayətlərə Urarfu müdaxiləsi haqqında e.ə. IX əsrin sonuna aid olan ən ilkin məlumatlarda Minua, I Argişti, II Sarduri, II Argişti bu rayonlara öz yürüşləri barəsində xəbərlər verirlər.
Babil qaynaqları içərisindən e.ə. VII əsrin son rübünün hadisələrini işıqlan-dıran “Gedd xronikası” nın adını göstərmək olar.”Bibliya”da da Cənubi Azərbaycan haqqında məlumatlar vardır.
“Avesta” mühüm mənbələrdən biridir. Zərdüştlük və onunla bağlı olan dini- fəlsəfi sistemlər Cənubi Azərbaycan ərazisində min ildən çox olan uzun bir dövr ərzində yayılmışdır. İran şahı I Daranın Həmədan ərazisində qaya üzərində üç dildə yazılmış Bisutun kitabəsi də bizim üçün qiymətli mənbə sayılır.
Azərbaycan tarixinin öyrənilməsində qədim Antik ədəbiyyatın böyük əhəmiyyəti vardır. Miletli Hekatey e.ə. VI-V əsrlərdə “Yerin təsviri” əsərində Cənubi Azərbaycanda yaşamış matienlər, Arazboyu müklər, Kaspi dənizi sahillərində katann tayfalarının yaşa-maları haqqında məlumat verir. O dövrün müəllifləri Xaron, Ksanf, Hellanik və b. Azərbaycan haqqında məlumatlar verirlər. Azərbaycan ərazisi və əhalisi haqqında nisbətən geniş məlumat “Tarixin atası” sayılan Herodotun “Tarix” əsərində verilmişdir. Onun Madalılar və Mada (Midiya), skiflər (iskitlər; iskuzlar) və onların Asiya vilayətlərinə yürüşləri, Azərbaycan tayfaları - müklər, utilər, saqartilər, matienlər, kaspilər və b. haqqında məlumatları çox qiymətlidirlər. Qədim Yunan və Roma tarixçi və coğrafiyaşü-naslardan Amasiyalı Strabon (e.ə.63-b.e.23), Ptolomey, Plini, Ktesi, Tit Livi, Tatsit, Ammian Marselin, Yuli Solin və b. Şərq aləminə həsr etdikləri əsərlərdə Azərbaycanın əhalisi, coğrafiyası, siyasi hadisələr, əhalinin etnik tərkibi və məşğuliyyətləri haqqında çox qiymətli məlumatlar vermişlər.
Strabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə qədər gəlib çatmış antik müəlliflərin heç birində Albanlar haqqında “Coğrafiya” da verilənlər qədər məlumat yoxdur. Onun Atropat Madası və ya Atropa-tenanın Böyük Midyanın bir hissəsi olması, bu ölkənin öz adını sərkərdə Atropatın adından götürməsi kimi məllumatları çox qiymətlidir. Strabon Qafqaz Albaniyası, onun vilayətləri, 26 dildə danışan tayfalar haqqında geniş məlumatlar verir.
Məşhur Roma tarixçisi, 35 kitabı qorunub saxlanmış “Roma tarixi” əsərinin müəl-lifi Tit Livi (e.ə 59-b.e. 1) Roma hücumları dövrü albanları haqqında, modollar və ka-dusilər haqqında məlumat verir.
Böyük Plininin (23-79) “Təbii tarixi” bizim üçün mühüm əhəmiyyətə malikdir. O, 350 yunan və 150 Roma müəlliflərinin əsərlərindən istifadə edərək yazdığı bu əsərdə Azərbaycanın təbiəti, əhalisi, burada məskunlaşmış tayfaların məişəti haqqında bir sıra çox qiymətli məlumatlar verir.
“Səlnamələr” və “Tarix”lər kimi xüsusilə seçilən çoxlu əsərin müəllifi, Romalı tarixçisi Korneli Tasit (55-117 illər) də bizə bir sıra qiymətli məlumatlar çatdırmışdır. Onun əsərlərinin Romanın Qafqaz ölkələri, o cümlədən Albaniya, Parfiya ilə münasibət-lərindən bəhs edilən səhifələri müstəsna əhəmiyyətə malik mühüm qaynaqdır.
IV əsrdən sonrakı Azərbaycan hadisələri, xüsusilə hin və türk tayfalarının Ön Qaf-qaza axını barədə, onların qədim etnik adları barədə Bizans qaynaqları (Menandr, Pro-kopi, Aqafi,Lordon və b.) müxtəlif məlumatlar saxlamışlar.
Orta əsrlər dövrünün öyrənilməsində fars, ərəb və erməni mənbələrinin böyük rolu olmuşdur. Pəhləvi dilində daş, qala divarı üzərində həkk olunan bir sıra epiqrafik yazı-larda Azərbaycanın ölkə adları öz əksini tapmışdır. Daş və saxsı üzərində yazılmış, cəmi yeddi-səkkiz cümlədən ibarət alban epiqrafik yazılarının oxunuşu və anlayışı çətindir.
Ərəb müəllifləri VII əsrdən etibarən Azərbaycan hadisələrinə diqqət yetirmiş və nisbətən müfəssəl məlumatlar saxlamışlar. Onlardan Bəlazuri, İbn Xordadbeh, İbn Havkəl, İbn əl-Əsir, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və b. Azərbaycanda mövcud olan dillər, ölkənin adı, siyasi hadisələri və s. haqqında məlumatlar vermişlər. Həmin mənbələrdə Azərbaycan adının mənşəyi barədə mövcud olan mülahizələri sax-lamış, burada türklərin ta qədimdən yaşadıqlarını qeyd etmişlər.
Orta əsr yazılı mənbələri bizim üçün çox zəngin məlumatlar verir. XI –XVIII əsrləri əhatə edən bu yazılı mənbələr müxtəlif dillərdə, o cümlədən ərəb, fars və türk dillərində yazılmışdır.
Ərəb müəllifi 1bn əl- Əsir sələflərinin əsərlərindən istifadə edərək Azərbaycan ərazisi və tarixi barədə müxtəlif məlumtları qeydə alınmışdır. Həmdullah Qəzvini Azərbaycanın coğrafiyası-şəhər, dağ, çay və təbii sərvətləri, əhalisinin etnik tərkibi barədə məlumat verir. Rəşidəddin əsərlərində Azərbaycanda monqol hakimiyyəti döv-rünü və həmin dövrün siyasi iqtisadi və etnik məsələlərini işıqlandırmışdır. Səlcuqların hakimiyyəti haqqında Sədrəddin Hüseyninin çox qiymətli məlumatları vardır. Digər orta əsr müəlliflərindən Əl –Bakuvi, Ən-Nəsəvi, Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu, Xondəmir, İsgəndər Munşi, Əylisli Zəkəriyyə, Övliya Çələbi və b.-nın məlumatları orta əsr Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli mənbələr sayılırlar.
Azərbaycana gələn Avropa səyyahları Adam Olearı, Devallı, Jan Şarden, Kempfer, Tomas Herbert və b.Azərbaycanın iqtisadi, siyasi, mədəni və etnik tarixinə dair çoxlu məlumatlar vermişlər.
Azərbaycan tarixinin öyrənilməsində Moisey Kalanknatuklinin “Albaniya tarixi “ adlı əsərinin çox böyük əhəmiyyəti vardır. “Albaniya tarixi” əsəri bənzərsiz tarixi yol keçmiş əsərlərdən biridir. Onun hansı xalqın tarixi olması haqda qızğın mübahisələrin arası kəsilmir. Ancaq onu mənimsəmək istəyən, onu başqa xalqın adına çıxmaq istə-yənlərə əsərin öz yazısı, öz ruhu, heç bir şeyə uyuşub qarışmayan öz “dəst-xətti” gös-tərir ki, o yalnız bir xalqın tarixinin malıdır. Yalnız bir xalqın 600-700 il çərçivəsində yaşadığı ağ günlərə sevinən, ağrılı –acılı, qanlı-qadalı günlərə isə göynəyib ağrıyan bir əsərdir. Bu xalq Şərqi Zaqfqaziyada yaşamış, indiki azərbaycanlıların soykökündə da-yanan albanlar olmuşlar. Buna görə də “Albaniya tarixi “ kitabi bizə qədər erməni (qra-bar) dilində gəlib çatsa da, ona sahib sayıla biləcək yeganə tarixi varlıq yalnız alban-ların özüdür. Tarixdə bu və ya başqa dillərdə yaranmış əsərlər çoxdur. Məsələn İbn Sina, əl-Biruni, Fərabi və başqaları ərəb dilində yazıb yaratmışlar. Ancaq belə bir fakt həmin əsərlərin milli-tarixi ünvanı üçün göstərici deyildir. Azərbaycan tarixşünaslığında yalnız bir fikir vardır. Bu əsərin erməni-qrabar dilinə çevirilməsi VIII əsrdə Ərəb xilafətinin köməyi ilə erməni- qriqoriyan kilsəsinin Albaniyanı öz nüfuzuna tabe etməsi ilə bağlıdır.
“Albaniya tarixi” kitabi 1861-ci ildə Patkanyan tərəfindən rus dilinə tərcümə edilərək Peterburqda çap olunmuşdur. Tərcüməçi əsərdə olan alban – türk ruhunu nə qədər təhrif etsə də, ümumilikdə onu aradan qaldıra bilməmiş və hətta bəzi türk söz-lərini olduğu kimi saxlamışdır.
Hətta 1984-cü ildə Yerevanda ikinci dəfə nəşr olunan kitab o qədər təhrif olun-muşdur ki, erməni tədqiqatçıları birinci tərcüməni yazarsız saymışlar.
Əsərdə hadisələr VII əsrdən X əsrə qədər davam edir. Əsər 3 kitabdan ibarətdir. Birinci və ikinci kitabları, görünür bir müəllif yazmışdır. Çünki VII əsrə, xüsusilə Cavanşirin dövrünə düşən hadisələri bu müəllif öz gözlıəri ilə görmüşdür. Lakin üçüncü kitabda hadisələrin işlənməsi X əsrə qədər çatdırılır. Moisey Kalankatuklı VIII-X əsrlərdə yaşaya bilməzdi, deməli, sonuncu kitabın başqa müəllif tərəfindən yazıldığı inkaredilməzdir. Başqa sözlə, üçüncü kitab əslində bitmiş bir əsərə sonralar qatılmışdır.
Bu bir daha göstərir ki, Alban kilsəsi ətrafında gedən mübarizə ilə bağlı olaraq , bu dövrdə “Albaniya tarixi” artıq kəskin siyasi əhəmiyyət kəsb etmiş bir əsərə çevrilmiş-dir.
Əsərdə Mihranilər sülaləsinin Albaniya çarlığında hakimiyyətə gəlməsindən başlayaraq, Albaniyanın görkəmli çarı Cavanşirin hakimiyyətinin başlanması dövrün-dən dövlətin sonrakı dövrlərinə qədər, xristianlığın bu ölkədə yayılmasına, Albanlarla ərəblərin siyasi əlaqəsi qədər çox geniş məlumatlar verilir.
Albaniyanın XI-XII əsrlər tarixi haqqında Gəncəli tarixçi Mxitar Qoş da səlnamə yazmışdır. Onun “Alban səltənəti” əsəri həcmcə kiçik olsa da mənbəşünaslıq baxı-mından çox qiymətli bir əsərdir.
“Kitabi Dədə Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla yanaşı Azərbaycan tarixinin ana qaynağı sayılır. Bu epos elm aləminə 1815-ci il-də bəlli olmuşdur.
Alman şərqşünası H. F. D i t s Drezden kitabxanasında “Dədə Qorqud” dastanlarını ilk dəfə aşkara çıxarmışdır. Hətta Basatin Təpəgözü öldurdüyü boyu al-man dilinə çevirərək nəşr etdirmişdir.
Drezden nüsxəsi 154 səhifəlik bir əsərdir, hər səhifəsində 13 sətir vardır və12 boydan ibarətdir.
Bu eposun İtaliyada Vatikan kitabxanasında saxlanılan 109 səhifəlik başqa bir nüsxəsi də vardır. Drezden nüsxəsi açıq-aşkar Azərbaycan dilində yazılmışdır. Vati-kan nüsxəsi isə cəmi altı boydan ibarət olub, XVI əsr türkcəsinə daha yaxındır.İndiki elmi biliklərə arxalanaraq dastanın aparıcı və başlıca mövzularının çox-çox uzaqlara, hələ ibtidai – icma qurluşunun dağıldığı və “hərbi demokratiya” hakimiyyətinin yaşadığı zamanlara gedib çıxdığını söyləmək olar.
Bir çox əsrlər boyu ozan sənətinin küçəsindən keçərək bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış, fars (Pəhləvi) və ərəb dillərin də də “Oğuznamə” adı altında çevrilmişdir. Kitabın iki əsrə yaxın öyrənilmə tarixində böyük xidməti olan böyük rus türkoloqu V.V. Bartoldun yazdığı kimi, kitab islamın ilk dövründə, yəni Qafqaz mühitində, Dərbənd keçidi ilə Ermənistan yaylağı arasındakı torpaqlarda, yəni Azərbaycanda bəstələnib yaranmışdır. Ancaq kitabın yaşının açarı onun özündədir. Kitabın əlyazmasında oğuzlar dönə-dönə müsəlman adlandırılsalar da, bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından kənarda durur. Bu oğuzlar hələ də “allah” yerinə daha çox “tanrı” (tenqri) sözünü işlədirlər.
“Kitabi-Dədə Qorqud” eposunda ən qədim dini –mifoloji təsəvvür və adət ənənələr oğuzların ibtidai dövrünə-bizim eranın III-IV əsrlərinə aiddir. İslamiyyətdən əvvəlki bu dövrdə oğuzlar yarımköçəri həyat keçirmişlər. Oğuzların əsas təsərrüfatı qoyunçuluq –maldarlıq, atcılıqdan ibarət olmuşdur. İnamları xeyirxah qüvvələrin rəmzi sayılan Xızır peyğəmbərdir.
At kultu oğuzlar içərisində daha geniş yayılmışdır. Bu isə iskitlərdən, hunlardan gəlmə bir inancdır. At igidin yoldaşıdır, igid ölərsə at da öldürülür.
Çox maraqlı məsələlərdən biri kitabda “alban” adının bir etnos kimi iki dəfə çəkilməsidir.
“Kitabi-Dədə Qorqud” da cərəyan edən hadislər əsasən VI-VIII əsrləri əhatə edir. Lakin bəzi boylarda sonradan əlavə edilmiş və sonrakı tarixi hadisələrlə uzlaşdırılan epizodlar vardır.
Kitabda biz əxlaq və məişət məsələlərini əks etdirən səhnələrə də rast gəlirik. Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilməzlər. Onlar uşaqlarına anadan doğulan kimi ad qoymurdular. Yeniyetmələr yalnız 15 yaşına dolduqda və igid-lik göstərib “ərlik isdədikdə”ad alırdılar. Bu adlar islamdan çox-çox qabaq Oğuz dədə-lərin yaşatdığı türk adları idi.
Oğuzların qadınları, qız- gəlinləri çadra, yaşmaq nə olduğunu bilməzdilər. Kitabda oğuz-türk xalqlarının etnik-əxlaqi, məişət məsələləri ilə yanaşı, siyasi, inzibati -ərazi baxımından çox qiymətli məlumatlar verilir.
Beləliklə göstərmək olar ki, “Kitabi Dədə -Qorqud “ eposu Azərbaycan xalqının ümumilikdə türk xalqlarının tarixinin, etnoqrafiyasının, öyrənilməsində bir əvəzsiz mənbə rolunu oynayır.
Bu mühazirədə biz Azərbaycan tarixinin mənbəşünaslıq məsələlərinə nisbətən az da olsa ekskurs etdik, qədim, orta əsrlər dövrü qeyri-yazılı mənbələr haqqında məlumatlar əldə etdik.
Ana torpağın şərəfi olan insanın yer üzündə ilk izi daşlarda qayalarda həkk olunmuşdur.
Məhəmməd Hadi deyirdi: ”Övraqü həyatda imza atan, tarixin səhifələrində iz qoyan millət bəxtiyardır”.
Dünyanın bu əbədi səlnaməsində Azərbaycan xalqının da imzası olduğunu xəbər verən möhtəşəm daşlarda ilk insanların donmuş ürəyi, əməlləri yaşamışdır.
Azərbaycanın iqlim şəraiti, çayların bolluğu, ərazisinin bir hissəsinin dənizlə əhatə olunması bu ölkənin ilk yaşayış məskəni olmasına imkan yaratmışdır. İnsan yarandığı gündən təbiətlə mübarizə aparmalı olmuşdur. Təbiətin amansız hadisələri-soyuqlar, buzlaşmalar, daşqınlar yanğınlar və s.insanları daim məhv olmaq təhlükəsi qarşısında qoyurdu.
Ən qədim zamanlarda insanlar vəhşi heyvanlardan demək olar ki, o qədər də fərqlənmirdilər. Qida axtarmaq onların başlıca məşğuliyyətləri idi. Lakin yaşamaq uğrunda mübarizədə öz fəaliyyətini əmək alətləri hazırlamaq istiqamətində gedərək, onlar heyvanat aləmindən ayrıla bilmişlər.
İbtidai dövrlərdə alət hazırlamaq üçün ən münasib material daş olmuşdur. Daş möhkəm, davamlı və uzun müddət qaldığına görə ən qədim insan mədəniyyəti izləri zəmanəmizə qədər gəlib çıxmışdır. Bəşəriyyətin keçdiyi təxminən 2 milyon ilə yaxın dövr tarixdə” daş dövrü” adlanmışdır. Metalın kəşvinə qədər daş alətlər insan həyatında aparıcı rol oynamışdır.
Qədim paleolit dövründə yaşayan ibtidai insanların həyatında ov xüsusi və başlıca rol oynamışdır. Arxeoloji materiallar göstərır ki, şell-aşell dövründə insanlar ayri-ayri dəstələrlə sürü halında yaşamışlar.Onların istifadə etdikləri istehsal vasitələri dəstənin ümumi mülkiyəti olmuşdur. Onlarda ilk icma və bəsit icma hakim ictimai qurum olmuşdur.
İstehsal vasitələri təkmilləşdikcə qədim insanlar da inkişaf edirdi. Onların təfəkkürü genişlənmiş, ünsiyyət əlaqələri artdı. Bu münasibətlərin nizamlanmasında dil və dini anlayışın böyük rolu olmuşdur.
Azərbaycan arxeologiyasının nailiyyətlərindən biri orta daş dövrü (Mezolit) məsələsidir. Bu dövr e.ə XIII-VIII minillikləri əhatə edir.Tapıntılar göstərir ki, bu dövrün sakinlərinin əsas peşəsi ovçuluq olmuşdur. Ox və yaydan istifadə edən mezolit dövru insanları, paleolit dövrü insanlarına nisbətən xeyli inkişaf etmişdir.
1965-1966-ci illərdə C.Rüstəmov və F.Muradova tərəfindən Qobustanın “Ana zağa” və “Çar dağ zağa” sığınacaqlarında mezolid dövrünə aid bir sıra maddi-mədəniyyət abidələri aşkara çıxarılmışdır.
Mezolit dövrünə aid Damcılı, Qobustan və b.yerlərdən aşkar edilən əmək alətləri və digər istehsal vasitələri sübut edir ki, bu dövrün sakinləri artıq oturaq həyat sürmüş, kollektiv şəkildə yaşamışlar.
Məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun olaraq ibtidai-icma qurluşu meydana çixmaqda idi. Bu quruluş istehsal vasitələri və məhsullari üzərində ictimai mülkiyyətlə xarakterizə olunurdu. Bu quruluşun əsasını bir-biri ilə qan qohumluğu olan insan qruplarından ibarət nəsil təşkil edirdi. Nəslin bütün üzvləri birgə yaşayırdılar.O zaman insanın insan tərəfindən istismarı yox idi.
İbtidai-icma quruluşunun ilk dovründə nəslə mənsubiyyət ana xətti ilə inkişaf edirdi. Bu dövr matriarxat və ya ananın şahlıq dövrü adlanır. Bu onunla əlaqədar idi ki, qadınlar istehsalda hakim möqe tuturdular. Sonralar qadınlar torpaq becərməklə məşğul olduqları halda, kişilər yem arxasinca meşələri və düzləri dolaşırdılar.
Mezolit (orta daş dövrü) o qədər uzun sürməmiş,yeni daş dövrü ilə əvəz olunmuşdur. Bu yeni daş dövrü Neolit adlanır. Ümumiyyətlə Azərbaycanda Mezolit və Neolit dövrləri demək olar ki, nisbətən zəif öyrənilmişdir. Bu baximdan Damcılı və Qobustan mağaralarında aşkar edilən abidələr çox böyük maraq doğurur.
Neolit dövrü təxminən e.ə.VII-VI minillikləri əhatə edir. Neolit dövründə qəbilələrin birləşməsi zəminində tayfalar meydana gəlir, qəbilə dilləri tayfa dilləri ilə əvəz olunur. İnsanlar özlərinə lazım olan maddi nemətləri əldə etmək üçün daha mükəmməl alətlər hazırlamağa çalışırdılar. Neolit dövrünün sonlarında insanlar təsərrüfat və məişətdə metal əşyadan istifade etməyə başlayırlar. Bu ilk metal mis olmuşdur. Mis məmulatının meydana çıxdığı bu dövr eneolit (mis-daş) dövrü adlanır və e.ə. VI-IV minillikləri əhatə edir.
O zamanlar Azərbaycana sakin olan tayfalar Gədəbəy, Daşkəsən, Yuxarı Qarabağ ərazilərində olan mis yataqlarından istifadə edirdilər.
Azərbaycanin ərazisində eneolit dövrünə aid 60-dan çox yaşayış məskəni aşkar edilmişdir. Bunlardan I-Kültəpə (Naxçıvan), İlanlıtəpə (Mil-Qarabağ), Çalağantəpə, Qaraköpəktəpə, Zərgərtəpə (Muğan düzü) və başqa yaşayış yerlərini göstərmək olar. Bu ərazilərdən misdən hazırlanmış əşyalar-kiçik əyri bıçaq, nizə ucu, qıyıq, bəzək əşyaları və s. şeylər tapılmışdır.
Mis dövründə sosial ictimai həyat tərzi və dünya görüşündə də mühüm dəyişikliklər baş verdi. Qoşa nigahlı ailənin meydana çıxması və möhkəmlənməsi istehsal vasi-tələri üzərində irəliyə doğru mühüm addım idi. Maldarlıq və əkinçiliyin sürətli inkişafı ilə təsərrüfatda, habelə ictimai həyatda kişilərin mövqeyi möhkəmləndi.
Enolitin son mərhələsində metallurgiya sahəsində baş verən dəyişiklik yerli tayfaların həyatında yeni, daha mütərəqqi mərhələnin – Tunc dövrünün başlanğıcığını qoydu. Bu dövr 3 min ilə qədər davam etmiş və e.ə. IV-II – minillikləri əhatə etmişdir.
Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Şərti olaraq onlar ilk, orta və son Tunc dövrləri adlanmışlar. İlk Tunc dövrü Kür-Araz mədə-niyyəti də adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayilma sahəsi Kür-Araz ovalığı olsa da, bu mədəniyyətin izlərinə Anadolu yaylası, İran, Suriya, Şimali Qafqaza qədər ərazilər rast gəlinir.
Tunc dövrünün abidələri Xocalı, Gədəbəy, Daşkəsən, Gəncə, Mingəçevir, Şəmkir, Naxçıvan və başqa ərazilərdə aşkar edilmişdir. Şəmkir və Mingəçevirdə tunc baltalar və nizə ucları hazırlamaq üçün daş qəliblər aşkar edilmişdir.
Tunc dövrünün əsas qəbir abidələri qutular və kurqan torpaq qəbirlərindən ibarətdir. Onların içərisindən aşkar edilmiş materiallar tayfalararası mübadilədən doğan qarşılıqlı əlaqələrin olmasını sübut edir.
Mingəçevir kurqanlarında tunc dövrünə aid mədəniyyət abidələri –qılınclar, baltalar, təbərzinlər, xəncərlər, ox ucları və s. tapılmışdır. Maddi-mədəniyyət sahəsindəki ciddi irəliləyişlə əlaqədar olaraq ölkənin təsərrüfat həyatı da xeyli inkişaf etmişdir.
E.Ə.III-I minilliklərdə ölkənin iqtisadiyyatında əkinçilik və maldarlıq daha böyük rol oynamışdır. Bu dövrdə dulusçuluq, metalişləmə, toxuculuq, daşişləmə və s. sənət sahəsi xeyli inkişaf etmişdir.
Tunc dövründə ana nəsli ata nəsli ilə (patrialxal) əvəz edilməyə başlayır. Patriarxal ailə münasibətləri genişlənməyə başlayır.
Orta tunc dövründə məhsuldar qüvvələrin inkişafı nəticəsində birinci böyük ictimai əmək bölgüsü -əkinçiliyin maldarlıqdan ayrılması prosesi baş vermişdir. Ictimai əmək bölgüsünün baş verməsi ibtidai- icma quruluşunun gələcək tənəzzülü prosesinin sürətlən-məsinə səbəb oldu.
Tunc dövrünün sonlarına yaxın əmlak və ictimai bərabərsizlik dərinləşməyə başlayır, icma quruluşlarının əsasları sarsılır, böyük tayfa ittifaqları yaranır.Təsərrufat tayfaların ümumi mülkiyyətindən ayrı-ayrı ailə başçıların mülkiyyətinə çevrilirdi. Tayfa başçıları tədricən maddi sərvətləri öz əllərinə alırlar. Tayfalar arasında otlaq, qul ələ keçirilmək üstündə toqquşmalar təşkil olunurdu.
E.ə. II-ci minilliyin sonu I-ci minilliyin əvvəllərində tunc alətləri tədricən dəmirlə əvəz olunmağa başlayır. Dəmirdən istifadə olunması ilə bəşər tarixində yeni dövr-Dəmir dövrü başladı. Bu tunc və mis alətlərin sıxışdırılıb atılmasına, torpağın becərilməsinin yaxşılaşdırılmasına və genişləndirilməsinə geniş imkanlar asdı. Bununla da əkincilik insanın əsas və daimi məşğuliyyətinə çevrildi.
İbtidai-icma quruluşunda məhsuldar qüvvələr ləng də olsa inkişaf etmekdə idi. Daş alətlərdən metal alətlərə keçid istehsal üsülunda əsaslı çevrilişə səbəb oldu.Tədricən insan əməyinin tətbiq olunduğu sahələr genişlənir, insanların yeni peşə sahələri meydana çıxır, ayrı-ayrı ailələrin müstəqil məşğul olmaları üçün şərait yaranırdı.
İbtidai-icma quruluşunun dağılmasına səbəb olan ziddiyətlər yetişməkdə idi. İstehsal alət və vasitələri üzərində xüsusi mulkiyyət meydana çıxırdı.Tayfa ağsaqqalları və bəzi üzvləri icmalardan ayrılır, yaxşı torpaqları öz əllərinə keçirir, ictimai vəzifələri irsi olaraq öz varislərinə verirdilər.
Xüsusi mülkiyyətin və mübadilənin inkişafi xüsusi mülkiyyətin ictimai mülkiyyətə qarşı qoyulmasına, ailələrin bir hissəsinin varlanmasına, digər hissəsinin isə yoxsullaş-masına səbəb olurdu. Meydana çıxan icma əyanları qalan icmaçıları özləri üçün işləməyə məcbur edirdilər.
Tədricən varlı tayfalar başqa tayfaları öz nüfuzları altına alır, bəzən də tayfa ittifaqlarının başında dururdular.
Bütün bu daxili ziddiyyətlər ibtidai-icma quruluşunun dağılmasına səbəb oldu. İstehsal münasibətlərinin məhsuldar quvvələrinin xarakterinə uyğun gəlməməsi onlar arasında mübarizəyə səbəb olmuş, yeni istehsal münasibətlərinin yaranmasını labüd etmişdi. Cəmyyət siniflərə bölünmüş dövlət yaranmışdır.
Beleliklə e.ə.I-ci minilliyin əvvəllərindən başlayaraq ilk sinifli cəmiyyət yaranmışdır. İnsanın insan tərəfindən istismarına və xüsusi mülkiyyətin yaradılmasına başlanmışdır.
Azıx mağarası (ən qədim türk dillərində ayı deməkdir). Quruçayın sol sahilində dəniz səviyyəsindən 900 m hündürdə yerləşir. Mağara bir-biri ilə dar keçidlərlə birləşən 6 salondan ibarətdir. Azıx mağarası aşağı paleolit dövrünə aid nadir mağaralardandır. Oradan 1968-ci ildə Aşel dövründə yaşamış ibtidai insanın çənə sümüyü tapılmışdır.Bu tapıntı Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edir.
Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildən M.Hüseynov tərəfindən öyrənilir.Qalınlığı 10-14m olan 10 təbəqə aşkar edilmişdir.
Birinci təbəqə Eneolit dörünə aiddir. Aşağı paleolitə aid olan 3,5,9 təbəqələrdən 15 mindən çox daş məmulatlar əldə edilmişdir. 6-cı təbəqədə ibtidai üsulla qəlpələnmiş çapacağa oxşar alətlər tapılmışdır.Bu alətlər Şell dövrünə aid edilir. 2 və 4 cü təbəqələrdə arxeoloji material tapılmamışdır.
Aşağı paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və balıq sümüyü mağara sakinlərinin yığıcılıqla bərabər ovçuluqla və balıqçılıqla məşğul olduqlarını sübut edir. Fauna qalıqları içində 35 növ heyvan sümüyü aşkar edilmişdir.Eyni zamanda 4 ocaq yeri tapılmışdır.Azix mağarasındakı bu tapıntılar sübut edir ki,bu ərazidə 1milyon il əvvəl yaşayış olmuşdur.
Qobustan Kiçik Qafqaz dağlarının qurtaracağında Böyükdaş, Kicikdaş və Cingirdağ zonasında yerləşir. Qobustanda zəngin qayaüstü təsvirlərlə yanaşı, daş dövründən başlamış orta əsrlərədək çoxlu maddi-mədəniyyət abidələri vardır. Onlardan ibtidai-insan düşərgəsi, qədim yaşayış məskəni, kurqanlar və s. göstərmək olar.
Qobustan 1947-ci ildən İshaq Cəfərzadənin rəhbərliyi altında öyrinilir.Arxeoloji qazıntılar zamanı Qobustanda 14 qədim düşərgə, 30-dan çox kurqan öyrənilmişdir. Bu məskənlərdən ”Ana zağa” , ”Kənizə” , “Firuz” , “Ovcular”, “Yazılıtəpə” və s. göstərmək olar.
“Firuz” adlı Mezolit dövrü düşərgəsində aşkar edilmiş qəbir böyük elmi əhəmiyyətə malikdir.11-nəfərin dəfn olunduğu bu qəbirdən balıq toru toxumaq üçün sümük alətlər, daşdan, heyvan dişlərindən düzəldilmiş muncuqlar diqqəti cəlb edir.”Ana zağa” dan Neolit dövrünə aid gil qablar, boyunbağılar tapılmışdır.
Qobustan qayaustü rəsmləri daha böyük elmi əhəmiyyət daşıyır.Təqribən 750 qaya üzərində 4000-ə qədər insan və heyvan təsvirləri, müxtəlif işarələr aşkar edilmişdir. Qayalar üzərində oyma üsulu ilə çoxlu qayıq təsvirləri həkk olunmuşdur.
Qayaüstü rəsmlər arasında ov səhnəsi, əmək prosesi, taxıl biçini, ibadət etmək, qiz qaçırmaq, yallıya oxşar rəqs etmək səhnələrinə rast gəlinir. Məhşur İsveç səyyahı Tur Heyerdal orada olarkən demişdir: ”Dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çox deyildir. Bəs nə üçün sizinkilərin sorağı səkkiz minilliklərdən gəlir.”
Dostları ilə paylaş: |